Dolub gözlərimə ovunur torpaq - Günün şeiri

Dolub gözlərimə ovunur torpaq - Günün şeiri
25 dekabr 2025
# 13:42

Bu gün tanınmış şair Ramiz Qusarçaylının doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və "Günün şeiri" layihəsindən onun "Atamın xatirəsinə" şeirini təqdim edir.

Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri
Gəlib gözlərində qışladı dünya…

Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən ölüm mələyi
Gözünün odunda qar çiçəklədi.

Gördüm ki soyuyur həyət-baca da,
Gördüm buz sallanır gül tağlarından.
Bağın başındakı qoz ağacı da
Asılıb qarğanın ayaqlarından…

Pəncərə önündə gilas ağacı
Hamıdan gizlicə
tək ağlayırdı.
Quru budaqları qara əl kimi
Divarın üzünü cırmaqlayırdı…

Gözləri çıxmışdı hədəqəsindən,
Sanki kirpiyində dağ dolaşırdı.
Həyat gözlərində özgələşirdi,
Gözləri ölümlə doğmalaşırdı.

Göz-göz oxşayırdı ölümü atam,
Oxşaya-oxşaya nələr danışdı…
Gözləri ölümə sığmadığından
Öləndən sonra da yumulmamışdı.

Dünyanın şəklindən qaçıb gözləri,
Ölümün şəklini çəkirdi o gün.
Ölümün şəklini olduğu kimi
İlk dəfə atamın gözündə gördüm…

Gözüylə dünyanın arasındakı
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı gözü ölümdən
Elə bil əlindən qaçıracaqdı…

Ölməyə heç nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili yox idi.
Elə nazlanırdı gözündə ölüm,
O gün ondan gözəl ölü yox idi…

Gözünə dikilən gözlərdən qaçıb,
gözünə tökülən səslərdən qaçıb,
gözünə çəkilən bizlərdən qaçıb
gözüylə öpüşdü yetimliyiylə,
gözüylə öpüşdü yavanlığıyla,
gözüylə öpüşdü uşaqlığıyla
gözüylə örüşdü cavanlığıyla,
öpmək istəmədi qocalığını
gözləri üzünü yana çevirdi…

Yolu iman yolu,
yolu can yolu,
getdi öz yoluyla, iziylə getdi.
gözündən qəbrinə uzanan yolu
Atam bizdən qabaq gözüylə getdi…

17 Oktyabr, 2004. Çartəpə.

# 1269 dəfə oxunub

Oxşar xəbərlər

Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

16:20 10 iyul 2026
İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

İl yox, sanki yel keçdi - "Manas" dastanından bir hissə

17:21 9 iyul 2026
Alov rəngli qərənfillər... - Günün şeiri

Alov rəngli qərənfillər... - Günün şeiri

12:40 9 iyul 2026
Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

17:26 8 iyul 2026
Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

11:30 8 iyul 2026
Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza

Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza

16:17 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər