Kulis.az Etimad Başkeçidin tərcüməsində dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin "Timsah" hekayəsinin davamını təqdim edir.
Yelena İvanovna yataq otağının önündəki kiçicik otaqda (onlar bunu kiçik qonaq otağı adlandırırdılar, halbuki böyük qonaq otağı da kiçik idi), bəzəkli kiçik divanda, çay stolu arxasında yüngül düyməsiz köynəkdə oturub, kiçik fincandan qəhvə içirdi. O, əlində tutduğu balaca suxarını qəhvəyə batırıb isladırdı. O, çox füsunkar görünürdü, ancaq elə bil, fikirliydi.
- Ay sizi, dəcəl! – O, məni təbəssümlə qarşıladı, - əyləşin, yelbeyin, qəhvə için. Dünən neylədiniz? Maskarada getmişdiniz?
- Məgər siz getmişdiniz? Axı mən getmirəm… özü də, dünən sizin məhbusa dəydim…
Mən ah çəkdim, qəhvə içərkən üzümə zahidanə bir ifadə verdim.
- Kimə? Hansı məhbusa? Ax, hə! Yazıq! Hə, o neyləyir, darıxırmı? Bilirsinizmi… sizdən soruşmaq istəyirəm… Mən indi boşana bilərəm?
- Boşanmaq! – Qeyzlə ucadan dedim, az qala qəhvəni üstümə dağıdacaqdım. «Bu qara adam!» - hirsimdən özümə yer tapmırdım.
Qarabuğdayı, bığlı, tikinti işləri ilə məşğul olan birisi vardı, onların evini su yolu eləmişdi, Yelena İvanovnanı güldürüb-əyləndirməyi yaxşı bacarırdı. Etiraf edim ki, ondan zəhləm gedirdi. Şübhə yoxdu ki, o dünən Yelena İvanovnayla maskaradda, ya da elə burada görüşməyə macal tapmışdı və yəqin ki, cəfəng şeylərlə beynini doldurmuşdu!
- Bu nə deməkdir? – Yelena İvanovna öyrədilibmiş kimi dil-dil ötməyə başladı, - deməli o, timsahın qarnında oturacaq özüyçün, bəlkə də heç vaxt qayıtmayacaq, mənsə oturub onu gözləməliyəm? Evin kişisi evdə oturmalıdır, timsahın qarnında yox…
- Axı bu gözlənilməz hadisədir, - mən bəlli həyəcanla sözə başlamaq istədim.
- Ax, danışmayın, istəmirəm, istəmirəm! – O, birdən-birə özündən çıxıb qışqırmağa başladı. – Həmişə mənim əleyhimə gedirsiniz, nə yaramaz adamsınız! Sizi düzəltmək mümkün deyil, onsuz da heç bir məsləhət verməyəcəksiniz! Hətta kənar adamlar da deyirlər ki, artıq boşana bilərəm, çünki İvan Matveiç daha məvacib almayacaq.
- Yelena İvanovna! Sizi tanımaq olmur! – Mən patetik səslə qışqırdım. – Bunu sizə hansı yaramaz deyib? Biləsiniz, bu cür əsassız səbəbdən boşanma qətiyyən mümkün deyil. Yazıq, bədbəxt İvan Matveiç isə, necə deyərlər, yırtıcının qarnında belə eşq oduna alışıb-yanır. Hələ bu harasıdır – məhəbbətdən şəkər kimi əriyir. Hələ dünən axşam, siz maskaradda əylənərkən, o deyirdi ki, ola bilsin, sizi öz qanuni arvadı kimi öz yanına gətirsin, xoşbəxtlikdən timsahın qarnı çox tutumludur, orada iki yox, üç adam da yerləşə bilər…
Sonra İvan Matveiçlə dünənki söhbətimizin bu maraqlı hissəsini bütövlükdə ona danışdım.
- Necə, necə? – O, ucadan dedi. – Siz istəyirsiniz ki, mən də oraya, İvan Matveiçin yanına girim? Daha nə? Bir də, necə girəcəyəm oraya, bu şlyapa və krinolində? İlahi, belə axmaqlıq olar? Axı oraya girəndə mən ora-bura əyilməli olacağam, kənardan kimsə görsə… Gülməli şeylər danışırsınız! Mən orda nə yeyəcəyəm?.. bir də… bir də, bəs o məsələ… ax, ilahi, gör nə fikirləşiblər!.. Orda nə kimi əyləncələr var?.. Deyirsiniz, oralar qummiplastik qoxuyur? Bəs onunla aramız dəysə neyləyəcəyəm, yanında uzanılı qalacağam? Fu, adamın ürəyi bulanır!
