Neçə gündür dünya mediası, sosial şəbəkələr, insanların söhbətləri yalnız bu mövzudadır – Fransadakı hadisələr diqqət mərkəzindən uzun müddət düşməyəcək. Bu hadisələrin doğurduğu suallar bitmək bilmir və çox ağır mübahisələrə gətirir, konkret bizim onsuz da atomlaşmış cəmiyyətimizi isə sanki xəyali cəbhələrə bölməkdədir.
Nə suallarıdır bunlar – dinin cəmiyyətdə rolu, karikatura və satira zərərdirmi, söz azadlığının sərhədi haradadır və onu kim müəyyənləşdirir? Hadisə Avropada baş verdiyi üçün qısa bir ekskurs edək.
Xatirimdədir, 1990-cı ilin payızı olardı, “Tanrıların qürubu” adlı, o zaman sovet cəmiyyətinə tamamilə naməlum olan beş müəllifin fəlsəfi esselərindən ibarət bir kitab rəflərdə peyda oldu. Sovet İttifaqında ideologiya maksimal zəifləmişdi, o üzdən bu müəlliflərin - Nietzsche, Freud, Fromm, Camus və Sartre – nəşrinə icazə verilmişdi. Sonradan mənə aydın olacaqdı ki, sovetlərdə ideologiya nə qədər zəifləsə də, hətta bu məcmuə də boşuna tərtib edilməmiş, sovet cəmiyyəti üçün “arzuedilməz” sayılsa da, bu müəlliflərin məhz dini tənqidə aid mövzudakı esseləri yer almışdı.
Mütaliədən alacağım xəyali həzdən əllərimi ovuşduraraq müəllifi Nietzsche olan ilk essedən, o zaman mənim üçün müstəsna hesab etdiyim filosofdan başladım. Lakin oxuduğum cəmi bir neçə fəsil məni tamamilə şaşırtdı, “Antixristian. Xristianlığın lənəti” adlanan bu essedə müəllif hədindən artıq ehtiraslı şəkildə bu dini yamanlayır, Avropanın bütün fəlakətlərini məhz bu dində görürdü. Essenin bu qədər dərin pafosu sovet ateizmi (bu əslində daha çox cəhalət idi) ruhunda tərbiyə almış birisi kimi mənə anlaşılmaz görünürdü, çünki yazıda bəhs edilən məsələlərdən tamamilə bixəbərdim, eyni zamanda sovetlərdə dinə son 70 ildə faktiki qadağa qoyulduğu üçün ona bütün sovet incəsənətində, xüsusən dissident-intellektualların əsərlərində dərin bir sayğı vardı. Bu səbəblərdən essenin mahiyyəti və yazılma səbəbləri mənə uzun sürə keçdikdən sonra aydın oldu.
Tarix boyu istisnasız olaraq bütün dinlər, müxtəlif inanclar və ideologiyalar şərin əlində çox güclü və təsiredici alət kimi istifadə edilib. Misal üçün adı yuxarıda çəkilən xristianlığın nələr törətdiyini lap kiçicik xülasə ilə - səkkiz səlib yürüşü, inkvizisiya, indulgensiya, autodafe (tonqalda insanların yandırılması), işgəncələr, konkista (ispanların Amerikanı dini müharibə bəhanəsi ilə işğalı) xatırlaya bilərik. Xristian kilsəsi və bu din demək olar ki, Reformasiyaya qədərki 15 əsr ərzində Avropada istənilən sahədə - elm, təbabət, texniki tərəqqi, incəsənət, və s. - bütün mütərəqqi nə vardısa onun qarşısında keçilməz bir hədd olmuşdur. İstənilən insanın sadəcə bir şübhəyə görə çox dərin işgəncələrə məruz qalıb tonqalda yandırılması çox adi, kütləvi və ictimai bir hal idi – halbuki bu təlimdə ən əsas şərt kimi insanlara sevgi və mərhəmətdən bəhs olunur, demi?
Bunların dinə, xristianlığa nə aidiyyəti var - tipli sualları verənlər olacaq əlbəttə. Əgər aydın deyilsə, onda sovetlərdə baş verən dəhşətlərin kommunizmə, elə faşistlərin törətdikləri vəhşiliklərin nasional-sosializm təliminə nə aidiyyəti olduğu üzərində düşünün.
Yuxarıdakı misalları istisnasız olaraq bütün dinlər haqda gətirə bilərik, lakin yazının həcmi buna imkan verməyəcək.
Avropanın bütün dünya üzərindəki həqiqi dominasiyası yalnız Reformasiya və Maarifçilikdən sonra başlandı. Əsrlər boyu dinin qoyduğu mənasız tabular qismən də olsa götürülən kimi tarixdə görünməmiş inkişaf məhz burada başlandı. Getdikcə sürətlənən inkişaf Böyük Fransız inqilabından sonra istər dinin, istər hakimiyyətin tam desakralizasiyasını zəruri etdi. Bundan sonrakı hadisələr isə Ən yeni tarix adlanır və bu tarixdə bir toplum kimi yalnız Avropa iştirak edirdi, çünki başqa toplumlar, onlarda bu inkişafın baş verməməsi səbəbdən artıq tarixdən kənarda idilər. Yarandığı gündən Avropaya alternativ rolunu oynaya bilən islam toplumu burada birinci idi. Vəziyyət bu gün də dəyişilməmişdir, çünki ilk olaraq təfəkkürdə dəyişiklik edilməlidir.
Bir anlıq təsəvvür edin – Avropada yenə də bütün qitəni insan yandırılan tonqallar basıb, sadəcə kilsənin şübhəsi ilə insanlara olmazın işgəncələr verilir, dəhşətli cinayət törətmiş birisi kilsəyə gəlib “müqəddəs ata, mən adam öldürdüm, nə qədər ödəyəcəm?” kimi suallar verir və orada da bizdə olduğu kimi son 500 ildə heç bir sahədə heç bir açılış edilməmişdir, necə olardı? Əgər Avropada dini reformasiya olmasaydı, din dövlətdən tamamilə ayrılıb insanların sırf intim inancına çevrilməsəydi, hazırkı sekulyar cəmiyyət qurulmasaydı, o zaman mənzərə məhz belə olacaqdı.
Sekulyarizm bəşəriyyəti tonqallardan, işgəncələrdən, təqiblərdən xilas edəcək çox böyük bir nailiyyətdir, o nailiyyət üçün Avropada müstəsna qurbanlar verilib. Avropa elmi, ədəbiyyatı, incəsənəti, fəlsəfəsi müstəsna bir yol keçib, milyonlarla alim, tədqiqatçı, sənət adamı ağır addımlarla bəşəriyyəti hazırkı günə gətirib çıxara biliblər. Avropada dinin aqressiyasının qarşısının alınması zərurətindən yüzlərlə əsər yazılıb, rəsmlərə, karikaturalara gəlincə, bunlar hələ orta əsrlər zamanından, sonra isə Fransisko Qoyyanın yaradıcılığından başlayaraq davamlı olaraq bu günə kimi gəlib. Onun öldürücü satirik rəsmləri və Nietzschenin adı yuxarıda çəkilən, hələ 1888-ci ildə qələmə alınmış çox ağır tənqidi essesi bu yolda yaradılmış yüzlərlə əsərlərdən yalnız bəziləridir. Şübhəsiz ki, bütün bunlar cəmiyyətin rifahına müstəsna xidmətlər edib.
İslam isə bir din kimi bu tənqidin nişanına yalnız son 20-30 ildə, yəni Avropada 1492-ci ildən sonra ilk dəfə böyük müsəlman kütlələri peyda olandan sonra gəlmişdir. Bu da Avropadakı ictimai münasibətlərin istənilən sahədə desakralizasiya zərurətindən irəli gəlir. İstənilən ideologiyanın, dinin, onun vacib fiqurlarının burada toxunulmazlığı tələbi mümkünsüzdür, bunu hər hansı bir individuumun şəxsi ləyaqətinin alçaldılması ilə eyniləşdirmək isə məntiqsizdir, çünki burada məsələ şəxsi deyil, ictimai münasibətlərin, cəmiyyətin müəyyənləşməsindən gedir. Avropadakı müsəlman icmasının böyük hissəsi bu mənada alleqorik zaman maşınına oturub növbəti əsrlərə gəlmiş kimi görünür.
İstənilən dinin bəşərin inkişafını tormozlayıcı faktor olması aksiomadır, XX əsrin dəhşətli təcrübəsindən sonra isə buraya istənilən ideologiyanı əlavə edə bilərik. Bütün bu təcrübələr sübut edir ki, istənilən formada ideologiya (istənilən təlimin və ya dinin şəklində) çox dərin bir bəladır və ictimai münasibətlərin hər hansı bir ideologiyanın (və ya dinin) şərtləri üzərində qurulması faciələrə gətirir.
Hər hansı bir inanc insanın yalnız intim, daxili məsələsi olmalıdır, ictimai yox. Məsələ məhz bu şəkil almayıncaya kimi kataklizmlər yumşalmayacaq, əksinə kəskinləşəcək.
İnkişafın müxtəlif mərhələlərində olan insanların və cəmiyyətlərin dialoqu isə mümkünsüz olur.
P.S. Holokost sualı da veriləcək. Holokost müasir Avropanın kütləvi günahı və faciəsidir, bundan çıxışı da islahda görürlər, daha bir təkrarında yox. Yeri gəlmişkən Vudi Allen və Kventin Tarantinonun bu mövzuda kifayət qədər yumorla danışılan komediyaları mövcuddur.