Ali Məhkəmənin keçmiş sədri: “Mənə görə uşağın başını kəsirdilər” - MÜSAHİBƏ

<span style="color:red;">Ali Məhkəmənin keçmiş sədri:  <b>“Mənə görə uşağın başını kəsirdilər”</b> - <span style="color:red;">MÜSAHİBƏ
12 fevral 2018
# 09:00

Kulis.az “İşdən kənar” layihəsində Ali Məhkəmənin keçmiş sədri, millət vəkili Tahir Kərimli ilə müsahibəni təqdim edir.

- Tahir müəllim, axırıncı dəfə nə vaxt bədii əsər oxumusunuz?

- Təxminən bir ay bundan əvvəl, “Nitşeni xatırlayarkən” əsərini oxumuşam. Əvvəl rus dilində oxumuşdum, bu dəfə Əlisə Nicatın tərcüməsində oxudum. Əlisə Nicat bu kitabda Nitsşenin müxtəlif fikirlərini toplayıb. Bu, əslində humanist əsər deyil. Əgər Makiavelli dövlətin sərt qaydalarla təşkilinin tərəfdarı idisə Nitşe cəmiyyəti sərt qaydalarla idarə etməyi təklif edirdi. Nitsşe deyir, güclü yaşamalı, zəif ölməlidir. Nitsşe az qala cəngəllik qanunlarının tərəfdarıdır. O, insana bioloji aqreqat kimi baxır. Təbiətdəki təbii seçməni əsas götürür.

- Yaxşı fikirdir, amma cəmiyyətdə seçən tərəf Hitler kimi zalım olacaqsa onda bəşəriyyət xeyir tapmayacaq.

- Nitsşe buna cavab vermir. Elə buna görə də Almaniyada Hitler nümunəsi ortaya çıxdı. Ümumiyyətlə, bəşər tarixinə baxanda biz görürük ki, seçənlər adətən adil olmurlar.

- Başqa nə kitab oxumusunuz?

- Açığı deyim, bədii kitab oxumağa çox az vaxtım qalır. Adətən elektron şəkildə qarşıma çıxan yazıları, şeirləri, hekayələri oxuyuram. Misal üçün, bu yaxında nəvələrimə Dostoyevskinin bir hekayəsini və Tolstoyun bir hekayəsini oxudum. Kompüterdən götürdüm, oxudum və izah elədim.

- Nəvələrinizin neçə yaşındadır?

- Birinin altı, o birinin yeddi yaşı var. Onlara bunu niyə oxudum? İndidən o yazıçılar beyinlərinə girsin. Mənim şəxsi fikrimdir ki, xüsusən XIX əsrdə bütün dünya bir tərəfədir, Rusiya bir tərəfə. Tərəzinin bir gözünə dünya ədəbiyyatını, o biri gözünə Dostoyevski ilə Tolstoyu qoysan məncə tərəzinin bu gözü ağır gələr. Hələ mən Puşkini, Qoqolu, Çexovu və başqalarını demirəm.

- Əlisa Nicatın başqa əsərlərini də oxumusunuz?

- Onun məndə 30 cildliyi var. Bədii əsərlərini də oxumuşam. Ancaq mən daha çox fəlsəfəyə aid əsərlərinə üstünlük verirəm.

- Əlisə Nicat kimi bir qələm adamı hələ də xalq yazıçısı adı almayıb. Bizə müsahibəsində şikayətlənirdi ki, əməyim qiymətləndirilmir.

- Əlisa Nicat əsərlərini hamı üçün yazmır, hamı üçün yazsa səmimi olmaz. Onun özünü hamıya istəkli göstərmək fikri yoxdur. O, azərbaycanlıları qılınclayır, bütün əsərləri kəskin tənqid üzərində qurulub. Çünki millətin o cür görmək istəyir. Mən ona Azərbaycanın Nitsşesi deyərdim. Elə adamlar var ki, onların fəxri adlara heç ehtiyacları yoxdur. Misal üçün, Alim Qasımov. Onun Xalq artisti adına ehtiyacı var? Müslüm Maqomayevin SSRİ Xalq Artisti adına nə ehtiyacı var? Onsuz da bunlar dahidirlər. Əlisa Nicatın da fəxri ada ehtiyacı yoxdur.

