Aqşinin böyük səhvi

Aqşinin böyük səhvi
4 aprel 2013
# 10:30

Aqşinin “Tanrının göndərdiyi kapitan – Nuh” adlı yazısını oxudum, desəm ki, xoşum gəlmədi, yox, bu deyil, desəm ki, məntiqi zəifdir, yox, bu da deyil, desəm ki, bilmir, yox, bu da deyil... Sadəcə həmkarım, hissə qapılır və aldanır. Yanılmıramsa, Yılmaz Güneyin film barədə belə bir fikri var: “Təsirli filmlərə kor baxırıq”. Səbəb aydındır: hissə qapılaraq əsl mətləblərdən uzaqlaşırıq.

Orxan Pamukun “Yeni həyat” romanını (redaktəsində Aqşinin də əməyi olub, təşəkkür şəksizdir) dilimizə uyğunlaşdırmışam, bu əsərin məziyyətlərinə bələdəm. Aqşin bu əsər haqda yuxarıda adı çəkilən yazısında belə buyurur: “Roman başdan-başa ucuz romantik duyğuların əsiri olan, bütün həyatını sevdiyi qadının özüylə deyil, onun, guya, əfsanəvi xəyalları ilə keçirən, bundan ötrü həftələrlə bir avtobusdan düşüb, o birinə minən, şəhərdən-şəhərə yol ölçən, gecələr səhərəcən yatmayıb sokaklarda veyillənən, siqareti siqaretə calayan, bir sözlə, heç bir faydalı iş əmsalı olmayan bir avaranın həyatından bəhs edir. Eynən Hind kinosu”. Aqşinin bu fikri ilə razı deyiləm.

Roman çox sadə mətləblərdən çox dolaşıq məsələlərə gedib çıxır. Yolda bizə təsadüfü görünən kitabçı, əslində, ideologiyanı yayandır. Amma bizə elə gəlir ki, o üç-beş manat pul üçün kitab satır. Beləcə, ondan kitab alırıq. Oyuna çox asan qoşuluruq. Yaxud ideologiyanın yetişdirdiyi sevgiləri sadə eşq kimi qəbul edib məişət eşqi (ər-arvad sevgisi, sevgili olmaq) yaşayırıq. O sevginin ardınca getdikcə görürük ki, ya hansısa təşkilatın, ya hansısa ideoloji mərkəzin, solçuların, liberalların, terroristlərin, dindarların əsirinə çevrilmişik.

Bu romanı hind filminə bənzətmək nəyə görə insafsızlıqdır?

Pamukun simvolizm janrında yazılmış, hələlik yeganə romanıdır “Yeni həyat”. İşarələr açılmadıqca romanı anlamaq mümkünsüzdür.

Avtobuslar siyasi sistemin ümumi gedişat nişanıdır – yəni, biz öz gedəcəyimiz yerə də başqaları (solçular, dindarlar, liberallar, təşkilatlar) vasitəsi ilə gedirik.

Avtobusun pəncərələri və görünən mənzərələr: Əslində, siyasi oyunlar hamıya məlumdur, hamı olanları görür, amma aydın mənzərələr hərəni bir cür çaşdırır.

Ölən qəhrəmanlar: Onlar məhz avtobus qəzalarında ölür, yəni siyasi sistem həm də məhv edir. Əcəl bir növ sistemin əli ilə reallaşır. Lakin çoxları bunu adi yol qəzası sayırlar.

Ölülər dirilir, yaxud sağ, yoxsa ölü olduqları tam bilinmir: Yolundan çıxarılmış gənclərin mahiyyət etibarı ilə ölüdüsü-qaldısı bilinmir. Bir başqa məsələ var: Əsər Borxesin məşhur “təkrarlanan çevrə” adlı ədəbi texnikası ilə yazılıb. Yəni, əvvəllə sonun sərhədi yoxdu. Ardıcıllıq, əslində, azdırmağa xidmət edir.

Romanda qəhrəman oxuduğu kitabı cümlə-cümlə köçürür: Özü də öz mətni kimi köçürür. Dünyanı idarə edən siyasi sistemlər bəzən çox cüzi dəyişikliklərlə bir-birinin davamı kimi ortaya çıxır. Dağılmış sistem sandığımız yeni sistem adı ilə bizi idarə edir. Pamuk çox incə bir məqamla bu şeylərə ironiya edir. Yəni sənin kitabın, həm də mənim kitabımdır.

Pamuk kitabı qəhrəmanın alın yazısı kimi göstərir: L.Tolstoy “Etiraflarım”da yazır: “Mənim soruşduğum sual – məni 50 yaşında intiharın astanasına gətirmişdi. Soruşulması mümkün olan ən bəsit sual idi və axmaq bir uşaqdan tutmuş, ta ağıllı-idraklı müdrikə qədər hamının ruhunu tərpədən bir sual idi. Bu, cavabı tapılmasa, insanı öldürə bilən bir sual idi və bu sual mənə təcrübələrimdən aydın idi. Bu gün etdiklərimin və sabah edəcəklərimin nəticəsi necə olacaq? Həyatımın sonunda nə olacaq?”.

Pamuk Tolstoyun bu sualını açır: Məhməd kitabı oxuyanda nə olacaq, oxuyub bitirsə nə olacaq, sonda nə olacaq?”. Sonu ölüm olan insanın əbədi mübarizəsinin mənası nədir? Niyə mübarizə adı ilə gənc türkləri məhv edirlər?

Ölümlərin çoxluğu, qəzaların saysızlığı ilə Pamuk, əslində siyasi və təşkilati oyunları “puç və əfsanə” sayır və Yeni Həyatı bu dünyada yox, o biri dünyada görür. Bütün bunları anlamaq üçün isə kitab oxumağın mütləqliyini qeyd edir. Ona görə romanı “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” cümləsiylə başlayır.

Əsərdə sevgi simvolu Dantenin nakam eşqi Beatriçe ilə siyasi müstəvidə eyniləşdirilir və ələ salınır. Bu, Dantenin “Yeni Həyat” kitabına xatırlatma kontekstində baş verir.

Romanda “Master və Marqarita”nın ilk səhnəsində qəhrəmanın qatarın altına necə düşməyi (intihar, yoxsa kiminsə tərəfindən atılması) aydınlaşmadığı kimi, Pamukun da qəhrəmanlarının xəyal, yoxsa gerçək olduğu tam aydınlaşmır. Yəni, əslində, yazıçı üçün də əsl həqiqət yoxdur, oxucu üçün də. “Alan da aldanır, satan da”. Qalib yoxdur... Pamuk aldadılaraq yoldan çıxarılan gənclər üçün yazıb bu romanı. Böyük dövlətlərin böyük bəlalarını, oyunlarını ifşa edib.

Pamuk elə yazıçıdır ki, onun romanlarında heç nə elə-belə olmur. Yarpaq ya kiminsə yarpağı kimi düşür ağacdan, ya kimsə salır ağacdan, ya da kiməsə görə düşür ağacdan. Bir sözlə, onun əsərlərində təbiət yoxdur – heç nə özbaşına deyil.

# 4014 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #