İntiharın “Formula”sı

İntiharın “Formula”sı
30 oktyabr 2012
# 15:39

Panem et cicenses (Çörək və tamaşa)


"Biz ölüləri qidalandırmaq üçün diriləri qurban veririk" (İmperator Karakalla)

...Gözümün önündən şütüyür xəbərlər - ildırım sürətiylə. Bir-birinə aman vermədən. Hər biri daha tez və daha çox oxunmaq üçün gülləyə atılan ilan kimi sıçrayır bəbəklərimə: 16 yaşlı qız intihar etdi, 20 yaşlı gənc oğlan özünü yandırdı...

15..., 18..., 20..., 30..., 40...,...75 yaşlı Allah bəndəsi yaşadığı mənzildə özünü asdı, çoxlu sayda həb qəbul etdi, sirkə turşusu içdi...

...Kreativ insan obrazının çeynəndiyi bir cəmiyyətdə təkcə intiharlar kreativ deyil. Bir-birinə bənzəyir.

Yaradıcı təfəkkürün baltalandığı edam kötüklərində eyni sonluqla bitən həyat hekayələri bir göz qırpımında oxunan statik və ruhsuz xəbərlərin sətirlərində can verir.

...Bakı küçələrindən idman avtomobilləri, gözümün önündən intihar xəbərləri... şütüyüb keçir. Şəhərin küçələrinə çökən sadomazoxist aqressiyanın doğurduğu impressionist mənzərə və illərlə davam edən total rahatsızlığa görə ironik həyasızlıqla üzr istəyən kəslərin təfəkkürlərinin karikaturasına bənzəyən lövhələr...

Və cansız, ruhsuz rəqəmlərə çevrilmiş insan taleləri...

...İnsan həyatının statistikaya çevrildiyi cəmiyyətdə İnsan olmaqdan böyük faciə yoxdur, məncə...

...Gözümün önündən və ən kreativ ölümə qucaq açmağa hazır olan beton lövhələrin yanından şütüyür idman avtomobilləri...

...Qədim Romanı, Kolizeyi, qladiator döyüşlərini və mənə görə dünya kino tarixinin ən müdrik nümunələrindən biri olan "Qladiator" filmini xatırlayıram:

- Biz bütün düşmənlərə qalib gəldik, hökmdar.

- Düşməni istənilən vaxt tapmaq olar...

...Bir anlığa idman avtomobillərindən birinin sükanı arxasında keçmək, ən son sürət həddini yığıb beton lövhələrə çırpılmaq, bozumtul, darıxdırıcı intiharlar siyahısına yenilik gətirmək istəyirəm. Həm də analoqu olmayan və ən bahalı intihar yeniliyi...

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

# # #