- Razıyam, bütün bu dəlillərlə razılaşıram, əziz Yelena İvanovna, - haqlı olduğunu bilən adamlar sayağı şövqlə danışmağa çalışaraq, onun sözünü kəsdim, - amma siz bir şeyi nəzərdən qaçırırsınız; nəzərdən qaçırırsınız ki, əgər o, sizi öz yanına çağırırsa, deməli, sizsiz yaşaya bilmir; deməli, burada sevgili, ehtiraslı, coşqulu, sizə doğru can atan adam var… Siz sevgini nəzərdən qaçırmısınız, əziz Yelena İvanovna, sevgini!
- İstəmirəm, istəmirəm, heç nə eşitmək istəmirəm! – O, kiçik, gözəl əllərini yelləyib, məni başından eləməyə çalışırdı. Onun indicə fırçayla yuyub-təmizlədiyi çəhrayı dırnaqları par-par parıldayırdı. – Mənfur adam! Məni ağlatmaq istəyirsiniz. Belə yaxşıdırsa, gedin özünüz girin oraya. Siz onun dostusunuz axı, dostluq xatirinə gedin uzanın yanına, daha oturub-durub darıxdırıcı elmlərdən danışmayın…
- Mənim sözlərimə nahaq istehza edirsiniz, - vacib görkəm alıb, bu yelbeyin qadının sözünü kəsdim, - İvan Matveiç məni onsuz da çağırır. Əlbəttə, oraya getmək sizin borcunuzdur, mənsə alicənablıq naminə gedə bilərəm. Ancaq İvan Matveiç dünən timsahın hədsiz genələ biləcəyindən danışarkən açıq-aydın işarə vurdu ki, təkcə siz ikiniz yox, bir ailə dostu kimi mən də oraya yerləşə bilərəm, yəni mən istəsəm biz üçlükdə orada ola bilərik, ona görə də…
- Necə yəni üçlükdə? – Yelena İvanovna səsini ucaldaraq təəccüblə üzümə dikildi. – Bəs biz necə… yəni üçümüz bir yerdə olacağıq? Ha-ha-ha! İkiniz də nə qədər axmaqsınız! Ha-ha-ha! Mən sizi orda mütləq çimdikləyəcəyəm, yaramazın biri, ha-ha-ha! Ha-ha-ha!
O, divanın sökənəcəyinə yayxanıb, gözləri yaşaranacan güldü. Bütün bunlar – göz yaşları, gülüş – onu o qədər gözəl göstərirdi ki, özümü saxlaya bilməyib, əllərini öpməyə başladım. O, barışıq əlaməti olaraq, qulaqlarımı yüngülcə çəksə də, müqavimət göstərmirdi.
Kefimiz duruldu və mən İvan Matveiçin dünənki planlarının hamısını ona danışdım. Qəbul axşamları və salon barədə fikirlər onun çox xoşuna gəldi.
- Elə isə mənə çoxlu pal-paltar lazım olacaq, - o dedi, - ona görə də, İvan Matveiç gecikdirmədən mənə çoxlu pul göndərməlidir… Ancaq… ancaq bu necə olacaq, - fikirli-fikirli əlavə etdi, - onu yeşikdə mənim yanıma necə gətirəcəklər. Mən ərimi yeşikdə daşımalarını istəmirəm. Qonaqlardan ayıb olar… İstəmirəm, yox, istəmirəm.
- Yeri gəlmişkən, yadımdan çıxmamış, Timofey Semyonıç dünən axşam yanınıza gəlmişdi?
- Ax, hə, gəlmişdi; mənə təskinlik verməyə gəlmişdi. Təsəvvür edirsinizmi, onunla kart oynadıq. Mən udanda konfet verir, uduzanda isə əlimi öpürdü. Yaramazın biriymiş, təsəvvür edin ki, az qala mənimlə maskarada gedəcəkdi. Doğru sözümdür!
- Sizdən xoşu gəlir! – dedim, - sizdən kimin xoşu gəlmir ki, gözəlsiniz də!
- Elə bu komplimentlə də yola çıxın! Dayanın, sizi çimdikləyim, sonra gedərsiniz. Yaxşı çimdikləmək öyrənmişəm. Hə, necədir? Demək, İvan Matveiç dünən tez-tez mənim haqqımda danışırdı, hə?
- Y-y-yox, elə də tez-tez danışmırdı… Sizə deyim ki, indi onu daha çox bəşəriyyətin taleyi narahat edir, istəyir ki…
- Eləmi?! Daha nələr! Çox darıxdırıcıdır. Vaxt eləyib, dəyərəm ona. Sabah mütləq gedib yoluxaram. Bu gün yox; başım ağrıyır, özü də oraya o qədər adam yığışır ki… Yaxşı, sağ olun. Axşam biz orada… oraya?
- Onun yanına, onun yanına. Demişdi, qəzet aparım ona.
- Lap yaxşı. Gedin, qəzet oxuyun orada. Bu gün daha mənim yanıma gəlməyin. Özümü yaxşı hiss etmirəm, ola bilsin, qonaq gedəcəyəm. Yaxşı, hələlik, dəcəl.
«O qara adam axşam onun yanına gələcək» - öz-özümə düşündüm.
Şübhəsiz, dəftərxanada bu cür başağrılarımın və qayğılarımın olduğunu büruzə vermədim. Ancaq tezliklə fikir verib gördüm ki, bizim bəzi tərəqqipərvər qəzetlərimiz əldən-ələ keçir, həmkarlarım onları son dərəcə ciddi üz ifadələri ilə oxuyurlar. Əlimə ilk keçən «Listok» qəzeti oldu. Bu qəzetin xüsusi bir təmayülü yox idi, ümumilikdə isə humanist mövqedən çıxış etdiyi üçün oxusalar da, əsasən xoşlamırdılar. Təəccüblə qəzetdən aşağıdakı məlumatı oxudum:
«Dünən bizim geniş, gözəl binalarla süslənmiş paytaxtımızda qəribə şaiyələr dolaşmağa başladı. Kübar cəmiyyətdən olan tanınmış qastronom N., yəqin ki, İ. klubundakı Borel mətbəxi üçün darıxıb, paytaxta yeni gətirilmiş, iri timsahın saxlandığı Pasaj binasına gəlmişdir. Burada o, timsahdan ona nahar bişirilməsini tələb etmişdir. Sahiblə hesablaşdıqdan sonra o, dərhal acgözlüklə yeməyə girişmişdir (son dərəcə fağır, səliqə-səhmana meyli almanı yox ha, onun timsahını). Timsah bu zaman hələ diriymiş, o, cib bıçağıyla timsah bədənindən yağlı, şirəli hissələri kəsib təpişdirirmiş. Yavaş-yavaş timsah onun iri qarnında yoxa çıxmışdır. O hətta timsahın yanındakı ixnevmonu da yemək istəyib, yəqin onun da timsah kimi dadlı olduğunu düşünüb. Biz heç də xarici qastronomların yaxşı tanıdığı bu qida maddəsinin əleyhinə deyilik. Bunu hətta əvvəlcədən söyləmişdik. İngilis lordları və səyahətçiləri Misirdə timsahları dəstə-dəstə tutur, onların bel ətindən bifşteks düzəldib xardalla, kartof-soğanla yeyirlər. Lessepslə oralara gedən fransızlar isti küldə bişirilmiş timsah pəncələrinə üsünlük verirlər. Doğrudur, onları məsxərəyə qoyan ingilislərin acığına belə eləyirlər. Yəqin ki, bizdə bunların ikisini də yeyərlər. Öz tərəfimizdən biz güclü və geniş vətənimizdə ehtiyac duyulan yeni sənaye sahəsinin yaranmasını alqışlayırıq. Peterburq qastronomunun qarnında yox olmuş timsahın yerinə, yəqin ki, heç bir il keçməyəcək, yüzlərlə timsah gətiriləcək. Niyə də timsahı bizim Rusiyanın iqlim şəraitinə uyğunlaşdırmayaq? Əgər Neva suları bu əcaib yadellilər üçün soyuqdursa, paytaxtda nohurlar, şəhər ətrafında isə çaylar və göllər var. Niyə də, məsələn, Parqolovoda və ya Pavlovskda, yaxud da Moskvanın Presnenski nohurunda və Samotyokda timsah yetişdirməyək? Onlar həm bizim zövqlü qastronomlar üçün qida mənbəyi olar, nohurların ətrafında gəzişən xanımları əyləndirər, həm də uşaqları təbiyyat tarixi ilə bağlı məlumatlandırardılar. Timsah dərisindən futlyarlar, çamadanlar, papiros qabları və pulqabılar düzəltmək olardı. Tacirlərin üstünlük verdiyi nə qədər yağlı kağız pullar timsah dərisində saxlanılardı. Ümid edirik ki, bu maraqlı mövzuda hələ çox danışılacaq».
Mən belə şeylərin olacağını təxmin etsəm də, tələsik, başdansovdu hazırlanmış məlumatdan pərt oldum. Öz təəssüratlarımı bölüşməyə adam tapmadığımdan mənimlə üzbəüz oturmuş Proxor Savviçə üz tutdum. Sən demə, o çoxdan mənə göz qoyurmuş. Əlində tutduğu «Volos» qəzetini sanki mənə verməyə hazırlaşırdı. O, kirimişcə «Listok»u alıb, «Vlolos»u mənə verdi. Savviç qəzetdə mənim diqqətimə çatdırmaq istədiyi məqaləni dırnağıyla bərk-bərk işarələmişdi. Proxor Savviç çox qəribə adamdı: bu yaşlı, qaradinməz insan bizim heç birimizlə münasibət qurmur, dəftərxanada, demək olar, heç kəslə danışmırdı. Həmişə hər şey haqqında öz mülahizələri olurdu, amma bunları heç kimlə bölüşməzdi. Tək-tənha yaşayırdı. Bizlərdən heç kəs onun mənzilində olmamışdı.
Onun «Volos»da işarələdiyi məqalədə bunları oxudum: «Hamı bilir ki, tərəqqipərvər, humanist insanlarıq və bu məsələlərdə Avropaya yetişmək istəyirik. Ancaq bütün cəhdlərimizə və qəzetimizin səylərinə baxmayaraq, biz hələ «yetiş»məmişik. Dünən Pasajda baş vermiş biabırçı hadisə də – biz bu barədə xəbər vermişdik – bunu sübut edir. Paytaxta bir əcnəbi sahibkar gəlir, özüylə timsah gətirir və onu Pasajda nümayiş etdirməyə başlayır. Biz dərhal güclü və geniş vətənimiz üçün bu xeyirli sənayenin yeni sahəsini alqışlayırıq. Ancaq dünən günortadan sonra, saat beşin yarısında əcnəbi sahibkarın dükanına şişman, sərxoş bir şəxs gəlir, giriş haqqını ödəyir və xəbərdarlıq-filan etmədən timsahın ağzına dürtülür. Timsah da, neyləsin, adam boğazında qalıb boğulmasın deyə, özünüqoruma hissinə qapılaraq onu udmağa məcbur olur. Timsahın qarnına düşən naməlum şəxs o dəqiqə yuxuya gedir. Nə əcnəbi sahibkarın qara-qışqırığı, nə onun qorxuya düşmüş ailəsinin ah-naləsi, nə də polis çağırmaq hədə-qorxusu onun vecinə olmur. Timsahın daxilindən yalnız qəhqəhə səsləri və təhdidlər eşidilir. Bu böyüklükdə kütləni udmaq məcburiyyətində qalan bədbəxt məməli isə bihudə göz yaşları axıdır. Çağırılmamış qonaq istilaçıdan betərdir, bu zərb-məsələ məhəl qoymayan şəxs timsahın qarnından çıxmaq istəmir. Bizim inkişiafdan qaldığımızı göstərən, əcnəbilərin gözündə bizi ləkələyən bu cür barbarlıq faktlarını necə izah edək, bilmirik. Rus naturasının genişliyi özünün layiqli yerini belə tapır. Maraqlıdır, çağırılmamış qonağa nə lazımdır? İsti və rahat məkan? Paytaxtda ucuz və olduqca rahat, qazla işıqlandırılan, pilləkanlı mənzilləri olan xeyli gözəl evlər var, sahibləri bu evlərin çoxusuna qapıçılar qoyublar. Ev heyvanları ilə barbarcasına davranmaq məsələsini də oxucularımızın diqqətinə çatdırmaq istərdik: xaricdən gətirilmiş timsah, sözsüz, bu böyüklükdə bədəni birdəfəyə həzm edə bilməz, odur ki, indi o, şişib-köpüb dağ boyda olub, dözülməz əzablarla ölümünü gözləyir. Avropada çoxdandır ki, ev heyvanları ilə qeyri-insani davrananları cinayət məsuliyyətinə cəlb edirlər. Ancaq küçələrimizin Avropasayağı işıqlandırılmasına, Avropasayağı səkilər salmağımıza, Avropasayağı evlər tikməyimizə baxmayaraq, bizə keçmişlərdən miras qalmış zehniyyətdən hələ uzun müddət qurtula bilməyəcəyik. Evlər təzədir, ancaq zehniyyət köhnə. Elə evlər də təzə deyil, xüsusən də, pilləkənlər. Biz öz qəzetimizdə dəfələrlə yazmışıq ki, Peterburq tərəfdə, tacir Lukyanovun evində taxta pilləkanın meydançaları çürüyüb, çöküb və çoxdandır, onların xidmətçisi, tez-tez bu pilləkənlə su və odun daşıyan əsgər arvadı Afimya Skapidarovanın həyatına təhlükə törədir. Budur, nəhayət, qabaqcadan dediklərimiz oldu: dünən axşam saat doqquzun yarısında əlində şorba qazanı tutmuş əsgər arvadı Afimya Skapidarova pilləkandan yıxılıb, ayağını sındırıb. Görəsən bundan sonra Lukyanov öz pilləkanını düzəltdirəcəkmi? Rus insanının son ağlı… Allaha təvəkkül, bəxtəbəxt şüurunun qurbanı artıq xəstəxanaya aparılıb. Eləcə də, deməkdən yorulmuşuq ki, Vıborqsk səmtində taxta səkilərin palçığını təmizləyən dalandarlar yoldan keçənlərin ayaqlarını çirklətməməli, Avropada çəkmələrini təmizləyərkən elədikləri kimi zir-zibili bir yerə toplamalıdırlar… və s. və i. a.»
- Bu nə deməkdir, - təəccüblə üzümü Proxor Savviçə tutub, soruşdum, - bu nə deməkdir axı?
- Nə olub ki?
- Necə yəni, İvan Matveiçə yazıqları gəlmir, timsaha heyfsilənirlər.
- Bəs necə olsun? Görürsən, biz heyvanla, məməliylə necə rəhmli davranırıq! Avropadan nəyimiz əskikdir? Axı oralarda timsahı çox sevirlər. Hi-hi-hi!
Əcaib adam Proxor Savviç bunları deyib, öz kağız-kuğazları ilə məşğul olmağa başladı və daha dinmədi.
«Volos» və «Listok» qəzetlərini qatlayıb cibimə qoydum, İvan Matveiçin axşam əyləncəsi üçün əlimə keçən köhnə «İzvestiya» və «Volos» qəzetlərindən də götürdüm və baxmayaraq ki, axşama hələ çox qalırdı, Pasaja gedib, uzaqdan da olsa, orada baş verənləri izləmək və söz-söhbətə qulaq asmaq üçün ofisdən xəlvəti əkildim. Bilirdim ki, indi orada basabasdır, hər ehtimala qarşı şinelin yaxalığını qaldırıb üzümü gizlətdim, çünki niyəsə bir az utanırdım – camaat qarşısında olmağa çox da öyrəncəli deyilik axı. Hiss edirdim ki, bu qədər gözəl, bənzərsiz hadisə ilə bağlı öz prozaik hisslərimi nağıl etmək haqqına sahib deyiləm.
İzahlar:
1. Ohé Lambert! Où est Lambert? As-tu vu Lambert? 1 - Ey, Lamber! Hanı Lamber? Lamberi görmüsən? (fr.)
2. O mayn allerbister Karlxen! Mutter… - ((alm. O mein allerliebster Karlchen! Mutter!) - O, əzizim Karlxen! Anam!(alm.)
3. Hans – bütün, tamam (alm. – ganz).
4. Unzer Karlxen vird şterben…( nem. Unser Karlchen ~ wird sterben) – Bizim Karlxen, əzizimiz Karlxen öləcək!
5. …das var meyn zon – ayntsinqer zon!.. (nem. das war mein Sohn ~ einziger Sohn!) – O, mənim oglum idi, mənim yeganə oglum!
6. ...cənab Lavrovun açıq mühazirə oxuduğu... – Pyotr Lavroviç Lavrov (1828-1900), alim, filosof, inqilabi xalqçılığın nəzəriyyəçilərindən və rəhbərlərindən biri, Passajın zalında Ədəbiyyat fondunun xeyrinə açıq mühazirələr oxuyurdu. Onun «Fəlsəfənin müasir mənaları» adlı mühazirələr silsiləsi geniş ictimai maraq doğurmuşdu.
7. ...cənab Stepanovun karikatura hədəfinə... – Nikolay Aleksandroviç Stepanov (1807 – 1877) – karikaturaçı rəssam, demokratik meylli «İskra» və «Budilnik» jurnallarının redaktoru və naşiri.
8. ...mədəni səviyyənizə şərəf gətirmir və bu, beyninizdəki fosfor çatışmazlığından irəli gəlir... – Y. Meleşottun «Qidalanma haqqında elm» kitabına yazdığı rezenziyada V. Zaytsevin səsləndirdiyi fikirlərə işarədəir. Rəy «Russkoe slovo» kitabasının (1863-cü il) 8-ci səhifəsində verilib: «…tərkibində azacıq fosfor yağı olan maddələrlə qidalanmaq məcburiyyətində qalan adamların… zehni qabiliyyətləri böyük zərər görür».
9. Fuftsiq - əlli (alm. Fünfzig).
10. Qot zey dank! - Tanrıya şükür! (alm. Gott sei dank!).
11. ..«Peterburqskie izvestiya» və «Volos» qəzetlərində... – 1863-1874-cü illərdə F. Korşun rəhbərliyi ilə nəşr olunan «S.- Pererburqskie vedomosti» və A. A. Kraevskinin redaktorluğu ilə çıxan «Qolos» qəzetləri.
12. ...İsveçrəyə… Vilhelm Tellin vətəninə... – Vilhelm Tell – F. Şillerin eyniadlı dramı (1864) yazıldıqdan sonra populyarlaşmış qorxusuz İsveçrə xalq qəhrəmanı.
13. “Vətən oglu” – 1862-ci ildə Peterburqda əsası qoyulmuş gündəlik siyasi, ədəbi və elmi qəzet.
14. ...yeni Furye olacağam. – Şarl Furye (1772 – 1837), fransız sosialist-utopist, onun ideyaları Çernışevskinin «Nə etməli» romanı nəşr olunduqdan sonra, 1860-cı illərin əvvəllərində rus jurnallarında xüsusilə qızğın müzakirələr doğurmuşdu.
15. ...Qarnye-Pajesişkadır... - Lui Antuan Qarnye- Pajess (1803-1878) – fransız burjua siyasi xadimi, 1830 və 1848-ci illərdə inqilab iştirakçısı, 1864-cü ildən qanunverici korpusun üzvü.
16. Andrey Aleksandroviçi haqlı olaraq rusların Alfred de Myussesi adlandırırlarsa... – işbaz-naşir A.A.Kraevski ilə fransız romantik şairi A. Myussenin 91810-1875) müqayisəsi ironik məna daşıyır.
17. Yevqeniya Tur – rus yazıçısı, publisistik məqalələr müəllifi Yelizaveta Vasilyevna Salias de Turnemirin (Suxovo-Kobılina, 1814-1892) təxəllüsü, onun ədəbiyyat məclislərində yazıçılar və elm adamları toplaşırdılar.
18. Vəhşi insanlar azadlığı, müdriklər isə qayda-qanunu sevirlər…- Ş.M. Karamzinin «Canişin Marfa» (1802) əsərindən sitat. Karamzində belədir: «Vəhşi xalqlar müstəqilliyi, müdrik xalqlar isə qayda-qanunu sevirlər: mütləqiyyət olmadan isə qayda-qanun yoxdur».
19. Qof-rat – burada: məmur (alm. Hofrat – saray müşaviri).
20. ...Bu qəzetin xüsusi bir təmayülü yox idi... – “Peterburqskiy listok. Şəhər həyatı və ədəbiyyatı” qəzeti nəzərdə tutulur. 1864-cü ildə yaradılıb.
21. Borel – Peterburqda ləziz yeməklər ilə şöhrət tapmış bahalı restoranın sahibi.
22. İxnevmon – Şimali Afrika və Ön Asiyanın qamışlıqlarında yaşayan yırtıcı məməli.
23. Lessepslə oralara gedən fransızlar... – Suets kanalı qazılarkən fransız mühəndisi və diplomatı Ferdinand Mari Lessepsin (1805-1894) Afrikaya getməsi nəzərdə tutulur.
24. Evlər təzədir, ancaq zehniyyət köhnə... – A.S.Qriboyedovun “Agıldan bəla” komediyasında Çatskinin sözləri.
Son