Kulis.az Yalçın İslamzadənin "Xoş çaqqal Cabir" adlı yazısını təqdim edir.
Lap qədim zamanlarda, işlədiyim iş yerlərindən birində, təbii ki, qəzəbli bir müdürümüz var idi. Qayda belə idi ki, işçilər yalnız uzaqdan salam verə bilər, birbaşa müdürdən heç nə soruşa bilməzdilər. Sualları köməkçisi Xəzərdən soruşmalı idilər. Xəzərin də iki cavabı vardı, "1. Bilmirəm, 2. Cabir məllim icazə vermir". Belə bir effektiv daxili kommunikasiya.
Bir gün liftlə depoya enirdim, liftin hərəkəti xaotik, qeyri-dinamik göründü. Bir neçə gün əvvəl liftlərin troslarının hazırlanması və istismarına dair sənədli filmə baxmışdım. Bilik və müşahidəni birləşdirib Cabir müəllimə dedim ki, servisə xəbər edək, trosu dəyişsinlər, özünü yaxşı aparmır.
Cabir məllim dedi ki, "Bir həftədir gəlmisən, indidən nəhs gətirirsən. Üç ildir o lift problemsiz işləyir". İzah etməyə çalışdım ki, elə üç il keçdiyinə görə qəza ehtimalı artır, servisə ehtiyac yaranır. "Heç nə olmaz" dedi.
Bir həftə sonra liftin trosu qırıldı, deponun döşəməsinə çırpıldı, Xəzərin ayağı iki yerdən sındı. Bəlkə də Cabir məllim düşündü ki, "nəhs gətirdiyimə" görə tros qırılıb. Şifahi xalq ədəbiyyatı dövründə yaşayırıq, mümkündür.
Bir gün katibə dedi ki, "Cabir məllim sizi çağırır". Cabir məllim "Keç otur" deyəndə, bildim ki, nəsə ciddi məsələdir. Katibəyə "Çay gətir" deyəndə, ciddiyətdən çox dramatik nəsə baş verdiyi ağlıma gəldi. Masanın üstündəki uzun və qısa siqaretlərdən uzununu mənə tərəf uzadanda, anladım ki, nəsə katastrofik hadisə baş verib.
Gərgin keçən bir neçə dəqiqədən sonra, eynən belə dedi:
-Aysel niyə mənə "çaqqal" dedi? Sən Türkiyədə oxumusan, bilərsən.
Heç bir giriş, kontekst, əvvəli və sonrası olmadan, birbaşa mətləbə keçdi. Sokratik sorğu-sualdan sonra məlum oldu ki, cənab Türkiyədə olanda tanışı Aysel xanımla xoş anlar keçiriblər, kinoya və alışverişə gediblər, romantik şitliklər ediblər. Havalimanından ötürəndə Aysel müdürümüzə "çaqqal" deyib. Təklif etdim ki, "Sizə çaqqal demiş olmaz, yəqin "aslan" və ya "qaplan" deyib, səhv eşitmisiniz".
- Nə səhv? Burda nə səhv ola bilər?
Dedi və telefonunun mesaj qutusunu açıb mənə tərəf sürüşdürdü ki, baxım.
Mesajda yazılmışdı, "Aysel: Hoşçakal Cabir".
Depressiyaya düşübmüş ki, "Mənə xoş çaqqal Cabir" deyib.