Əsgər Rəsulov: bir dost və alim kimi

Əsgər Rəsulov: bir dost və alim kimi
20 fevral 2014
# 12:17

Əlabbas

Bir-iki il əvvəl qəzetlərdən birinin “Dostlarınız çoxdurmu, insanlar niyə dost olurlar?” sualına cavabım səhv-düz belə olmuşdu: «Etibarsızları həə. Mənə görə, əsl dostluq təmənnasız adamların (iki və daha çox) könüllü ittifaqıdı. Fikir vermisinizsə, insan yaşlaşdıqca dostları da seyrəlir».

Təbii ki, mən burda əcəlin əldən aldıqlarını nəzərdə tutmamışam, onu demək istəmişəm ki, axıra darvazası gen, səbri çox, iddiası az olanlar qalır. O sözü deyəndə, dostların şərti olaraq dörd qismə (gərək, görək, çörək, ürək) bölündüyü fikrini eşitməyimdən, nə az, nə çox, bir qərinədən artıq vaxt keçdiyini də söyləməliyəm. Sinnimin bu çağında daha ona da şübhəm qalmayıb ki, zaman dəyişdiyi kimi, bu gün dostların çeşidləri də az qala ədədi silsilə ilə artmaqdadı və tərslikdən bu dünyanın daşı elə qoyulub ki, onların hər biri ilə təmasda olmağa, münasibət saxlamağa istər-istəməz məcbursan, ən azı ona görə ki, insanın dünyaya tənəffüs yolları həm də onu əhatə edən dostları ilədi. Əlqərəz…

Bu yaxınlarda, daha dəqiq desək, mart ayının əvvəlində kiminsə təxmini də olsa, təsnif etdiyi o dostluq bölgüsündə tanışlığımızın lap siftə günündən daima ürək sütununda qərarlaşan Əsgər müəllimin bu dünyayla haqq-hesab çəkməyinin altmış, bizim dostluğumuzun isə düz qırx bir ili tamam olur. Elə burdaca deyim ki, hələ tələbəlik illərindən ona müəllim demişəm. Uzun illər ərzində bu bənzərsiz və halal insanla bağlı müdam müşahidə etdiyim nə olub? İndiyədək tanıdığım dostlar içərisində Əsgər müəllim o təklərdəndir ki, onu həmişə eyni cür görmüşəm. Əvvəl yoldaşlığın, sonra insanlığın, ardından isə dostluğun haqqı nəyi tələb eləyibsə, ona sədaqətlə əməl eləyib. Sonralar bilmişəm ki, bu hələ cavanlıq illərindən ağır oturub batman gələn Əsgər müəllimin simasının dəyişməzliyi, xarakterinin kamilliyi və mənəvi bütövlüyünün elə gözlə də görünən bir fəzilətidi. Qızılgül yağı kimi zərrə-zərrə toplanılan bu yüksək əxlaqi dəyərləri onun yalnız parlaq şəxsiyyətlərə xas bir məharətlə qoruyub saxlamasını isə nədənsə bir qayda olaraq rezusunu heç vaxt dəyişməyən, hamıda anadangəlmə olan qan qrupunun daimi stabilliyi ilə müqayisə etmişəm. Belə insanlar tək-tək olur, belə insanları həyat hər zaman yetirmir. İllah da bizim günlərdə… İllah da mənəvi aşınmanın, özünün ifadəsiylə desək, “mənəvi çölləşmə”nin pik nöqtəsinə çatdığı bir zamanda… Elə burdaca həm xeyirxahlarıma, həm də bu ucu güləbətinli yazının qəhrəmanına bir deyəcəyim var: “Qiyamçı”da mənlik və şəxsiyyətini hər şeydən üstün tutan birsifətli Qəyyum, “Qaraqovaq çöllərində” Qüdsi və Zülfü, “Başsağlığı”nda Seyfəli kimi müəllimlərin və digər ədəbi obrazlarımın ətə-qana dolmasında Əsgər müəllimin xarakterindən süzülüb gələn müxtəlif insani dəyərlərin müstəsna rolu olub və bu gün bunu gizlətməyimin artıq elə bir mənası da qalmayıb; altmış yaş ağacdələn kimi elə mənim də qapımı döyhadöydədi, o taqqıltıları artıq mən də eşidirəm… Publisistik yazılarımda Əsgər Rəsulov isminin niyə elə ehtiramla, dönə-dönə və sıx-sıx çəkilməyinin bir nədəni onun öz halal haqqıdırsa, digəri də məhz budur. Zəhmət çəkib çox da uzağa getməmişəm, mənə sadəcə ona pünhan nəzərlərlə göz yetirmək, xırda-para müşahidələr aparmaq qalıb… Beləliklə, kimdi Əsgər müəllim?

Bir daha sizlər də tanış olun: Əsgər Rəsulov 3 mart 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Elə oradaca orta-internat məktəbini bitirib. Bir il fəhlə işləyib. 1971-ci ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini 1976-cı ildə fərqlənmə diplomu ilə bitirib. SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsi xətti ilə dörd il Türkiyə Respublikasında tərcüməçi işləyib. 1980-ci ildən bu günə qədər məzunu olduğu təhsil ocağında baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. 1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent işləmişdir. 1983-cü ildə filologiya elmləri üzrə namizədlik, 2005-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2012-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

***

Bu rəsmi statistikanın, ilk baxışda çox yığcam görünən tərcümeyi-halın arxasında şərəfli bir insan həyatı, zəhmətsevər və yorulmaz bir tədqiqatçı ömrü dayanır. Ə.Rəsulov respublikamızda birinci dəfə 1989-cu ildə nəşr olunmuş və bu günə qədər hər dəfə yenidən işlənib təkmilləşdirilərək müxtəlif illərdə dörd dəfə nəşr edilən ilk “Türk dili” dərsliyinin (prof.R.Rüstəmovun həmmüəllifliyi ilə), eləcə də “Türk sənədli-bədii nəsri”, “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili”, “Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti”, “Dilmanc” kimi 10-a yaxın kitabın, 15 fənn proqramının, ölkəmizdə və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. 20-yə yaxın kitabın ixtisas və tərcümə redaktoru olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvü olan Əsgər müəllim indiyə qədər 20-yə yaxın elmlər və fəlsəfə doktoru dissertasiya işinin məsləhətçisi, rəhbəri və rəsmi opponenti olmuşdur.

Türk dilinin kamil mütəxəssislərindən sayılan şərqşünas-alim, eyni zamanda lüğətçilik sahəsinin də peşəkarlarından biri hesab olunur. İlk dəfə 1988-ci ildə professor R.Rüstəmovla birlikdə tərtib etdiyi «Türkcə – azərbaycanca – rusca dilçilik terminləri lüğəti», eləcə də 2000-ci və 2012-ci illərdə nəşr etdirdikləri «Türkcə – azərbaycanca – rusca; Azərbaycanca – rusca – türkcə; Rusca-türkcə-azərbaycanca dilçilik terminləri lüğəti» bu yöndə fəaliyyət göstərən alim, aspirant, tələbə və mütəxəssislərin stolüstü kitablarındandır.

Görkəmli türkoloq eyni zamanda filologiyamızın çox vacib sahələrindən sayılan tərcümə işinin elmi-nəzəri prinsiplərinin işlənib hazırlanmasında da söz sahiblərindən biridir. Elmi əsərlərindən bir neçəsi bu mövzudadı və söz yox ki, onların içərisində 2007-ci ildə nəşr olunan «Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili» monoqrafiyası olduqca önəmli yer tutur. Əsgər müəllim müasir tərcüməşünaslığın nəzəriyyəçisi kimi çıxış etməklə yanaşı, həm də bu sahənin təcrübəsini də bilavasitə yaşayır, türk dilinə və əksinə tərcümələr edir. Türk dilindən Azərbaycan dilinə çevrilən ona qədər irihəcmli tərcümə kitabında da bir redaktor olaraq onun mübarək imzası var.

Əsgər müəllimin yaradıcılığından atüstü də olsa bəhs edib, onun türk ədəbiyyatşünaslığında xüsusi çəkisi və sanbalı olan “Türk sənədli-bədii nəsri” (2004) monoqrafiyası haqda bir daha söz açmamaq sadəcə nainsaflıq olardı. Türk ədəbiyyatının keçib gəldiyi olduqca uzun bir yola bu qədər dərindən bələdlik sadəcə heyrət doğurur. Olsun ki, sözügedən əsər məhz bu baxımdan mənim nəzərimdə Azərbaycan türkologiyasında keyfiyyətcə yeni bir hadisə idi. Hələ neçə il öncə yazdığım kimi, bu monoqrafiyanı “roman kimi oxudum. Tək ona görə yox ki, o, çox qiymətli və kamil bir tədqiqat işidir. Heç ona görə də yox ki, Əsgər Rəsulovun gözəl tədqiqatçı qələmində türk ədəbiyyatı tarixi şəxsən məndən ötrü bir ayrı məna və mətləb qazanıb. Mən bilən, daha çox ona görə ki, birincisi, bu kitab Əsgər müəllimin öz əxlaqının və dəyişməyən simasının güzgüsüdü, ikincisi isə, dərin savadı və dəmir məntiqi ilə çox məharətlə adi nitq normasına çevirə bildiyi gündəlik danışıq tərzinin sanki davamıdı”.

Çox dərin inamımdı ki, əgər Əsgər müəllim bu mükəmməl əsərdən savayı, heç nə yazmasaydı belə, tək Azərbaycan şərqşünaslıq elmi deyil, ümumtürk filologiyası tarixində də öz dəyərli yerini tuta, layiq olduğu əsl qiyməti ala bilərdi. Yeri gəlmişkən, deyim ki, bu iriçaplı təhlil və tədqiqat nümunəsinin diqqətdən kənarda qalmağı (dəyərli publisist-alim, professor Cahangir Məmmədlinin, tanınmış yazıçı-mütərcim Nəriman Əbdülrəhmanlının və bu sətirlərin müəllifinin məqalələrini istisna etməklə) Azərbaycan-türk ədəbi əlaqələri baxımından da bənzərsiz bir mənbə və məxəz rolu oynayan bu qədər dolğun məzmunlu kitabın qiymətinin vaxtında verilməməyi, mütəxəssis rəylərinin ortaya qoyulmamağı dərin təəssüf doğurur.

Burada görkəmli bir ziyalımızın elmi-pedaqoji fəaliyyətindən, həyat və yaradıcılığından bəzi məqamların üzərində dayanmaqda niyyətim onun Azərbaycan türkologiyasında, elmi-nəzəri fikir tariximizdə yerini və rolunu müəyyənləşdirmək deyil. Düzünə qalarsa, bu heç mənim işim də deyil. Çətin ki, mən təkbaşına bunu bacaram. Sadəcə hərdən fikirləşirsən ki, o qiyməti kim verməlidir, bu işə məsul olanlarmı, oxucularmı, dostlarmı, ya zaman, tarix özü? Bir insan olaraq bilmək istədiyim həm də odur ki, görəsən, ədalətin öz yerini tutması niyə bu qədər uzun, məşəqqətli, yubanmış, çətin, hətta bəzən qeyri-mümkün olur?

Onu demişəmsə, gərək burasını da deyəm: rəy və resenziyaların bizdəki «tarixi ənənə»sini göz önünə gətirəndə sıradan olan bir əsəri göylərə qaldırmaqda usta olan ədibi-naqabillərin, mətləbə elmsiz və nadan yanaşma tərzi ilə seçilən bəsit təfəkkürlülərin yağlı-buğlu tərifinin Əsgər müəllimə nə verəcəyinin cavabı da əslində öz-özünə aydınlaşır. Kristal xarakteri, dərin biliyi, fundamental savadı, parlaq zəkası, fenomenal yaddaşı ilə o özü elə bir dəyərdi. Dostluqda sadiq, münasibətdə təmənnasız, diqqətdə əvəzsiz insandan və onun yazıb-yaratdıqlarından söz açanlar, zənnimcə, Əsgər müəllimdən daha çox, özlərini şərəfləndirmiş olarlar.

***

2006-cı ildə Əsgər Rəsul imzası ilə onun hələlik yeganə olan «Dilmanc» şeir toplusu da işıq üzü görüb. Elə o illərdə bu dəyərli poetik nümunələrə gözəl ədəbiyyatşünas Sabir Bəşirovun kitab barədə incələmələri də xüsusi bir rəng qatdı. Hiss elədiyim qədər, Əsgər müəllimin bütün zaman və məkan ölçülərindən ucada dayanan şair adına heç bir iddiası yoxdu. “Türk sənədli-bədii nəsri”ndə olduğu kimi, burda, xüsusən “Dilmanc” və “Reklam arası” poemalarında da türk-Azərbaycan sevgisi çulğaşır. Fərq bircə poetik yanaşmadadır. Sadəcə müəllif öz sözünü birində elmi, digərində bədii üslubda deyib.

Söz düşmüşkən, o cür iti müşahidə qabiliyyəti, toplumdan fərqli təfəkkür tərzi, parlaq zehniyyəti, yaradıcılıq şövqü olub, dili, bədiyyatı, sözün qədrini və qədərini dərindən bildiyi halda, Əsgər müəllimin nasir olmamağı, özünə deməsəm də, sözün heç də xoş olmayan mənasında, məni həmişə təəccübləndirib. Bunu, daha əvvəllər digər böyük bir fikir adamı Natiq Səfərovun nümunəsində də görmüşdüm. O, nasir deyildi, dilimizə çevirdiyi say-seçmə sənət nümunələrinin azərbaycanca avtoru idi və bir-iki müəllif yazısından savayı, qəribədir ki, heç nə qələmə almadı. Onu istəyən və sevənləri qəliz və anlaşılmaz suallarla baş-başa qoyub çıxıb getdi… Görünür, onun da yaddaşlarda qalmaq istəyi sadəcə yazmamaqla imiş… Nə deyəsən, qəribə şeydi…

Amma o da var: həmişə diqqətdən kənarda qalmağı xoşlayan, üzdə olmağı sevməyən Əsgər müəllimin xeyli təbrik və dost sözü, publisistik yazı, rəy və resenziyasını oxumuşam və yaradıcılığının heç də az bir hissəsini təşkil etməyən bu qisim yazılarda hər şeydən öncə diqqətimi çəkən onun yüksək əyarlı fikirləri, təhlilçi mədəniyyəti, mətnə qeyri-standart yanaşma tərzi olub. Dövri mətbuatda mütəmadi çap olunan o yazılar bir daha göstərir ki, ədəbi cameədə baş verən yeniliklərdən hamıdan əvvəl xəbər tutan, cari ədəbi-bədii prosesi qədərincə izləyən (burda söhbət həm də dünya ədəbiyyatından gedir) beş-üç nəfərdən biri də odur. Əksər yaşıdlarından fərqli olaraq mütaliəsindən bir gün də qalmır...

***

Hərdən dostlarım zəng vurur, filan söz nə deməkdi? Məsələn, rindü-zahid, aşüftə hal, silsileyi-müşki-tər və ya bu qəbildən olan onlarca çətin anlaşılan ərəb-fars mənşəli tərkib… Yaxud kimsə Qədir Rüstəmovun «Sona bülbüllər»də Seyid Əzimdən yanıqlı avazla oxuduğu:

Ol qara xalı mənə versələr, qanın içərəm,

Neyçün mənzil etmiş arizi-cananımda?-

misrasının mənasını bilmək istəyir. Gərək insafla deyəm, bildiyim, hələ də unutmadığım şeylər də olur ki, dərhal cavab verirəm, yox, əksinədirsə, necə deyərlər, vaxt itirmədən dosta zəng edirəm. O dost da mütləq Əsgər müəllim olur. Klassik ədəbiyyatı, qəzəliyyat və muğamı sevən o dostlarım arxayındılar, həm də tam arxayındılar ki, mənə zəng edəndə uzağı beş dəqiqəyə suallarına cavab alacaqlar. Onlar qiyabi də olsa, çoxdandır Əsgər müəllimi tanıyırlar, bilirlər ki, belə bir güvənc yerim var. Çətinə düşən kimi ən azı onun vasitəsilə bir çıxış yolu tapacam. Əslində mənim dosta zəngim kitaba baxmağım kimi bir şeydi. Amma heç vaxt, hətta zarafatla da olsa, Əsgər müəllimə deməmişəm ki, sən canlı ensiklopediyasan. Hərçənd bu fikirdə həqiqət payı çoxdan çoxdur, nəinki zarafat.

****

Qələm dostlarımın çoxunu onunla mən tanış etmişəm. Bir yerə cəm olmaq ehtiyacı yaranırsa, mütləq Əsgər müəllimin başına yığışırıq. Düzü, buna görə özümü bir az çəkirəm də. Maraqlıdır ki, Əsgər müəllimin o dostlara diqqəti heç də məndən az olmayıb. Ad günlərini məndən dəqiq bilir, onları məndən əvvəl təbrik edir, yaradıcılıq uğurlarını qiymətləndirməyi özünə borc bilir. Əslində, bununla o, ədəbi tənqidin görməli olduğu işi də görür.

Onun Ziya Paşa, Namiq Kamal, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Orxan Pamuk, Əlif Şəfəq, İskəndər Pala kimi onlarca klassik və müasir türk sənətkarının bədii publisistikası, sənədli nəsri və romanlarına həsr olunan araşdırmalarında nə qədər nəzəri-elmi və estetik ümumiləşdirmə, mətnə yanaşmada ciddi münasibət görmüşəmsə, çağdaş ədəbiyyatımızın və elmimizin tanınmış simalarından Azər Abdulla, Ataxan Paşayev, Sona Vəliyeva, Sabir Bəşirov, Nəriman Əbdülrəhmanlı, Aqşin Babayev, Tofiq Məlikli, Rüfət Rüstəmov, Məhərrəm Qasımlı, oxuduğunuz sətirlərin müəllifi və başqalarının yaradıcılığı ilə bağlı qələmə aldığı çoxsaylı ədəbi-tənqidi yazı, ədəbi portret, rəy və resenziyada da həmin mənzərənin şahidi olmuşam. Bu fakt o yazıların sadəcə bir dost sözü yox, həm də elmi-ədəbi baxımdan da olduqca maraqlı təhlil və qiymətli araşdırma faktı olduğunu bir daha ortaya qoyur. Digər tərəfdən, bununla Əsgər müəllim həm də öz obrazını yaratmış olur. Bu isə, məncə, xasiyyət yox, xarakter nümunəsidir.

2007-ci ildə Azərbaycan nasirlərinin əsərlərindən ibarət toplu Türkiyədə çap ərəfəsində ikən özünə bir köynək yaxın bildiyinə görə, məni çağırıb, öz aramızda qalsın, dedi, bu amanat kitabınızın çapı üçündü… Dəqiq qənaətimdi ki, o bunu şan-şöhrət üçün etmirdi. Əvvəla, onun «Dörd dördlük» adlanan həmin kitaba tam müəlliflik haqqı çatırdı. Redaktoru olduğu 312 səhifəlik kitabın həm də iki dəfə korrekturasını eləmiş, üstəlik ona türkcə olduqca maraqlı «ön söz» də yazmışdı. Toplunun adı da ona məxsus idi… Hiss etdiyim qədər, o bunu ədəbiyyatımızın, əli respublikamızdan kənarda çap olunmağa çatmayan dörd nasirimizin Türkiyədə layiqli şəkildə təmsil olunması naminə edirdi.

***

Beləliklə… Azərbaycan şərqşünaslıq elminin, xüsusən türkologiyasının inkişafında əvəzsiz xidmətləri olan Əsgər Rəsulovun pedaqoji, elmi, publisistik və bədii yaradıcılığı bir fakt olaraq ortadadır. Hərçənd o mənimçün bir dost və insan kimi daha ucalarda dayanır. İntəhası o da faktdır ki, o bu ucalığı məhz sözlə, qələm və iradə ilə fəth eləyib.

Bu qeydlər də yaradıcılıq və pedaqoji fəaliyyətinin ən məhsuldar, ömrünün isə ən kamil dövrünü yaşayan etibarlı bir dost qarşısında vəfa borcu deyil, daim bəşəri dəyərlərlə, yüksək ideallarla yaşayan, cismində işıq və ürfan daşıyan düz-dürüst, əməlpərvər bir ziyalımızın, konkret olaraq isə Əsgər Rəsulovun insanlığına sayğının, şəxsiyyətinə ehtiramın sadəcə sözlə çəkilmiş eskizidi.

Bəlkə də, üç-dörd yaş fərqlə biz bir nəslin nümayəndəsi sayılmasaydıq, iyirmi yaşdan üzübəri həmişə gözlərim önündə olan, bu gün nurlu sifətinə ağ saçlarının işığı da qarışmış bu ağırtaxtalı elm və mənəviyyat adamının altmış yaşının tamam olmasına bir az şübhə ilə baxardım. Amma mən həm də fələk sayanları sayıram axı: dağ kimi altı on il artıq arxada qalıb, gerçəkliklə necə razılaşmaya bilərsən? İntəhası… Elmi fikir tarixində, say-seçmə sənətkarlar pleyadasında yerin varsa və onu halal zəhmət, sönmək bilməyən yaradıcılıq şövqü, iradə və mübarizə əzminlə qazanmısansa, qəm etməyinə dəyərmi?...

Uca Allahdan can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və işıqlı gələcək arzusu ilə, dostlar adından:

# 3177 dəfə oxunub

Müəllifin son yazıları

# # #