Kulis.az gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.
33 yaşın şeiri
onu heç nə gətirmir,
aparır fikir məni.
İsa yaşlı sevgilim
çarmıxa çəkir məni.
əllərim mismarlanıb
göyə, duadan ötrü.
gözlərim iki Məryəm,
ağlar İsadan ötrü.
ondan bir də doğulmaz,
onu gəzmək günahdı.
onu görməyin yolu
gözünü qapamaqdı.
o, hər yaşda eynidi,
dəyişməz gözəlliyi.
onun çox ağıllıdı
tərsliyi, dəcəlliyi.
o, indi burda yoxdu,
amma burdadı indi.
o, onu alanın yox,
o, onu sevənindi.
mənimdi, təkcə mənim,
aləmin xəbəri yox.
onu özüm doğmuşam,
Məryəmin xəbəri yox...
Süpürgəçi qız
küçəsinə kim su səpər
küçəni süpürən qızın?
üzündən toz-torpaq öpər
bəxtinə tüpürən qızın.
unudub bütün aləmi
elə öz işini görür.
oturub dincələn kimi
qaşları da yer süpürür.
süpürgənin üstündəki
saçaqları yolur bir-bir.
öyrənmək istəyir sanki
Sevir, sevmir, sevir, sevmir…
Zibil Qutusu
O, sevgiyə inandığı gündən zibilə düşdü,
zibilə düşdüyü gün sevgiyə inandı.
İnandı ki sevgi zibil kimi bir şeydi,
inandı ki adam cildində sevgi olmur.
dedi ki zibilə qalsın bu sevgini!
O gündən sonra zibil qutusunu sevməyə başladı -
yazdığı məktubların hamısını ora göndərdi...
***
(Cəlil Cavanşir üçün)
Eşitmədim bir anonsda desinlər ki:
"gözəl günlər gələcəklər!"
Bayquş yuvasıdı ürəklər...
bəxtlər şimal ayısıdı...
bir şairin bir gecəlik darıxmağı
bir qadının üç mövsümlük sancısıdı...
Ölümlə məzələnir adamlar,
getməyə yeri qalmayan bir gənc indi hara getsin?
onu kefmi məcbur edir durub intihara getsin?
Guya heç kim bilmir ki,
ehtiyaca yıxılmaq da,
cəmiyyətdən çıxılmaq da,
bir tikə çörəkdən ötrü
özündən ağır bir daşın altına soxulmaq da
intihara təşəbbüsdü
və intihar bu dünyayla o dünyanın
arasında beş dəqiqəlik tənəffüsdü.
Səndə də az yoxdu, abi,
bilirəm,
bir gün sən də özünü öldürəcəksən,
əcəl qapını döyəndə deyəcəklər ki:
elə o da səni qarşılamağa çıxdı...
Sevginin bir üzü
Sevginin bir üzü qaradı həmişə
qadın kişini sevir ki başqa birini unutsun
kişi qadını unudur ki başqa birini sevsin
qadının sevdiyi kişi çarədi
kişinin sevdiyi qadın çarəsizlik
Sevginin bir üzü qaradı həmişə
qadın sözündə durur və kişi kimi unudur kişini
kişi qadın kimi ağlayır qadının kişiliyinə
və qadın bir az da unudur
baxıb kişinin qadınlığına
Sevginin bir üzü qaradı həmişə
qadın kişini söyür ki sevməsin
kişi qadını sevir ki söyməsin
qadın kişiyə içini boşaldır
kişi qadına ürəyini
Sevginin bir üzü qaradı həmişə
qadının gözəlliyi kişini kor eləyir
kişinin korluğu qadının gözünü açır
qadın gözəl olanda kişi evindi
kişi kor olanda qadın küçənin
Sevginin bir üzü qaradı həmişə
qadından kişiyə xatirə qalır
kişidən qadına qoxu
kişi qadının heç nəyidi
qadın kişinin var-yoxu
Svginin bir üzü qaradı həmişə
orda ya qadın olur ya kişi
ikisindən biri çatmır
qadının kişi yanında nə ölümü
kişinin qadın yanında nə işi