“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz tanınmış şair, tərcüməçi Zahid Sarıtorpaqdır. Zahid Sarıtorpağın ən sevdiyi əsər rus yazıçısı Andey Platonovun “Can” povestidir.
- Zahid müəllim, gəlin elə əvvəlcə bu əsərin niyə sevimli əsəriniz olmasından, yəni povesti sizə sevdirən məziyyətlərdən danışaq.
- A. Platonovun “Can” povestini gənclik illərimdə oxumuşam, bu əsər hafizəmə necə yeriyibsə, canıma necə işləyibsə, heç vaxt unuda bilməmişəm. Sonralar oxuduğum nəsr əsərləri içimdə öz-özünə “Can” povesti ilə mexaniki olaraq müqayisə olunur, bir tərəziyə gəlir. Yəni, “Can” povesti mənim üçün ədəbiyyatda bir meyar rolunu oynayır. Bəlkə də, nəsrdən umacağım elə bir şey var idi ki, onu məhz, “Can” povestində tapdım, ona görə də bu əsəri belə sevə bildim.
Şairəm, yaxşı bilirəm ki, bir şeirdə bir romanın və ya bir dastanın ideyasını ötürmək mümkündü. Amma nəsrdə şeiri vermək, nəsrə poeziyanı canlandırmağı “Can” əsərində kəşf etdim. Platonovun poetik gəzintiləri məni heyran elədi. Həm də bütün bu poetikliyin arxasında əsərin alt yapısını gördüm və başa düşdüm ki, bu çox möhtəşəm əsərdir. “Can” povestində ilk baxışdan heç bir siyasət yoxdur, amma alt yapısında elə bir güclü siyasət var ki, lap olmayan kimi. Platonovun da məqsədi bu idi, həmin gözəgörünməzliyi göstərmək istəyirdi. Bir də heç vaxt inana bilməzdim ki, hansısa bir rus yazıçısı türk çöllərini bu cür təsvir edə bilər. Platonovun türk ənənələrini bu dərəcədə dərindən bilməsi insanı riqqətə gətirir.
- Bəzən “Can” povestini bir qədər avtobioqrafik əsər kimi də qiymətləndirirlər. Deyirlər ki, povestin qəhrəmanı Nazar Çağatayevin səhrada çəkdiyini zülmü, Platonov Moskva mühitində çəkirdi. Siz necə düşünürsünüz?
- Nazar Çağatayev köçəri tayfanın özündən qovub uzaqlaşdırdığı, günahlar görmüş biridir. Günah eləmiş, köçündən ayrı salınmış günahkarların birləşib köç əmələ gətirməsi isə əsərin əsas aparıcı xəttidir. Nazar da günahlılar tayfasında doğulub. Anasının günahını – qadının ərinə xəyanət etməsini – bilir. Nazar çox güclü obrazdır, yəni o artıq günah hissini özüyçün aydınlaşdırmış qəhrəmandır. Platonov Nazar obrazı vasitəsiylə bütün günahları xamır kimi yoğurub, onları Nazarın sürətində azadlığa çıxarmaq, qurtuluşunu təşkil etmək istəyir. O hətta anasını başqa kişiyə verir ki, qoca adamlar darıxmasınlar. Yəni, səhrada qan və insani bağlılıqlar yoxa çıxır və hamıya sadəcə insan kimi baxılır, bütün dəyərlər şərtiləşir. Bir insan digər insana, ata, ana, yar, övlad gözüylə baxıb yardım etmir, bununla da Platonov həm də səhranın fəlsəfəsini açır. Bütün bu situasiyaların bir-birinə qarışmağı və bütün olanların səhranın fonunda verilməsi, yaşamın mümkün olmadığı yerdə, insanların sürünə-sürünə, can verə-verə yaşaması və irəliləməsi Platonovun əzmkarlıq ideyasından qaynaqlanırdı. Nazarın o vəziyyətə düşmüş insanları gətirmək əmri alması, o tayfanı bir yerə toplaması, o insanlarınsa kimsəsiz çöllərdə qalmaq istəkləri, həmin günahlı azadlıqda yaşamaq eşqləri çox maraqlı detallarla üzə çıxır. Eyni zamanda, Sovet despotizmi də üzə çıxır, yəni yazıçı göstərir ki, bu rejim hətta ölüdən fərqlənməyən insanları da yumruğunun altına təhkim etmək istəyir. Əsərdə mümkün vəchlə səhra əhlinin həmin günahkar azadlıqda xəstəliklə, halsızlıqla yaşamağı Sovet xoşbəxtliyindən üstün tutması məsələsi göstərilir.
- Səhradan, – əslində, Sovet rejimindən – qoyunların qaçmağı səhnəsinin də ironik mənası var.
- Bəli, sonra o qaçan qoyunların adamlardan irəlidə getməsi, azadlığı onlara məhz qoyunların göstərməsi Platonovun o dövrə və rejimə ironik münasibətinin təzahürü idi.
- Nazar özü də Sovet rejiminə xidmət etməyə məhkum idi. Paradoks da bu məqamdan doğur, o səhrada nələrin olduğunu, həmin insanların nə düşündüyünü bilir, amma yenə tayfanı aparır.
- Nazar həmin tayfanın içindən çıxıb. Moskvanı, dünyanı görmüşdü, çox şeyi bilirdi. Nazar səhranın fəlsəfəsini, o insanların düşüncəsini anladığına görə onları gətirə bilirdi, özü də həmin yerlərdə böyümüşdü. Ondan əvvəl həmin yerlərə əmrlə gedən zabitlər o tayfanı gətirə bilməmişdi, çünki həmin insanları anlamırdılar. Nazar həmin rolu o şəkildə oynamır, 42 evlik tayfanın öz dilində danışa-danışa, belə demək mümkünsə bişirə-bişirə aparır. Nazar o tayfanın ruhuna yaxşı bələd idi. Əgər bu əsəri Azərbaycan dilinə mən tərcümə eləsəydim, “Can”yox, “Ruh” adlandırardım. Çünki “can” sözü əsərin məğzini düzgün ifadə etmir.
- “Can” sözü türkmən xalq inancına görə elə “Xoşbəxtlik axtaran ruh” deməkdir.
- Bax, görürsən, əslində, əsərin adı ruh olmalıdır, çünki söhbət ruhi azadlıqdan gedir. Fiziki azadlıqsa ruhi azadlığın şəklidir. Həm də Azərbaycan dilində “can” sözü daha çox cismani məna ifadə edir, bədən kimi başa düşülür.
- Platonov bütün o türk çöllərinin, milliliyin fonunda bir qatı Rusiya qorxusu yaradır, hansı ki, əsəri diqqətlə oxuyanda o fonun zərrəcə də öləzimədiyini görmək olur. Həmin nüansa fikir vermisinizmi?
- Nəzərə al ki, yazıçı o rejimi nə qədər bəyənməsə də, rus yazıçısıdır və istənilən halda öz ədəbiyyatını yaradır, xalqına xidmət edir.
- Platonov “Can” povestində belə demək mümkünsə ikibaşlı oynayırdı, həm göstərirdi ki, bu tayfanı bu vəziyyətə salan Sovet rejimidir, həm də Nazarı ora göndərib onları xilas etməklə göstərirdi ki, Rusiya digər xalqların xilaskarıdır.
- Platonov barədə öz dövründə olan dürlü fikirlərin, tənqidin formalaşmasına məhz bu cür ikitirəliklər səbəb olurdu. Dəqiq müşahidə etmisən, əsərdə Sovet imperiyasının xilaskarlığı və despotluq paradoksu var. Amma yəqin ki, bu ikitirəlikdə də Platonovun öz ədəbi həqiqəti varmış.
- Bütün bu ağrıların, zülmün içində Nazarın soyuq, ekzistensialist ovqatı var, bu bəzi məqamda oxucunu əsəbiləşdirir.
- Bilirsən, Fərid, həmin cəmiyyətə, o zülmlərə qarşı Nazar təəccübünü çoxdan itirmişdi, o həmin vəziyyətləri orda yaşayanda görmüşdü, ona görə də heyrətlənmirdi. O susuzluqdan, aclıqdan, xəstəlikdən ölən insanların aqibətinə bələd idi. Təcrübəsi onu soyutmuşdu, çox şey ona adi görünürdü.
- Platonov Şərqə xas qadın xəyanətinin bağışlanmazlığını da önə çəkir, amma bu, soyuq rus ağlı ilə təsvir olunur.
- Sözsüz, bir rus yazıçısı üçün, ümumiyyətlə, yad bir insan üçün bir gediş, bir səyahətlə səhranın, oradakı yaşamın bütün psixoloji və mental dərinliklərini mənimsəmək mümkünsüz idi. Amma, sözünə qüvvət, məsələyə nə qədər soyuq ağılla yanaşmış olsa da, mahiyyət ortadadı, onun baxış bucağı adı çəkilən problemi öz qapsamına ala bilib – təbii ki, öz prizmasında və qavramı çərçivəsində.
- Bir də əsərdə bir yol nəzərə çarpan və əriyib gedən bir Vera ilə Nazar sevgisi də olur. Amma sonra səhradan sevgiyə qayıdış olmur, bu barədə nə deyə bilərsiz?
- O sevginin başlanğıcıyla sonu eyni nöqtədə birləşirdi. Onların hər ikisi bunu bilirdi. O nöqtədən bircə addım kənara hər şey son demək idi. Elə də oldu. Nazarın gedişiylə yenicə puçurlamış bir sevginin son akkordu vuruldu. Çünki o nöqtədə qalmağın mümkünatı yoxuydu. Lap Nazar qalmış belə olsaydı Vera gedəcəkdi. Bir də Nazarın getməyinin bir gizlini də ondaydı ki, Can gəzərgi olmalıydı...
- Platonovun əsərdə səhra adamlarına ünvanladığı belə bir cümləsi var: "Onlar yalnız keçmişin xatirələri ilə yaşayırdılar". Əslində, əsər nikbin, güclü aurası ilə yanaşı bu ideya ilə idarə olunur. Siz necə düşünürsünüz?
- Təbii, hər şeydən öncə, keçmiş xatirələrlə yaşamaq insan xislətidi. Yazıçı bu ştamp altında bir çox sualların cavabını aramağa çalışır. Əslində məsələnin mistik tərəfində günaha batmışlar, sürünən ölümcüllər dəstəsi olan Can qondarma bir tayfadı və onun gələcəyi yox, məhz keçmişi var. Gələcək isə, deyək ki, yazıçının ustalığıyla, mütləq ölümün ekvivalentini sovet quruluşuna sürülüb aparılmaqda tapır. Onsuz da hər ikisi sondu və bunu yazıçı mistik şəkildə gözəl əsaslandırır – mənəviyyatı pozuq bir dəstənin yaşamı və sovet quruluşu – heç fərqi yoxdu...
- Bir də səhra fəlsəfəsinə xas əzmkarlıq yoxdu, yaşamaq əvəzinə sanki ölüm üçün mübarizə aparırlar. Bu situasiya sizə necə görünür?
- “Can” yazıçı təxəyyülünün yaratdığı varlığı mümkünsüz olan, eybəcər, irreal bir cəmiyyət modelidi. Onları ya ölüm haqlamalıdı, ya da bütün dünyada analoqu olmayan, ölüm qədər mistik və yaşam qədər şirin görünən Sovet quruluşu. Ona görə də burada artıq səhra fəlsəfəsi arxa plana keçir.