11 uşağı ola-ola tənha ölən əfsanəvi aktyor

11 uşağı ola-ola tənha ölən əfsanəvi aktyor
27 noyabr 2015
# 08:30

O, bir zamanların idealı, kino tarixində iz qoyan, XX əsrin ən böyük aktyorlarından biri idi. Brando həqiqətən də əfsanə sayılacaq, hətta bəzilərinə görə, ən yaxşı və ən çox təqlid edilən aktyor idi. Son yarım əsrdə bəyənilən aktyorların əksəriyyəti – Paul Nyumandan Uorren Bitti, Robert de Nirodan Al Paçinoya qədər bir çox aktyorun Brandonun təsirində qaldığı hiss olunur.

Aktyorun uşaqlığı

Marlon Brando 3 aprel, 1924-cü ildə Amerikanın Nebraska ştatının Omax şəhərində anadan olub. 1935-ci ildə valideynlərinin ayrılmasından sonra o, anası və bacıları ilə birgə Kaliforniyaya köçür. Ancaq iki il sonra valideynləri yenidən barışır və ailəsi İllinoisə yerləşir. Alman əsilli olan Brandonun anası və bacısı da aktyorluqla maraqlanırdı. Brandonun səhnəyə olan marağı buradan başlayıb. Marlon Brando bir il Libertvill Liseyində oxuduqdan sonra atası onu 16 yaşında Minnesotadakı “Şatak Hərbi Məktəbi”nə göndərir. Buradakı sərt qaydalara qarşı çıxaraq məktəbdən qaçan Brando cəzalandırılır. Buna görə, o, hərbi məktəbdən uzaqlaşmağı qərarlaşdırır. Bir müddət atasının yanında çalışır. Ancaq sonra atasının etirazına baxmayaraq, Nyu-Yorka, bacısının yanına gedir. O, buradakı Sosial Araşdırma İnstitutunda Ervin Piskatorun dərslərinə qatılır. Daha sonra Moskvanın Sənət Teatrında Stanislavski ilə birgə çalışan Stella Adlerin tələbəsi olur. Ondan Stanislavski metodunu öyrənir. Bu metod aktyorun özünü duyğusal olaraq rolu ilə bütünləşdirməsiydi. Uzun müddət hazırlaşmalı olduğun bu sistemdə, lazım olanda aktyor oynadığı xarakterə daha yaxın ola bilməsi üçün onun kimi yaşamağa başlaya bilərdi. İstifadə etdiyi bu metod “Sayville Teatrı”nda kastinqdən kənarda qalmağı ilə nəticələnmişdi. Ancaq aktyor qısa müddət sonra kəşf edilir.

Karyerası

Marlon Brandonun film karyerasında ilk rolu 1944-cü il istehsalı olan, Gerhart Hauptmanın “Hannele” adlı filmi olub. Ardından Brodveydə “I Remember Mama” adlı filmdə oynayır. Bu filmdəki rolundan sonra tənqidçilər onu “Brodveyin ümid vəd edən gənc istedadı” kimi dəyərləndirdilər. Aktyor Maksvell Andersonun “Truckline Cafe”, Corc Bernard Şounun “Candida”, Ben Hektin “A Flag is Born” adlı filmlərində rol almağa başladı. O, 1950-ci ildə II Dünya Müharibəsindən bəhs edən “The Man” filmində canlandıracağı obraza görə, bir ay xəstəxanada qalaraq qazilərlə birlikdə əlil arabasında gəzərək roluna hazırlaşdı. 1951-ci ildə Tennesse Uilyamsın yazdığı, Elya Kazanın rejissoru olduğu “A Streetcar Named Desire” adlı filmdə canlandırdığı “Stanli Kovalski” rolu ilə böyük uğur qazandı. Daha sonra Con Stenybekin kitabı əsasında ssenariləşdirilən və Elya Kazanın rejissoru olduğu “Viva Zapata!” adlı filmdə Antoni Kuvinlə birgə rol aldı. Bu filmdəki uğuruna görə, 1952-ci ildə “Kann Film Festivalı”nda “Ən yaxşı aktyor” və İngilis Film Akademiyasında “Ən yaxşı xarici aktyor” nominasiyaları üzrə mükafata layiq görülüb. 1953-cü ildə Cozef Mankiyeviçin “Yuli Sezar” filmində Mark Antonio rolu ilə diqqət çəkir. Bu filmdəki roluna görə, 3 dəfə ard-arda “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar”a namizəd göstərilsə də qazana bilmir. 1954-cü ildə adını əfsanələr arasına yazdırdığı “On The Waterfront” filmində rol aldı. Yenə Elya Kazanın rejissoru olduğu bu filmdə “Terri Malloy” rolu ilə daha da məşhurlaşdı. Bu filmdəki rolu ilə Brando 1955-ci ildə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatına layiq görüldü.

Brando oynadığı rollarla, aktyorluq qabiliyyəti ilə bir çoxlarına örnək olurdu. 1955-ci ildə o, özünün film şirkətini qurdu. 1961-ci ildə “One-Eyed Jack” adlı filmdə Stanli Kubriklə birgə çalışmağa başladı. Ancaq aralarındakı anlaşılmazlıq səbəbindən Kubrik filmi yarıda qoyur. Daha sonra Brando filmin rejissorluğunu tək başına özü edir. 1966-cı ildə Çarli Çaplinin rejissorluq etdiyi “A Countess From Hong Kong” filmində oynadı. Aktyorun karyerası boyunca oynadığı tək komediya filmi bu oldu. Daha sonra, 1967-ci ildə “Reflection in A Golden Eye”, 1969-cu ildə isə “Burn!” adlı filmlərdə karyerasını davam etdirdi.

1972-ci ildə çəkildiyi “The Gotfather” filmindəki Marlon Don Karleon obrazı Brandonun karyerasında ən unudulmaz rollarından biri oldu. Aktyor ikinci “Oskar” mükafatını da bu rolu ilə qazandı. Ancaq Brando o dövrdə Amerika hökumətinin qızıldərililərə qarşı apardığı siyasətə etiraz olaraq mərasimə qatılmır. Etirazını daha da çox göstərmək üçün, o, öz yerinə qızıldərili xanımı göndərir.

1973-cü ildə aktyor yenə də çox böyük uğura imza atdığı, Bernardo Bertoluççinin “Last Tango in Paris” filmində oynayıb. Həmin ildən sonra aktyor pul qazansa da, iz buraxan filmlərinin dövrü başa çatmışdı. Sonralar bir neçə filmdə çəkilsə də, aktyor əvvəlki rolları ilə xatırlanırdı.

1978-ci ildə aktyor “Superman”, 1979-cu ildə “Apocalypse Now” filmlərində oynayıb. 80-ci illərdə aktyor kinodan getdiyini, həyatı barəsində kitab yazacağını bildirir. Ancaq yenidən filmlərə çəkilir. Uzun müddət ara verdikdən sonra 1995-ci ildə o, Coni Depp və Fay Dunavayla birgə “Don Juan DeMarco” filmində rol alıb. Bu filmdə aktyor çox kökəlməyi ilə diqqət çəkdi.

Şəxsi həyatı

Marlon Brando 1994-cü ildə “Anamın mənə oxuduğu mahnılar” adlı avtobioqrafiyasını yazıb. Aktyor avtobioqrafiyasında uşaqlıq illərinin çox çətin keçdiyini qeyd edib. Brando avtobioqrafiyasında “Həyatım sevgi axtarmaqla keçib” deyir. O, bildirir ki, məclislərin birində Merlin Monro ilə tanış olub. Onlar qısa müddətlik sevgi münasibəti yaşayıb.

Brando həyatı boyunca 4 dəfə evlənib. Aktyorun ilk evliliyi 1957-ci ildə Anna Kaşfi adlı aktrisa ilə olub. 1959-cu ildə oğlu Kristian Brando dünyaya gəldikdən sonra cütlük ayrılıb.

1960-cı ildə o, özündən altı yaş böyük olan aktrisa Movita Kastanada ilə ailə həyatı qursa da bu evlilik də uzun müddət davam etmir. İki il sonra ayrılan cütlüyün iki övladı olub. 1962-ci ildə isə Brando 20 yaşlı Tarita Teripiya adlı qadınla evlənir və onların iki uşağı olur. 10 il sonra, 1972-ci ildə bu evlilik də ayrılıqla nəticələnir.

Brandonun sonuncu evliliyi isə Mariya Kristina Ruislə oldu. Onların üç övladı dünyaya gəlib. Brandonun həyatı boyunca 11 övladı olub ki, bunlardan üçünü övladlığa götürmüşdü.

Brando həyatı boyunca şəxsi problemləri olan, ailəsində sıxıntılar yaşayan adam olub. Onun həyatı əsl Hollivud filmlərini xatırladırdı. Atası çox sərt xarakterli olub, uşaqları ilə heç zaman maraqlanmayıb, anası alkoqoldan əziyyət çəkib, qızı 1995-ci ildə intihar edib, oğlu bacısının sevgilisini öldürdüyü üçün məsuliyyətə cəlb olunub və s.

Aktyorun ölümü

Digər Hollivud əfsanəsi olan Orson Uelles kimi, Brandonun da aktyorluq istedadı böyük müvəffəqiyyət göstərdiyi az sayda roldan ibarətdir. Brando, heç vaxt Hollivudun onun haqqında nə düşündüyünə önəm verməyib. O, deyirdi: “Əgər film studiyaları, döşəməyi silmək üçün də eyni pulu versəydi, aktyorluq yerinə döşəməni silməyə üstünlük verərdim”.

Brandonun “Hollivud Şöhrət Xiyabanı”nda ulduzu var. Karyerası boyunca 8 “Oskar”, 7 “BAFTA”, 6 “Qızıl Qlobus”a namizəd olan Brando Amerika Film İnstitutunun bütün dövrlərin "100 ən yaxşı aktyor"u siyahısında 4-cü yerə layiq görülüb. “Time” jurnalı onu XX əsrin ən dahi adamlarından biri seçib. Marlon Brando özündən sonra gələn bir çox aktyor və musiqiçi üçün örnək olub. Bunlar arasında Ceyms Din, Elvis Presli, Cek Nikolson, Al Paçino, Robert De Niro, Uorren Bitti, Ömər Şərif, Conni Depp və b. göstərmək olar.

Brando ömrünün son illərində artıq çəkidən əziyyət çəkib. Son illərdə çəkisi 136 kq-a çatan aktyor, səhhətində də bir çox problemlər yaşayıb. O, şəkər xəstəsi idi, qaraciyərində problem var idi. Ancaq aktyor müalicə olunmaq istəmirdi. Bəzilərinin fikrincə, buna səbəb aktyorun külli miqdarda borcunun olması idi. Aktyor sonuncu dəfə 2001-ci ildə Maykl Ceksonun klipində çəkilib.

Marlon Brando 2 iyul 2004-cü ildə, 80 yaşında, Los-Ancelesdə xəstəxanada ağ ciyər fibrozu nəticəsində yaranan tənəffüs çatışmazlığı səbəbindən yoxsul və kimsəsiz halda vəfat edir. Aktyorun cəsədi öz vəsiyyəti ilə yandırılaraq qalıqlarının bir hissəsi Taiti, digər hissəsi Ölüm Vadisinə dağıdılıb.

# 1572 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #