Eldar Baxışın məşhur şeirindəki məntiqi xətalar – Yeni layihə

Eldar Baxış, şair

Eldar Baxış, şair

8 aprel 2022
# 09:00

Kulis.az yeni layihəyə start verir. “Kor-koranə sevdiyimiz şeirlər” adlanan layihədə dillər əzbəri olan, oxucular tərəfindən sevilən şeirlər Fərid Hüseynin təqdimatında təhlil olunacaq.

Layihənin ilk təhlil edilən mətni mərhum şair Eldar Baxışın məşhur “Gecənin bir aləmi” şeiridir.

Bəzən bir sıra dəyərli şairlərin nisbətən zəif şeirləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Bunu dəyərli şairlərin şanssızlığı kimi qəbul edirəm. Eldar Baxış yaxşı şairdir, ilhamı yeyindir, yazdığı vəznin imkanları daxilində istədiyini etməyə qabil, peşəkar söz sənətkarıdır. Amma onun “Gecənin bir aləmi” şeirində usta şairə yaraşmayan bariz məntiqi xətalar göz deşir.


Öncədən qeyd edim ki, 2012-ci ildə onun “Sərçə balası” adlı şeir kitabını Ön söz yazaraq çapa hazırlamışam. Nə xoş ki, həmin kitab oxucular tərəfindən çox sevilib. Mərhum şairimizi ehtiramla anır, ruhuna rəhmət diləyir və yaradıcılığına ehtiramımı bildirərək yazıda qoyulan əsas problemə – dəyərli şairlərin nisbətən zəif şeirlərinə oxucu rəğbəti probleminə keçid alıram.

“Kor-koranə sevdiyimiz şeirlər” rubrikamda ilk olaraq Eldar Baxışın “Gecənin bir aləmi” şeirini təhlilə cəlb edəcəyəm. Gəlin şeirdəki məntiqsiz misralara nəzər salaq:

- “Sonra nə oldusa, yadıma gəlmir”. – Şeirin dillər əzbəri olan bu misrası poetik nümunənin ümumi məzmunu ilə uzlaşmır. Şeirdəki obraz olub-keçənləri bir-bir xatırlayır, sadalayır, sonda isə müəllif belə deyir: “Sonra nə oldusa yadıma gəlmir”. Yəni hər şey haqqında danışdınsa daha yada düşməyəsi nə qalır ki?

“Gecədən, ulduzdan, aydan da betər, Ürək sizə sarı çəkirdi məni”. – Şair burada ürəklə nəfs anlayışını qarışıq salır. İnsanı hansısa qadının dalınca ürək yox, nəfs çəkir. Qəlb “qərarverici güc”ə sahib deyil. Unutmayaq ki, ağıl iradəyə, qəlb isə ruha tabedir.

“Fələyə nə deyim, tutub qolumdan, Fələk sizə sarı çəkirdi məni”. – Bu misralardan belə anlaşılır ki, baş qəhrəman, əslində, istəksizdir, onu fələk şəhvani gecəyə təhrik edir. Bu istəksizlik şeirin ehtiraslarla, can atımlarla dolu ab-havasına uyuşmur və poetik nümunədəki ümumi məntiqi pozur.

“Alnıma toxundum, gördüm tərləyib; Dodağıma baxdım, uçuqdu gördüm”. Təsəvvür edin yol gedən və tələsən biri öz dodağına necə baxa bilər? Ümumiyyətlə, insan ayna olmadan uçuqlayan dodağına baxa bilərmi? Hələ üstəlik kişilər çox zaman üzərlərində ayna da gəzdirmirlər...

“Bütün darvazalar gördüm bağlıdı, Sizin darvazanız açıqdı gördüm”. – Darvazalar, adətən, içəridən bağlanır, bütün darvazaların bağlı olduğunu görmək üçün gərək baş qəhrəman qadının evinə çatana qədər bir-bir hər qaladan içəri keçib hamının darvazasının bağlı olduğunu yoxlayaydı ki, dediyi həqiqət olsun. Deməli, darvazaların bağlı olması ilə, örtülü olması şeirdə qarışıq salınıb.

“Sən oyanan kimi, sən duran kimi, Əllərin oyanıb qalxdı yuxudan”. – Əza oyanmır, çünki əzalarımız yatmır. Əks halda instinktlərə cavab verə bilmərik. Sonra şair deyir ki, “tellərin oyanıb qalxdı yuxudan”. Saç, dırnaq cansız hüceyrələrdən ibarət olur, bu səbəbdən onların uyuması da mümkünsüzdür.

“Həmişəki kimi “eşş” eləmədin, Bir sözü çevirib beş eləmədin”, – bu şeirdəki ab-havadan bilinir ki, bu gecə qəhrəmanlar arasındakı ilk təmas baş tutub. Əgər belədirsə, onda “Həmişəki kimi “eşş” eləmədin” təcrübəsi də yersiz görünür. Çünki bu misralardan yuxarıdakı bənddə şair yarımçıq oyanan qadınların gözəl göründüyünə təəccüblənir: “Nə gözəl olurmuş, Allah, yuxudan, Yarımçıq duranda gözəl qadınlar”. Oradan da aydın olur ki, bu qadın şairin yuxudan yarımçıq oyandığını gördüyü ilk qadındır.


“Gecənin sümüyü sürmə olmuşdu”. – Bu misranın mənası aydın deyil. Əgər bu yanaşı sözlər bədii təsvirdirsə, onun görüntüsünü təsəvvürümüzdə canlandıra bilirsinizmi? Yaxud bənzətmədirsə, poetik tapıntıdırsa, canlandırdığı mənzərənin əksi nə üçün təsəvvürə gəlmir?

“Açıq pəncərədə baxdım səmaya, Tanrı bizə baxıb gülümsəyirdi…” İnsan əgər duysa ki, onun həzz anları kiminsə şahidliyi ilə baş tutub, bundan qətiyyən məmnun ola bilməz, əksinə utanar. Digər tərəfdən şair deyir: “Açıq pəncərədə baxdım səmaya”. Oğrun-oğrun görüşə gedən biri və onu gizlicə qonaq edən qadın nə üçün pəncərəni açıq qoysun ki?

Vaxtı ilə bu şeiri mən də kor-koranə sevmişəm. Ancaq sonradan haqqında danışdığımız şeirdəki məntiqsizliklər diqqətimi çəkdi. Kimsə deyə bilər ki, bu şeirə “şair sözü əlbəttə, yalandır” məntiqi ilə, yaxud ərəblərin məşhur “şeirlərin ən gözəli onların ən yalan olanıdır” düşüncəsi ilə də yanaşıb səhvləri görməzdən gəlmək olar. Fəqət “bu xına o xınadan deyil”, çünki şeirdəki məntiqsiz misraları o zaman poetik yalan saymaq olardı ki, o yalanı tərs üzünə, yəni düz tərəfinə də çevirə biləsən. Əgər bu mümkün deyilsə, deməli, bu misralar yalan yox, məntiqsizlik kimi qəbul edilməlidir. Şairlərin digər şeirləri ilə müqayisədə qismən zəif, səhvlərlə zəngin şeirləri ilə sevilməsinə bir daha təəssüflənərək yazımı bitirir və şeirin tam variantını da oxucuların ixtiyarına buraxıram:

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.

Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.

Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.

Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə…
Qapınızın zəngi yuxulamışdı.

Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.

Çiyinlər oyandı – pambıq çiyinlər;
Addımlar oyandı, – kövrək addımlar.
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.

Həmişəki kimi “eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.

Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.

Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: – bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı bizə baxıb gülümsəyirdi…

# 7555 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #