Aran

Aran
20 iyul 2011
# 11:41
(“yay tətili” silsiləsindən)


Ağlım kəsəndən aranı sevmişəm... bəlkə də uşaq yaşlarından başıma bəla kəsilmiş bronxitin ucbatından, dağlıq yerlərdə nəfəs ala bilmədiyimdən, aranın quru havasında nəfəsimin genişləndiyindən idi bu. Bəlkə də bəhanədi, bəlkə, heç bir xəstəliyim olmasaydı da, aranı sevəcəkdim.

Səbəbini bilmirəm, amma zirvəsi göz qamaşdıran dağlar, saysız bulaqları, şəlalələri, sıx və uca ağacları olan meşələr mənlik deyil.

Uca dağların əzəməti həmişə mənə yekəxanalıq, sıx meşələrin zənginliyi harınlıq kimi gəlir. Elə bilirəm ki, dağlar, meşələr də təbiətin “burjua”sıdı.

Mən aranı sevirəm. Təvazökar, zəhmətkeş, “proletar” aranı... yovşan qoxulu, ilğımlı, boz aranı, düz aranı. “Muğan”lıq eləyəndə biri üç, “Muğanlıq” eləyəndə üçü heç eləyən Muğan düzünü, Mil düzünü.

Qamışlı, bulanıq amma bərəkətli göllərini, günortanın ilğımında qovurulub yansa da, birə iyirmi verən bol-bərəkət tarlalarını, boz sürülü çöllərini, otlaqlarını, tozanaqlı yollarını.

İnsanla əl-ələ verib, əməkdaşlıq eləyən, məhsulu təkcə özünü deyil, bütün ölkəni doyduran aranı.

On gündür yenə arandayam. Gecələr nəm havasını dərimdə hiss eləyirəm, qulağıma saysız cırcıramaların, göllərində, arxlarında səs-səsə verən qurbağaların səsi gəlir, səhərlər ayaqlarım şehinə batır, burnuma yovşan qoxusu gəlir.

Günortalar təzə salınan nar bağlarında, noxud tarlalarında işləyən üzü-gözü sarğılı qadınlarla danışıram, gün qüruba əyiləndə örüşdən qayıdan yorğun sürüyə, çobanların yanınca hürə-hürə qaçan iri itlərə, əliçomaqlı yeniyetmələrə, qocalara, sıraya düzülüb, ot biçən, otu tayaya vuran kişilərə baxıram.

Toyuq-cülələrinə dən səpən, qazlarını hinə dolduran qadınlara, şam yeməyindən əvvəl həyət bacanı sulayıb, sərinləşdirən kənd qızlarına baxıram. Öləcəyini, gördüklərinə axırıncı dəfə baxdığını bilən adamın həsrəti ilə baxıram hər şeyə. Acgözlüklə, sevgiylə, heyranlıqla. Ən ibtidai, ən torpağa bağlı, ən kəndçi gözlərlə.

Tarlalarda tər tökənlərin hansısa oliqarx tərəfindən istismar olunduğunu, bu zəhmət əvəzində qəpik-quruş aldığını, bu “romantik zəhmətin” təkcə uzaqdan, təkcə filmlərdə, təkcə yazılarda gözəl, ekzotik göründüyünü unudaraq.

Uşaqların uşaqlığını, insanların istirahətini, əyləncəsini əlindən alan, doymaq, yaşamaq uğrunda mübarizədən ibarət həyat olduğunu, bu həyata heç kimin həsəd aparmadığını, həsrətini çəkmədiyini unudaraq.

Canını qurtara bilənlərin özlərini bəxti gətirmiş saydığını, gənclərin xoşbəxtlik, fiarvanlıq dalınca böyük şəhərlərə qaçdığını, aranın isə qocaların, uşaqların, “uğursuz”ların ümidinə qaldığını unudaraq...
Amma yenə də təsirləndim belə kasad təbiətin bol bərəkətindən.

İnsanların zəhmətkeşliyindən, yol qırağında qarpız-yemiş, tərəvəz satan uşaqların gündə yanmış üzlərindən, bağrıma basdığım kənd insanın tərinin zəhmət dolu qoxusundan...

Gözəllik həmişə gördüyündə olmur. Gözəllik baxanın gözlərindədi...
# 1872 dəfə oxunub

Müəllifin son yazıları

# # #