"Sonra göydən süd tökülər..." - El Romanın şeirləri

"Sonra göydən süd tökülər..." - El Romanın şeirləri
23 yanvar 2024
# 19:00

Kulis.az El Romanın yeni şeirlərini təqdim edir.

Olur

Burda eşq ilə sənin oduna yanmaq da olur,
Həmin an göy səma boz rəngə boyanmaqda olur.

Qədəhin ruhunu çəkdikcə canından, gözəlim,
Səni anmaq da olur, Allahı danmaq da olur.


Zərrələr zərrəbəzərrə gözə görsəndikcə
Gözə görsənməyən Allaha inanmaq da olur.


Yaradan alnına yazsa, atadan tez ölmək,
Anadan sonra yatıb, əvvəl oyanmaq da olur.


Asiman boydakı dəryada batıb ölmək də,
Bir ovuc kündə qədər yerdə yaranmaq da olur.


Öl, bu dünyanı o dünyada itir, dərk eylə,
Ki, o dünyanı bu dünyada qazanmaq da olur.

El Roman, öldüyünü an aç qolunu İsatək,
Hamı görsün ki, ayaq üstə uzanmaq da olur.

Sevgilim, hava necədi?

Sevgilim, hava necədi?
Burda sazaqdı, sazaqdı.
Sənə yaxın hara varsa,
Burdan uzaqdı, uzaqdı.

Gözlərini döyə-döyə
gözləməyə dəyər?
dəyər!
Təyyarəyə əl eyləyən
ya əsgərdi, ya uşaqdı.

Bilməm, burda kim yox, kim var
Yaxınlaş, bəlkə dərdim var?
Səndən başqa nə dərdim var?!
Anam sağdı, atam sağdı.

Həm güllədən, həm gilizsən,
Həm səmasan, həm dənizsən
Sən hər şeydən tərtəmizsən,
Qar hər şeydən ağappaqdı.

Sevgilim, hava necədi?
Burda sazaqdı, sazaqdı.
Sənə yaxın hara varsa,
Burdan uzaqdı, uzaqdı...

Qumrular

Sonra göydən süd tökülər-
gəlin paltarında su.

Bilirsənmi, buludlar da yeriməyib yetmiş il.
Bəlkə biz də buludlara
inad edib getmişik.
Sonra kimsə ağ-qaralı filmlərin birində
şəkillərdə yeriməyən buludları yeridər.

Buxar səni aldatmasın, gözlərini itilə!
köynəklərin üzərində
qəhvə süzər ütülər...

Sən qəfəsdə saxladıqca
qarğış edər qumrular.
O qumrular
saçlarında bircə-bircə yumrular...

Başlamazdan öncə düşün, sıfır nədir?
Yumurta.
Sonra həmin yumurtadan bütün rəqəmlər çıxar.

Göy üzündə növbə-növbə hərlənəcək dövrələr
Kirpiyinin kölgəsini qısqanacaq zöhrələr.
Tutulmaq nə?
Vurulacaq bəlkə də ay çöhrənə!
Sonra ayı incidəcək
görünməmək qorxusu.

Sonra göydən süd tökülər-
gəlin paltarında su...

# 1577 dəfə oxunub

Müəllifin son yazıları

# # #