Ümumiyyətlə, yaradıcı insanlara titul verilməsi doğru deyil. Onlar özlərinin beyinlərinin məhsulunu üzə çıxarır və xalqın rəğbətini qazanırlar. Sadəcə çalışmalıyıq ki, sənət adamlarına normal şərait yaransın. Çünki yaradıcı adamlar alturist olurlar, özlərini o qədər xalqa xərcləyirlər ki, özlərinə qayğı göstərə bilmirlər. Bu halda dövlət də onları himayə eləməlidir, çünki bu insanlar acizdirlər, rüşvət ala bilmirlər, əyri yolla pul qazana bilmirlər. Bunlar mənəvi dünya yaradırlar, maddi dünya yarada bilmirlər. Həm yaradıcı olub, həm də imkanlı olan adamlara şübhə edirəm. Sən imkan haqqında düşünürsənsə deməli ürəyindən xalqının ağrısını keçirə bilmirsən.

- Yaradıcı adam ac olmalıdır deyirsiniz?

- Yaradıcı adam ac olacaq. Ancaq onun qayğısına qalmaq lazımdır. Tək dövlət yox, elə imkanlı adamlar da mesenatlıq göstərməli, o insanları himayə etməlidir.

- Yaradıcı adam xalqın səsini çatdırmalıdır, yoxsa ürəyinin səsini dinləməlidir?

- Mən düşünürəm ki, heç birini eləməli deyil. Yaradıcı insan fərdin, cəmiyyətin, dövlətin yaxşılaşdırılması, naqisliyin aradan qaldırılması üçün yaratmalıdır. Yazıçı xalqın xoşu gələnə getməli deyil, özünün xoşu gələni də deməli deyil. Yazıçı xalqa lazım olan, onu yetişdirən, xalqı millət edən halları ortaya qoymalıdır. Bəzən bunu heç dövlət edə bilmir, siyasətçilər edə bilmir, amma yazıçı eləməlidir. Hələ Həsən bəy Zərdabi o vaxt çar təhsil sistemini tənqid edərək yazırdı ki, bu hökumət uşaqlıqdan şəxsiyyəti öldürməklə məşğuldur. Əgər sən uşaqlara yaltaqlığı öyrədəcəksənsə, şöhrət dalınca qaçmağı öyrədəcəksənsə, həqiqəti gizlədəcəksənsə, malalayacaqsansa onda sən nə yazıçısan, nə də sənət adamı.

- Söhbətimizin əvvəlində Nitsşenin adını çəkdiniz. Bəs sevimli filosofunuz kimdir?

- Mən sizi aldatmayacam. Mən sovet sistemindən çıxmışam. Mənim üçün dünyada ən böyük filosof Marksdır, sonra Engelsdir, sonra Lenin.

- Deməli, marksistsiniz?

- Bilirsinizmi, mən daxilən marksistəm. Düzün deyim ki, SSRİ dağılan ərəfədə marksizmdən uzaq qaçmağa çalışırdım. Deyək ki, Karl Popperi, Maks Veber və başqalarını oxuyurdum. Çoxlu nəzəriyyələrlə tanış olmağa çalışırdım, xüsusən konvergensiya nəzəriyyələri məni çox cəlb edirdi. Yəni kapitalizmlə sosializmin birləşdirilməsi, hər ikisinin də müsbət tərəflərinin götürülməsi, daha ədalətli cəmiyyət qurulması məni maraqlandırırdı. Amma sonradan gördüm ki, marksizm çox ədalətli və böyük təlimdir. 22 yaşımda yazdığım 40 maddədən ibarət həyat kredom vardı. Orda qeyd etmişdim ki, marksizm doğru təlimdir, sadəcə kommunist siçovullar Marksın kitabın didib tökürlər.

- Kommunist siçovul deyəndə kimləri nəzərdə tuturdunuz?

- Sovet rəhbərliyini nəzərdə tuturdum. Mən Marksın böyük pərəstişkarı olmuşam. Uşaq vaxtından “Kapital”ı oxuyurdum. Eşidəndə ki, Marks 14 yaşında şeir yazıb, ürəyim partlayırdı. Necə ola bilər ki, Almaniyanın xırda Trier şəhərindən çıxmış insan bu qədər enerjiyə sahib ola bilər, Ağsunun balaca qəsəbəsindən olan Tahir niyə şeir yazmasın?

- Özünüzü Marksa oxşadırdınız?

- Bəli. Marksdan təsirlənib şeir yazdım. Ancaq özümü ona necə bənzədim, o dahi, mən kiçik bir adam! Lenini də sevirdim. O vaxtı bütün əsərlərinin konspektini çıxarmışdım. Müəllimim dəhşətə gəlmişdi. Ümumiyyətlə, həyatda oxumaqdan başqa əlimdən bir iş gəlməyib, bütün günü oxu-oxu. Ancaq oxuduqlarımın həyatda heç beş faizi mənə faydalı olmadı.

- Oxumağınıza peşmansınız?

- Bilirsən necədir, oxumaq narkotik kimi bir şeydir. Misal üçün, oğluma nə qədər deyirəm oxumur, elə telefonla oynayır, ancaq mənim bu qədər yaşım var, bir gün oxumasam ürəyim partlayar.

- Deməli, indiki gənclərin səviyyəsi sizi qane etmir...

- Qətiyyən qane eləmir. İndikilərin əllərindən telefon düşmür. Bu böyük bir bəladır, artıq barışmışıq. Övladımıza gücümüz çatmır.

- İndiki nəslin oxumağından narazı qaldınız, bəs davranışları necə sizi qane edirmi? Yaşlı nəsil gəncləri tənqid etməyi sevir axı.

- Həqiqəti desəm yenə internetdə düşəcəklər üstümə... Bilirsinizmi, mən məhəbbətə Füzulinin şeirlərində deyildiyi kimi yanaşmışam. Mən eşqə-məhəbbətə başqa cür baxmışam. İndiki gənclər belə deyil. Bunda da özlərinin günahı azdır. Axı bizim dövrümüzdə televizorda şəhvət nümayiş etdirilməzdi. Üzr istəyirəm, hər gün televizorda min dənə paltarsız qadın görən adam hansı saf məhəbbətlə yaşaya bilər? İndiki gənclərin artıq beyni dəyişib. Əxlaqsız qadına, çılpaq qadına necə baxmaq olar? Mən on-beş il bundan qabaq istəyirdim ki, televiziyada veriliş aparım, ancaq əxlaqdan, mənəviyyatdan danışım. İndi mənə yalvarsalar da getmərəm. Niyə? Çünki o vaxt dinləyirdilər, qulaq asırdılar.

- Səhv etmirəmsə 1991-ci ildə Milli Məclisdəki çıxışlarınızın birində əxlaq polisi yaradılmasını təklif etmişdiniz.

- Bəli, elə bir təklifim olmuşdu. Acaq ovaxtkı rəhbərlik mənə deyirdi ki, bunlar təbii şəkildə olmalıdır. Onlara izah edə bilmirdim ki, təbii şəkildə insan yalnız pozula bilər.

- Əxlaq polisinin işi nə olacaqdı?

- O vaxtı əxlaqsızlıq indikindən min dəfələrlə az idi. Amma deyək ki, restoranda, oteldə harda bir şey vardısa qabağın almaq mümkün idi. İndi belə şeylərin sayı-hesabı yoxdur. Heç əxlaq polisi də kömək etməz. İnsanlara təsir edən başqa mexanizmlər o qədər artıb ki, səni eşitməyəcəklər.

- Deyirsiniz cəmiyyət pozulub?

- Cəmiyyəti və xalqı daha yaxşı eləmək uğrunda mübarizə aparmaq lazımdır. Heç vaxt ağlımıza gətirməməliyik ki, cəmiyyət pisdir, məhv olub, artıq düzəltmək mümkün deyil. Bizim borcumuz min dəfələrlə cəhd etməkdir. İndi o canım yoxdur, amma gəncliyimdə düşünürdüm ki, xalqdan ötrü Danko kimi ürəyin yanmalıdır.

- Ona görə elə alovlu çıxışlar edirdiniz?

- Hə. Mitinqlərdə məni çağırırdılar ki, xalq səni istəyir.

- O nitqlərinizdə nə qədər səmimi idiniz?

- Onu qulaq asanlar deyə bilər. Mən hamısında səmimi olmuşam. Mən iqtidara da müxalif olmuşam, müxalifətə də. Mən içimdə xalqa məhəbbətdən başqa heç nə daşımamışam. Min canım olsaydı birini özümə saxlamazdım.

- Yəni romantik olmusunuz?

- Ola bilər, sentimental, romantik olmuşam, irassional düşünmüşəm.

- İndi necəsiniz?

- İndi elə deyiləm. Sizə göstərəcəm, burda bir kitabımda belə şerim var:

Qəlbimdə bir qəfəs tikdim

Əqidəmi əsir edib

Sonra onu yenmək üçün.

Qəlbimdə bir məzar qazdım

Əqidəmi gömmək üçün.

Amma şeirin axırını necə gətirirəm? Əqidəmi basdırdım, hamı kimi olmaq istədim. Nolsun, əqidə qızıldır da, basdırsan da qızıl olaraq qalacaq. Bax şeir bu məzmunda bitir.

- Tahir müəllim, internetdən yaman şikayətlənirsiniz. Niyə? Deyəsən heç sosial şəbəkələrdə də yoxsunuz?

- Mətbuat xidmətim, müavinlərim ordadır, özüm yoxam. Bilirsiniz niyə? Çünki həyatımda qulağım eşitməyən sözləri gözlərimlə oxuyanda özümə ölüm arzulayıram. Bəlkə də mən küçə tərbiyəsi görməmişəm, elə sözləri eşitməmişəm deyə mənə pis gəlir. Ora özüm haqqımda yazılanları görəndə mən ölürəm axı. Mənim günahım nədir? Mən axı neyləmişəm, bunlar məni belə söyür? Mən də çalışıram o cür şeyləri oxumayım.

Baxırsan Youtube-da mənim parlamentdəki çıxışımı veriblər. Səkkiz dəqiqəlik çıxışın iki dəqiqəsini qoyublar, altı dəqiqəsi yoxdur. Məni istədiklərindən qoymurlar, məni gözdən salmaq üçün belə edirlər. Görünür, bəzi adamlar üçün dəyərsizəm. Mən sizə deyim, 28 ildir yanvar hadisələrindən keçib. 28 ildə ilk dəfədir ki, heç kim xatırlamadı Tahir Kərimli Qorbaçova ölüm hökmü çıxarıb. Cəmiyyət unutdu. Amma mən sevinirəm. Niyə? Çünki o vaxtı nəinki özümün, bütün nəslimin məhv edilməsi təhlükəsi altda atdığım bir addımı lağ obyektinə çevirdilər. Biri yazır: “Podumayeş, ölüm hökmü verib Tahir Qorbaçova.”

- Qorbaçova ölüm hökmü çıxaranda qorxmadınız?

- Onda nədən qorxacaqdım? Ölüm nə idi ki, ondan qorxaq? Bilirdim ki, ailəm, nəslim təhlükədə olacaq. Məni işdən çıxarandan sonra qohumlarımı da həbsə atdılar. Bunları gözə almışdım.

- Bəs bu işin dalına düşmədiniz ki, Qorbaçov layiqli cəzasını alsın?

- Nəyimə lazım. Mən hakiməm, qərarımı çıxarmışam. O işi icra edərdilər də. Kimin nəyinə lazımdır? Görmürsünüz, haqqımda ağızlarına gələni yazırlar, mənim Qorbaçova ölüm hökmü çıxarmağımı lağa qoyurlar. Xalq onda məndən ötrü İsmayıllıda küçələrə tökülmüşdü. Evimi qoruyurdular ki, Tahir ölsə biz də öləcəyik. Su maşınlarına benzin doldurub gözləyirdilər ki, tanklar gəlsə üstünə buraxsınlar. O vaxt məni tutmağa gələndə Tofiq adında bir nəfər altıda oxuyan uşağının qalstukundan tutub yıxdı yerə, dedi ki, çıxıb getməsəniz bu saat uşağın başını kəsəcəm. Mən gələnlərə yalvardım ki, siz gedin, mən özüm çıxacam, istefa verəcəm... Bunu yazma amma.

- Niyə?

- Kim inanar buna? Yenə araya qoyacaqlar. Heç indi özüm inanmıram. O dövr mənim özümə nağıl kimi gəlir. Siz bilirsiniz, dünyada özümü ən çox nə vaxt xoşbəxt hiss eləmişəm? 20 Yanvar günü. Ətraf kəndlərlə, rayonlarla danışıb ordan qəhrəman insanları toplayıb Bakının köməyinə gəldik. Bakının köməyinə gələndə avtobusda Koroğludan oxuyurduq. Hakim idim, amma məhkumlar da mənə qoşulmuşdular. Bax bu cür mənalı günlər olmuşdu... Nəsə ədəbiyyata qayıdaq.

- Qayıdaq. Şair, yazıçı dostlarınız var?

- Mən elə məclis adamı deyiləm. Əgər o məni dost sayarsa uzun illər Musa Yaqubla dostluğum var. O, böyük adamdı, Allah mənə nəsib edib ki, onunla dost olmuşam.

- Özünüz də şeir yazmısınız.

- O şeirlərim ki, yalnız bir adama aiddir, onu heç kəsə oxumamışam, çap da etdirməmişəm. Amma qalanlarını çap etdirmişəm.

- Kimdir o adam?

- Uşaqlarımın anasıdır. Hər il ad günündə onun yaşının sayı qədər bənddən ibarət şeir yazıram.

- Bu il də yazacaqsınız?

- Yazmışam artıq. Başqa şeirlərim də var, mərsiyələrim var. Ancaq bu dini mərsiyə deyil, dostumun uşağı cavan getmişdi, qəlbimin ağrısını dindirməkdən ötrü yazmışam.

# 2474 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #