Bu kitabı oxuyub intihar edirlərmiş

Bu kitabı oxuyub intihar edirlərmiş
8 avqust 2013
# 07:30

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz tanınmış tele-aparıcı, rejissor, esseist, əməkdar artist Rafiq Həşimovdur. R.Həşimovun ən sevdiyi əsər alman yazıçısı, “Nobel” mükafatı lauratı Herman Hessenin “Yalquzaq” romanıdır.

- Nəyə görə oxuduğunuz əsərlər arasında ən çox sevdiyiniz əsər H.Hessenin “Yalquzaq” romanıdır?

- Həyat elə gətirib ki, oxuduğum məktəbin kitabxanasında kitablar az idi, amma seçmə kitablar da vardı. İnsanın formalaşmasında iştirak edən faktlardan ən böyüyü onun uşaqlıq dövrüdür. Harada keçib, hansı təəssüratlarla keçib və s.

Uşaqlıq xatirələrim o qədər dəqiq və həqiqidir ki, indi də film çəkəndə o hadisələrdən, fraqmentlərdən istifadə edirəm. Mən kitablara çox şey borcluyam. Taleyimə minnətdaram ki, gənc yaşlarımda bu əsəri oxumuşam. Hesse fərdiyətçilərin yazıçısıdır. O mənim üçün yaradıcılığı bütünlüklə əməl olan bir adamdır. Onun əsərlərini oxuyanda əsl yazıçı obrazı yarandı. Bu adam hikmət verilmiş adamdır, yoxsa iki dəfə dünya müharibəsini necə öncədən xəbər verə bilərdi?

İki dəfə müharibədən əvvəl SOS siqnalı verib. O 1929-cu ildə bacısına yazdığı məktubda deyirdi: “Əgər Hitler hakimiyyətə gəlsə, biz nəinki pulu və təhlükəsizliyi, həm də ruhi və mənəvi dəyərləri itirəcəyik”. Bunu o vaxt yazırdı ki, Almaniya hələ müharibənin gümanına da düşməmişdi.

- H.Hesse tarixə qarşı aqressiv olub, O “Yalquzaq” əsərində yazırdı ki: "Məktəbdə adını "Dünya tarixi" qoyub əzbərlətdikləri qəhrəmanlar, dahilər, böyük əməllər, böyük hisslər, başdan ayağa yalandır. Zəmanə, dünya, pul hakimiyyət də xırdaların, dayazların olacaq, başqalarına – əsl insanlara isə heç nə qalmayacaq. Yalnız ölümdən başqa". Sizin “Dünya ədəbiyyatı” jurnalında dərc olunan, bir neçə il öncə tərcümə etdiyiniz H.Hessenin “Dünya tarixi” adlı essesində də belə bir cümlə var: "Güman ki, bizə zorla yedirtdikləri dünya tarixi elə belə də olub – bu tarix bizi alçaltmaq və qorxutmaq üçün böyüklərin uydurmasıdır". Sizcə, Hesse tarixə niyə inanmırdı?

- 30.000 kitab oxumuş adamı təsəvvür edirsiz? O qeydlərində belə yazırdı. Qədim yunan mənbələrini oxuyub, hind fəlsəfəsini bilib – esselərində çəkdiyi adlar bəs edir ki, Hessenin düşüncəsinin, mütaliəsinin miqyasını biləsən. Təkcə elə Mişel Montenin esselərini oxuyanda bilirsən ki, tarix nədir, biz hardan gəlib hara gedirik. Mən bir gün anladım ki, əsl tarix dini kitablardadır, bir də həmin dövrdəki həqiqi ədəbiyyatda.

Tolstoy deyir ki, “Tarix nədir? Tarix hər bir insanın yaşadığı ruhi yaşantıların, iztirabların cəmidir”. Nə qədər insan varsa o qədər də tarix, tarixçə var. Ən düzgün tarix dini kitablarda əks olunur, hətta rəvayət səviyyəsində olsa belə. Dövlətlərin tarixini kim yazır, qaliblər, ya da qaliblərin düşmənləri. İki situasiyada da tarix tendensiyalı olur, yəni hərə özünə sərf edən kimi yazır. Allah isə insan tarixinə, tarixdəkilərə eyni gözlə, kənar gözlə, ən əsası həqiqət rakursundan baxır.

Hesse bütün bunları bilirdi, ona görə də yaşadığı dövrün içində hamının əzəmətli bildiyi Avropa və dünya tarixi ona gülməli görünürdü. Çünki çox oxumuşdu, müqayisələri ona kifayət eləyirdi ki, dünya tarixini “böyüklərin uydurması” adlandırsın.

- H.Hesse “Yalquzaq” romanı haqqında belə yazır: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmərəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, yalquzağın hekayəsi xəstəlikdən, böhrandan bəhs etsə də insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”. Amma, Rafiq müəllim, bu da faktdır ki, bir sıra ölkələrdə, xüsusən Amerikada gənclər, hippi hərəkatının nümayəndələri bu əsəri oxuyub intihar edirlərmiş. Bu paradoks haqqında nə düşünürsüz, Hessenin dirçəlişə səslədiyi bu əsər insanları niyə ölümə aparırdı?

- Doğrudan, qəribədir. Deyilən və yazılan sözün məsuliyyəti böyükdür. Əslində, əgər sözün məsuliyyəti dərk edilsəydi, dünyada bu qədər kitab yazılmazdı. Bəlkə də, o qədər az kitab olardı ki, insan ömrü bəs edərdi o kitabları oxumağa. Yazılan söz əməldir. Andrey Tarkovski deyir: “Yaxşı film çəkmək, yaxşı əməl deməkdir”.

H.Hesse yazdığı romanla heç kəsə demir, təlqin etmir ki, özünü öldür, amma kimsə həmin əsəri oxuyub özünə əl qaldırırsa və yaxud bu qənaətə gəlirsə, deməli, bu da boşuna deyil və əsər hansı məqamdasa bütünlüklə xeyirə xidmət eləmir.

Amma düşünürəm ki, bu cür əsərlər insanı ölümə sövq eləməməlidir. Hesse kimi insanları müharibədən saqındırmaq istəyən bir humanist yazıçının insanları ölümə təhrik etmək fikrinin olmasına qətiyyən inanmıram, niyə belə olur, onu da deyə bilmirəm...

- Əsərin üslubu da qəribədir, sonata formasında yazılıb. Tənqidçilərin fikrincə bu amil əsərin daha da təsirli olmasına gətirib çıxarıb.

- Ümumiyyətlə, bir neçə nasir var ki, onların kitabların oxuyanda görürsən ki, bu adam daha çox şairdi. Məsələn, H.Hesse, Boris Pasternak, Həmid Herisçi və s. Oxuduğum ədəbiyyatlar içində dialoqdan ən az istifadə edən H.Hessedir. O, roman-monoloq deyilən bir xətlə yazır. Təsəvvür elə bu cür yazmaq necə çətindir.

Bilirsiniz ki, sözlər hisslərin qəbirləridir. Ən təsirlisi hissdir, hiss bitəndən sonra sözləri kağıza yazırsan. İndi nəzərə alaq ki, əgər Hessenin hissindən süzülmüş sözlər bu dərəcədə yaşanmış, təsirlidirsə gör hiss nə qədər güclü olub. Həmin hisslərə insan ürəyi necə dözüb, necə tab gətirib? Bunlar hamısı yaşantıların səmimiyyətindən irəli gəlir.

Bir də bilirsən, Fərid, xüsusi olaraq doğulmuş adamlar var, məhz peşəsi üçün, missiyasına görə doğulur onlar, belə adamlardan biri də Hessedir. Bu adam yazmaq üçün doğulub və məhz o cür yazmaq üçün doğulub. Adam var ki, zəhməti hesabına yazıçı olur, adam da var ki, bu iş üçün doğulur. Romanın təsirli alınmasını hansısa səbəblərlə bağlaya bilərlər, bu daha çox nünasların işidir, amma mənə görə hamısı yaşantılardan və o ruhi iztirabları kağıza köçürə bilmək üçün xüsusi olaraq doğulmaqdan, seçilmiş olmaqdan irəli gəlir.

- Əsərin sonu absurd bir səhnə ilə bitir. Sonda “Sehrli teatr” səhnəsi var. Romanın əvvəlində qatı duman kimi insanın üstünə çökən reallıq bu yolla- absurdla - acı bir gülməcəyə çevrilir, həlim-həlim əriyir. “Yalquzaq”ın əvvəli və sonu arasındakı bu fərqli məqamdan danışaq bəlkə...

- Bilirsən, hansı yazıçının ki, yaradana münasibəti doğru olur, o sənətkarlar ciddi əsərlər yazır. Bunlardan, Nizami, Höte, Tolstoy, Hesse, Brodski, Səlim Babullaoğu və s. göstərmək olur. Əvvəllər mən Borxesi sevə-sevə oxuyan adam, hərdən onun əsərlərində elə fikirlərlə rastlaşırdım, çaşıb qalırdım ki, bu cür intellektual niyə belə yazıb? Amma daha bu cür mətləblər mənə aydındır, çünki ağıl ayrı şeydir, intellekt ayrı. Ağıl daha çox imanla bağlıdır, intellekt isə bəzən azdıra bilir.

Nəzərə alaq ki, Hesse dindar, missioner ailəsində doğulmuşdu. O uşaqkən bu mühitdən bezmişdi, ayrılmışdı, uzaqlaşmışdı. Belə olanda da daxili dünyanın yolu ikilənir. Ümumiyyətlə, iki yol var da, ya qəbul edib yaşamaq yolu - bu dini yoldur, bir də daxili təbəddülatlar, axtarışlar yolu – bu yol insanı daha çox yaradıcılığa çəkir.

Axı insanın anlamayacağı çox şey var həyatda, insan çözmək istədikcə düyünlər çoxalır. Düyünlər açıldıqca da absurd yaranır. Allaha tam tapınanda isə, müəyyən mənada yazıçılığa, şairliyə ehtiyac qalmır. Bu qınaq deyil ha, sadəcə tam inanmayanda, absurd yaranır. Hesse “Yalquzaq” əsəri ilə həm də öz ruhi vəziyyətini yazırdı. Nəzərə alaq ki, Hesseni yaradıcılıq dövrləri də müxtəlifdir, Hesse 20 yaşında, Hesse 30 yaşında, Hesse 40 yaşında, Hesse 50 yaşında və s. Bunlar ayrı-ayrı şeylərdi. Hər yaşda onun ayrı-ayrı qənaətləri olur.

- Hessenin “Yalquzaq” əsərindən gözlənilən susqunluğu, ömrünün sonunda özünü doğrultdu. Belə ki, absurddan sonra ancaq susmaq ola bilərdi. Çünki bütün dəliliklər belə demək mümkünsə başa çatmışdı artıq. Siz bu susqunluğu nəylə əlaqələndirirsiniz?

- O, “Təsbeh oyunu” əsərini 1949-сu ildə yazır. Sonra ömrünün sonuna qədər yazmır, susur. Çünki hər şey onun üçün mənasını itirir, ona çoxlu mükafatlar verirlər, adına muzey açırlar, II Dünya Müharibəsindən sonra Almaniyanın prezidenti dəfələrlə onunla görüşür, deyir ki, sizin əsərlərinizdə verdiyiniz proqnozlar, gözləntilərin hamısı düz oldu və s.

Amma Hesse üçün bunların heç bir önəmi yox idi, çünki o artıq özünə qapanmışdı, insan laqeydliyi onu susdurmuşdu. Artıq o məqamda, nə absurd var idi, nə də müəmma, artıq nə bilirdisə, doğru bilirdi. O çoxlu məktub yazan yazarlardandı. Narahatlıqlarını məktublar şəklində yazırdı, ən adi oxuculara da cavab verirdi. Amma olmadı, insanlar dəyişmədilər, o da bu dəyişməz, peşman olmayan insanları görüb susdu.

- Əsərdə “Hamlet”dən gəlmə məqam var ki, əsl ideya, həqiqət məhz teatr (“Sehrli teatr” – yalnız dəlilər üçün) yolu ilə açılır. Bu bənzərliyə fikir vermisinizmi?

- Bəli, o da var, amma bir şeyi unutmayaq. Hesse yazırdı ki, bu səhnədəki personajlar başqadır. Hesse o personajları çox yaxşı görürdü. Bir az diqqət etsək görərik ki, dünya özü bir tamaşadır, hamı oynayır, kim nə üçün bunu deməyə lüzum yoxdur, aydındır. Oynaya bilməyən adamlar üçün bu çox çətindir, ona görə cəmiyyət Hesseni çıxdaş elədi. Bu da Hessenin “oyun”unun nəticəsi idi.

- Əsərdə dəfələrlə qeyd olunur ki, həyat dialektikadan ibarətdir, yaxşı-pis, qəddarlıq-humanizm və s. Amma əsərin adı ”Yalquzaq”dır, yəni uzaqlaşmış vəhşi, bəli, məhz vəhşi...

- Dünyada dörd nəfər vardı. Adəm, Həvva və onların iki oğlu. Bir qardaş o birini öldürdü, dünyanın dördə biri qırıldı – I Dünya Müharibəsi oldu... Hesse elə bir əsrdə yaşayırdı ki, o əsrdə bəşəriyyət iki dünya müharibəsi görüb. Bu əsərdə bu müharibələrin olacağını əvvəlcədən görən, hiss edən, buna ürəyi ağrıyan bir adam sözü eşidilməyəndə artıq kənarda dayanır.

Hər dəfə personajlar dəyişir, Hesse isə həmişə tək qalır və əsərdə deyidiyi kimi, “çünki təntənəli marşların sədası altında tənha adamın səsi eşidilməz olur”. Onun dedikləri azlıq üçündür. Quran ayələrinin birində yazılıb: “Əlbəttə , çoxunuz inanmırsız, çoxunuz naşükürsüz...”.

İnananlar həmişə az olur. Hesse bu gün də yaşasaydı, yenə belə olacaqdı. Pis insanın mahiyyəti dəyişmir, İsa peyğəmbər yenə dünyaya gəlsə, yenə öldürəcəklər. Hegel deyirdi: “Bəşəriyyətin tarixdən çıxardığı yeganə nəticə odur ki, bəşəriyyət tarixdən heç bir nəticə çıxartmayıb”.

Hesse adamları çox saqındırmaq istəyir, qandan uzaqlaşdırmaq istəyir, axırda da insanların yamanlığa olan aclığını görüb çəkilir, təsbeh çevirən qocaya çevrilir.

# 7684 dəfə oxunub

Müəllifin son yazıları

# # #