Azərbaycan qadını şeir həsr olunmağa layiq deyil?

Emin Piri, şair

Emin Piri, şair

9 fevral 2022
# 09:50

Kulis.az şair Emin Pirinin "Azərbaycan qadını yazıçısını anlamır?!" yazısını təqdim edir.

“Azərbaycan qadını” - ağzını açıb bu sözü deyən kimi bilirsən ki, elə təzəcə torpaqdan boylanıb cücərən Azərbaycanın gənc yazarıdır. Yaxşı ki, Azərbaycanda arvadını döyən kişilər var, ara-bir sevgili münasibətindən danışan bir-iki qlamurka var. Yoxsa gənc yazarların 90%-i işsiz, qonorarsız, maaşsız qalardı. Yazmaq olar e, hamımız yazırıq, amma işi-gücü qadın paltarından boylanaraq nə qədər gileylənmək olar? Qınadığınız "Bu şəhərdə"dən fərqiniz nə oldu?

Mövzu yoxdu? Var, həm də boldur. Sadəcə kasad olan ayrı şeydir.

Azərbaycan qadını Azərbaycan yazıçısını anlamır, başa düşmür və.s. Bu tipli statuslara, yazılara, açıqlamalara "n" qədər rast gəlirik. Bu, yazıçı həssaslığı, ərköyünlüyündən, hər hansı haqsızlığa məruz qalmasından, uğursuzluğa haqq qazandırmaq təhtəlşüurundan irəli gələ bilər. Bəs, Azərbaycan yazıçısı nə istəyir? Sanki əsərlərimizlə qalaktikaları aşacaqdıq, onlar imkan vermir. Nə istəyirik? Sevgi, qayğı, yataq, mətbəx, ütülü paltar, ev işləri, möhtəşəm analıq, əzab-əziyyətə sinə gəlmək, sadiqlik, üstəgəl yazdıqlarımıza, yerli-yersiz vərdiş və ərköyünlüyümüzə anlayış. Bu qədər ideal. Absurd olmadımı?

Bu qədər ideallıq yalnız Tanrıya məxsus ola bilər. Bəlkə axtardığımız məhz Tanrıdı? Elə isə bütün bunları qadından niyə gözləyək?

Sanki bunlar (oxu: Azərbaycan yazıçısı) magik realizmlə oxucunu tilsimləyəcəkdilər, amma yazı masasının yanından keçən yoldaşının ayaq tıqqıltısı bu hipnozu pozdu.

"Patriarxın payızı”ndakı kimi qırılmış yumurtaları kimin hesabına yazmağı düşünürdülər, amma Markes kimi 90-lı yaşlarda hüznlü fahişələri dadmağa bu cəmiyyət, bu cəmiyyətin qadınları mane oldu deyə alınmadı. Qırılmış yumurtaların taleyisə naməlum qaldı.

Əmin olun, bunlar Dostoyevskidən də böyük əsərlərini ehtiyatda saxlayırlar. Sadəcə bir maneə var. O ədib kimi arvadlarının nişan üzüyünü qumara, içkiyə yatırmaq. Bizim yazıçıların arvadları buna könüllü razı olmadığına görə biz də "Cinayət və cəza”, "İdiot” kimi əsərlərdən məhrum olmuşuq. Əsər var, sadəcə, üzüyü qumara, içkiyə yatıra bilmirlər deyə alınmır. Bəlkə də yatırırlar, sadəcə, bundan sonra əcəb etmisən alqışını görmürlər deyə ədəbiyyatdan küsür bu yazıçılar.

"Qoca və dəniz”i yazıblar, hətta ondan da yaxşı əsərləri. Sadəcə Azərbaycan xanımı bizim yazıçıların morfi qəbul etməsini istəmir deyə bu yazıçılarımız da küsüb o əsərləri çapa vermir.

Şeiriyyatda Bayrondan daha ötəsi kimi özlərini dünyada təsdiqlədə bilərlər. Amma bir “əmma” var. Onun kimi bir ildə 300-dən artıq sevgili dəyişmək. Azərbaycan xanımı bunu anlamır deyə dünya bizim böyük dahilərdən məhrum olub.

Əsərlərlə deyil, qeyri-sağlam yaşam tərzinin müqayisəsi ilə yazıçı həssaslığı insani hiss deyil, sadəcə xəstəlikdir. Sadəcə içlərində yatan əyyaş, narkoman, qumarbaz obrazını ədəbiyyat adıyla sığortalamaq, müqayisəni mətnlə yox, yaşam tərziylə götürmək ikrah doğurur.

Azərbaycan kişisi heç olmasa, bacara bildiyi sahədə - mətnində Azərbaycan xanımına necə toxunub? İstisnaları kənara qoyaq. Yaşlı qadınlarımız əsasən küpəgirən, deyingən, evlər yıxan obrazdı. Xarici mətnlərdəsə o qoca nənələri sadəcə sevə bilirsən. Bəzi "cadı” -sehrbazları çıxmaqla.

Gənc xanımlardansa, əksər hallarda başı batmış əğyara yar olan, vəfasız və.s. Bircə gözəlliyindən danışılır. Daxili dünyasına, ruh aləminə böyük hallarda keçid edilmir. Uzaqbaşı özü gözəl, daxili dünyası olmayan hərəkət edən "ət” kimi. Nə qədər incələsəniz də, aşağı-yuxarı mətnlərimizdə faiz çoxluğu belədir. Hə, yarada bilinən müsbət obrazların böyük əksəriyyəti isə mətn kimi uğursuzdu.

Heç nə yox, "Gombul” da yazıçının bir fransız fahişədən necə qəhrəman obrazı yarada bilməsini düşünsək, biz mətnlərimizdə xanımlarımıza nə qədər haqsız yanaşmağımızı görə bilərik. Əlbəttə, bu əsərdə əxlaqın əslində həyat tərzi və.s ilə əlaqəli olmaması, bəzi vətənpərvərlərin əslində necə işbaz olması mənalanmalarını müzakirə etmirəm. Bu ayrı mövzunun müzakirəsidir. Amma nəticə ortada.

İlişib qalmışıq Milenalarda, Dianalarda. A kişi, şeirimizdə belə Azərbaycan xanım adlarını çəkməyi onlara çox bilirik. Ya da bizim şairlərin düşüncə tərzində Azərbaycan qadınının adı ya bayağıdır, ya da bu həsr edilməklərə layiq deyil. Ona görə həsr etdiyimiz şeirlər avropalı xanım adlarına müraciətlədir. Bunun Günelləri, Aynurları, Könülləri, Günayları, Aytəkinləri, Aynurları hanı?! Guya inteqrasiya edirik də, biz müasir avropalı şairlərik, axı. Əmin olun ki, bizə gözəl görünən bir çox əcnəbi xanım adları vaxtilə onların Tükəzbanları, Fatmanisələri olub. Adı sevdirən adın məxsus olduğu insanın özünün necə uğur qazanması və məlum əsərlərlə necə sevdirilməsidir.

Azərbaycan qadını olmasaydı Azərbaycan yazıçısı ən yaxşı halda bomj olardı. Özümdən bilirəm. Göydən uydurmuram e, elə öz təcrübəmdən, tanıdıqlarıma əsasən deyirəm.

Heç zad, Azərbaycan qadınının daşı düşsün təpənizə.

# 4055 dəfə oxunub

Müəllifin son yazıları

# # #