[b]Qaynanam Quranı əxlaqsızlıqda ad çıxarmış axunda bağışladı[/b] – BİRCƏNİN ROMANI

[b]Qaynanam Quranı əxlaqsızlıqda ad çıxarmış axunda bağışladı[/b] – BİRCƏNİN ROMANI
9 mart 2018
# 11:45

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Evdən qaçdığımın on üçüncü günü Eminin kiçik əmisi Misir müəllim məni aparmağa gəldi. Atamla, əmimlə xeyli çək-çevirdən sonra onları razı salıb biz ana-balanı geri qaytardı.

Yol boyu Misir əmi mənə xeyli öyüd-nəsihət, məsləhət verdi. Bundan irəli də dediyim kimi, ata-analarını çox erkən itirmiş bu qardaşlar qaynatamın yanında böyüyüb pərvazlanmışdılar, ona görə də Zöhrə xalanı lap yaxşı tanıyırdılar. Kişi əlləri sükanda güzgüdən mənə baxa-baxa deyirdi:

- Bircə, hələ sən onun oğlunun arvadısan sənlə belə davranır, gör bizimkilərin başına nə oyunlar açıb...

Mahmud əmi iki qardaşını evləndirəndən sonra da onları bir müddət yanında saxlamışdı. