Mehriban Vəzir: “Mirzə Cəlil Cümhuriyyət düşmənləri ilə yaxın idi” – MÜSAHİBƏ

<span style="color:red;">Mehriban Vəzir:  “Mirzə Cəlil Cümhuriyyət düşmənləri ilə yaxın idi” – <span style="color:red;">MÜSAHİBƏ
29 mart 2019
# 12:05

Kulis.az “Mirzə Cəlil Plemikası”nı Həmidə Xanımın Cavanşirin tədqiqatçısı, tanınmış yazıçı Mehriban Vəzirlə davam etdirir.

- Mehriban xanım, Həmidə xanım xatirələrində özünün də, həyat yoldaşı Mirzə Cəlilin də Azərbaycan Xalq Cümhuriyyətinə hüsn-rəğbət bəsləmədiyini yazırdı. Bunun səbəbi nə idi?

- Həmidə xanım dövrünün çox mütərəqqi və mürəkkəb bir şəxsiyyətidir. Bütün həyat tərzi və davranışı ilə mütləq bir zadəgandır, eyni zamanda, sol düşüncəlidir, yoxsulların, fəhlə-kəndlilərin tərəfdarı və himayəçisidir, qadın haqları müdafiəçisidir. Eləcə də milli haqlar uğrunda savaş vermiş lider bir qadındır. Görünür, bu, Avropada və Rusiyada cərəyan edən ideya inqilablarının təsiri idi. Avropadakı fikir əsintiləri, həmin dövrün solçu ideyaları Həmidə xanımın düşüncəsini dərindən etkiləmişdi. Nəzərə alın, Həmidə xanımın atası Əhməd bəy ilk Peterburq hərb məzunlarımızdandı, özü isə Qarabağın məşhur bəylərindən olan, yüksək hərbi təhsilli həyat yoldaşı polkovnik Davatdarovla uzun müddət Avropada, elitar zabit çevrəsində yaşamış, həmin müddətdə həndəsə və fəlsəfə öyrənmişdi. 19-cu yüzilin sonları və Avropa! Bu, fikir zəlzələsi dövrüdür. Həmin çevrədə, yəni çar zabit elitasında dekabristlərdən qalma etirazçı düşüncə gizli şəkildə hər zaman davam edirdi. Həmin məğlub olmuş etirazçı çevrə, narazı ziyalı-intellektual kəsim olaraq fikir dəbinin ön sıralarında olurdu. Həmidə xanım bu məktəbin yetirməsi idi. Mirzə Cəlilə gəlincə, hər zaman sinif dəyişdirmək arzusu ilə yaşayan yarımçıq təhsilli bir adam idi. Naxçıvanda yaşamış, sonra Tiflisə yerləşmişdi. Şaxtaxtinsklərin ona aşiq olmuş dul qızı ilə evlənsə də Qafqazın ən nüfuzlu nəsillərindən biri olan bu sülalə tərəfindən qəbul edilmədi. Yəni dövrün ictimai qaydalarına görə qəbul edilə bilməzdi. Bu səbəbdən sinfi kompleksləri vardı, içində zadəganlara qarşı psixoloji bir nifaq daşıyırdı ki, bu, zümrələr arasında çox rast gəlinən bir haldı. Həm o sinfə can atır, həm onlardan nifrət edir. İnsan hisslərinə xas təzadlar. Məncə, Həmidə xanımın sol fikirli olması ilə Mirzə Cəlilin tənqidçiliyi, realizmi onları birləşdirirdi. Lakin bu solçuluq birində zadəgan əsaslı o birində sinfi kompleks əsaslı idi.

Image result for mirzə cəlil

Fikir versəniz, görəcəksiniz ki, Həmidə xanım Cümhuriyyət dövrünün üstündən ötəri keçir. Bunu 1934-36-cı ilin siyasi vəziyyəti ilə də bağlamaq olar. Lakin fikir versəniz belə görməyəcəyiniz bir nəsnə var: “Xatirələrim”in - Həmidə xanımın əlyazmalarının aşağı-yuxarı on faizi məhv edilib. Dəftərlərin arasından vərəqlər cırılıb. Nömrələnmiş yüzə yaxın dəftərin arasından bəziləri tamamilə yox edilib. Nəzərə alın ki, Mircəfər Bağırovun şəxsi nəzarəti, yasağı olub bu dəftərlər üzərində. Niyə? O dəftərlərdə nələr yazılmışdı ki? Bu kimi səbəblərdən “Xatirələrim” haqda bildiklərimiz natamamdır.

- Belə ehtimal olunur ki, Mirzə Cəlil də öz xanımına görə AXC və onun rəhbərliyinə rəğbət bəsləməyib.

- Həmidə xanım haqda “cümhuriyyətə rəğbət bəsləməyib” demək olmaz. Və qətiyyən olmaz! Cümhuriyyət ona Qarabağdan deputat olmağı təklif etdi, o isə imtina etdi. Həmidə xanım atasının Kəhrizlidə qalıb onun təsərrüfat və maarifçilik sahəsində başlatdığı proqressiv işlərini davam etdirməyə söz vermişdi. O, Mirzə Cəlillə ailə quranda belə, 1907-ci ildə Tiflisə köçmədi, hərçənd “Molla Nəsrəddin” Tiflisdə çıxırdı. Mirzə Tiflisdə yaşayırdı. Həmidə xanım Tiflisə gedib “Molla Nəsrəddin”ə ev-kontor, indiki dildə ofis aldı və yenidən Qarabağa döndü. Qarabağda onun o dövr üçün yenilikçi təsərrüfatı vardı, Kəhrizlidə, bütün Qafqaz üçün ilk türk-müsəlman oğlan-qız məktəbi açmışdı. Gələk Mirzə Cəlilə, onun cümhuriyyətçilər arasında dostları yox kimi idi. Çünki bu çevrə onun çevrəsi deyildi. Bu insanlar onun curu deyildi. Sinifləri, təhsil səviyyələri, əqidələri fərqli idi. Mirzə cümhuriyyətçilərin düşməni olan Nərimanovla yaxın idi. Fikir verin, onlar həm də eyni sinifdən – zümrədəndirlər. O zaman bu, olduqca mühüm psixoloji əhəmiyyət daşıyırdı, taylı-tayın tapmalıydı.

- Sizcə, Həmidə xanımın və onun nəsil şəcərəsinin Mirzə Cəlilin sosial-ictimai mövqeyinə hər hansı bir təsiri vardımı?

- Cümhuriyyətçilər arasında Həmidə xanımın yaxın qohumları vardı. Həmidə xanım özü xarakter etibarı ilə Cümhuriyyət Qadınıdır. Səməd bəy Mehmandarovun Cümhuriyyətin hərb naziri olaraq Şuşaya gəlməsinə və Həmidə xanımla danışıqlarına fikir versəniz “rəğbət bəsləməyib” fikri sıradan çıxar. Sıx əməkdaşlıq edirdi, hətta Cümhuriyyətin hərbi nazirliyi ilə müqavilə ərəfəsində idilər. Onun arteli əsgərlərimizin geyimini tikməyi öhdəsinə götürmüşdü. Həmidə xanım Qarabağdan çıxmaq istəmirdi. Atasının islahatlarını davam etdirmək istəyirdi. Həmidə xanım Mirzə Cəlillə öz zümrəsi arasında dağ kimi durmuşdu. Qarabağın zadəgan zümrəsində Həmidə xanımın ikinci evliliyi pis qarşılanmışdı: Həmidə xanım bir gədaya ərə getdi, deyirdilər! Xahiş edirəm, bu ifadədən heç kim inciməsin. Bu, bir gerçəklik, dövrün sinfi bir dözümsüzlüyü idi. Və bütün xalqlarda bu düşüncə tərzi mövcud olub, uzantıları hələ də davam edir. Həmin zümrəni dəli olsun, ağıllı olsun deyil, yalnız əsil-nəcabət maraqlandırırdı, zatı qarışdırmaq, qırmaq olmazdı. Nəzərə alın ki, Həmidə xanım sadəcə, zadəgan zümrədən deyildi, həm də xanədan qızı idi. Bunlar çox fərqli nəsnələrdir. İndiki baxışla yanaşsanız o dövrün ictimai psixologiyasını anlamaq çətin olacaq. Lakin Həmidə xanım zümrəsindən fərqli düşünürdü, Avropanın yeni düşüncə tərzi öz işini görmüşdü. Onun üçün “Molla Nəsrəddin”in mövcudluğu, maarifçilik ölüm-dirim məsələsi idi, həyatının amalı idi. İşin bu tərəfi də vardı ki, Həmidə xanım nə qədər birləşdirici olsa da tərəflər heç zaman barışmadılar. Eynilə Şahtaxtinskilər kimi Cavanşirlər də Mirzə Cəlili həmişə özgə saydılar. Mirzə olduqca həssas, əsəbi, tündməcaz və tezsınan bir adam idi, o, yadlığını hiss edir və adətən zadəgan məclislərində iştirak etmirdi. Necə deyərlər, o da öz iqnorunu edirdi.

- Həmidə xanımın xatirələrində bir maraqlı nüans da var: Nuru paşanın bolşeviklərlə əməkdaşlıq etməsi...

- Bu məsələyə belə yanaşılmalı: həmin əməkdaşlıq dövründə bolşeviklər hələ öz cinayətlərini törətməmişdilər. Düzdür, 1918, mart qırğınları baş vermişdi, lakin bolşevizm ideya olaraq öz parıltısını itirməmişdi. Cümhuriyyətçilər devrilmiş, əməkdaşlıq ediləcək başqa bir düşərgə yox kimi idi. Mövcud düşərgənin Nərimanov kimi o vaxt üçün nüfuzlu lideri vardı. Məncə, Nuru Paşanın əli hər yerdən üzülmüşdü… xatırlayırsınızsa, Həmidə xanım onu çox yorğun bir gənc olaraq təsvir edir. Amma danılmaz faktdır ki, Nuru Paşa 20-ci ildə bolşeviklərlə əməkdaşlıq etdi. Bəziləri bunu inkar etməyə can atır. Lakin tarix bizim istəklərimizə görə yazılmaz.

Image result for Mirzə Cəlil Həmidə Xanım

- Mirzə Cəlilin xalqımızı aşağılaması, başqa xalqlarla, xüsusən ermənilərlə müqayisədə avam, kəmsavad göstərməsi fikrinə necə baxırsınız?

- Mirzə Cəlilə Yusif Vəzirin məktubu var. Bu məktubun canı ondan ibarətdir ki, sən başqa xalqları tanısaydın, Avropanı gəzib görmüş olsaydın və ya xalqların təbiəti və məişəti haqda bir şey bilsəydin öz xalqına belə yanaşmazdın. Yusif Vəzir Mirzə Cəlilin xalqa qarşı qeyd etdiyiniz münasibətini onun dünya görüşünün məhdudluğu ilə bağlayır. Mən Yusif Vəzirə haqq verirəm.

- Erməni uşağının üstün tutulduğu və daha zəkalı göstərildiyi iddia olunan “Poçt qutusu” hekayəsinin dərsliklərdən çıxarılması təklifini ilk eşidəndə hansı hissləri keçirdiniz?

- Məhdud bir dünya görüşün məhsulu dərsliklərdə olmamalıdır. Bu, zərərlidir. Bilirsiniz, Mirzə Cəlil haqlı idi ki, erməni uşağı bizim uşaqdan zəkalı-təhsillidir. Bu, həqiqətən belə idi. Lakin Mirzə Cəlil bunun səbəbini görə bilmirdi. Mirzə Cəlil Əhməd bəy Ağaoğlunun gördüklərini görə bilməzdi. Çünki mühit, təhsil, zümrə, maraq fərqi vardı. Sarbon məzunu Ağaoğlu bütün bunların səbəbini bilirdi. Bilirdi ki, erməni uşağın arxasında rus imperiyası durub, onu oxudur, vəzifələrə çəkir, beşillik təhsillə general rütbəsi verib Qarabağa Türk-müsəlman camaata ağalıq etməyə göndərir. Amma türk-müsəlman qadınının dünyəvi təhsil alması üçün ziyalılarımız otuz il rus imperatoruna müraciət etdilər, axırda məsələ Hacı Zeynalabdinin imperatriçəyə verdiyi brilliantlarla həll edildi. Rus imperiyası “Əli”, “Ömər” məktəbinə pul ayırırdı, məzhəb qarşıdurması salırdı, amma bizim qadının dünyəvi təhsil almasına yol vermirdi. Deyirdi, get, din təhsili al, molla yanında oxu. Ağaoğlu məhz siyasəti bilirdi, dünyanın, regionun gedişatından xəbərdar idi, elm sahibi idi, işğalın, zülmün, ictimai prosesin kökünü görür və bununla mübarizə aparırdı. Mirzə isə nəticə ilə savaşırdı. Hər birinin öz yeri var və hər biri olmalıdır. Lakin ranqına uyğun dəyərlənməlidir.

Hazırki əsas şəkil

- Ümumiyyətlə, bir yazıçının, o cümlədən Mirzə Cəlilin millətçilik kontekstində dəyərləndirilməsi doğrudurmu?

- Mirzə Cəlili millətçilik kontekstində dəyərləndirmək olmaz. O, millətçi deyildi və ola bilməzdi. Xalq içindən çıxmış, daima ermənilərlə yanaşı yaşamış , dostluq etmiş insanlar millətçi olmurlar. Və qeyd etdiyim kimi onun dühası milli təəssüb çəkəcək qədər deyildi. O, özünün bildiyi, müşahidə etdiyi, eyni zamanda son dərəcə əhəmiyyətli sahələrlə ilgilənirdi. Geridəqalmışlıqla öz bildiyi kimi mücadilə aparırdı. Bu, əhəmiyyətli mübarizə idi.

- Sonda maarifçilik və tənqidi-realizm haqda nə deyə bilərsiniz? Sizcə, zamanımızda nə qədər aktualdır?

- Maarifçiliyə dünya durduqca ehtiyac olacaq. Bu öz yerində. Xüsusi qeyd etmək istəyirəm ki, Mirzə Cəlil və bir çox böyük ədiblərimiz yenidən öyrənilməlidir. Sovetlər bizə saxtalaşdırılmış, təhrif edilmiş, haqqı-nahaqqa verilmiş bir tarixi miras qoyub. Pozub yenidən, gerçəkcə yazmaq lazımdır. Amma yeni araşdırmalar AMEA-nın əsasən sovet təfəkkürlü alimləri tərəfindən deyil, dünya ədəbiyyatını bilən, müqayisə ilə dəyərləndirən, yeni düşüncə alimləri tərəfindən aparılmalıdır. Məsələn, xəbəriniz varmı ki, Mirzə Cəlil sovet dövründə həbs edilib və “NKVD”-də ölümünə döyülüb. Bunu Həmidə xanım belə yazmır. Amma arxivlərdə qalır. Döyüb, sındırıb, ölümünü tezləşdirən sovet rejimi sonradan Mirzə Cəlili şişirtdi. Ayna Sultanova, Qəzənfər Musabəyov və başqaları kimi. Bu, rejimin üslubu idi, öldürüb goruna and içmək. Çünki sovetə bizə Novruzəli demək lazım idi, sovet rejimi bizim milli intellektimizi, fikir yüksəlişimizi danmaq istəyirdi. Mirzənin dili ilə dandı, beyinlərə yeritdi, dərsliklərə saldı. Burada Mirzənin suçu yox! Şübhəsiz, Mirzə Cəlilin xidmətləri fövqəladədir. “Molla Nəsrəddin” dövrünün şedevridir. Amma mən bu şedevrin haqqını 3 yerə bölərdim, öncə Ömər Faiqin haqqını verərdim, çünki işin başında o gəlirdi. Sonra Mirzə Cəlilin, üçüncü mühüm olan Həmidə xanımdır. “Molla Nəsrəddin”in mövcudluğunda bu iki əzabkeş şəxsiyyətin haqqını dandı sovetlər və sovet araşdırmaçıları. Bu iki əzabkeşin haqqını tək Mirzə Cəlilin ayağına yazdı. Ədalətsizlik etdi.

Hə, onu da qeyd edim ki, Azərbaycan ədəbiyyatında Axundovla, Seyid Əzimlə başlamış tənqidi realizm – bizim fikrimizin nə olduğundan asılı olamayaraq – daima yürüyəcək. Və yürüməlidir.

# 9601 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #