Stalinə bağışlanan Azərbaycan xalçası

Stalinə bağışlanan Azərbaycan xalçası
18 may 2015
# 11:33

Birinci yazını burdan oxuya bilərsiz.

(Malatya səfərindən ikinci yazı)

Ötən yazımda Türkiyənin Malatya şəhərinə səfərimizlə bağlı qısa məlumat vermişdim. Bu dəfə isə səfərlə bağlı maraqlı bir epizodu ətraflı yazmaq istəyirəm. Söhbət Qori səfərindən gedir. Ondan əvvəl isə deyim ki, Xəyal Rzanın təklifiylə Gürcüstanın Çaladidi kəndinə də səfər eləmək istəyirdik. Orada ağdamlı balası Rahib Məmmədovun heykəli var. Kənd sakinləri 1987-ci ildə, daşqınlar zamanı 28 gürcünü xilas edərək, qəhrəmancasına həlak olmuş azərbaycanlı əsgərə ehtiramlarını hələ də saxlayır, bəzi uşaqlar isə Rahib adını daşıyır. Amma bu arzumuz baş tutmadı. Gürcülər həmin kəndi bizə düz-əməlli tanıda bilmədilər. Bir hissəsi dedi ki, kənd Potidədir, bəzilərisə Samtredianın adını çəkdi. Bəlkə də eyni adlı kənd hər ikisində var. Hər yerdə olduğu kimi...

Nəsə.

Qoriyə Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev kimi məşhur azərbaycanlı ziyalıların təhsil aldığı Müəllimlər Seminariyasını ziyarət eləmək məqsədiylə getmişdik.

Taksi sürücüsünə yaxınlaşıb fikrimizi dedik, o da bizi həmin məkanacan müşayiət elədi. Sən demə, sürücünün göstərdiyi məktəb Qori Ruhani Seminariyasıymış. Seminariyanın administrasiya rəhbəri dedi ki, burada cəmi üç azərbaycanlı təhsil alıb, onlardan biri də məşhur ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovdur. (N.Nərimanovun bioqrafiyasında sadəcə Qori Seminariyası yazılıb). O ki, qaldı Qori Müəllimlər Seminariyasına, ötən əsrin 60-cı illərində oranı söküb, yerində orta məktəb tikiblər. Həmin 9 saylı məktəb Stalin muzeyinin yanındadır. Düzü, bu xəbər bizi məyus elədi. Tarixi bir məkanın sökülməsi xatirələrin və ruhların silinməsiydi...Amma Stalin muzeyini ziyarət bura əbəs gəlmədiyimizi göstərdi.

Öncə onu deyim ki, Qori yığcam, səliqəli, yaşıl və gözəl şəhərdir, bir suyumu bizim Gəncəyə oxşayır...

Görünüşündən miskinlik yağan 9 saylı məktəbin yanındakı Stalin muzeyi əzəmətliydi. Stalin bu şəhərdə doğulub və hələ də ona olan rəğbət saxlanılır.

Muzey geniş həyət-parkla əhatə olunub. Həyətdə Stalinin getdiyi vaqon qoyulub, parkda isə rəhbərin doğulduğu daxma var. Cuqaşvililər burada kirayədə yaşayıblar. Ətraf sökülsə də, həmin daxmaya toxunulmayıb.

Muzey eksponatlarının içində bir neçə redaktə olunmuş əsər var. Qəribədir ki, onların redaktoru şəxsən Stalindir.

Rəhbərə bağışlanmış hədiyyələr saysız-hesabsızdır: samovardan tutmuş müxtəlif cür qəlyanlara qədər. Qəlyan Stalinin ən sevimli “oyuncaqlarından” olub.

Stalinin ilk kitabları, fərman və sərəncamlarının surətləri də burada saxlanılır. Muzeyin həm içində, həm də çölündə bir zamanlar kənddən gəlmiş İosif Cuqaşvilinin çoxsaylı heykəli var.

Stalinlə Voroşilovun portreti əks olunan divardakı xalçanı isə proletar rəhbərlərindən birinə azərbaycanlılar bağışlayıb: faşistlər üzərində qələbə münasibətilə. Xalçanın altında elə belə də yazılıb: Bakı – 1945.

Xəyal Rza dedi ki, muzeyə 30 lari xərcləmək olar, çünki bu muzey Hitleri yıxmış qalib diktatorundur.

Mən də razılaşdım. Repressiya layihəsi rəhbərinin zülmkarlığına baxmayaraq, doğrudan da o, bu savaşdan qalib çıxmışdı. Qalibləri isə mühakimə etmirlər...

3-10 may 2015

# 1752 dəfə oxunub

Müəllifin son yazıları

# # #