Etimad Başkeçid yazır...
“Dərmanların işə yaramadığını bilən həkim əsl həkimdir” Benjamin Franklin
Ötən aylarda bacım birdən-birə nasazladı və ölkəmizin tanınmış klinikalarından birində həkimə müraciət etməli oldu. Həkimlərin verdikt çıxarması uzun sürmədi: bacımın ürəyi təcili əməliyyat olunmalıdır, iki-üç gün də keçsə gec ola bilər. Əməliyyat üçün 10 000 manat istəndi…
Yüyrək dillə danışacağam, əks halda bu yeniliyin doğurduğu məyusluğu qələmə almaq üçün dastan bağlamalı olaram.
Deməli, bizim eskulapların yüksək professionalizminə şəkk etməyən bacım, ucuz düşsün deyə, əməliyyat olunmaq üçün Tiflisə yollandı. Tiflisdə təkrar müayinə olunduqdan sonra isə məlum oldu ki, bacımın bir salamat yeri varsa, o da onun ürəyidir…
Bu nöqtədə mən janrın tələbinə uyğun olaraq şərəfli həkim peşəsini öyməli, səhlənkar və bacarıqsız həkimləri isə ağ yuyub, qara sərməliyəm. Amma bunu etməyəcəyəm, çünki bisavad, səviyyəsiz həkimlərin kritik kütləsi başqa yanaşma tələb edir.
Orta statistik azərbaycanlı ağır xəstələnəndən sonra «yaxşı həkim» axtarışına çıxır. Onun xəbəri yoxdur ki, normalda «yaxşı» və «pis» həkim olmamalıdır, bilmir ki, səhiyyə pulsuzdur, amma müalicə çox bahadır, ağlına gəlmir ki, səhiyyənin imkanları ilə xəstənin imkanları qətiyyən üst-üstə düşmür. Bir xeyli həyat dərsi aldıqdan sonra xəstə, bir az pul-para birikdirə bilibsə, İrana -Turana və Tiflisə üz tutur. Bütün digər hallarda o, klassik mədəniyyətdəki arxaik təsəvvürlərlə təsəlli tapmağa çalışır -fikirləşir ki, yəqin işlədiyi günahlara görə Tanrının cəzasına tuş gəlib, Eyyub peyğəmbər kimi xəstəliyə mətanətlə dözür.
Bəlkə də, indiki halda ən yaxşısı elə budur. Çünki indilərdə «yaxşı həkim»in də böyrək əvəzinə ürəyini əməliyyat etməyəcəyinə heç bir zəmanət yoxdur. Hələ bu əməliyyatı nə şəkildə edəcək, onu da Allah bilir.
Çarəsiz insanlarla bu şəkildə davranmağın bir adı var – marodyorluq.
Bisavad, acgöz həkimlərin cəmiyyətə meydan oxuduğu dövrlər başqa xalqların tarixində də olub. Amma həmin xalqların elitası və ziyalı təbəqəsi bu subyektlərlə necə davranmağın yolunu da bilib.
Məsələn, 17-18 əsrlər fransız ədəbiyyatı «qatil-həkim» obrazları ilə doludur.
Molyerin az əsəri tapılar ki, orada bu tipli həkimlərdən söz açılmasın. Molyerin həkimləri, hansı mərəzə tutulmasından asılı olmayaraq, hamını eyni üsulla müalicə edirlər: ilk növbədə xəstədən çoxlu qan alır, mədəsini yuyur, onlara ot-əncər dəmləyib içdirir, bir sözlə, «ayağını isti, başını sərin saxlamağı, dərindən düşünməməyi» tövsiyə edirlər.
Fransız ədəbiyyatının klassiklərindən olan A. Lesajın məşhur «Jil Blaz» romanındakı həkim Sanqrado da eynən Molyerin həkimləri sayağı «təbabət prinsipləri»ndən çıxış edərək, Valyalidolid şəhərində əsl ölüm epidemiyası törədir…
Bizim xəstələrin karvanlaşıb, dəstə-dəstə xarici ölkələrə üz tutmasından qətiyyən rəncidə olmayan, öz izzəti-nəfsinin qeydinə qalmayan, zamanla heç cür ayaqlaşa bilməyən və xəstələrin cibini güdən həkimlərimizə baxanda fikirləşirsən ki, deyəsən, biz onlarla çox yumşaq davranırıq axı. Belə həkimlərin komik obrazının yaradılmasının (bunun üçün çox da böyük fantaziya sahibi olmaq lazım deyil) və onların özünə təqdim edilməsinin zamanı çoxdan yetişib.
Avropa öz bisavad həkimlərindən böyük ölçüdə məhz bu şəkildə yaxa qurtara bildi – ədəbiyyatın köməyi və ictimai rəydə qeyri-peşəkar həkim fəaliyyətinə adekvat münasibətin formalaşması yolu ilə.
Amma hələlik ki, bu yoxdur, insanlarımız öz münasibətini səssizcə xarici ölkələrin həkimlərinə pənah aparmaqla ifadə edirlər.