Cəmi 4 gün evli qalan məşhur türk aktrisası

Cəmi 4 gün evli qalan məşhur türk aktrisası
12 may 2017
# 09:00

Onun ani ölümü bütün sənət dünyasını və pərəstişkarlarını çox təəccübləndirdi, kədərləndirdi. Əvvəlcə heç kim inanmaq istəmədi. Bir il əvvəl boğazında qalan yeməyi çıxarmaq istəyərkən aorta damarını zədələyən məşhur “Yeşilçam” aktrisası bununla da həyatla vidalaşdı.

Həyatı

Türkiyənin məşhur aktrisası Oya Aydoğan 10 fevral 1957-ci ildə anadan olub. Camal və Güldanə Aydoğan cütlüyünün qızı olan Oya Ərzincanda doğulub. Aktrisanın bir qardaşı var. O, səkkiz yaşına qədər ailəsi ilə birgə İstanbulun Bəyoğlu səmtində yaşayıb. Orta məktəbi o dövrdə Fransız Qız Orta məktəbi olan Sainte-Pulcherie, lisey təhsilini isə Saint Michel Fransız Liseyində oxuyub.

Karyerası

Hələ ibtidai məktəb illərində ikən aktrisa olmaq xəyalını quran Oya film karyerasına 1972-ci ildə çəkildiyi “Kabadayılar Kralı” ilə başlayıb. O, 1975-ci ildə “Alev Gün” adlı gözəllik yarışının qalibi olub. Ancaq ailəsinin təzyiqi, etirazı səbəbindən o, mükafatı geri qaytarmaq məcburiyyətində qalıb. Bir il sonra, 1976-cı ildə “Səs” Jurnalının təşkil etdiyi “VIII Film Artisti Yarışı”nın da birincisi olub. Həmin il Oya, ilk dəfə məşhur aktyor Cüneyt Arkınla birgə “Dəli Şahin” filmində baş rolda çəkilib. Aktrisa 1978-ci ildə Ertem Əyilməz istehsalı olan “Şən Günlər” filminin heyətində də yer alıb. Daha sonra Oya, 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra ortaya çıxan, içində erotikanın da yer aldığı arabesk mədəniyyətin təsiri ilə çəkilən filmlərdə rol alıb. 1982-ci ildə aktrisa “Yeddi Bəla Hüsnü” filmində Hüsniyə xarakterini canlandırıb. Bu filmdə Oya Aydoğan baş rolu Kamal Sunalla birgə paylaşıb. Oya 1980-ci illərdə bir müddət kazinolarda müğənnilik də edib. 1986-cı ildə isə o, Əmrahla birgə rol aldığı “Mərhəmət” filminin prodüserliyini öz üzərinə götürüb. 90-cı illərdə cəmi beş filmə çəkilən aktrisanın ən sonuncu rol aldığı kino 2012-ci ildə “Əkizlər Firarda” olub. Elə çəkildiyi sonuncu serial da 2012-ci ildə “Düşman Qardaşlar” olub.

Aktrisa 2007-2010-cu illərdə “FOX” televiziya kanalında yayımlanan “Bez Bəbək” adlı fantastik uşaq serialında da yer alıb. 2011-ci ildə aparıcılığını müğənni Əməl Müftüoğlu ilə birgə üzərinə götürdüyü “Şəkərli qəhvə” televiziya proqramında çalışıb. Ölümündən qısa bir müddət əvvəl isə Lerzan Mutlu ilə birgə “Ağ TV”də yayımlanan “Danışmasam olmaz” adlı maqazin proqramında aparıcılıq edib.

Aktrisa 2011-ci ildə verdiyi bir müsahibədə fransız dilini yaxşı, ingilis dilini orta səviyyədə bildiyini və uşaqlıq dövründə idealının Türkan Şoray olduğunu bildirib. O, eyni zamanda son illərin ən məşhur aktrisalarından biri olan Fahriye Evcenin karyerasına başlamağının səbəbkarı olduğunu bildirib.

Oya Aydoğan 1976-cı ildən 2016-cı ilə qədər keçən 40 il ərzində ümumilikdə 51 filmdə və 13 televiziya serialında rol alıb. O, Fərdi Tayfur, Sərdar Gökhan, Kamal Sunal, Orxan Gəncəbay, Müslüm Gursəs, Kadir İnanır, Cüneyt Arkın, Bulut Aras və İbrahim Tatlısəs kimi bir çox sənətçilərlə baş rolda çəkilib.

Aktrisa 2013-cü ildə Elazığda təşkil edilən “Beynəlxalq Çayda Çıra Film Festivalı”nda “Onur Mükafatı”na layiq görülüb. “Pişik Darıxdı” filmində Meloş obrazını canlandıran aktrisa bu roluna görə “2014 Sadri Alışık Mükafatları”nın Komediya bölməsində “Ən yaxşı köməkçi qadın aktrisa" mükafatını qazanıb. 2015-ci ildə isə Oya Aydoğan Magazinci.com-un təşkil etdiyi, “15-ci il İnternet mediası Mükafatları”nda “Həyat Boyu Peşə Onur Mükafatı”na Fərdi Tayfurla birgə layiq görülüb.

Şəxsi həyatı

Aktrisanın ilk evliliyi cəmi dörd gün davam edib. 1979-cu ilin fevral ayında Oya Aydoğanın baş rolunu Müslüm Gürsəslə birgə paylaşdığı “Üsyankar” filminin bir səhnəsi avtobus firması olan Ulusoyun ərazisində çəkilib. “Ulusoy Holdinq”in rəhbərlərindən biri olan Haluk Ulusoy da həmin gün orada olub. O, çəkilişlər zamanı gördüyü Oya Aydoğana vurulub. Hakan filmin digər aktrisası olan Suzan Avcı vasitəsilə yeni məşhurlaşmağa başlayan gənc aktrisa ilə tanış olub. Qısa müddət sonra Haluk Ulusoy Oya Aydoğanla evlənmək istəyib və aktrisanı da razı salmaq üçün israr edib. Ancaq onların evlənməyi üçün qarşıda böyük problem var idi. Aktrisanın anası Güldanə xanım bu evliliyə şiddətlə qarşı çıxırdı. Eyni zamanda, Haluk Ulusoyun atası Saffet Ulusoy da heç vaxt bu evliliyə razı olmayacağını qətiliklə bildirib. Buna baxmayaraq, gənclər öz aralarında razılığa gəlib və tanış olduqlarından bir ay sonra, mart ayında Sarıyer Nikah Dairəsində gizlicə ailə həyatı qurublar. Nikah mərasimində heç bir qonaq olmayıb, hətta gəlinlik belə geyinməyən Oya Aydoğanın nikah şahidi Sarıyer Nikah Dairəsinin qapıçısı olub. Ancaq bu evliliyin ömrü cəmi dörd gün çəkib. Oya Aydoğanın anası bu evlilikdən xəbər tutan kimi yataq xəstəsi olub, “bu evlilik bitəcək” deyib. Haluk Ulusoy da atasının sərt reaksiyası ilə qarşılaşıb. Anasının tərəfini saxlamalı olan aktrisa dörd gün sonra onun yanına geri dönüb və boşanmaq üçün məhkəməyə müracit edib. Üç ay sonra maraqlı evlilik məhkəmə yolu ilə bitib. Həm Oya Aydoğan, həm də Haluk Ulusoy, illər sonra müsahibələrində qısa evliliklərini “gənclik səhvi” adlandırıblar.

Daha sonra aktrisa kazino sahibi olan Tamer Taylanla bir müddət birlikdə yaşayıb. 1988-ci ildə isə Oya Latif Demirbağla ailə həyatı qurub. Bu evlilikdən cütlüyün Qürur adlı oğlanları dünyaya gəlib. Bir il sonra, 1989-cu ildə cütlük ayrılıb.

Ölümü

Oya Aydoğan ötən ilin may ayında boğazında qalan yeməyi çıxarmaq istəyərkən aorta damarını zədələyib. Təcili xəstəxanaya çatdırılan aktrisanın aorta damarının cırıldığı müəyyən edilib və 12 saatlıq əməliyyata götürülüb. Əməliyyat zamanı aktrisanın beynində şiş olduğu da müəyyən edilib. 48 saat yatırılmalı olduğu bildirilən aktrisanın vəziyyətinin ciddi olduğu deyilib. Əməliyyat olunduğu “Liv Hospital”ın baş həkimi Adil Şahid açıqlamasında deyib: “Beynindəki şişlə bağlı hələ ki, bir şey edə bilmirik. Bu an yalnız izləmə mərhələsindəyik. Vəziyyəti bundan asılıdır”. Xəstəxanadan verilən açıqlamada deyilir ki, 7 may 2016-cı ildə, şənbə günü xəstəxananın təcili yardımına çatdırılan aktrisa əməliyyat edilib: “14 may 2016-cı ildə saat 23:00-dan etibarən artan beyin ödəmi nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşıb. Təəssüf ki, edilən bütün müdaxilələrə baxmayaraq, xəstəmiz 15 may 2016-cı ildə, bazar günü səhər saat 07:15-də vəfat edib”.

16 mayda aktrisa ilə Camal Rəşid Rey Salonunda vida mərasimi keçirilib. Aktrisanın cənazəsi Uluz qəbiristanlığında basdırılıb.

# 1948 dəfə oxunub

Müəllifin son yazıları

# # #