Fələyin xərcinə getmiş 400 manat
20 may 2011
17:05
Sizə hardan deyim, kimdən xəbər verim? Talesiz tərcüməçi işindən…
Şərq dillərindən gözəl tərcümələrin müəllifi, şair Mirmehdi Seyidzadə vaxtilə deyirdi ki:
Otururam hər cümə,
Eyləyirəm tərcümə,
Düşünürəm yarayar
Xırda-para xərcimə.
İndiki vaxtda külfəti quru maaşla keçindirmək hardasa imkansızdır. Odur ki, mən xırda-para xərcimə yaraması üçün deyil, uşaqların böyüdükcə artan tələblərini qarşılamaq üçün tərcümə eləyirəm.
Başınızı ağrıtmayım, bir həftə öncə mötəbər bir dövlət idarəsindən hörmətli bir şəxs mənə telefon açdı. Hal-əhval tutduqdan sonra mənim mərifətlərimi sadaladı və xeyli təriflədi. Adətən, belə hallarda dalağım sancır; acı təcrübəmdən bilirəm ki, bu gözəlləmənin sonu yaxşı qurtarmayacaq, don Karleone demiş, mənə elə “təklif” verəcək ki, işlərin bu yoğun vaxtında boyun qaçıra bilməyəcəyəm. Hardasa elə də oldu.
- Mənə bax, sənətkar, - həmin şəxs qılıqlı səslə dedi, - iyirmi səhifəlik bir yazı var, onu rus dilinə tərcümə eləmək lazımdır. Mənə səni məsləhət görüblər, nə deyirsən?
Cavabında indilərdə bərk məşğul olduğum, üstəlik, bir az da özümü xəstəhal hiss etdiyim barədə əzbərdən kiçik imtina nitqi söylədim.
O, məni səbrlə dinlədikdən sonra, guya elə-belə maraqlanırmış kimi soruşdu:
- Sən, ümumiyyətlə, səhifəsini neçədən tərcümə eləyirsən?
- On beş manata, - onu başımdan eləmək üçün ağlıma gələn ilk rəqəmi dedim.
- Dediklərini nəzərə alaraq, sənə iyirmi manat verirəm, - amma vaxt azdır, bir həftəyə tərcüməni təhvil verməlisən!
- On gün! – 20x20=400 beynimdə ani hesablama aparıb guya könülsüz razılaşdım.
- Danışdıq! – Telefonun o başındakı səs özündən razı halda nıqqıldadı.
Şənbə günü idi, adam balası kimi “uik-end” keçirim deyə işə birinci gündən başlamağı qərara aldım. Amma sən saydığını say.
Bazar gününün axşamı anam zəng elədi ki, bəs, Osman kişi ölüb. Mənim adət-ənənə, mərasim, ritual kimi məsələlərlə bağlı başısoyuqluğumu bildiyindən bərk-bərk tapşırdı ki, Osman kişi ailəmizə yaxın adam olub, ona görə də, eləcə görünüb aradan çıxmağa çalışmayım, dost var, düşmən var, qoy görsünlər ki, biz haqq-saya sədaqətli adamlarıq.
Yasda əvvəldən-axıra kimi iştirak elədim, gün axşam oldu. Yasda şivən qurmaq üçün kirayələnmiş arvadların ah-vayı, mollanın cəhalət dövrünə aid moizələri, yağlı dana əti, günün istisi məni elə hala gətirdi ki, həmin gün tərcümə eləyəsi olmadım. Evə gəlib yazı stolumun üstünə qoyulmuş zərli-baftafalı iki dəvətnamə gördüm. Bu da əhvalıma ayrı bir «rəng» qatdı. Açıb gördüm ki, xalaoğlu məni sabah(!) saat altıda nəvəsinin sünnət ,o biri gün isə iş yoldaşım qızının toy məclisinə çağırır.
Gecə saat 12 radələrində telefonuma zəng gəldi. Bu da kim ola, bacanağım!
- Ayə, xəbərin varmı, a qibləsiz, beşinci gün uşaq əskər gedir, - bacanaq telefonda ağlamsındı. – Gələrsən, uğurlayarıq!
Sabahısı günü özüm qız toyuna getdim, xalaoğlumun məclisinə isə nəmər göndərdim.
Uzunçuluq eləməyim, beləcə bütün həftəni “dərd alıb, qəm satdım” və “kef elədim”. Tərcüməyə tərəf baxmağa macalım olmadı belə.
Həftəsonu evdə oturub Azərbaycan insanının bir ritual səviyyəsinə yüksəltdiyi toy-yas, əskərliyə uğurlama, instituta daxil olma, yubileylər (indi tualet işçiləri də özünə yubiley keçirir) və s. və i a. kimi mərasimlərin acısını canımdan çıxarmağa çalışırdım.
Düşünürdüm ki, bu rituallar azərbaycanlının anadangəlmə travmasıdır; azərbaycanlı özünün uydurduğu miflərə dini ekstaz dərəcəsində sitayiş eləyir; həm qohum-əqrəbanın işinə yaramaq, sayı-hesabı bilinməyən toy-yas mərasimlərini yola vermək, evinə gələn qonaqları ağırlamaq, həm də ortaya çıxarılası bir iş görmək – bunlar bir araya sığmır. Belə-belə düşündüyüm yerdə xalaoğlumdan bir ismarıc gəldi. İsmarıca onun nəvəsinin sünnət toyuna göndərdiyim nəmər də əlavə olunmuşdu. İsmarıcı gətirən adam xalaoğlumun sozlərini “olduğu kimi” mənə çatdırdı: “Dedi ki, ona denən, mən onun puluna qalmamışam. Onu sayıb məclisinə dəvət etmişəm, zəhmət çəkib özü gələydi”.
İndi də oturub, istəkli xalaoğlumun könlünü necə almaq və sifarişçiyə nə cavab vermək haqqında fikirləşirəm.
Fələyin xərcinə getmiş 400 manat barədə isə düşünməyə vaxt yoxdur…

4158 dəfə oxunub