Zərdüşt Əlizadə: “16 min qəzeti yandırdım” MÜSAHİBƏ

Zərdüşt Əlizadə: “16 min qəzeti yandırdım” MÜSAHİBƏ
1 noyabr 2013
# 09:00

Kulis.Az “Köhnə tüfəng" layihəsini davam etdirir. Layihənin budəfəki qonağı təcrübəli jurnalist Zərdüşt Əlizadədir.

- 1990-cı ildə “İstiqlal” qəzetini təsis etdiniz və 8 il müddətində qəzetin baş redaktoru oldunuz. “İstiqlal” necə yarandı?

- 20 yanvardan sonra Sovet hakimiyyətinin bu vəhşi hərəkətinə qarşı çox böyük qəzəb və narazılıq var idi. Biz bilirdik ki, bu məsələnin arxasında nə durur. Biz deyəndə, 5-6 nəfərlik dəstəni, Leyla Yunus, Arzu Abdullayeva, Əbdülvahab Manafovu, Fəxrəddin Ağayevi nəzərdə tuturam. Artıq çoxumuz Xalq Cəbhəsindən çıxmışdıq. Araz isə heç vaxt Xalq Cəbhəsində olmamışdı. Biz qərara aldıq ki, bir qəzet buraxaq. Təbii ki, 20 yanvardan əvvəl biz SSRİ-nin təkmilləşməsini, demokratikləşməsini arzulayırdıq. 20 yanvardan sonra bəlli oldu ki, hakimiyyət, Sovet quruluşu islahatlar keçirməyə qabil deyil. Qəzetimizin də adını “İstiqlal” qoyduq. Materialları yığdıq və bir nəfərlə göndərdik Estoniyaya. Estoniyada qəzeti buraxdılar. Həmin adam qəzeti göndərdi, özü qayıtdı, sonra getdik qəzeti alıb gətirdik və payladıq. Bu cür qeyri-rəsmi... Sonra Bakıda buraxmağa başladıq.

- Daha çox samizdat buraxdınız?

- Bəli, 5 nömrə samizdat buraxdıq. SSRİ-də Feodorov var idi, indi də Rusiyada hakimiyyətdədir, yüksək vəzifədə işləyir. O, SSRİ-də mətbuat haqqında qanunun müəllifi idi. Çox demokratik bir qanun layihəsi çıxdı ümumittifaqda və biz də onun əsasında “İstiqlal” qəzetini qeydiyyatdan keçirdik. 6-cı nömrəni nəşriyyatda 16 min tirajla buraxdıq. O zaman tirajlar böyük idi. Məsələn, “Azadlıq” qəzeti 100 mindən yuxarı tirajla çıxırdı. Ondan sonra Mərkəzi Komitə “İstiqlal”ın nəşriyyatlarda çapına qadağa qoydu. Mən Mərkəzi Komitəyə, Osman Mirzəyevin yanına getdim. Osman Mirzəyevlə çox mehriban söhbət elədik, mədəni qəbul elədi məni. Dedim ki, nə üçün bütün nəşriyyatlar qəzeti çap etməkdən imtina edir? Təbii ki, mən uşaq deyiləm, bilirəm ki, bu, Mərkəzi Komitənin göstərişidir. Osman Mirzəyev mənim 6-cı nömrədəki məqaləmi açıb göstərdi. Yazımda Kommunist Partiyası rəhbərliyinin Nürnberq məhkəməsində olduğu kimi məhkəmə qarşısına çıxarılmalı olduğunu yazmışdım. Mən də dedim ki, mən özüm kommunist olmuşam və sabiq kommunistlərin bu biabırçılıqda günahları yoxdur. Amma hesab edirəm ki, Kommunist Partiyası rəhbərliyini mühakimə etmək lazımdır. Nə isə, dedi ki, biz buna görə icazə vermirik. Biz təzədən keçdik samizdata. Müxtəlif yerlərdə, Lənkəranda rayon mətbəəsində bir neçə nömrəsini buraxdıq. Sonra isə təzədən elə bil yumşaldılar və biz yenə başladıq həftəlik çıxmağa. 1998-ci ilə qədər çap olundu qəzet, maliyyə problemlərinə görə dayandıq.

- Məhəmməd Əmin Rəsulzadənin baş redaktoru olduğu “İstiqlal”ın adından bəhrələnmişdiniz, yoxsa təsadüfi seçim idi?

- Xeyr, onunla heç bir əlaqə yox idi. 1989-cu ilin dekabrında İdarə Heyətində 15 nəfərin iştirakı ilə Xalq Cəbhəsinin qəzetini buraxmaq fikri müzakirə olunanda Məhəmməd Əmin Rəsulzadənin qəzetinin də adı ətrafında söhbətlər oldu. Məsələn, mən istəyirdim ki, qəzetin adı “Həqiqət” olsun. Nəcəf bəy (“Azadlıq” qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfov – F. M) istəyirdi ki, “Azadlıq” olsun. Nəcəf bəyin təklifi çox səs qazandı. “İstiqlal”ın da adı çəkilirdi orda. “İstiqlal” da qəşəng ad idi. Və biz bir aydan sonra qəzeti buraxanda “İstiqlal” adını seçdik.

- 1992-ci ilin yayında silahlı qüvvələrimiz Ağdərə şəhərini ələ keçirəndə qəzetdə “Dayanmaq vaxtıdır!” adlı məqaləniz çap olundu. Və tezliklə “İstiqlal” qəzetinin proqnozu gerçəkləşdi – qısamüddətli qələbələr ciddi itkilərlə əvəzləndi. Bu yazıya görə sizi qınadılar, ciddi təzyiqlərlə üzləşdiniz. Necə düşünürsünüz, belə situasiyalarda mətbuat olaraq milli mənafeyi gözləmək, yoxsa həqiqəti olduğu kimi söyləmək lazımdır?

- Bilirsiniz, mən sovet təhsili almışam. Və təbii ki, bizə marksist klassikləri çox yaxşı keçirdilər. Leninin məşhur bir sözü var: “Gələcəyi görmək qabiliyyəti, idarə etmək qabiliyyəti deməkdir”. İnsanlar idarə edəndə gələcəyi görməyi bacarmalıdırlar. Bunu bacarmayan adam idarə edə bilməz. 1992-ci il 8 avqustda “İstiqlal” qəzetində “Dayanmaq vaxtıdır!” məqaləsində mən indi başımıza gəlmiş bütün hadisələri təsvir edib, demişdim ki, hələlik, üstünlük Azərbaycan tərəfindədir, dayanmaq vaxtıdır! Təbii ki, o zaman bizi qınadılar ki, müzəffər ordumuz müqəddəs torpaqlarımızı azad etdiyi bir vaxtda sosial-demokratlar arxa cəbhədə təslimçilik ruhu yayır. Bu onu göstərdi ki, kiçik bir qrup olan sosial-demokratlar o boyda Azərbaycan Respublikasındakı hakim zümrənin hamısından daha zəkalı çıxdı. Mən gələcəyi görə bilirdim. Uzaqgörənlik göstərdim və dedim. Bu mənim faciəmdir ki, camaat, xalq məni anlamadı. Və bu eyni zamanda xalqın faciəsidir ki, onlar düzgün sözü, ağıllı sözü qəbul eləmədilər. Bəli, ondan sonra, bu bəd hadisələr baş verdi. Ondan sonra mən “İstiqlal” qəzetində mütəmadi olaraq Qarabağ problemi ilə bağlı xeyli təkliflər, məqalələr yazmışam. Əgər onları yığsam 100-dən çox məqalə edər. Georgi Vanyanın southcaucasus.com saytında indi də mənim Qarabağla bağlı 10-a yaxın məqaləm var. Bilirsiniz, vətənpərvərlik hər bir vətəndaşın borcudur. Jurnalistin vətənpərvərlik borcu erməniləri söymək deyil. Vətənpərvərlik borcu odur ki, faktları göstərsin, həqiqətləri düzgün və qərəzsiz şəkildə çatdırsın oxucuya. Eyni zamanda məsələnin mahiyyətini açsın. Azərbaycan əhalisinin əksəriyyəti Qarabağla bağlı faciəvi vəziyyəti anlamır, bilmir.

- Tez-tez jurnalistin siyasi mövqeyi ilə bağlı polemikalar açılır. Bir tərəf jurnalistin siyasi mövqeyi ola bilməz deyir, qarşı tərəf buna haqq qazandırır. Siz də Sosial Demokrat Partiyasının mətbu orqanının baş redaktoru olmusunuz. Bu məsələlərə münasibətiniz necədir?

- Lenin deyirdi ki, mətbuat partiyalı olmalıdır, jurnalist partiyanın əsgəridir, qəzet təkcə təşviqatçı deyil, həm də təşkilatçıdır. İndiki dövrdə bizə başqa cür təlqin edirlər. Deyirlər ki, qəzet obyektiv olmalıdır və sairə. Amma bu bir qədər sizə deyərdim həqiqətdən uzaqdır və Qərb mətbuatında böyük bir riyakarlıq var. İndi bizim gözümüzün qabağında nə baş verir?! Edvard Snouden “Guardian” qəzetinə xeyli məlumat ötürüb. “Guardian” qəzeti də onun bir hissəsini çap edib. Nəhayət hakimiyyətdən iki centlmen gəlib “Guardian” qəzetinin baş redaktoru ilə ciddi söhbət edəndən sonra, o, əmr verib ki, bu nəşrləri dayandırsınlar. Baş redaktor onların gözü qarşısında Snoudenin verdiyi faylları qəzetin zirzəmisində sındırıb. Amma məlumat başqa mətbu orqanlarda gedir. Snouden bir mənbəyə məlumat verməyib axı. “Guardian” qalıb qıraqda. Nəhayət “Guardian”ın tamahımı, ya peşə qeyrətimi üstün gəlir, deyirlər ki, biz faylların nüsxələrini Amerikada gizlətmişdik. İndi biz onları götürmüşük, təzədən çap edəcəyik. Həqiqətən də bir-iki ciddi material çap ediblər. O cümlədən Britaniya kəşfiyyatının öz müttəfiqlərini izləməsi haqqında material veriblər. Kameron (Böyük Britaniyanın baş naziri David Kameron – F. M) parlamentdə çıxış edib və deyib ki, “Guardian”a qarşı ciddi tədbirlər görəcəyik. Bu, söz azadlığının boğulmasıdır. Hakimiyyət qanunu pozur, cinayət törədir. Cinayətin üstünü açan qəzetlərin ağzını yumur. Mən özüm onlarla böyük aktyorların, Al Paçinonun oynadığı Qərb filmlərinə baxmışam. Orda jurnalistlərin faciəsini göstərirlər. Jurnalist hansısa bir mühüm faktı açır, bunu nəşr eləmək istəyir. Qəzetin sahibi gəlib deyir ki, kəs səsini, olmaz. Ondan sonra da başqa yerlərdə bunu çap edə bilmir. Bu intihara bərabərdir jurnalist üçün, redaktorlar zümrəsinə qarşı üsyan eləmək, qəzet sahiblərinə qarşı çıxmaq. Mütləq ifadə azadlığı yoxdur. Hər şey nisbidir. O cümlədən, Qərbdə də ifadə azadlığı nisbidir. İndi ifadə azadlığına nail olmaq üçün cəmiyyət gərək mübarizə aparsın. Əbülfəz demişkən bu artıq jurnalistlərin taleyidir, gərək vuruşsunlar, döyüşsünlər.

- Baş redaktor olduğunuz vaxt qəzetdə qadağalar tətbiq etmişdiniz?

- Sizə deyim ki, mənim qəzetimdə heç vaxt yasaq olmayıb. Mənim bir yasağım olub, demişəm ki, insanları, vətəndaşları etnik mənsubiyyətinə görə suçlamaq mənim qəzetimdə yasaqdır. Hətta bir dəfə mən rayona getməli oldum. Məndən peşəkar, jurnalistikada məndən daha çox işləmiş bir adama tapşırdım ki, qəzeti sən buraxarsan. Materialların da çoxunu yığmışdıq. Və mən getdim rayona. Qayıtdım, artıq qəzet yığılmışdı. O zaman qəzet nəşriyyatda çap olunur, Sosial Demokrat Partiyasının qərargahına gəlirdi və ordan özümüz paylayırdıq. Qəzeti açanda gördüm ki, bir siyasətçinin kürd olması və bunun da onun siyasətində hər hansı bir rol oynaması barədə yazı var. Qəzəbləndim, dedim ki, mənim baş redaktor olduğum qəzetdə bu məzmunda yazı gedə bilməz. Bir ifadəyə görə 16 min tirajın hamısını yandırdıq, məhv etdik. Hər halda “İstiqlal” qəzeti MDB-də gedən, dünya miqyasında baş verən prosesləri izləyirdi. Biz demokratik dəyərlərə çox hörmət edirdik, amma Qərbi müqəddəsləşdirmək siyasətinin əleyhinə idik. Çünki hər bir dövlətin öz merkantil, maliyyə, geosiyasi maraqları var və onlar onu güdürlər.

- Jurnalist olsanız da hamı nədənsə sizi politoloq kimi tanıyır. Bu sizi narahat etmir?

- (gülür) Heç bir narahatlıq yoxdur. Mənim vizit kartımda jurnalist yazılıb. Mənim üçün jurnalist peşəsi çox gözəl peşədir. Vaxtilə şərqşünas-mütərcim, şərqşünas-alim, sonra siyasətçi, daha sonra jurnalist olmuşam. Nə üçün məni politoloq qəbul edirlər, çox gülməlidir. Bəzən yazırlar, müstəqil politoloq, guya asılı politoloq da olur (gülür). Mən Xalq Cəbhəsində bizim hərəkatı faciəyə, uçuruma aparan əlamətləri biliyimə, təcrübəmə, oxuduğum kitablara, xaricdə işləyən zaman gördüyüm buna bənzər hadisələrə görə xəbər verirdim və bunu təbii ki, heç kəs saya almırdı. Öz bildiklərini edirdilər. Sonra mən dediyim faciəvi, bəd hadisələr baş verəndə, camaatın yadına düşürdü ki, ə, bu hamının pisikdirdiyi, heç kəsin bəyənmədiyi bir keçəl kişi vardı, o, deyirdi bunu. Biz ona niyə qulaq asmırdıq? Görünür, o nəsə bilir, yəqin siyasətdən başı çıxır. Ona görə başladılar məni siyasətşünas adlandırmağa.

- Sizin ixtisasınız jurnalistika üzrə deyil. Jurnalist olmaq üçün hökmən jurnalistika təhsili vacibdirmi?

- Düşünürəm ki, vacib deyil. Əlbəttə, jurnalist təhsili alması həmin şəxsin əmək fəaliyyətində yüngülləşdirici, asanlaşdırıcı bir amildir. Amma adamda vətəndaş mövqeyi, gözəl qələm varsa, ümumi savadı genişdirsə, öz peşəsinə ciddi yanaşırsa, o, gözəl jurnalist ola bilər. Sovet dövründə çox görkəmli jurnalistlər olmuşdu ki, biri hüquqşünas idi, biri fizik idi, biri riyaziyyatçı idi.

- Eynulla Fətullayev Apellyasiya Məhkəməsindəki çıxışlarının birində dedi ki, biz hamımız Zərdüşt müəllimdən öyrənmişik. Tələbələrinizdən xüsusi olaraq kimləri qiymətləndirərdiniz?

- Onlar məni özlərinin müəllimləri elan ediblər. Amma mən heç kəsə müəllimlik etməmişəm (gülür). Bəlkə, məni örnək kimi görüblər. Özlərini mənə oxşatmağa çalışıblar. Mənimlə işləmiş gənclər arasında şəksiz, dərin hörmət bəslədiyim, sevdiyim şəxs Məmməd Süleymanovdur. Sınmadı, qorxmadı, məsləyindən dönmədi, yolundan sapmadı. Müəllimlik peşədir, mən müəllim olmamışam.

- İş otağınızdan mərhum rusiyalı jurnalist Anna Politkovskayanın portreti asılıb. Maraqlıdır, Azərbaycanda portreti otağınızdan asılacaq jurnalist varmı?

- Mən deyərdim ki, Elmar Hüseynov eyni, faciəvi taleyi yaşadı. Cəsarətdə də, istedadda da Elmar Anna Politkovskayadan geri qalmırdı. Ola bilər ki, Anna Politkovskaya bir qədər peşəkar idi. Elmar mühəndis idi, Sibirdə elektrostansiyaların tikintisində iştirak eləmişdi. Rəhmətlik Elmar iqtisadiyyatı çox yaxşı bilirdi. Ancaq rus jurnalistikasında beləsi yoxdur, Anna yeganədir. O öldürüləndən sonra dözmədim, “Памяти Анны” adlıq bir məqalə yazdım. Bizdə Anna Politkovskaya ilə müqayisə olunacaq yeganə jurnalist Elmar Hüseynovdur.

Elmar Hüseynov fitri istedad idi, kişi idi. Onun nəhəng cəsarəti, enerjisi var idi. Təbii ki, belə bir adam Azərbaycan cəmiyyətində qərib idi. İndi onu müqəddəsləşdirib, qəbrinin üstünə gedirlər. Sağ olanda heç onu saymırdılar və nifrət edirlər. Çünki o da milli demokratlara nifrət edirdi, onları ələ salırdı. Bir dəfə onun qəzetini bağlayanda, “İstiqlal”a əlavə kimi başladı çıxmağa. Mən ona imkan verdim çap olunmağa. O saat başladılar mənə zənglər gəlməyə ki, əşi, biz sizə hörmət edirik, ziyalı ailədənsiniz, sizin qəzetiniz bizi darmadağın edir. Dedim ki, axı mənim qəzetim deyil. Dedilər ki, axı orda yazılır “İstiqlal”ın əlavəsi. Dedim, Elmarın qəzetini bağlayıblar. Mən də həmrəylik əlaməti olaraq ona “İstiqlal”ın əlavəsi kimi çıxmağa icazə vermişəm. Amma onun mənə heç bir dəxli yoxdur. Mənim də “Monitor” jurnalında bir neçə dəfə məqaləm çıxıb. Biri çox yaxşı yadıma gəlir. Adı belə idi: “Stenoqrama”. Parlamentə dair satirik stenoqrama yazmışdım. Deputatların adlarını yazmışdım, amma onların çıxışları tamamilə absurd şeylər idi. Elmar bir səhifə verdi onu. Yazını spiker oxuyub. Başlayıb qışqırmağa ki, Milli Məclisin stenoqramları gizli sənəddi, kim oğurlayıb verib “Monitor” jurnalına (gülür). Bu, həyatımda mənim məhsuluma verilən ən dəyərli qiymət idi ki, spiker mənim yazımı ciddi qəbul eləmişdi. Ümumiyyətlə, Azərbaycan jurnalistikasında sona qədər öz məsləyinə, öz əqidəsinə sadiq qalan adamlar çox azdır təəssüf ki... Həyat, ehtiyac sındırdı insanları...

- Azərbaycanda hansı qəzetləri və saytları oxuyursunuz?

- Hər gün neçə ildir ki, “Azadlıq”, “Zerkalo” və “Exo” qəzetlərini alıram. “Azadlıq” qəzetini diaqnoz üçün alıram. Hər halda jurnalistika sahəsində çalışıram və qiymət verməliyəm, temperaturunu ölçməliyəm, ağzını açıb baxmalıyam. “Azadlıq” diaqnoz qoymaq üçün Azərbaycan dilli mətbuata ən gözəl nümunədir. Savadsızlıq, xırda intriqalara uyma, milli məsələləri görməmək... Bu, “Azadlıq” qəzetinin ilk gündən, ilk nömrəsindən belə olub. İlk nömrəsi evdə var. Birinci nömrəsindən bu qəzetdə tayfa davası əks olunub. Hərçənd “Azadlıq”da hörmət etdiyim ziyalı jurnalistlər də işləyir, lakin onlar aparıcı şəxslər deyil. Onlar öz yazılarına məsuldurlar, öz yazılarını keyfiyyətli, peşəkar yazırlar. “Zerkalo” vaxtilə çox peşəkar çıxırdı, indi xeyli geriləyib. “Exo” da vaxtilə yaxşı çıxırdı. O da xeyli geriləyib. Bu qəzetlər mənim üçün əsas məlumat mənbəyi deyil. Yenə deyirəm, mətbuatın nə vəziyyətdə olduğunu bilmək üçün onları oxuyuram. Qaldı Azərbaycan saytlarına, hərdən hansı bir məlumat üçün girib baxıram ki, görüm nə yazıblar. Ümumiyyətlə, Azərbaycan jurnalistikasına bir qədər ümumi peşəkarlıq və mədəni səviyyə çatmır. Qalan qəzetləri isə oxumuram, görmürəm, görmək də istəmirəm.

- Azərbaycan mətbuatında bəyəndiyiniz 5 imzanın adını çəkin.

- Rauf Talışinskiyə qibtə edirəm. Fikrimcə bir nömrəli peşəkardır. Jurnalist kimi Azərbaycanda Rauf Talışinskinin tayı yoxdur. Qələmi, biliyi, bacarığı... Düzdür, indi bir balaca cəmiyyətdən uzaqlaşıb, məsafə saxlayır. Amma hərdən təbi gələndə elə bir yazı yazır ki, deyərdim bir yazısı bəlkə də bütün Azərbaycan jurnalistikasının bir illik məhsuluna dəyər. Bu yaxında Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı bir məqalə yazmışdı, oxudum, həzz aldım. Şedevr idi, misilsiz bir yazı idi. Hətta erməni dostlarıma da verdim ki, oxusunlar. Bilsinlər belə bir yazı var bizdə. Nifrət yox idi yazıda, sadəcə dolamışdı. Məmməd Süleymanovun imzasına hörmətlə yanaşıram. Şahvələd (Şahvələd Çobanoğlu – F. M) bir çox hallarda istedadlı yazılar yazır, bəzi hallarda isə xaltura edir. Çox istedadlıdır Hacı Zamin. Yaxşı, maraqlı və kəsərli yazır Eynulla. Amma onun mövqeyi ədalətsizdir, həqiqətdən uzaqdı.

- Qəzetlərə yaxşı qonorar müqabilində, ya öz istəyinizlə yazmısınız?

- Mən hər qəzetdə yazmaram. “Novoye vremya”da 1 il, ya 2 il yazmışam, “Nedelya”da köşə yazarı olmuşam. “Nedelya”da 3 il müddətində yazdığım köşələrin çox hissəsini toplayıb “Maykl və Mikayıl” kitabını çap etdirdim. Mən şərt qoyuram ki, məni dəyişməyin. Çox qəzetlər xahiş edirdi, mən deyirdim, yox. Yəni, qəzetlərin istiqaməti də nəzərə alınır. Bəzən qəzetlər zəif olurdu, amma yazılarıma toxunmurdular və azadlığımı məhdudlaşdırmırdılar deyə yazırdım. Eynulla ilə münasibətlərim bir qədər cəncəlli oldu. Bir-iki dəfə çalışdı ki, belə yazmayım, elə yazım. Dedim, yox. Ya işləmirəm, ya da istədiyimi yazacağam. O da razılaşdı insafən. “Xəzri”də də məhdudiyyət yox idi. “Nedelya”da var idi məhdudiyyətlər. Redaktor zəng edib yalvarırdı ki, bəs mən 40 adama çörək verirəm, sən dediyin kimi çıxsa qəzeti bağlayacaqlar (gülür). Sən allah, onu bir qədər yumşalt. Bu xahişlə bir qədər yumşaldırdım. Anlayırdım ki, o, siyasətçi deyil, naşirdir. Onun kommersiya maraqları var. Ona da anlaqlı yanaşmaq lazımdır.

Digər yazılar:

Rövşən Hacıbəyli: “Xocalıdan zəng edən qadının səsi hələ də qulaqlarımdadır”

Qabil Abbasoğlu: “İxtisasım üzrə bir gün də işləməmişəm”

Aqil Abbas: “Şirməmməd müəllim dedi ki, biz sənin kimiləri qovuruq”

Zamin Hacı: "Mətbuata gəlməyimdə bekarçılığın da rolu olub"

Seymur Baycan: “Yoxsa aldığı “kalqotka” cırıq çıxıb?”

Pərviz: “Şeirimi meyvə yeşiyində tapdım”

Səbuhi Məmmədli: “Qəzetlə sevgilimə mesaj göndərdim, işdən çıxardılar”

İbrahim Nəbioğlu: “Heydər Əliyev mənə dedi ki...”

Zöhrab Əmirxanlı: “Sevgilim dedi ki, sən tərbiyəsiz adamsan”

Məmməd Süleymanov: "Mən qeyri-peşəkaram"

# 5460 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #