Rüştü Onur 1942-ci ildə, 22 yaşında ölüb. Yazıya onun doğum tarixi ilə yox, ölümünü xatırlatmaqla başladım. Çünki onun şeirlərinin çoxu ölümü xatırlamaqdır.
O, ölümdə yaşayırdı və xatirələri ölümlə dolu idi.
Zonquldağlı şairin arzusu sevdiyi şəhərdə - İstanbulda yaşamaq idi. İstanbulda ölüb...
O, şeir yazıb və qan qusub...
“Dünyada doya bilməyəcəyini anlayırdı” (Salah Birsel).
Müəllim ailəsində doğulmuşdu, amma yaşamağı kim-kimə öyrədə bilər ki?
22 illik ömrün 3 ilini xəstəxananda keçirib.
Xəstəxanada Mediha Sessiz adlı bir qızla tanış olub. Nişanlanıb. Evləniblər. İstanbulda Medihanın evinə köçüb. Həmin il Mediha vərəmdən ölüb. 40 gün ailəli olublar. Həyat yoldaşı öləndən sonra Rüştü hər gün içib və 15 gün sonra Şair Leyla küçəsində ciyərindən qan gəlib.... Ömrünü şeirlərini sevənlərə bağışlayıb. Məzarları yan-yanadır.
Sağlığında kitabı çap olunmayıb, ancaq çox istəyibmiş...
Ölümündən sonra dostları haqqında yazılar yazıblar... Bütün yazılar qısadır: o, dünya və dostları ilə təzə tanış idi.
İnsanların gözlərini açandan əruzdə, hecada eşitdikləri sözləri təzədən sərbəstdə yazıb poeziyasevərləri bezdirməyib.
Həyatı ədəbiyyat idi - isti, qərib yay axşamlarını “Əhməd Həmdi axşamları”, hambalları, qayıqçıları, ayaq üstə fikrə gedən adamları “Səid Faiqin obrazları” adlandırıb...
Gününü qaraçı məhəllələrində keçirməyi xoşlayıb.
Ən yaxın dostu Kamal Uluser digər həmkarı Muzaffer Tayyib Usluya məktubunda Rüştü Onurun ölümü barədə belə yazıb: “Biz onu unudacağıq. Bəlkə indidən unutmuşuq. Adəm oğlunun taleyi belə gətirib. Ancaq ara-sıra bəzən bir misrası, bəzən bir zarafatı yadımıza düşəcək və bəzən də bir sevgi əhvalatının qəhrəmanı kimi yanımızda olacaq. Onda deyəcəyik: “Bıy, bu sənsənmi Rüştü?” Ölümü yadımızdan çıxacaq...”. Biz insanları ölümünü unutmaq üçün xatırlayırıq...
Rüştü Onur dostu Salah Birsele bir məktubunda görün nə yazır: “Orxan Vəlinin “Qərib” kitabını aldım. Bu gün mənimçün əsl bayram oldu. “Qərib” çox gözəl kitabdı. O mənim sevimli kitabıma çevrildi. Və içimdə bir arzu var ki, bu kitabı hamıya pulsuz paylayım. Kaş bir gün dəniz limanında, ya da qatar stansiyasında qucağımda çoxlu “Qərib” dayanım... Və təzəcə çıxan sərnişinlərə bu şəhərin insanlarını tanısınlar deyə bu kitabdan birini verim. Kaş o kitabdan hamıda ola. Məndəki kimi”... ..Şeir varsa mən varam. Əksini kim iddia edə bilər ki?”
Məktublardan ən dəhşətlisi isə Muzaffer Tayyib Uslu ilə birgə xəstəxanada keçirdiyi günlərlə bağlıdı: “İki bədbəxt şair sabah eyni palatada ölümü düşünəcəklər. Hər şeyə nifrət edirəm. Biz xəstəyik. Qulluq lazımdı, hardadı e pul, sanatoriya, müalicə? Altı aydır növbə gözləyirəm. Ağır xəstəliyə görə sanatoriyaya getməyimizlə bağlı əmr torpağa tapşırılanda veriləcək. Həyat belədir. Çəkdiyim hər qapının qulpu əlimdə qaldı. Güvəndiyim bütün dağlara qar yağdı. Və mən bütün şeirlərimi mərhumiyyətlərə qatlaşıb yazmışam, bəs görəsən niyə onlardan səadət ətri gəlir? Bircə dəfə də olsun səadəti dadmamış bir adamam. Və bütün insanlara səslənirəm: Sizin məni düşünmədiyinizi bilə-bilə, mən sizi düşünürəm. Mən ta nə yazım, ay qardaş. Onsuz da mən özüm bir yazılmış məktubam və bütün poçt qutularında mənə yer yoxdu”.
2013-cü ilə “Kəpənəyin yuxusu” filmini çəkən rejissor Yılmaz Erdoğan onların – kəpənək qədər qısa ömrü olan iki şairin - Rüştü Onuru və Muzaffer Tayyib Uslunun həyatını ekranlaşdırdı və bundan sonra insanlar onları daha yaxından tanıdı, şeirləri, məktubları kitablaşdırıldı, haqlarında yazılanlar yenidən nəşr olunmağa başladı. Rüştü Onurun “Məktubun ovucumda” adlı kitabında ön söz əvəzi Yılmaz Erdoğanın məktubu yer alıb:
“Əziz Rüştü və Mediha!
“...Sizə aşiq olduq...
Muzaffer ve Suzanın (və təbii ki, Behçet Xocanın) iştirakı ilə həyatınızı və eşqinizi filmləşdirəndə sizə aşiq olduq, eşqinizə aşiq olduq.
İndi əsl taleyinizlə tanış olandan və sizin xəyallar aləminizdə yaşayandan sonra, hamımız şapkamızın altında sakitcə ağlayırıq.
Sizin nakam taleyiniz bizi ağladır, ancaq kədərləndirmir.
Bu, ümidli bir kədərdir.
Bəlkə də bu film vasitəsi ilə sizdən üzr istəyirik.
Məktubumuzun axırında “Kəpənəyin yuxusu” filmini də, gənc cütlüyə gecikmiş bir toy hədiyyəsi olaraq qəbul etməyinizi istərəm.
Sizi çox istəyirəm...
Sizi hədsiz çox istəyirəm...”
Behcet Necatigil şəyirdi, həmkarı Rüştü Onurun ölümündən sonra bu şeiri yazıb:
Bir şair yaşardı Zonquldağda
Adı Rüştü Onurdu.
Ölümündən sonra
xatırlandığını bilsəydi
məmnun olardı.
Ey Rüştü Onur, bizim dildə məmnunsanmı?
Razılıq
Məndən ziyan görər
nə pətəkdəki arı,
nə yuvasındakı quş:
Mən öz kefimdə yaşayıram,
şapkamın altında.
Küçələrdə səbəbsiz gülməyim
həyatdan razılıq əlamətidir.
Və bu çılğınlığı
ürəkdən eləyirəm.
Lal-zad deyiləm ki, susam -
ölülər kimi.
Bu gözəl dünyada.
Əlqərəz
Mən ölsəm, ay ana,
nəyim var ki, sənə qala?
Pencəyimi qəssab,
plaşımı dükandar aparacaq,
borcumun yerinə.
Bəs eşqlərim,
şeirlərim necə olacaq?
Bəs sən el arasına
hansı üzlə çıxacaqsan?
Kəsəsi, ay ana,
nə anbarda darım,
nə də evdə qarım var.
Dünyaya lüt gəlmişdim,
lüt də gedirəm.
İthaf
I
Ancaq sizə aça bilərdim ürəyimi gecələr,
ancaq sizə.
Və yanaqlarım allanmadan
uşaqlıq sevgilərimdən danışa bilərdim.
Ancaq sizə danışmalıydım,
gecələr,
ancaq sizə.
II
Mən də sevmişəm,
mənim də günahlarım olub.
Halbuki mən bütün ömrüm boyu
günah olmaq arzusundaydım.
III
Mən küçədə dağdağa fırladanda
anam gözəl oğlum
müdir olacaq deyirdi.
Fəqət mən bu gün də
dağdağa fırladıram küçədə.
Necə ola bilər axı
Necə ola bilər axı anam ağlasın
qəbrim üstündə,
mənsə lal-mat dayanım
bivec övlad kimi.
Buludlar axışsın
mənsə başımı qaldırmayım?
Yağış kəsəndən sonra
gəzməyim küçələrdə?
Mümkündürmü bir gözəl qadın
keçə yanımdan,
mən də ah çəkərək
boylanmayım arxasınca?
Etiraf
Mən gülək deyə ağlayan,
ağlaya bilək deyə gülən adamam.
Mən bir tərki-dünyayam.
Mənsur Həllacdan sonra
mənim dərimi soyacaqlar
Zonquldağda
və gözlərimə mil çəkəcəklər.
Mən bir tərki-dünyayam,
nə evim, nə eşiyim var.
Nə də arvad-uşaq yiyəsiyəm.
Bütün varım-dövlətim -
əllərim, ayaqlarım
və gözlərim.
qupquru bir quyuda
Yusifi gözlərəm.
Dənizə serenada
Nəyim varsa
hamısı sənə qalmalıdı.
Fəsilləri sənlə keçirməliyəm,
ağaclarım səndə çiçək açmalıdır
səndə yaşamalıyam, -
asi və hür
səndə ölməliyəm
buludlara baxa-baxa.
Səndən uzaq
(ilk gecəmi yaşayıram)
Torpaqdan od ələnsə də,
gecə hər nə qədər gözəl olsa da,
belə gözəl gecədə
səni düşünməmək,
və mahnını fitlə səsləndirməmək
mümkünsüzdü.
Halbuki (sən) bilirsənmi
sənsiz ilk gecəmi yaşayıram
səndən uzaq...
***
1
Otağı otağıma bitişik idi,
gecələr fışqırıq çalardı
Arabir vətənindən məktub gələrdi,
məktubun marka pulunu da göndərən tərəf ödəyərdi.
Məktubu oxumaq nəsib deyilmiş,
bir də sovqat qutusu var -
bayram şirnisi göndəribmiş anası.
2
Bu divarın arxasında ölüb,
Xəbəriniz var?
Kim su verib?
Yox ölməyib,
halsız yatır,
baxın gözləri gülür.
3
Onu çiyinlərində apardılar,
ancaq ayaqqabıları
və paltarları qalıb otağında.
Lüt gedir son mənzilə... üşüyəcək,
görəsən pencəyimi versəm geyərmi?
4
Otağının yanından keçəndə
“sabahın xeyir” deyirəm.
Otağı boşdu...
Pəncərəsi açıqdı,
hər halda dostum gələcək
qoy açıq qalsın qapısı...
5
Hədər yerə qurcalamayın
radiosunun düymələrini.
Dostumun nəğməsini oxuyub qurtarmağının
nə xəbərini yayacaqlar
nə qəzetlər yazacaq.
Yağış yenə yağacaq,
Külək yenə əsəcək.