Dostoyevskinin hekayəsi: "Timsah" – Davamı

Dostoyevskinin hekayəsi: "Timsah" – Davamı
26 noyabr 2019
# 17:30

Kulis.az Etimad Başkeçidin tərcüməsində dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin "Timsah" hekayəsinin davamını təqdim edir.

əvvəli burada...

- İvan Matveiç, - onun sözünü yarıda qoydum, - bütün bunlar möcüzədir və mənim inanmağım gəlmir. Yəni doğrudanmı, doğrudanmı sən ömür boyu naharsız keçinmək istəyirsən?

- Belə boş şeylərin dərdini çəkmə, ay bivec, avara! Mən sənə böyük ideyalardan danışıram, sənsə… Biləsən, mən ətrafımı sarmış zülməti işıqlandıran böyük ideyalarla toxam. Amma yırtıcının xeyirxah sahibi rəhmdil mutterlə danışıb, öz aralarında qərar veriblər ki, hər səhər timsahın cəhəngindən içəriyə tütəyə bənzər əyri metal boru salsınlar və mən bu boru vasitəsilə kofe, yaxud içinə ağ çörək doğranmış bulyon içə bilim. Artıq qonşuluqdan boru sifariş ediblər, amma mən bunu gərəksiz xərc, israfçılıq sayıram. Yaşamağa gəlincə, heç olmasa min il ömür sürmək niyyətindəyəm, əgər timsahların bu qədər yaşadığı doğrudursa. Yaxşı yadıma saldın, günü sabah təbiyyat kitablarından bunu öyrən, mənə məlumat ver, çünki timsahı başqa bir canlıyla səhv sala bilərəm. Məni yalnız bir fikir narahat edir: əynimdə mahud, ayaqlarımda isə çəkmə olduğu üçün, ola bilsin, timsah məni həzm edə bilmir. Bundan başqa, mən canlıyam və ona görə də var gücümlə həzm olunmağıma müqavimət göstərirəm. Bu da başadüşüləndir, axı bütün qidaların çevrildiyi maddəyə çevrilmək istəmirəm, bu mənim üçün çox alçaldıcı məqam olardı. Ancaq bir şeydən qorxuram: min il ərzində bədbəxtlikdən rus malı olan sürtüyümün mahudu çürüyə bilər, çılpaq qalaram və bütün narazılıqlarıma baxmayaraq yavaş-yavaş həzmə gedərəm. Düzdür, gündüzlər buna yol vermərəm, qarşısını alaram, ancaq gecələr yatarkən, iradə insanı tərk eləyən vaxtlarda məni hər hansı kartofun, fəsəlinin, yaxud dana ətinin aqibəti gözləyə bilər. Bu fikir məni cin atına mindirir. Elə təkcə buna görə tarifləri dəyişdirmək və ingilis mahudlarının idxalını təşviq etmək lazımdır, çünki ingilis mahudu daha dözümlüdür, deməli, timsahın qarnına düşəcəyin halda təbiətə daha çox müqavimət göstərəcək. İlk fürsətdəcə bu fikri dövlət adamlarına, üstəlik bizim gündəlik Peterburq qəzetlərinin siyasi icmalçılarına çatdıracağam. Qoy başlarını qatsınlar. Ümid edirəm ki, onların məndən öyrəndikləri təkcə bu olmayacaqdır. İndidən görürəm ki, hər səhər redaksiyalardan götürdükləri iyirmibeşliklərlə silahlanmış müxbirlər ətrafımı sarıb, dünənki teleqramlarla bağlı mənim fikirlərimi öyrənməyə çalışacaqlar. Bir sözlə, gələcəyim mənə çox parlaq görünür.

«Qızdırması var, sayıqlayır!» - Öz-özümə pıçıldayırdım.

- Dostum, bəs azadlıq? – Onun fikrini bilmək istədim. – Bax, sən zindandasan, amma insan azadlığın nəşəsini duymalıdır.

- Sən axmaqsan, - o cavab verdi. – Cahil insanlar azadlığı, müdriklər isə qayda-qanunu sevirlər, qayda-qanun isə yoxdur…

- İvan Matveiç, dayanın, insafınız olsun!

- Sus, qulaq as! – Sözünü kəsdiyim üçün pərtliklə çığırdı. – Mən hələ indiyə kimi belə ilhamlanmamışdım. Öz dar sığınacağımda yalnız bir şeydən ehtiyatlanıram – qalın jurnalların ədəbi tənqidindən və bizim satirik qəzetlərin hay-küyündən. Qorxuram ki, yelbeyin tamaşaçılar, axmaqlar, paxıllar və ümumiyyətlə, nihilistlər məni hoydu-hoyduya götürələr. Ancaq mən tədbir görəcəyəm. Kütlənin sabah nələr söyləyəcəyini, xüsusən də, qəzetlərdə dərc olunacaq rəyləri səbirsizliklə gözləyirəm. Qəzetlər barədə özün məlumat verərsən.

- Yaxşı, sabah buraya bir qalaq qəzet gətirərəm.

- Sabah hələ tezdir, çünki elanlar yalnız üstündən dörd gün keçmiş dərc olunur. İndən belə hər axşam həyətin daxili girişindən gələrsən. Səndən şəxsi katibim kimi istifadə etmək fikrim var. Sən mənə qəzetləri və jurnalları oxuyarsan, mən də sənə öz fikirlərimi diktə edərəm, tapşırıqlarımı verərəm. Teleqramları nəbadə yaddan çıxarasan. Avropadan gələn teleqramların hamısı hər gün burda olmalıdır. Yaxşı, bəsdir; yəqin yuxun gəlir. Evə get və indicə tənqid haqqında dediklərimi unut: tənqiddən qorxuram, çünki onun özü kritik vəziyyətdədir. Xeyir əməl sahibi və müdrik olunca mütləq pyedestala yüksələcəksən. Sokrat, bəd ayaqda Diogen, yaxud eyni zamanda hər ikisi – bəşəriyyətin taleyində mənim gələcək rolum bu olacaq.

Qarşımda bu cür düşüncəsiz və sırtıq (düzdür, sayıqlayırdı) şeylər danışan İvan Matveiç ağzıboş arvadlara oxşayırdı, məsəldə deyildiyi kimi, ağzında söz durmayan arvadlara. Doğrusu, onun timsah haqqında danışdıqlarının hamısı mənə çox şübhəli gəlirdi. Axı necə ola bilər ki, timsah daxildən bomboş olsun? And içə bilərəm ki, o bunları lovğalıqla şişirtmiş, həm də məni aşağılamaq istəmişdi. Düzdür, o, xəstəydi, xəstələrə isə güzəşt eləmək lazımdır; ancaq boynuma almalıyam, İvan Matveiçdən həmişə zəhləm gedib. Həyatım boyu, lap uşaqlıq vaxtlarımdan onun himayəsindən, qayğısından qurtulmaq istəmişdim. Bəlkə min dəfə onunla üzülüşmək istəmişdim, ancaq hər dəfə yenidən barışığa gəlmişdim, sanki ona nəyisə sübut etməyə, başa salmağa çalışırdım. Dostluq dediyin çox qəribə şeydir! Bir şeyi dəqiq deyə bilərəm ki, bizim dostluğumuzun onda doqquzu qəzəbə-kinə dayanırdı. Amma bu dəfə biz sevgiylə ayrıldıq.

- Sizin dost çox ağıllı adam, - məni ötürməyə hazırlaşan alman yavaşcadan dedi; o bayaqdan söhbətimizə diqqət kəsilmişdi.

- A propos(1), (1. Yeri gəlmişkən (fr), - dedim, - yadımdan çıxmamış soruşum, timsahı sizdən almaq istəsək, nə qədər pul istəyərsiniz?

