Biz müstəqilliyimizi zərrə-zərrə, canımız və qanımız bahasına qazandıq. Ona sarı addım-addım, zaman-zaman yol aldıq. Bu cür addımlardan başladı azadlığın müqəddəs yolu. İnsan öz həyatının azadlığı uğrunda çarpışa bilər, sevgisinin azadlığı üçün mübarizə aparar. Amma bu azadlığın bütün dövlət və xalq miqyasında əldə edilməsinə çaba göstərmək seçilmiş hünərməndlərin, yüksək zəka və intellekt sahiblərinin əməl göstərisicidir. XX əsrin əvvəllərində, 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması belə bir əqidə və məslək birliyinin təzahürü, vətənə “can nisar eləmək” fədakarlığının nəticəsi idi.
“Mən bir əsir idim, hürr olmaq istədim. Zəncirlərimi qırdım, qalanın divarını dəldim və açığa çıxaraq dərin bir nəfəs aldım. İndi önümdə geniş bir çöl vardı. Nərəyə gedəcəyimi, nasıl davranacağımı bilmirdim. Tərəddüdlə bir neçə addım atdım. Kəndimi iki yolun ayrıcında buldum və buraya dikilən bir dirək üzərində bu yazını oxudum:
Sol tərəfə gedən yol hürriyyət yoludur.
Sağ tərəfə gedən yol köləlik yoludur.
Sol tərəfi aldım. Sabaha qədər yürüdüm. Şəfəq sökülərkən kəndimi bir qalanın önündə buldum. Qalanın qapısı üzərində altun xətt ilə yazılı bu lövhəni oxudum:
“Sərbəst insanlar ölkəsi!” (Əhməd Ağaoğlu. “Sərbəst insanlar ölkəsi” əsərindən)
Onlar hamısı, Cümhuriyyəti yaradanlar- M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaçov, Ü.Hacıbəyli, N.Nərimanov, N.Yusifbəyli, C.Hacıbəyli, S.Məmmədzadə, habelə C.Məmmədquluzadə, M.Hadi, Ə.Cavad, H.Cavid və başqa millət çəfakeşləri soy, qan və gen birliyini hər şeydən uca tutub “elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmış bir millət çıxardaq” (M.Ə.Rəsulzadə) məramı ilə ölkə insanlarının sərbəst yaşayışının əldə olunmasına, xalqın milli-mənəvi dəyərlərinin, ədəbi irsinin qorunmasına, türklük və azərbaycançılıq ideallarının təbliğinə, islami dəyərlərin təlqin olunmasına ömür sərf edən mənəviyyat sahibləri idilər.
Həmçinin bu böyük nailliyyətin qazanılması tarixi ənənənin, XIX əsrin sonlarında fəaliyyət göstərən M.F.Axundov, H.Zərdabi, M.Ə.Sabir, A.Şaiq və b. kimi şəxsiyyətlərin milli mənlik şüurunun oyanışına xidmətinin və xalqın öz iradi-mənəvi keyfiyyətlərinin təzahürü idi. Bu mənada, “demokratik respublika –Azərbaycanda humanitar milli ənənənin, ədəbi, hüquqi, fəlsəfi fikrin, milli “mən” və milli dövlət şüurunun, bütövlükdə xalqın azadlıq hərəkatının tarixən qanunauyğun və məntiqi yekunu kimi təşəkkül tapmışdı” ( Y.Qarayev) və M.Ə.Rəsulzadənin yazdığı kimi, Azərbaycan xalqının öz ruhundan doğan bir ümummilli hərəkat, hadisə idi.
Tipik hadisələr tipik şəraitdə, onun varlığını gerçəkləşdirən zaman və məkan hüdudunda yetişir. 1918-ci ilin 28 mayında yaradılan Azərbaycan Demokratik Cümhuriyyətinin də yaranışını şərtləndirən müəyyən tarixi şərait gəlmişdi. Mirzə Cəlilin məşhur ifadəsini bir balaca dəyişib desək, Azərbaycan Demokratik Respublikasını zəmanə özü yaratdı.
1918-ci il aprelin 22-də yaradılan Zaqafqaziya Federativ Demokratik Respublikası cəmi bircə ay mövcud oldu. 1918-ci ilin mayın 26-da Federasiyanı Gürcüstan, 28-də isə Azərbaycan tərk etdi. Zaqafqaziya Seyminin Müsəlman Milli Şurasının sədri M.Ə.Rəsulzadənin simasında Azərbaycanın müstəqilliyi elan olunub müvəqqəti Milli Şura yarandı.
Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olunsa da, istiqlala qovuşma məqamı, bu işi gerçəkləşdirmək haqqı həmin ilin 15 sentyabrında mümkün olmuşdur. Bildiyimiz kimi, həmin il erməni vəhşiliyinin tüğyan elədiyi bir dövr idi. Erməni-rus sövdələşməsinin nəticəsində 1918-ci ildə 21 mart hadisələri - kütləvi genosid törədilmiş, iki gün ərzində otuz min azərbaycanlı öldürülmüşdür.
Azərbaycan və Türkiyə arasında 1918-ci il 4 iyun tarixində bağlanmış “Daimi sülh və möhkəm dostluq münasibətləri” müqaviləsinə əsasən Nuru paşanın rəhbərliyi ilə Türkiyə ordusu və Azərbaycanın milli ordusu 15 sentyabr 1918-ci ildə Bakını bolşevik və daşnak qüvvələrindən azad etmişdir. Milli Şuranın sədri M.Ə.Rəsulzadə “Haqq yerini tutan gün” adlı məqaləsində həmin tarixi günü mayın 28-ə bərabər tutmuş, hətta “ Eylülün 15-i olmasa, mayısın 28-i bir sənəsini doldurmadan yox olub gedərdi. Azərbaycan üçün bir baş şəhər deyil, əfsanələrdəki “can şişəsi” kibi olduğunu nəzərə alaraq, həqiqi istiqlal gününün eylülün 15- i olduğunu qəbul etməliyiz. Mayısın 28-də böyük bir haqq elan edilmiş, eylülün 15-də isə bu haqq gerçəkləşdirilmişdir”- deyə daha artıq dəyərləndirmişdir.
Cəmi bir il on bir ay ömür sürən Azərbaycan Demokratik Respublikası, Cümhuriyyət dövrü xalqa nə verdi, yaxud milli yaddaş tarixində hansı xidməti, tarixi haqqı ilə iz qoydu. Fəaliyyət göstərdiyi qısa vaxt kəsimində Azərbaycanın ərazisi bərpa olundu, güclü və mətin milli ordu yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, onun milli atributları - gerbi, bayrağı, himni müəyyənləşdi.
Milli Hökumətin önəmli addımları onun elm, təhsil, mədəniyyət sahəsində daha funksional olmuşdur. Bu bəlkə də onunla əlaqəli idi ki, Milli Hökumətin tərkibində təmsil olunanların böyük əksəriyyəti elm və sənət xadimləri, ziyalılar idilər. Belə ki, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı, Azərbaycan Dövlət Teatrı, “Teatr xadimləri cəmiyyəti”, “Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti”, “Yaşıl qələm” ədəbi birliyi açılmışdır. Rəsmi statistikaya görə, Azərbaycanda 1919-cu ildə 700 məktəb açılmış və təxminən 48780 şagird bu məktəblərdə təhsil almışlar.
Əlbəttə, bütün bu xidmətlərin miqyası bizim sadaladığımız faktlardan da dərin və genişdir. Lakin Cümhuriyyət dövrünun tarixi əhəmiyyətli addımı ilk növbədə, xalqın milli şüurunun oyanışına, milli kimliyinin tanınmasına, onun özgürlük meyvəsini dadmasına verdiyi əvəzsiz xidməti ilə ölçülməlidir.
Bədnam Sovetlər İmperiyası xalqın bu istiqlal və azadlıq haqqını 1920-ci ilin aprelindən etibarən yetmiş ilə yaxın bir vaxt ərzində onun əlindən aldısa da zamanın azacıq imkan yaratdığı məqamında xalq öz istiqlalına qovuşdu, Azərbaycan 1991-ci ilin oktyabrında yenidən müstəqilliyini elan etməklə əsrin əvvəllərində qazanmış olduğu hürriyyətin tarixi varisi olduğunu isbatladı.
“Tarixi nöqteyi-nəzərdən keçmiş adlandırılan şey-bizim arxada qoyduğumuzun ölçüsüdür, o şeydir ki, İndi ilə kəsişmir, ona müdaxilə etmir və məhz bu şərt daxilində, bilik kimi istifadə oluna bilir, o şeydir ki, obyektiv təcrübə məxəzi tək ona əsaslanıb, İndi, bu dəm Gələcəyə yönəli qərarlar verir, fəaliyyətimizi qururuq” (Hans-Ulrix Humbrext). Deməli, “bütün həyatımız boyu bizim “indi”dən başqa heç nəyimiz yoxdur” (Artur Şopenhauer). Amma bu günkü “indi” sabah üçün keçmişə dönəcək (keçmiş elə gələcəkdədir) və bizdən yaşanan bu gün-indi üçün hesabat sorulacaq.
Tarix yalnız yaddaşa və idraka çökəndə (yalnız onda!) şüuru manqurtluqdan, sklerozdan xilas etmək mümkün olur. “...ərazinin bütövlüyü də, hər şeydən əvvəl, yaddaşın böyüklüyü, qədimliyi və bütövlüyü ilə qorunur.” Tarixsə nəinki “müəllim olmaqdan qalır” (Alber Kamyu), əksinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş olur.
Hər halda XX əsrin əvvəli və sonu arasında harmoniya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut etdi ki, “tarixdən heç kəsin heç bir dərs götürməməsi” bizi yaşanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə vadar edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək lazımdır.
Son illərin təcrübəsi göstərir ki, indi təfəkkürdə məhz belə katarsis işi gedir, milli ruhun yenidən bərqərar olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi üçün elmi konsepsiyalar, doktrinalar, təlimlər işlənib hazırlanır. Vahid, yekparə və bütöv bir təlim olan Azərbaycançılıq dövrün ən vacib, ən zəruri ideyası kimi yenidən xalqa qayıdır və xalq yeni təfəkkürünü məhz bu ideyayla dolğunlaşdırmağa çalışır.
Xalqın milli mənlik şüurunu dirçəltmədən, ona böyük əxlaqi keyfiyyətlər-milli vətənpərvərlik, milli ovqat, mili ləyaqət hissi aşılamadan vahid ortaq məxrəcə-milli birliyə səsləmək müşkül məsələdir. Azərbaycançılıq ideyalarının təşəkkül tapması və praktiki surətdə həyata keçirilməsi uğrunda mübarizənin beşiyi başında həmişə Azərbaycanın sağlam ziyalıları və milli münəvvərləri durublar.
Azərbaycan Demokratik Cümhuriyyətini təmsil edən yüksək zəka sahiblərinin də əməlləri onların belə bir tarixi-mənəvi missiyanın fəal və layiqli daşıyıcısı olmaq prioritetini nümayiş etdirdməsinin sübutudur.