İlkin Həsəni: “Vahid Naxışın filmindən yaxşı heç nə eşitmədim”

İlkin Həsəni: “Vahid Naxışın filmindən yaxşı heç nə eşitmədim”
6 fevral 2015
# 12:20

Kulis.Az tamaşaçıların "Bozbash Pictures" layihəsindən Şəmi müəllim kimi tanıdığı məşhur teleaparıcı İlkin Həsəni ilə müsahibəni təqdim edir.

- Yeni film çəkmisiniz. Zəhmət olmasa bu barədə məlumat verərdiniz?

- "İlk Media" və "Azad Azərbaycan" (ATV) televiziya kanalının birgə layihəsi olan "Ay Brilliant" filminin treyleri bu gün saat 14-00 da “28 Cinema”da keçirilən mətbuat konfransında təqdim olacaq.

Filmin premyerası və təqdimatı mart ayının 5-də keçiriləcək.

Film "Bozbash Pictures"ın aktyorları tərəfindən hazırlanıb və komediya janrında çəkilib. Filmin baş prodüseri İlkin Həsəni, rejissoru Kənan M.M, quruluşçu operatoru Bəhruz Əliyev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Kənan M.M. Rolları isə İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, əməkdar artist Şamil Süleymanov, Pərvin Abıyeva və digərləri oynayıb. "Ay Brilliant" filminin çəkilişləri 2014-cü ildə, əsasən avqust və sentyabr aylarında Bakı və Tiflisdə, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda aparılıb.

- Büdcəsi nə qədərdir?

- 150 min manata yaxın.

- Bəs bu məbləğ filmin heyətini qane elədi? Yəni qonorardan razı qaldılar?

- Bir film üçün bu, təbii ki, azdır. Amma nə edək, olanımız budu. Yenə də, sponsorlar sağ olsun.

- Bu film hansı zərurətdən yarandı?

- Film o zərurətdən yarandı ki, əksər tamaşaçılar bizdən konsert istədi, yəni sarayda konsert verin, gələk tamaşa edək. Mən də onlara deyirdim ki, bizim formatımız konsert formatı deyil, TV formatıdı, ən maksimumu isə film formatı ola bilər və bu tələbatı nəzərə alıb film çəkdik.

- Bu film tamaşaçanın təlabatını ödəyə biləcəkmi?

- Əslində “Xoxan və “My Name is İntiqam” filmləri onu göstərdi ki, yerli tamaşaçılar bizim komediyalarımız üçün çox darıxıblar.

İki həftəlik nümayişi nəzərdə tutulan film 2 aydan çoxdur ki, kinoteatrlarda gedir və hələ də biz burda zalların dolu olduğunu görüb sevinirik.

İnanıram ki, bizim film bu ənənəni davam edəcək və zallar boş qalmayacaq.

- Siz özünüz bu filmdən razı qalmısınız?

- Bəli filmdən çox razıyam, ola bilər bəzi xırda nöqsanlarımız olsun, onu da tamaşaçılar ilk işimiz olduğu üçün keçər də (gülür).

- Film efirdə nə vaxt yayımlanacaq?

- Hələ dəqiq məlum deyil. Ola bilsin, sentyabr-oktyabr aylarında film efirlərdə yayımlansın.

- Son dövrlər Türkiyədə yeni çəkilən filmlərin demək olar ki, hamısının premyerası Bakıda olur. “Ay Brilliant” filminin Türkiyədə nümayişi nəzərdə tutulur?

- Türkiyədə filmin premyerası nəzərdə tutulmayıb, amma planımızda Azərbaycanın bəzi rayon və şəhərləri, eləcə də Moskvada nümayişi nəzərdə tutulub.

- Son vaxtlar Azərbaycanda çəkilən, sizi qane edən və etməyən iki filmin adını deyərsiz?

- “Xoxan” və “My Name Is Intiqam” çox qane etdi məni.

Başqa yerli filmi isə hələ ki viziyonda görməmişəm son vaxtlar.

- Vahid Naxışın "Qanlı Yanvar"dan bəhs edən filmini necə qiymətləndirirsiz?

- Baxmamışam, amma baxanlardan da yaxşı bir şey eşitmədim.

- “Bozbash pictures” bu mövsüm ötən mövsümə nisbətən zəifdir. Sizcə, buna səbəb nədir?

- Deməzdim. Əksinə, builki ssenarimizdə satiraya daha çox yer vermişik. Bəzən mətnaltı tənqidlərimiz də olur, sadəcə olaraq mövsüm başlayanda bir səhv etdim, komandaya uyğun gəlməyən bir aktyor dəvət etdim. Bir neçə seriyadan sonra da onu uzaqlaşdırdım, hiss etdim ki, reytinqə ciddi təsir edir.

- Bu aktyor Səbuhi Xanlarovdu?

- Bəli.

# 1245 dəfə oxunub

Müəllifin son yazıları

# # #