Sualı eşidən İvan Matveiç maraqla cavabı gözləyirdi. Görünür, almanın az pul istəyəcəyindən narahat idi; hər halda, mən sual verərkən o nəsə birtəhər qağıldadı.

Alman əvvəlcə heç nə eşitmək istəmədi, hətta özündən çıxdı da.

- Heç kəs mənim məxsus timsahı ala bilməz! – O qəzəblə qışqıraraq bişirilmiş xərçəng kimi qızardı. – Mən timsahı satmaq istəmir. Mən milyon taler almaz timsaha görə. Bu gün mən tamaşaçılardan yüz otuz taler toplamaq, sabah on min taler toplamaq, sonra isə hər gün yüz min taler toplamaq. Satmaq istəməz!

İvan Matveiç razılıqla pıqqıldadı.

Ürəyimdən qara qanlar axa-axa, soyuq başla, səbirlə, - dostluq borcumu yerinə yetirirdim axı, - bu ağılsız almana başa salmağa çalışdım ki, o düzgün hesablamalar aparmır, o, günə yüz min toplasa, dörd gün ərzində bütün Peterburqda buraya gəlməyən adam qalmayacaq, ondan sonra pulu kimdən toplayacaq, dedim ki, həyat və ölüm Tanrının əlindədir, timsah günlərin bir günü partlaya bilər, İvan Matveiç xəstələnib dünyasını dəyişər və s. və i. a.

Alman fikrə getdi.

- Mən ona aptekdən dərman vermək, - o handan-hana dedi, - sizin dost ölmək qoymaz.

- Dərman öz yerində, - dedim, - ancaq nəzərə alın ki, məhkəmə prosesi başladıla bilər. İvan Matveiçin arvadı öz qanuni ərini geri tələb edə bilər. Bax, siz varlanmaq istəyirsiniz, bəs Yelena İvanovnaya hər hansı təqaüd kəsmək fikriniz varmı?

- Yox, fikir yox! – Alman qətiyyətli, sərt səslə cavab verdi.

- Yox, fikir yox! – Mutter qəzəblə onun səsinə səs verdi.

- Beləliklə, irəlidə sizi gözləyən qeyri-müəyyənlikdənsə, elə indi müəyyən miqdarda, bir qədər az da olsa, kifayət qədər pulu götürmək daha yaxşı deyilmi? Onu da əlavə etməyi özümə borc bilirəm ki, bunu yalnız adi maraq xatirinə soruşmuram.

Alman mutteri də yanına alıb, məsləhətləşmək üçün küncə çəkildi. Burada bütün kolleksiyadan ən iri və ən çirkin meymunun saxlandığı qəfəs qoyulmuşdu.

- İndi görərsən! – İvan Matveiç mənə dedi.

Mənə gəlincə, bu dəqiqələrdə mən əvvəla, almanı ölüncə döymək, ikincisi, mutteri ondan da betər hala salmaq, üçüncüsü isə, təşəxxüs satdığına görə görə İvan Matveiçi onlardan da çox, it əlindən əppək alıncaya qədər kötəkləmək istəyi ilə alışıb-yanırdım. Ancaq bütün bunlar simic almanın cavabının yanında heç nəydi.

O, öz mutteri ilə məsləhət eləyəndən sonra gəlib, timsaha görə sonuncu lotereyalı daxili istiqraz biletləri ilə əlli min manat, Qoroxovayada yanında öz apteki olan daş ev, üstəlik rus polkovniki rütbəsi tələb etdi.

- Görürsən! – İvan Matveiç sevincək qışqırdı, - sənə demişdim! Polkovnik rütbəsini almaqla bağlı sonuncu sərsəm istəyini nəzərə almasaq, o tamamilə haqlıdır, çünki nümayiş etdirdiyi yırtıcının indiki qiymətini yaxşı bilir. İqtisadi prinsip hər şeydən başda gəlir!

- Nə danışırsınız! – Hirslə almanın üstünə çımxırdım, - nəyə görə sizə polkovnik rütbəsi verilməlidir? Hə qəhrəmanlıq etmisiniz, hansı xidmətləri göstərmisiniz, savaşda hansı şan-şöhrəti qazanmısınız? Siz dəliniz, nəsiniz?

- Dəli! – Sözlərimdən inciyən alman ücadan dedi, - yox, mən çox ağıllı adam, sizsə çox axmaq! Mən polkovnik haqq etmiş, çünki timsah göstərmək, onun içində isə canlı qof-rat oturmaq, rus isə timsah göstərə bilməmək ki, içində qof-rat oturmaq! Mən çox-çox ağıllı adam və çox istəmək polkovnik olmaq!

- Elə isə, əlvida, İvan Matveiç! – Qəzəbdən əsə-əsə qışqırdım və qaçaraq timsahın olduğu yerdən uzaqlaşdım. Hiss edirdim ki, bir dəqiqə də keçsə, özümü saxlaya bilməyəcəyəm. Bu iki yelbeyinin heç bir əndazəyə sığmayan istəkləri dözülməz idi. Açıq havada bir qədər özümə gəldim, hirsim soyutdu. Nəhayət, hər iki tərəfə şövqlə on-on beş dəfə tüpürdükdən sonra fayton tutub evə gəldim, paltarımı soyunub yatağa yıxıldım. Ən pisi o idi ki, onun katibi olacaqdım. Gəl indi hər axşam yaxşı dost mükəlləfliyini yerinə yetirərkən darıx, öl! Bu dəqiqələrdə özümü kötəkləməyə hazır idim və doğrudan da, şamı söndürüb, yorğanın altına girdikdən sonra başıma və bədənimin başqa hissələrinə bir neçə yumruq zərbəsi endirdim. Bu mənə bir az yüngüllük gətirdi və nəhayət, bərk yuxuya getdim, çünki çox yorğun idim. Bütün gecəni yuxuda meymunlar gördüm, səhərə yaxın isə Yelena İvanovna yuxuma girdi…

IV

Təxminimə görə meymunlar timsah sahibinin qəfəsinə salındıqları üçün yuxuma girmişdilər, Yelena İvanovnaya gəlincə, işlər bir az başqa cürdü.

Əvvəlcədən deyim ki, mən bu xanımı sevirdim; ancaq gecikmədən qeyd edim ki, onu bir ata kimi sevirdim, nə az, nə çox. Ona görə belə düşünürəm ki, dəfələrlə onun başından və al yanaqlarından öpmək istəmişdim. Bu istəyimi heç vaxt həyata keçirməsəm də, etiraf edirəm, onun dodaqlarını öpməkdən də imtina etməzdim. Nəinki dodaqlarından, hətta gülərkən inci kimi sıralanan, olduqca gözəl görünən dişlərindən də öpərdim. O isə çox tez-tez gülərdi. İvan Matveiç onu əzizləyərkən həmişə «sevimli mənasızlıq» adlandırardı – bu, son dərəcə ədalətli və səciyyəvi ifadəydi. Bu, konfet-xanım idi, başqa heç nə. Ona görə də başa düşmürdüm ki, həmin İvan Matveiçin arvadını bizim rus Yevgeniya Turu kimi qələmə vermək istəyi haradan qaynaqlanır? İstənilən halda yuxum, meymunları nəzərə almasaq, mənə çox xoş təsir bağışlamışdı. Səhər-səhər çay süfrəsi arxasında dünən olub-bitənləri bir daha çək-çevir eləyib, dərhal Yelena İvanovnanın yanına getməyi qərara aldım. Ona yolüstü dəyəcəkdim, ancaq bunu ailənin dostu kimi də etməyə borclu idim.

Davamı

# 4527 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #