Çox da şey eləmə, Vüqar - Firidun Ağazadə

Çox da şey eləmə, Vüqar - Firidun Ağazadə
2 iyul 2024
# 11:21

Kulis.az Firidun Ağazadənin yeni şeirlərini təqdim edir.

Yer oxu, göy oxu

Yer oxuna, göy oxuna təkərdi eşq,
Leyli yoxdu, Məcnun yoxdu, bikardı eşq,
Yeddi dağın o üzündə şikardı eşq,
Kim ona səyyad olmadı?

Yola çıxdıq, mən piyada, sənsə atlı,
“Yar ol” deyib bəxt quşuna nişan atdım,
Nə məndən bu sevdaya bir haray çatdı,
Nə səndən imdad olmadı.

Kimə yoxdan bəxt yazılır, kimə vardan,
Yazda güldən payım yoxdur, qışda qardan,
Aqil sanıb muğayat oldun əğyardan,
Məndən muğayat olmadın.

Adımıza kim atdı bu yanlış püşkü?
Öz əlinlə hicrana tapşırdın eşqi.
Afət qızı, sən Şirin deyilsənmiş ki,
Firidun Fərhad olmadı.


Surəti Umayra xanıma

“Gör Umayra xanım nə deyir, bu gün yağmur-zad yoxdu ki? Görüşə bilərikmi?” – susmuş telefon zəngi.

Oğuz elinin Bakı şəhərində
Umayra xanım deyilən
Bir ayüzlü sinoptik xanım vardı.
O danışanda
qışın şaxtasında
Qoşa Qala qapısında gün doğardı.
Onun izni ilə, xəbəri ilə
Parçalı-buludlu olurdu günlər,
Sevdalı-ümidli olurdu günlər.
O danışanda lətif səsində
mum kimi yumşalırdı fevral çovğunu.
Rədd eləyib qorxunu,
əğyarın əlindən alırdım səni,
odlu gözlərinə, ipək telinə
peşkəş eləyirdim neçə busəni...
Elə ki, Umayra xanım danışdı,
havalar mülayim, sabit olurdu.
Hətta qalaktika sakit olurdu.
Səni sevəndən
Umayra xanıma da vurulmuşdum mən.
O xanımı aparıblar yuxarı,
Məmur olub guya.
Sabah gedəcəyəm qəbuluna,
Bu qeyri-sabit havaları
Bəlkə, qoydu yoluna...
Bilirəm, dəyişkən havalar
sənin xasiyyətindi.
Amma nə sən varsan,
nə Umayra xanım indi.
Deyəcəyəm, qayıtsın işinə,
Bu havalar, bəlkə, onu eşidə.
Deyəcəyəm,
yenə gəlib baş sinoptik olsun.
Yoxsa indiki sinoptik xanımlar
danışanda bilmir, əllərini hara qoysun.
Çaşdırırlar səmt küləyini, səba yelini,
Sevgililər tapmır görüş yerini.

Hardasan,
hardasan, Umayra xanım?
Bir gör neyləyirsən, qızsın havalar.
Bir sabit havaya ehtiyacım var,
Görüm darıxırmı o “darıxanım”...


Sən daha qırmızı xətti keçirsən...

“Bir salama dəymədi?..”- Bəxtiyar Vahabzadə

Sən daha qırmızı xətti keçirsən...
Nəsimi demiş - “Etməgil!“
Bu susqun tövrün ilbəil
Sinəmdə qövr edir axı,
Bir həddi var unutmağın.
Mən nə bilim,
Ankarada
Ya harada,
ya harada
leysan yağar,
Nəyimə kar?
Burda – İçərişəhərin böyründə
Qəlbimi
Bir səhra qızmarı yaxar.

Sən bir az qırmızı xətti keçirsən...
Heç olmasa, salam göndər,
Görüm, səngildə nə var?
Məngildə nə var?
Bizgildə nə var?...
İstanbulda,
Ankarada leysan yağsın,
Nəyimə kar?
Burda - Qoşa Qala qapısında
Sən adlı ümidim damcıya həsrət.
Sən adda şirinə, acıya həsrət.

“Unutmaq istəyirəm” deyirsən,
Aprel yağmuruna yanağını tut,
Unuda bilsən, unut.
Qoşa Qala qapısında
“Paytaxt” siqareti kimi
Əcəb çəkirəm dərdimi.
Səndən yenə xəbər yoxdur,
Ya Rəbb, çəkirəm dərdimi.

Heç mən də sevmirəm əvvəlki kimi,
Sadəcə, “qiymətli bir itik” kimi
Mən səni bir azca çox istəyirəm.
Sevgidən ucadı amma bu istək,
Amma sən qırmızı xətti keçirsən,
Heç olmasa, salam göndər,
Bir saman çöpünü uzat mən taya.
Unutmaq olar ee...
Belə unutmaq olmaya!

Artıq dərəcədə

Susursan,

Qalmışam əli qoynunda,

Hərdən görünürsən ilğım donunda,

Deyəsən, hicrinə vərdiş edirəm.

Artıq dərəcədə vuruldum sənə,

Artıq dərəcədə xahiş edirəm,

Gözlərinə söylə, yadımdan çıxsın...

Mənim sədaqətim, mənim istəyim

Bilirsən, dərəcə-mərəcə bilməz.

Bir sevgi yolunda nə imiş ölmək?

Bizim qismətimiz - qalıqlı bölmə,

Qalıqlar bir ortaq məxrəcə gəlməz.

Sözlərinə söylə, yadımdan çıxsın.

Hansı səmtə dönüm?

Harda yurd salım?

Ağlımın tənəsi məni yandırır.

Özünə bir həmdəm gəzən xəyalım

Könlümü sevməyə qanadlandırır,

Məni dolandırır

qəmlər başına.

Dönüm bu divanə dəmlər başına!

Dedim, bu sevdadan məcnun olaram,

Mən bu qisməti də saymazdım ayıb.

Fəqət neyləyim ki, bizim əsrdə

Eşqin divanəlik odu qalmayıb.

Susursan,

Qalmışam əli qoynunda,

Hərdən görünürsən ilğım donunda,

Sənli günlərimi təftiş edirəm,

Artıq dərəcədə vuruldum sənə,

Artıq dərəcədə dərd verdin mənə.

Ey xatirə qadın, ey xəyal qadın!

Daha yoxluğuna vərdiş edirəm.

Gözlərinə söylə yadımdan çıxsın,

Artıq dərəcədə xahiş edirəm...

Mənim də işim düşdü banka

Yenə o fikirdəyəm ki, bankdan borc, kredit almaq rifah yolu deyil,
nəfi olmasa, bank borc verməz.


Mənim də işim düşdü banka,
Evin yıxılsın, bank yiyəsi.
Elə bil şair görməyib,
Nə təhəri var, nə tərbiyəsi.

Dedim, bir şeir oxuyum,
Məni tez yola salsın qız.
Gördüm, duyğusuz gözləri
Baxır xəyalsız-xəyalsız.

Gözləmə zallarında
Nə həsrət var, nə də ki, eşq.
Neynirəm bu kəşanəni?
Xəyala dalma burda, keç!

Kimsə məni tanımadı,
“Şairə yol verin” demədi.
Pul olan yerdə
kim kimədi?!

Evin dağılsın, bank yiyəsi,
Kart-kart yıxdı evimizi...
İlahi, hətta bankda da
Xəyalsız eyləmə bizi.

Növbəmi verdim birinə,
Xeyli məmnun çıxdım çölə.
Bankı çıxaranın,
Kartı çıxaranın,
Pulu çıxaranın...
“beləsi belə!”

İşsiz bacıoğluma

Sən çox da şey eləmə...
darıxma, Vüqar.
Yəni bir az şey elə...
İşləmək də, sevmək də
Qabaqdadı hələ.
Qoç igid dayısına oxşar?!
Ay-hay, demək, hələ
Xəbərsiz sevməyin, vurulmağın var.
Bulanıb, bulanıb durulmağın var...
Bir də gördün, köksündə bir od qalandı,
Məhəbbət səni azdırdı bir dalanda...
Darıxma, işin də olacaq,
Hər şey qabaqdadı hələ.
İntəhası, bir az şey elə...
Gördün, ikimiz də işsiz deyilik,
Şeir də elə şey kimidir,
Mən şeir yazıram,
sən şey eləyirsən...

Etiraf

Bura bax, işvəli xanım,
mən bilirəm, sevgi nədir,
mənim də başıma gəlib.
Amma nə gizlədim, indi
əli kəfgirli qadınım
daha çox xoşuma gəlir...

Get, nazını kənarda sat,
təzəcə başımdan gedib
həsrətin haray-həşiri.
Evə nahara gedirəm,
bilirsən, mətbəx sevgimiz
nə dadlı aşlar bişirir?

Hərdən özümü aldadıb,
Qoşa Qala qapısında
guya görüşə gedirəm...
Əslində, dedim-demədim,
hər gün bir qab ev yeməyi
çantamda, işə gedirəm.

Deyirsiz, xatirə yazan vaxtımızdı?

Xəlil Rza Türkandakı bağında şeirlərimi oxuyandan sonra dedi ki, şəhərə gedirik, səni də Binədə sala bilərik. Deyirdin, bağın var, bağını da görərəm. Mən ağac əkəcəyimi dedim – qonşuma çinar qələmələri tapşırmışdım, onları əkəcəkdim. Şair bu çinarlara “ yarpağı beşbarmaq çinar” deyirdi.

Yarpağı beşbarmaq çinar

Bakı hava limanının
Böyründəcə bir bağım var.
İki çinar da əkmişəm -
Yarpağı beşbarmaq çinar.

Qonşu Yasər söylədi ki,
Şair, meyvə ağacı ək.
Hərdən təşrif buyuranda
Gəlib əncir, üzüm yeyək.

Xəlil Rza göz elədi:
“Bazarda hər cür meyvə var.
Sən burda iki çinar ək,
Yarpağı beşbarmaq çinar.

Şairin bağında çinar olar -
Yarpağı beşbarmaq çinar.
Abşeronun bürküsündə
Hər yarpağı qaymaq çinar”.

Mənim xəyal şahpərimdir
O gündən bu iki çinar.
Sağlığına meyvəm də var,
Ağadayı meynəm də var.

Budur, həmin şümşad boylu
İki qoşa, parlaq çinar.
Xəlil Rza əmanəti -
Yarpağı beşbarmaq çinar.

Xəzərdən qalxan dumanlar
Hərdən başından sürünər.
Təpəsinə çıxmaq olsa,
Bütün Abşeron görünər.

Şərqin-Qərbin uçaqları
Keçir o yana-bu yana,
Mənim çinarlarım üstdən
Enir Bakı limanına.

Xəzrilərə sinə gərən
Möcüzə, çilçıraq çinar.
Xəlil Rzadan yadigar
Yarpağı beşbarmaq çinar.

“Bibisi qurban!.. “

Şəhərdə belə sözləri az bilirlər, az deyirlər.

Bu şəhər yerində, bilməm, nə sirdi,
Yaman tamarzıyıq şirin dilə biz.
Dilləri dil açır nəvələrimin
Elə ki, gedirik bacım gilə biz.

Sənin də, ay bacı, dilin şəkərdi,
Gəlincə gül açır könül çəmənim.
Dünyanı verirsən uşaqlara sən,
Elə ki, deyirsən, “Bibisi qurban!” -
Ana nəvazişli ay bacım mənim.

Həftədə, ayda bir gələrik sizə,
Bu şirin sözünlə nə mehribansan!
Doqqazda görüncə gülər üzünü
Nəvələr gülüşür, pıçıldaşırlar:
“Bax, indi deyəcək: “Bibisi qurban!”

Şəfqətin dilindən tökülür sənin,
Oğullar yüyürür – qucaqlayasan.
Nəvələr şəkləyir qulaqlarını:
“Bax, yenə deyəcək: “Bibisi qurban!”

Nəslin nişanına, nəslin namına
Əgər olmalısa birisi qurban,
Doğmalar içində hamıdan əvvəl -
Bibisi, bibisi, bibisi qurban!

Hərdən darıxırlar bu sözdən ötrü,
Deyirlər, ay baba, gedərik haçan?
Nə şirin sözü var Sevil bibinin?!
Gedək, bir də desin, “Bibisi qurban!“


“Ömrümün gödək vaxtıdı...”

85 yaşlı bir köçkün nənə dedi bu sözləri

Ekranda bir köçkün nənə
Dünən dindi zülüm-zülüm.
Dedi, səksəni keçmişəm,
Gedirəm Laçında ölüm -
Ömrümün gödək vaxtıdı.

Nağıl kimi bir qarıydı,
Bu gündən qopardı məni.
O ağbirçək danışdıqca
Qafiyə apardı məni,
Gördüm, söz demək vaxtıdı.

Dilindəki hikmətə bax,
Duyğusuna mat qalmışam.
Səksən beşində bu qarı
Heç demədi qocalmışam,
Dedi ki, “gödək vaxtıdı”.

Bir şairi xatırladım,
Coşqun təbi pərdə-pərdə.
Ağa Laçınlı deyərdi:
“Bu aylar biz tərəflərdə
Bal vaxtı, pətək vaxtıdı”.

Əyriliklər pıtraq kimi,
Düz olan da düz yerimir.
Yorğun ömür üzə durub,
Ayaq getmir, diz yerimir,
Demək ki, yedək vaxtıdı.

Yazqabağı Kür boyunda
Torpaq girir dondan-dona.
Eşq vədəsi, ov mövsümü
Kiminə - yaşılbaş sona,
Kiminə - ördək vaxtıdı.

Hanı hünərə səsləyən,
Sevgisi çağlayan qızlar?
Ay Bakının ortasında
Otuzu haqlayan qızlar.
Bilmirsiz, gərdək vaxtıdı?

# 1297 dəfə oxunub

Müəllifin son yazıları

# # #