“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz yazıçı Qan Turalıdır. Qan Turalının ən sevdiyi əsər rus yazıçısı Lev Tolstoyun “Dirilmə” romanıdır.
- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Lev Tolstoyun “Dirilmə” romanı sənin ən sevdiyin əsərdir?
- Sevdiyim əsərlər yaş keçdikcə dəyişir. 30 yaşımda bir insan və yazıçı kimi məni düşündürən məsələlər “Dirilmə”də olduğu üçün müsahibə üçün bu əsərin üzərində dayandım. Cəmiyyətin, həm də şəxsiyyətin mənəvi böhranı romanda əks edilib. İnsanların ağır həyat şəraitinin və mənəvi süqutunun həlli kimi Tolstoy “İncil”i göstərir. Buna göstərmək demək də azdır, Tolstoyun nəzdində “İncil” ruhun yeganə xilas yoludur. Eləcə də cəmiyyətin.
Ayrı-ayrı yazıçılar yaradıcılıqları boyunca estetik idealları ilə bərabər həm də fəlsəfəyə söykənmişdilər. Məsələn, Nazim Hikmət kommunist idi, Marksın ideologiyasına inanmışdı. Yaxud Nəsimi yazanda Nəimiyə istinad edirdi. Cek London “Martin İden” romanında ingilis filosofu Spenserdən səxavətlə sitatlar gətirir. Spenser isə Darvinin Təkamül Nəzəriyyəsini sosial sferaya köçürmək iddiasında idi. Spenser “Dirilmə”nin qəhrəmanın da rəğbət göstərdiyi müəllif idi. Ancaq Tolstoy dünyada yeganə yazıçıdır ki, onun öz fəlsəfəsi var idi. Dünyada “tolstoyçuluq” adlandırılan fəlsəfə var. Tolstoyçuluq fəlsəfəsi özünün estetik həllini məncə ən parlaq şəkildə “Dirilmə” romanında tapıb.
- “Dirilmə” romanı Tolstoy yaradıcılığının mahiyyət etibarı ilə şah əsəri sayıla bilər. Professor M.Qocayevin də yazdığı kimi, əgər “Hərb və sülh” romanında Tolstoy xalq fikrini, “Anna Karenina”da ailə problemini əsas götürürdüsə əgər, “Dirilmə” romanında artıq insan və cəmiyyət problemini faş edir.
- Tolstoy bu əsəri 71 yaşında bitirib. Bu yaş müdriklik və ustalıq yaşıdır. Dünyada bu yaşda bu cür monumental əsər yazan çox az yazıçı var. Azərbaycan ədəbiyyatında bu analogiyanı aparsaq görərik ki, 70 yaşı adlamış əksər yazıçılarımız mənasız substansiyaya çevriliblər. Onlar nəinki bu yaşda cəmiyyətə hansısa yol göstərmək iqtidarındadılar, heç cəmiyyəti anlamaq qüdrətində də deyillər.
Romanın süjeti həyatdan götürülüb. Andlı məhkəməsinin üzvü aldadıb atdığı qadını məhkəmədə görür, günahını yumaq üçün həmin xanımla evlənmək istəyir, ancaq o qadın həbsxanada vəfat edir. Amma hamımıza məlum olduğu kimi Tolstoy romanı başqa süjet xətti əsasında işləyib. Tolstoyun Butır həbsxanasına olan ziyarəti romanın təbii boyalarla işlənməsinə təsirsiz ötüşməyib. Romanın ən təsirli səhnələrindən biri-məhkumların qatarla katorqaya göndərilməsi-Tolstoyun gözləri qarşısında baş verib.
Romanın digər passajları, misal üçün kəndlilərin dözülməz həyat şəraiti, zabitlərin yaşayışı, kübar cəmiyyətin daxilindəki riyakarlıq, bütün bunlar Tolstoyun həyatdan götürdüyü şeylər idi. Belə bir roman Tolstoy dühasının məhsulu ola bilərdi. Amma qətiyyən Tolstoyu gördüklərini yazan avam bir yazıçı kimi təqdim etmək istəməzdim, çünki rus cəmiyyətinin bu cür parlaq təsvirini ancaq və ancaq Tolstoy qədər böyük bir yazıçı verə bilərdi.
Romanda sosialist siyasi dustaqlarla da qarşılaşırıq. Tolstoy cəmiyyətin böhranlı vəziyyətini yazmaqla rus inqilabının uzaqda olmadığını göstərir. Senzuranın əsərdən çıxardığı hissələr də mənim oxuduğum 1951-ci il nəşrində xüsusi olaraq qeyd edilmişdir. Çarizm də bu əsərdən ehtiyat edirdi, ancaq uzaq bəlanı təsəvvür edə bilmirdilər. Lenin əbəs yerə Tolstoya “rus inqilabının güzgüsü” demirdi ki...
Bu roman çap edildikdən cəmi 6 il sonra 1905-ci il inqilabı baş verdi, çarizm liberal islahatlara getməyə, parlamentli monarxiya yaratmağa məcbur oldu. Bu hələ jurnal idi, film 1917-ci il inqilabı ilə başlayacaqdı .
– Nexlyudov Katyuşkanın bakirəliyini Pasxa bayramında, yəni pravoslavlar üçün ən müqəddəs gündə pozur və böyük bəlaların təməli məhz müqəddəs bir gündə qoyulur.
– Tolstoy bu əsərdə provaslavlığın necə yozlaşdığını, pozulduğunu tünd boyalarla əks etdirir. Məsələn, xristianlıqla bağlı bir ayin var ki, çörəyi çaxıra batırıb yeyirlər və guya, bu məqamda çörək İsanın bədənidir, çaxır isə qanı. Tolstoy yazır ki, bu ayini yerinə yetirən rahiblər simvolik mənada yox, həqiqi mənada İsanın ətini və qanın yeyirlər. Təsadüfü deyil ki, bu roman çap edildikdən sonra kilsə Tolstoyu kafir elan etmişdi.
Yeri gəlmişkən, bir müddət əvvəl maraqlı bir məlumat oxudum, deməli, Türkiyədə Tolstoyun müsəlman olması haqqında bir kitab çap olunub və 1.000.000 tirajla satılıb. Sonra başqa bir araşdırmaçı həmin kitab haqqında araşdırma yazır və faktlarla sübut edir ki, Tolstoy əsl xristian idi, həmin kitabsa 3000 tirajla çap olunub.
Mənə elə gəlir ki, Tolstoyun dini görüşləri ilə bağlı mübahisə etməyə dəyməz o, əsl xristian idi, sadəcə Sinodun (Pravoslavların Mərkəzi İdarəsi-Bir növ Rusiyanın Vatikanı-red.) xristianlığına qarşı idi. Çarizm dövründə Sinod da feodal mütləqiyyətin zəruri əlavəsinə çevrilmişdi. Tolstoyun parlaq ittihamlarına kilsə dözümlü deyildi.
- Romanda iki dirilmə prosesi var:
1. Nexlyudov Katyuşkanın həyatını məhv edib deyə məhkəmə zamanı bu zavallı qızın günahlarının səbəbkarı özünü hesab edir: ruhu və vicdanı dirilir.
2. Nexlyudovdan sonra bütün kişilərə və cəmiyyətə inamını itirib həyatın hər üzünü görmüş Katyuşka katorqada siyasi dustaq Simonsonu sevir və nifrəti azalır, inamı dirilir və Nexlyudovu bağışlayır. Tolstoy sanki kişinin ruhunun vicdana çataraq, qadının ruhunun isə nifrətdən uzaqlaşaraq dirilməsini göstərir.
- Roman ilk səhifələrindən, Nexlyudov Katyuşkanı məhkəmədə görəndən ruhi dirilməsi başlanır. Əsər boyunca həmin diriliş prosesi davam edir. Sufilər də deyir ki, tövbə bir anlıq məqam deyil, dialektik prosesdir.
Nexlyudov öz-özünə deyir ki, mənim atam da, əmim də bu cür hərəkət eləmişdi, onlar da qadınları aldadıb, qaçıblar. Bu iyrənc əməl kübar cəmiyyətin adicə norması idi.
Nexlyudov torpağı kəndlilərə vermək istəyəndə, Spenserin “Sosial statistika” əsərini oxuyanda, kitablara gömüləndə narahat olan anası onun qumar oynamasını, zabitlərə xas olan hər cür əyyaşlığını görəndə sevinir. Çünki o oğlunu kübar zümrənin əlamətlərini daşıyan əsl kişi kimi görmək istəyir. Anası Nexlyudovun qumar borclarını həvəslə ödəyir.
Nexlyudovun Katyuşanın bədbəxt etdiyini düşünür, lakin o cəmiyyətin bu cür əxlaqsızlığı son dərəcə adi, hətta vacib qəbul etməsini anlamağa cəhd edir. Bu idrak prosesi əsərin fikir axınının əsas leytmotividir.
Ancaq mənə elə gəlir ki, Katyuşa sona qədər hadisələri Nexlyudov qədər dərindən anlaya bilmir. O, sadəcə xoşbəxt həyat yaşamaq istəyir və bu imkanı onun əlindən alan insanlara nifrət edir. Katyuşka Nexlyudovun günahının əsl mahiyyətini sona qədər bilmir, o dirilmə prosesindən gözüyumulu keçir, daha çox düşüncəsi ilə yox hissləri ilə təmizlənir, paklanır. Katyuşkanın qadın kimi xilası o vaxt özünü göstərir ki, o cinsi əlaqəyə və kişilərə nifrət edir.
– Bir nüans da var: Katyuşka və Nexlyudov kənddə yeniyetmə çağlarında bir yerdə olsalar da cinsi münasibətdə olmurlar, bu, heç onların ağıllarına da gəmir. Bu məqamda onların ikisi də təmizdirlər, islahdırlar. Sonra Nexlyudov şəhərə gedib oxuyur, əsgərlik görür və yaşadığı cəmiyyət onu da korlayır. Kəndə gələndə Katyuşkanın bakirəliyini pozur və onun həyatını alt-üst edir. Bu məqamda onlardan biri təmizdir, digəri yox. Tolstoyun ideyasına görə cəmiyyətdəki pisliklərin səbəbkarı təktərəfli münasibətlərdir. Adekvat olmayan hər münasibət, istər təbiət, istər cəmiyyət kontestində məhvə məhkumdur.
– Kişilərin xəyanəti çox işlənmiş mövzudur. Tolstoyun sevimli yazıçısı Mopassan bu barədə bir xeyli yazıb. Bu ədəbiyyatın əbədiyaşar mövzularından biridir.
Katyuşkanın fahişəliyi əlbəttə ki, günah idi, əslində o öz maddi tələbatları üçün fahişəlik edirdi, əl əməyi ilə dolanmaq istəmirdi, bu ona dəhşətli gəlirdi.
Floberin sözüdür, deyir ki: “Bəşəriyyətin heç vaxt həll edə bilməyəcəyi iki probelm var: Maneəli ehtiras və mütləq boşluq”. Maneəli ehtiras bu əsərdə də özünü göstərir.
Bugünkü dünyada isə azad seksdən danışılır. Jurnalist Vsevolod Ovçinnikovun Yaponiya haqqında yazdığı “Sakura budağı” kitabı var. Həmin kitabda o yaponlar bu cinsi məsələlərə günah kimi baxmadığını yazır. Xristianlığın da, İslamın da günah saydığı izdivacsız cinsi münasibətə yaponların dini imkan verir.
Mən Murakaminin əsərlərini oxuyanda da insanların heç bir daxili tərəddüd keçirmədən, düşünmədən, heç bir xüsusi münasibət olmadan sekslə məşğul olmasını görəndə “Sakura budağı” əsərindəki hadisələr yadıma düşürdü.
İndi başqa şeyə fikir ver. Yaponlar Murakamini əsl yapon yazıçısı saymırlar. Deyirlər ki, onun ədəbiyyatı Qərbə mədəniyyəti ilə, “vesternizasiya” ilə zəhərlənib. Qərb mədəniyyətinin, xüsusən də Amerikan mədəniyyətinin Murakamiyə təsirini inkar etməkdən uzağam. Lakin hətta vətənində kosmopolit bir yazıçı kimi qəbul edilən Murakami də əslində söhbət seksə gəldikdə yaponsayağı davranır.
Yaponlarda “qız tovlamaq” kimi bir şey yoxdur. Bugünkü dünyada azad seksin tələb edildiyi bir vaxtda yaponların prinsipləri artıq bəşəri norma kimi görünür. Mənəviyyat dəyişdiyinə görə də, bu gün Tolstoy kimi yazıçılar meydana gəlmir. Bəşəriyyət XX əsrdə əxlaqsızlaşıb demək istəməzdim, amma Tolstoyun ideallarından çox uzaqlaşıb. Tolstoy dövrü də məsum deyildi, lakin bu gedişatı saxlayacaq qədər qüvvə olmasaydı belə Tolstoy kimi adamlar bu gedişata “dur” deyə bilirdi. Bu ümidi hamı üzüb. Mən pornoqrafiya ilə əsl ədəbiyyatın sərhədində vurnuxan yazıçıcığazlardan bəhs etmirəm, böyük yazıçılar da mənəviyyat problemini unudublar. Sanki insandan ümid üzülüb. “Dirilmə”dən doqquz il əvvəl çıxan “Dorian Qreyin portreti” romanının baş qəhrəmanın əxlaqı getdikcə cəmiyyətə sirayət edib, hətta əxlaqı portretinin mücəssəməsinə çevrilib.
- Elə bilirəm ki, Dostoyevskinin və Tolstoyun yaradıcılığında tez-tez rast gəldiyimiz katorqalar çar cəzasına bir ironiya idi. Yəni İlahi cəza qarşısında çarın cəzası nə ola bilər ki? – bu mənada.
- Dostoyevski “Cinayət və Cəza”sında və Tolstoyun isə “Dirilmə”sində baş qəhrəmanlar katorqaya gedir. Amma onların cinayətləri arasındakı fərqlər də var, bu fərqlər Tolstoy və Dostoyevski fərqini də nəzərə çarpdıran fərqlərdir.
“Cinayət və Cəza” romanında fahişə (Sonya) günahkara (Raskolnikova) qoşulub katorqaya yollanır, ancaq Tolstoyun “Dirilmə” romanında hüquqi planda heç bir günahı olmayan Nexlyudov fahişə (Katyuşa) üçün katorqaya gedir.
Dostoyevski Raskolnikova haqq qazandırmaq istəyir, ya da belə deyək, onu ittiham etmir, kimisə ittiham etmək “polifonik roman” nəzəriyyəsinə zidd olardı. Tolstoy isə Cinayət Məcəlləsinin heç bir maddəsi üzrə təqsirli olmayan Nexlyudovu günahkar elan edir.
Fahişələrə gəldikdə isə, Katyuşanın qətl törətməsi əsərin sonuna qədər də tam aydınlaşmır. Ancaq Katyuşa sanki günahlarını təmizləmək üçün katorqaya gedir.
– Katyuşka fahişə olur və cinayət törədir. Nexlyudovsa həmin məhkəməyə prisyajnı iclasçı – yəni günahkarları mühakimə edən biri kimi iştirak edir. Ancaq məhkəmə prosesində aydın olur ki, o öz mənəvi günahını, mənəvi cinayətini mühakimə etməyə gəlib. Təkcə bu məqamı qeyd etmək kifayət edir ki, “Dirilmə”ni yazanda Tolstoyun artıq bütün yaradıcılığını dinə hesablamasını iddia edək.
- Bəli, düzgün müşahidədir. Bu mənada Tolstoyun dini düşüncələri əsərin sonunda açıq mətnlə verilir: “İnsanlara əzab verən dəhşətli bəladan yeganə və həqiqi qurtuluş vasitəsi yalnız ondan ibarətdir ki, insanlar özünün Allah qarşısında daim günahkar bilsinlər, bu səbəbdən nə başqalarına cəza verməyə, nə də başqalarını islah etməyə ixtiyarlarının çatmadığını başa düşsünlər”.
Dəfələrlə vurğulandığı kimi Nexlyudovun əsas günahı Allah qarşısında idi. Amma dirilmə Maslovanın Nexlyudovu bağışlamasından keçirdi, əks təqdirdə Nexlyudov rahib olub kilsədə oturar və bağışlanmasını Allahdan istəyərdi.
Ancaq Tolstoyun təklif etdiyi model fərd və cəmiyyət üçün məqbuldurmu? Yəni insanın mahiyyəti Tolstoyun yazdığı reseptə uyğun gəlirmi? Hamı Nexlyudov kimi paklana bilərmi? Cəmiyyət heç kimi mühakimə etməməklə azadlığa çıxa bilərmi?
Stevan Sveyqin Tolstoy haqqında essesində Tolstoyun marksist tələbələrlə söhbətindən bəhs edir. Tələbələr Tolstoyu oxumaqla inqilabçı olduqlarını deyirlər və Tolstoyun da onlara qoşulmasını istəyirlər. Lakin Tolstoy zülmə qarşı zülmlə, başqa cür desək çar mütləqiyyətinə qarşı inqilabla cavab vermək tərəfdarı deyil. Tolstoyçuluq fəlsəfəsinin əsas tezisi də budur. Uzun mübahisədən sonra Tolstoy tələbələr tərəfindən ittiham edilir, ona deyirlər ki, sənə nə var ki, bir əlin yaşğda, bir əlin balda, inqilaba da qarşı çıxırsan. Bu söhbətdən sarsılan Tolstoy evini tərk edir və bildiyimiz kimi kiçik bir qatar stansiyasında ölür. Düzü, Sveykin bu essedə həyat həqiqətlərinə nə qədər sadiq qaldığını dəqiq deyə bilmərəm, lakin Tolstoyun və marksistlərin düşüncələri bizə yaxşı məlumdur, bu mənada da bu dialoq olmasa belə onu uydurmaq lazım gələrdi.
Ancaq gəlin, tarixin əqrəblərini bu söhbətdən 8 il qabağa çəkək. Əvvəlcə 1905-ci il, sonra isə oktyabr inqilabı olur. Kommunistlər qan bahasına hakimiyyətə gəlirlər. Ancaq Lenin və xüsusən Stalin rejimi insanları çoxmu xoşbəxt elədi? Bu rejim çar rejimindən daha qorxulu deyildimi? Çarın katorqasından Stalinin QULAQ-çoxmu yaxşı idi?
Stalin üç dəfə çar sürgündən qaçmışdı, lakin bir adam da QULAQ-dan qaça bilmədi. Bu məqamda da Tolstoyun uzaqgörənliyi özünün göstərir. Tolstoy bütün problemləri mənəvi aləmlə bağlayır və “İncil”ə qayıdışı çıxış rolu sayır, o hesab edir ki, zülmə zülmlə qarşılıq vermək olmaz, hakimiyyəti dəyişməkdənsə insanların düşüncəsini dəyişib onları daha vicdanlı insana çevirmək lazımdır ki, cəmiyyətdəki problemlər həll edilsin. Xilas insanlıqdadır.
-Tənqidçi D.S.Merejkovski “Dirilmə” romanını “dahinin intiharı” adlandırır. Çünki Tolstoy məhz bu mənəvi pillədən sonra geriyə, qraf əhvalına qayıda bilmədi.
-Maraqlı yanaşmadır. Bir məqamı da deyim ki, Tolstoyla “Dirilmə” romanının qəhrəmanı Nexlyudov arasında oxşarlıqlar var: hər ikisi zabit olub, kübar cəmiyyətin nümayəndələridirlər, mənəvi böhranlardan keçiblər və s. Tolstoy Nexlyudovun dirilişini şəxsən yaşamışdı.
- Sizdə “Dirilmə” romanının ən maraqlı obrazı kimdir?
-Mən prokuror Selenini qeyd edərdim. Selenin sosial mənşə etibarı ilə Nexlyudovla eyni idi. O da gəncliyində eynən Nexyludovsayaq liberal düşüncəyə malik idi, üstəlik kilsəyə qarşı xüsusi amansızlığı ilə fərqlənirdi. Lakin Selenin Nexlyudovdan fərqli olaraq çarizmin dövlət aparatı içərisinə daxil olaraq yavaş-yavaş öz düşüncələrini də korrektə etməyə, sistem adamı olmağa başlayır. Tolstoy deyir ki, o Nitsşeni yox, Hegeli oxuyurdu. Hegel və Nitsşenin fərqi nədir? Nitsşe nəhəng bir üsyan gəmisiydi, o ətrafında olan hər şeyə nifrət edir, dəyərləri yenidən dəyərləndirməyə can atır, nihilizmə meyl göstərirdi. Amma Hegel isə yaşadığı sistemin müdafiəçisi idi. Hegel deyirdi ki, mümkün olan hər şey ağlabatan, ağlabatan olan hər şey mümkündür. Yəni yaşadığımız bu cəmiyyət elə belə də olmalıdır, orda qəribə bir şey yoxdur, o ağlabatandır və zəkanın qanunlarına uyğundur. Hegel status-kvo tərəfdarıydı, Nitsşe isə qiyamçı. Tolstoy Selenin obrazı ilə bu gün bizə çox sadə görünən bir həqiqəti təkrarlayır: Cəmiyyət naqisdirsə insanlar kamil ola bilməz. Cəmiyyət bütün insanları özünə oxşadan nəhəng bir maşındır. Və bu yerdə Tolstoy amerikan filosofu Henrix Torodan misal gətirir: Rusiyada namuslu adamın yeri həbsxanadır. Selenin Rusiyada prokurordusa deməli namuslu deyil... O nəinki Nexlyudov kimi dirilməyə can atmır, tam əksinə axına qapılaraq öz düşüncələrinin bütün fərqlərini cəmiyyətin mişarına sürtərək özünü prokuror formasına salır.
– Roman yazılandan az müddət sonra dünya ədəbiyyatını silkələmişdi, artıq 1903-cü ildə Eduard Rod “İtirilmiş əmək” romanında əsas qəhrəmanlar “Dirilmə”dən danışırdılar. Yaxud Con Qolsuorsi “Forsaytlar sülaləsi haqqında saqa”da “Dirilmə”nin təsirləri var. Venesuella yazıçısı Romulo Gallegosun “Reinaldo Solar” romanında qəhrəman Tolstoyun “Dirilmə” romanındakı qəhrəmanların əsirinə çevrilir və s.
– I Dünya Müharibəsində Avstriya-Macarıstan ordusunun zabiti səngərdə Tolstoy oxuyurdu. O zabit mənim sevimli filosofum Lüdviq Vitgenşteyn idi. Vitgenşteynin Tolstoya qarşı bu cür isti münasibəti mənim üçün çox xoşdur. Yaxud, Qandinin fəaliyyəti hamısı tolstoyçuluq üzərində qurulmuşdu. Ümumiyyətlə, Tolstoy dünya ədəbiyyatına və mənəviyyatına böyük təsir göstərib və bu təsir bu gün də davam edir.