Hekayə yazıb zibilə düşmək

Hekayə yazıb zibilə düşmək
1 aprel 2011
# 16:15
Bəziləri hesab edirlər ki, yazıçı elə öz həyatını – başına gələnləri yazanda maraqlı olur.
Biri də var, yazdığın başına gəlir. Bax, bu lap maraqlı olur.
***
2008-ci ildə 3-cü kursda oxuyarkən “Strateq” adında hekayə yazmışdım. Hekəyə oxuduğum ali məktəbdə işləyən bir müəllimədən bəhs edirdi. Hekayədə bəzi şeylər uydurma olsa da, adları dəyişdirsəm də, orada oxuyan və çalışan hər kəs söhbətin kimdən getdiyini bilirdilər.
***
Hekəyənin sujeti belə idi.
Guya bir tələbə oğlan - həm də hekəyəni nəql edən- dərs vaxtı mühazirəni deyil, hekayəni yazır. Bu hekayədə mühazirəçi qadını- müəlliməni təsvir edir. Onun haqqında məktəbdə gəzən söz-söhbətləri yazır.

Guya bu qadın çox eybəcərdir, ərə getməyib və gənc oğlanlara tamah salır. Mühazirə boyu tələbə bu təsvirləri yazır. Mühazirənin sonunda müəllimə gəlib onun dəftərini götürüb aparır. Bundan sonra o tələbəni müəllimi təhqir etdiyi üçün qovurlar universitetdən. Amma təbii ki, başqa bir bəhanə ilə.

Hekayənin süjeti qarmaqarışıq idi. Hekayənin içində bir hekayə vardı... Nəsə belə bir şeylər uydurmuşdum özümdən. Hekayə oğlanın əsgər getməsi ilə bitirdi.

***
Bu hekayəni yazdıqdan dərhal sonra o vaxtkı “Alma” və “Proloq” qəzetlərində verdim.

Hekayəni çox adam bəyənmişdi. Məni kim görürdüsə, hekayəni tərifləyirdi. Bu da məni dəhşətli dərəcədə sevindirirdi. İlk yazım idi ki, bu qədər bəyənilmişdi.

İyirmi yaşlı bir gənc üçün təriflənməkdən gözəl nə ola bilər
Sevincimdən göylərdə uçurdum.
***
Ancaq bu sevinc çox çəkmədi. Təxminən bir ay sonra, dərs vaxtı, qapı açıldı. Dekanın köməkçisi, lap hekayədə təsvir olunan sayağı içəri girdi. Mənə dedi ki, onunla dekanın yanına getməliyəm.

Nə baş verdiyi əvvəl mənə çatmadı. Ancaq bu səhnə mənə çox tanış gəlirdi. Dekanın köməkçisi qabaqda gedirdi, mənsə arxadan. Ona sual verməyə cəsarət etmirdim. Qorxu məni basmışdı. Çünki oxuduğum ali məktəbdə hər xırda şeyə görə adamı qovmaq adət idi.
***
Dekanın otağına çatdıq. Dekan otağında fikirli-fikirli gəzişirdi. Mənsə sakitcə durmuşdum, qəsdən heç nə soruşmurdum. Dekanın katibəsi köhnə makinada nəsə yazırdı. Səsi başıma düşürdü. O, hər hərfi vurduqca sanki mənim beynimə mismar batırırdılar.

Bilirdim ki, nəsə pis şey baş verib.
Dekan gəlib yerində oturdu. Danışmağa başlayan kimi, məsələnin nə yerdə olduğunu anladım.

Mənim yazdığım hekayəni gətirib qoyublar onun qabağına.
O da oxuyub, bilməyib ağlasın ya gülsün. Təzyiqi zadı qalxıb.
Hekayədə onun da sevmədiyi bir qadından bəhs edilirdi. Ancaq bir müəlliməni tələbənin ayağına vermək olmazdı. Dekan məni də çox istəyirdi. Ona görə bu məsələni “nə şiş yansın, nə kabab” prinsipi ilə yoluna qoymaq istəyirdi.

Dedi ki, sən bu hekayə barədə təkzib verməlisən.
Mənsə izah etdim ki, bu bədii əsərdir, hekayədir, uydurmadır. Mən bunu necə təkzib edim ki?

Çox danışdım. Başa sala bilmədim.

Dedi ki, mənə kömək etmək istəyir. Bu hekayə müəllimənin əlinə keçsə, məni bu məktəbdən qovdurmaq üçün əlindən gələni edəcək.
***
Mən də dərhal “Alma”ya gəldim. “Alma”nın redaktoru Zahir Əzəmətlə məsləhətləşdik.

Qəzetdə uydurma bir təkzib yazdıq. Guya hekayədəki bəzi açıq-saçıq səhnələri mən yazmamışam. Redaktor mənim adımdan artırıb. Əslində mənin müəllimlərə çox böyük hörmətim var.

Bu məsələni belə yoluna qoydum. Bir az gec tərpənsəydim, yüz faiz əminəm ki, hekayədəki qəhrəmanın taleyi ilə, mənim taleyim heç fərqlənməyəcəkdi.
***
Bir hekayəyə görə universitetdən qovulmağın nə mənası var idi ki?
Bir dəfə də Seymur Baycanın hekayəsi məni işə salıb. Bunu da gələn yazıda yazaram.

Ədəbiyyat mənə heç vaxt xeyir gətirməyib.
# 1973 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #