Elvin Bakiroğlu
“örneğin biraz da trajediden bahsedelim
ameliyatla şair oldum ben, ameliyatla yalnız kaldım
diz çöktü çocukluğum cerrahın önünde:
kurtarın lütfen onu, ben onsuz ne yaparım?!”
(məsələn bir az da tragediyadan bəhs edək
əməliyyatla şair oldum mən, əməliyyatla yalnız qaldım
diz çökdü uşaqlığım cərrahın qarşısında:
yalvarıram onu xilas edin, mən onsuz neylərəm?!)
Çağdaş Türk poeziyasında sözün hər mənasında at oynadan arıq, çəlimsiz bir şair var: Küçük İsgəndər. Cılız olmağı sizi aldatmasın. O, söz atını cəsarətlə hər yerə çapır. Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində düz beş il təhsil aldıqdan sonra sonuncu kursda oxumaqdan imtina edir. Onun “dəli”liyi bununla bitmir. Daha sonra həmin universitetin sosiologiya fakültəsinə qəbul olur və 3 il oxuduqdan sonra burdan da könüllü şəkildə ayrılır. Yerə-göyə sığmayan, özünə yer tapmayan, bu dəliqanlı gənc öz yolunu ədəbiyyat istiqamətində tapır.
“bu gecə ilçeyken il oluveriyor yalnızlığım” (bu gecə qəsəbəykən şəhər olur yalnızlığm),
“ben ölürsem karakutumu bulamayacaklar” (mən ölsəm, qara qutumu tapa bilməyəcəklər)
“Varlık”, “Adam Sanat”, “Yasak Meyve” kimi populyar dərgilərdə yayımlanan şeirləri çoxluğun diqqətini çəkir. Onun dərgilərlə başlayan ədəbiyyat macərası, şöhrəti dünyanın bir çox ölkələrinə qədər uzanır. Kanadada çap olunan “Descant” adlı ədəbiyyat dərgisinin Türkiyəyə həsr olunmuş xüsusi nömrəsində şeirləri dərc olunur. 2000-ci ildə İtaliyada təşkil olunan Avropalı Gənc Şairlər müsabiqəsində ilk onluğa daxil olur və bu şairlərlə birlikdə çap olunur. Türkiyədə Orhon Murat Arıburnu adına şeir müsabiqəsində “Bir çift siyah deri eldiven” şeir kitabı birinci yerə layiq görülür.
2001-ci ildə Almaniyanın, 2002-ci ildə Hollandiyanın fərqli şəhərlərində mühazirələr oxuyur. Bir müddət ssenarilər yazır, radioda işləyir, kinolarda rol alır.
Bu günə qədər şeir kitablarıyla yanaşı bir gündəlik, üç roman, iki xüsusi məqalə, bir araşdırma və bir antologiya kitabı yazıb.
Onun misralarındakı sözlər psixoloji mərhələlərlə sıralandığına görə oxucunu çətinə salır. Bu isə sürrealizm yoludur. Yəni gerçəyin özü deyil, əksi deyil, onun insanda buraxdığı izdir.
“kalbim bir içsavaşta kaybettiğim fosfor at” (ürəyim bir daxili müharibədə itirdiyim fosforlu atdı)
“ben kanıma kırmızı rengi veren kişiyi kaybettim” (mən qanıma qırmızı rəngi verən insanı itirdim)
“amatör balıkçının leğeninde iki istavritiz seninle, ölüme beş kala ölümle canlı telefon bağlantısı kuran” (həvəskar balıqçının ləyənində iki istavrit balığıyıq səninlə, ölümə beş dəqiqə qalmış ölümlə canlı telefon bağlantısı quran)
“seni ilk gördüyüm gün bir martı oydu iki gözümü de” ( səni ilk dəfə gördüyüm gün bir qağayı deşdi iki gözümü də)
“kibar bir orospuyum ben, bunu da yazdım kumsala, tırnaklarına gözyaşı ojeleri süren” (kübar bir fahişəyəm mən, bunu da yazdım qumsala, dırnaqlarına gözyaşından boyalar sürən),
Postmodernizmlə sürrealizmin qabarıq olmasıyla bərabər başqa izmlərə də rast gəlmək olar Küçük İsgəndərdə. Hətta bütün izmlere desək, yanılmarıq. Çünki onun şeir süzgəcindən Divan ədəbiyyatının klassik vəznləri belə keçir. Romantizmin ən uc nöqtələrinə toxunmağı da, eybəcər pozalarda pornoqrafik mənzərələr çəkməyi də bacarır. Onun bir şeirini oxuyub kövrəlmək, digər şeirini oxuyub diksinmək olar. Ancaq bütün bunlarla yanaşı heç bir izmə, heç bir vəznə sona qədər sadiq qalmır. Çərçivələri dağıtmağı sevir, lakin yeni çərçivələr də yaratmır. Başlanğıcının və sonunun məchul olduğu bir dünya qurur. Hər şeydən və hər cür yaza bilir. Onun nəyi yazmaq, ya da necə yazmaq problemi yoxdur. O, bütün kompleksləri alt-üst eləyən novator şairdi.
“kendi kapımı çalmak mecburiyetinde kalmıştım, içerde olmadığımı bile bile” (öz qapımı döymək məcburiyyətində qalmışdım, içəridə olmadığımı bilə-bilə),
“kötü yola düşmüş gecelerden geliyorum, kusura bakma gözlerim bir az kirli” (pis yola düşmüş gecələrdən gəlirəm, bağışla, gözlərim bir az kirlidi)
Əbəs yerə deyil ki, şeirlərinin məzmunu və lüğət tərkibi sərhəd tanımır. Yeni uydurma ifadələr, xarici adlar, xüsusi isimlər, terminlər, deformasiyaya uğramış zərbi-məsəllər və atalar sözləri, vulqar sözlər, hərfi oyunlar onun şeir dilinin ayrılmaz hissələridir. Yaratdığı dünyanın söz atmosferində ilk baxışda anlaşılmaz bir xaos, qəribə bir qarışıqlıq sezilir. Bu da onun marjinal xarakterə sahib olduğundan xəbər verir. Küçük İskender elə bu sifətlə daha çox anılır: Marjinal şair - dəyişkən, üsyankar, çılğın, polemikaçı və s.
Daha dəqiq desək, cəmiyyətlə əlaqə qurmağı bacaran, sadə vətəndaş kimi cəmiyyətə qaynayıb-qarışa bilən, ancaq geyim-keçimiylə, həyat tərziylə, düşüncə və təfəkkür formasıyla son dərəcə fərqli.
“Ne idüğü belirsiz kelimeler takip ediyor beni” (hardan gəldiyi, nə olduğu bilinməyən sözlər izləyir məni)
“seni ne çok öldürmüşler anne
beni ne çok dövmüşler
artık evlenelim anne hayata karşı
ve gel beraber kaybedelim bu mor savaşı
benimle birlikte intahar et anne”
(səni nə çox öldürüblər, ana
məni nə çox döyüblər
artıq gəl evlənək, ana, həyata qarşı
və gəl bərabər uduzaq bu bənövşəyi savaşı
mənimlə birlikdə intihar et, ana)
Qərarı isə özünüz verin, Küçük, yoxsa Büyük İsgəndər?