“Fransaya qaçıb qışqırmaq istəyirdim: Azərbaycan müstəmləkədir!" MÜSAHİBƏ

“Fransaya qaçıb qışqırmaq istəyirdim: Azərbaycan müstəmləkədir!" MÜSAHİBƏ
15 mart 2014
# 08:30

Kulis.Az Alber Kamyunun “Taun” romanını, Andrea Moruanı, Gi de Mopassanı, Fransuaza Saqanı, Jorj Simenonu orijinaldan ana dilimizə tərcümə edən Hamlet Qoca ilə müsahibəni təqdim edir.

- Sizi daha çox tərcüməçi kimi tanısalar da gənclik illərində yazdığınız hekayələr kitabı çap olunub. Elə ancaq hekayə yazırdınız?

- İlk olaraq şeir yazmışam. Orta məktəbdə oxuyanda yumoristik şeirlərim divar qəzetində çap olunurdu. Atam həkim olsa da, şair qəlbli insan idi. Evdə dörd qardaş idik, balaca bacılarımız hələ körpə idi. Bəzən Fikrət (Xalq şairi Fikrət Qoca – red.) olmurdu. Səhv etmirəmsə, Fikrət onda texnikumda oxuyurdu. Yatmazdan əvvəl atam qafiyə deyirdi və biz üç qardaş həmin qafiyəyə şeir deyirdik. Bir də görürdün gecə yarısına qədər çəkirdi. Şeirə, poeziyaya maraq ancaq bizim ailədə olmayıb. Ümumiyyətlə, Azərbaycanda çox ailənin ədəbiyyata marağı olub. Qafiyə qoşa bilməyən adam elə bilirəm azərbaycanlı deyil. Vallah, düz deyirəm (gülür). Şairlik bizdə sonra sənətə döndü. Düzünə qalsa, bu Sovet təbliğatının bir vasitəsi idi. Sovet vaxtı çap olunan şeir kitablarında komsomola aid şeirlər salırdılar ki, “Qlavlit”də oxuyub desinlər ki, bu əsl Sovet patriotudu. Sonra bəziləri imkan edib dəyərli şeirlərini də kitaba salırdı və komsomola aid şeirlərin içində gedirdi. Sağ olsunlar, indi Yazıçılar Birliyini yaşadırlar. O vaxt bu təşkilat nə cür yaranıb, bunu hamı bilir. Yazıçılar İttifaqı Sovet təbliğat aparatının bir parçası idi. Amma indi ziyalıların bir çoxu orda işləyir, bəziləri təşkilatın xəttiylə təqaüd alır. Nə də olmasa bir balaca köməkdir. Bütün dünya fransız ədəbiyyatını oxuyur, amma Fransanın Yazıçılar Birliyi yoxdu. Fransuaza Saqan ilk romanı “Salam kədər”i on yeddi yaşında yazıb. Təsəvvür edin, “Salam kədər” iki ilin içində iyirmi dörd dilə tərcümə olunub. Fransada Yazıçılar İttifaqı Saqana kömək etməmişdi, dövlət ona ev verməmişdi. Yazıçılıq burdan başlayır, istedadın varsa, mütləq alınacaq.

- 1992-ci ildə çap olunan "Kirayəçilər" hekayələr kitabınıza maraqlı bir ön söz yazmısınız. Ön sözdə yazırsınız ki, “1985-ci ilə Yazıçılar İttifaqında bədii tərcümə məsələlərinə həsr olunmuş yığıncağa sədrlik edən qocaman yazıçımızın sərt bir ifadəsindən bərk həyəcanlandım. Natiqlərdən biri öz çıxışında mənim fransızcadan dilimizə çevirdiyim bədii əsərlər haqda ilk dəfə söz açdıqda sədrlik edən qocaman yazıçı qərəzlə onun sözünü kəsib dedi: “Ancaq yazıçı tərcümə ilə məşğul ol bilər”. Uzun illərdən bəri məşğul olduğum bir işə, böyük daxili əzab və dözümlülüklə, illərlə get-gəldən sonra dərc etdirə bildiyim tərcümə əsərlərinə belə münasibət məni pərt eləmişdi. Elə buna görə də tələbəlik illərindən başlayaraq yazıçı olmaq arzusu ilə deyil, sadəcə olaraq bədii düşüncə və xatirələrimi yaşatmaq məqsədi ilə təsadüfdən-təsadüfə qələmə aldığım bir sıra yazılarımı toplayıb nəşriyyata təqdim elədim. Bir müddət sonra isə həmən yazıların qəbul olunduğunu eşidəndə də sevincdən çox bir növ sıxıntı, həyəcan və məsuliyyət hissi duydum. Kitabçada nəzərə çarpacaq bədii qüsur və uyğunsuzluqlar üçün əvvəlcədən üzrxahlıq edirəm”. Sizi bərk həyəcanlandıran qocaman yazıçı kim idi?

- Tələbə vaxtı yumoristik hekayələr yazırdım. Yazıçılar İttifaqında tərcümə məsələlərinə aid iclas keçirilirdi. İngiliscədən tərcümələr edən rəhmətlik Ənvər Rza mənim tərcümələrimi təriflədi. Qocaman yazıçı Mirzə İbrahimov idi. Yığıncağa o, sədrlik edirdi. Mirzə müəllim mənim adımı eşidən kimi onun sözünü kəsdi. Danışmağa qoymadı. Daha sonra Şamil Zaman tərcümələrimi təriflədi və Mirzə müəllim onun da sözünü kəsdi. Mən də yerdən replika atdım ki, tərifləməyin də, kişinin xoşuna gəlmir. Pərt olub, səs-küy saldı. Mən də bilirdim o, niyə belə edir.

- Niyə belə edirdi ki?

- Bu haqda danışmaq istəmirəm.

- Nədənsə bizdə ədəbiyyat adamları bir məsələnin üzərinə gələn kimi dərhal da geri çəkilirlər.

- Elə bu yay o həqiqətləri yazmaq istəyirəm. Əgər ziyalı otuz, qırx il bundan əvvəl gördüklərini olduğu kimi, heç bir təsirə filan məruz qalmadan yazmasa tariximiz olmayacaq.

- Yazarsınız, ancaq bəlkə danışasınız?

- O illərin tarixi batıb. Ziyalıların dediklərindən, yazdıqlarından tarixin həqiqətləri üzə çıxacaq. Dostlarımın çoxuna deyirəm ki, nə fikirləşirsənsə namusla, qeyrətlə otur yaz. Mən Azərbaycanın Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsində məsul katib vəzifəsindən çıxarılıb, Əlcəzairə işləməyə göndəriləndə yerimə başqa bir nəfəri qoymuşdular. Yaxşı oğlan idi. O adamı da ora sən demə Mirzə müəllim gətiribmiş. Əlcəzairdən qayıtdıqdan sonra il yarım iş tapmadım. Bir dəfə Mərkəzi Komitəyə, beynəlxalq şöbəyə çağırdılar məni. Xarici əlaqələrlə işləyən şəxs dedi ki, öz keçmiş işinə qayıtmaq istəmirsən? Dedim, yox, istəmirəm. Dedi ki, onsuz da həmin oğlanı çıxardırıq işdən. Oğlan korlayıb işləri. Xarici qonaqları vaxtında yola sala bilməyib, qonaqlar ilişib qalıb burda. Ona görə də onun məsələsini qoymuşuq. Sən özün bil, istəmirsənsə, ayrı adam tapacağıq. İndi də danışıram, bir təhər oluram. Anarla məsləhətləşdim, dedim, bunlar mənə belə deyir. O da dedi ki, əgər ayrı adam gətirəcəklərsə elə özün get işlə, onsuz da onu çıxardırlar. Mən də köhnə iş yerimə qayıtdım. Mirzə İbrahimov da elə bilirdi ki, mən onun adamını işdən çıxardırmışam. Vicdanım haqqı mənlik heç nə olmamışdı. Hekayələrimi çap etmək heç ağlıma da gəlmirdi. Elə ön sözdə də bunu yazmışdım. Mirzə İbrahimov dedi ki, tərcüməçi yazıçı olmalıdır. Yəni Hamletin adını çəkməyin, o, yazıçı deyil, ondan tərcüməçi olmaz. Mən də acığa hekayələrimi çap etdirdim. Bunlar ruscadan tərcümələrin qonorarını alırdı. Üç il, beş il nəşriyyat arxalarınca qaçırdı. Mən Mopassanın hekayələrini tərcümə edəndən on dörd il sonra çap etdirdim, əlimdə gəzdirə-gəzdirə.

- Daha sonra niyə yazmadınız?

- Hekayələrim çap olunandan sonra yaxşı qələmin var, niyə yazmırsan kimi suallar verirdilər. Mən də deyirdim ki, maşallah Azərbaycanda o qədər gözəl yazıçılarımız var ki, onların yazdıqlarını oxuyun, nə istəsən götürmək olar. Amma bu yazıçıların heç biri fransızcadan tərcümə etmir. Onların yazdıqlarına bənzər bir əsər yazmaqdansa yaxşı, gözəl bir fransız hekayəsini tərcümə etmək daha faydalıdır. Camaat oxuyub ondan da həzz alsın.

- Tərcümə işinə marağınız necə yarandı?

- Altmışıncı illər intibah dövrü idi. Çox yaxşı yadımdadır. Bütün sahələrdə, istər musiqi, istər rəssamlıq, heykəltəraşlıq, istərsə də ədəbiyyat sahəsində bir dirçəliş yaşanırdı. Riskli yazılar yazmaq istəyən cavanlar var idi. Bizim də beynimizə ancaq tərcümə yerləşmişdi. Biz tərcümə əsərlərini, ingilis ədəbiyyatını, fransız ədəbiyyatını ancaq rus dilindən oxuyurduq. İkinci kursda oxuyanda artıq fransız dilində oxuyub danışırdım. İlk olaraq fransız lətifələrindən başladım. Əlimə düşürdü, oxuyub gülürdüm. Oxuduqlarımı Azərbaycan dilinə çevirmək istəyirdim ki, qoy insanlar da oxuyub gülsün. Əvvəl - əvvəl xırda yazılarla başladım tərcüməyə. Sonra əlimə hekayələr düşürdü, onları tərcümə edirdim. Elə həmin vaxtdan tərcümələrimi “Azərbaycan gəncləri” qəzetinə verməyə başladım. Düzdü, ingiliscədən, fransızcadan tərcüməyə icazə yox idi, amma yazılar xırda, aydın yazılar olduğuna görə, heç bir siyasi məsələ olmadığına görə çap edirdilər. Bunu görən yoldaşlarımız da həvəsə gəldi. Sonra elə oldu ki, institutu bitirəndən sonra Elmlər Akademiyanın Tarix İnstitutunda işə düzəldim. Orda da tərcümə ilə məşğul idim. 1964 - cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına hazırladığı sənədi məxfi olaraq mənə tərcümə elətdirdilər. Əlyazmanı da əlimdən almışdılar. Onda mən bir biclik elədim. Əlyazmanın üç nüsxəsini katibəyə çıxarmağı tapşırmışdılar. Mən də katibədən xahiş etdim ki, dörd nüsxə çıxartsın və beləcə sənədi əldə elədim. Bu siyasətə olan marağımdan irəli gəlirdi. Bilmək istəyirdim ki, görək biz kim olmuşuq. Müsavat hökuməti, Azərbaycanın müstəqilliyi, bütün bunlar nə demək idi. Bu sənədi sonra “Fransızlar yurdum haqqında” kitabıma da saldım. Sənəddə Azərbaycanın təsərrüfatı, mədəniyyəti haqda, ziyalılarımızın yazdıqları yer almışdı. Həmin sənəd bir növ Azərbaycan üçün təqdimatı idi. Bizimkilər fransız səyyahlarının Azərbaycan haqda dediklərindən də sitatlar vermişdilər.

Daha sonra isə kitabları çevirməyə başladım. Məni ən birinci məftun edən Mopassanın hekayələri oldu. İnanın, oxuyub dərin həzz alırdım bu hekayələrdən. Özlüyümdə mən bundan həzz alırdım, ancaq bu həzzi insanlara da yaşatmaq lazım idi. Daha çox hekayələri çevirirdim. Çünki hekayələr yığcam idi, həm də tamlanan bir süjet vardı. Bir hekayədən aldığın həzzi bir romandan ala bilmirsən. Belə hallar da olur. Dayanmadan tərcümə edirdim. Fransız ədəbiyyatını tərcümə edəndə bircə fikrim olub ki, milli mədəniyyətimizə töhfə verim. Viktor Hüqonun tərcümə haqqında gözəl bir sözü var. Hüqo deyir ki, tərcümə bir milləti kasıblandırmadan, başqa bir milləti varlandırır. Bu gözəl fikirdir. Mən də həmişə düşünürdüm ki, mədəni həyatımıza nəsə gətirirəm. İş də burasındadır ki, bunu bizimkilərə sanki çatdırmaq, demək lazımdır. Fransa - Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərimə görə Fransanın yüksək “İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülmüşəm. O ordeni də xəlvətcə verdilər, elə bil oğurluq edirdilər. Başım çıxmadı niyə belə etdilər.

- 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası seriyasında işləmək təklif olunub?

- 2004 - cü ildə latın qrafikasında çap olunan Fransa ədəbiyyat antologiyasındakı tərcümələrin çoxunu elə mən çevirmişəm. Siz dediyiniz məsələ ilə bağlı bir dəfə tərcümələrimə baxmaq üçün Dillər Universitetinə çağırmışdılar. Sonra bilmədim nə oldu, səs çıxmadı.

- Sizin çevirdiyiniz Alber Kamyunun “Taun” və Fransuaza Saqanın “Salam Kədər” əsərləri yenidən tərcümə olunub. Ümumiyyətlə, tərcümə olunmuş əsərlərin yenidən çapına necə baxırsınız?

- “Taun”u tərcümə edən qızı tanıyıram. Özünü tapıb danışa bilmədim. O qız da tanıyır məni. Cümlələri tutuşdurmuşdular. “Taun” çox qəliz əsərdir, uşaq işi deyil. Şahbaz istədi, “Taun”un jurnal variantını vermişəm. İyirmi il əvvəl “Azərbaycan” jurnalında çap olunmuşdu. Fransız ədəbiyyatı dəryadır. Saqanı Əlcəzairdə işləyəndə çevirmişdim. Ümmül Banunu da təzədən tərcümə edirlər. Onun “Paris günləri”ni də, “Qafqaz günləri”ni də çoxdan tərcümə etmişdim. Tərcümələri Ümmül Banunun özü ilə məktublaşa – məktublaşa edirdim. Adam xəcalət çəkir. Mənim tərcümələrim altı – yeddi il dövlət nəşriyyatında yatdı, çap olunmağa pul lazım idi. Ümmül Banu da mənə yazırdı ki, Azərbaycancası mənə gəlsə göndərəcəm alman dilinə də çevirsinlər. Azərbaycancadan çevirən adam var. Bəziləri ruscadan edir, baş açmıram nəyə lazımdı? İndi həvəsə düşənlər çoxdu. Mən ada görə eləməmişəm. Xoşum gəlirdi, deyirdim qoy insanlar da oxusun. Bundan həzz alsınlar. Yaxşı əsərdi, indi eşidirlər ki, “Qafqaz günləri” yaxşı oxunur, götürüb ruscadan çevirirlər. Daha bilmirəm necə edirlər, istəyirlər ki, adları olsun ki, filankəs bunu tərcümə edib. Yaxşı material olanda tərcüməçi yoldaşlarıma zəng edirəm ki, bu əsər mütləq çevrilməlidir. Məsələn, “Səfillər” ruscadan çevrilsə də, sanballı tərcümədir. Bu yaxınlarda köhnə əlifbayla çap olunmuş variantını gördüm. Tez aldım, küçədə niyə qalmalıdı?! Mən indi fransızcadan tərcümə edənlərə deyərdim ki, tərcümə olunmuş əsərləri yenidən tərcümə etməyin heç bir əhəmiyyəti yoxdur.

- Afrikada ölkələrində, Malidə, Əlcəzairdə çalışmısınız... (sözümü kəsir)

- İki il yarım Malidə, iki il yarım da Əlcəzairdə işləmişəm. Bundan başqa Konqoda, Toqoda, Qvineyada, Qvineya – Bisau da, Seneqalda səfərlərdə olmuşam. Moskvadan gedən nümayəndə heyətinin tərkibində həm tərcüməçi, həm də Azərbaycandan nümayəndəsi kimi iştirak edirdim.

- Əkrəm Əylisli “Əylisdən Əylisəcən” kitabında qardaşınız Fikrət Qocanın Əlcəzairdə fransızlara qarşı vuruşmaq istədiyini yazıb.

- Mən 1980 – ci ildə Əlcəzairdə işləməyə başlamışdım. O vaxt Əlcəzairdə müharibə qurtarmışdı. Fikrətgilin o vaxt elə fantaziyaları var idi. İnanıram buna.

- Bəs sizdə bu cür arzular olmayıb?

- Mənim ən böyük arzum o vaxt fransız dilini bir balaca öyrənəndən sonra Fransaya qaçmaq idi. Adımı da dəyişmədim. Əsas onu fikirləşirdim, əsl Hamlet olacam. Necə? Düşünürdüm ki, bir dəfə çıxacam tribunaya, afrikalı qəhrəmanlar kimi qışqıracam ki, Azərbaycan müstəmləkədir, yalandır Sovet birliyi. Qoy adım elə Hamlet kimi qalsın tarixdə, bu da mənim fantaziyam idi (gülür).

Ramiz Mirişlinin də adı Hamlet olub. O dəyişdi. İmkan olan kimi ölkədən qaçmaq istəyirdim. Axı necə qaça bilərsən? Malidə işləyəndə pasportumuzu alıb, əl boyda kağız verirdilər. Bir kənddə rus mühəndisləriylə işləyirdim. Pasportum da yox idi ki, yerli əhalidən soruşa – soruşa savannalarla sosialist olmayan Afrika ölkələrindən birinə keçim və ordan da Fransaya gedim. Həmişə ciddi nəzarətdəyik. Əlcəzairdə olanda bir nəfər mənə dedi ki, istəsən sənə kömək edə bilərik. Səni də, ailəni də qonşu ölkələrdən birinə keçirərik. Sovet KQB-si işləyir, axmaq zadam, bunların dediyinə qulaq asım, gözümü səfirliyinin podvalında açım? (gülür). İndi elə sevinirəm ki, o vaxt qaçmamışam. Bu yaxınlarda Ceyhun Hacıbəylinin Fransa xatirələrini oxuyurdum. Ədəbiyyat İnstitutu verib mənə tərcümə üçün. On gündür gecə - gündüz onu oxuyuram. Dəhşətli dərəcədə maraqlıdır. Burda onun yuxuları yer alıb, bir də parça – parça xatirələr. Oxuyanda görürsən ki, bu adam ancaq Azərbaycan xəyalıyla yaşayıb. Xatirələri oxuya – oxuya başa düşdüm ki, mən Fransada beş – altı ilə ölə bilərdim.

- Maraqlıdır, agentura şəbəkəsinə işləmək təklifləri oldumu?

- Çoxları elə bilirdi ki, Hamlet xaricə belə sərbəst gedib gəlirsə, yəqin KQB -nin adamıdır. Rəhmətlik Tofiq Abdin yazmışdı ki, Hamletin yaradıcılıqla bağlı üzünü tanıyıram, amma o biri üzünü tanımıram. Tofiq elə siz deyəni demək istəyirdi. Bilirdim ki, böyür - başımda olanlar məndən şübhələnir. Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsində sədr Rəsul Rza idi, mən də onun işçisi idim. Bəlkə o da məndən şübhələnirdi. İnsandı da, ola bilər fikirləşər ki, uşaqdı da cəlb ediblər. Mənim qeyrətim, namusum yol verməyib ki, məni cəlb eləsinlər. Bir yoldaş var idi, o Konqoya getdi, mən Əlcəzairə. O mənə demişdi ki, yüyənli eşşəksən, kəbinli arvadsan, sənin nə kişiliyin var, nə adamlığın, onlarla işləyən adamın heç bir şəxsiyyəti yoxdur. Mən o sözləri eşitmişdim, vəziyyəti də bilirdim. Malidə işləyəndə iyirmi iki yaşım var idi. Orda bilmirdim, amma Əlcəzairdə yan yörəmdəki insanların kim olduğunu bilirdim. Mən onların yanında lağ – lağı , zarafat edirdim ki, desinlər bu qeyri – ciddi adamdır, bununla əməkdaşlıq etmək olmaz. Elə canımı qurtarmışam. Bir dəfə Rəsul Rzanın otağına girdim. “Azadlıq” radiosuna qulaq asırdı, girən kimi radionu bağladı. Mən də dedim söhbət etmək üçün bağlayıb, yazıq kişi sən demə qorxudan bağlayıb. Onlar nələrdən keçməyiblər ki... canlarını sürüyüb 37-ci ildən keçmiş adamlar idi.

# 5903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #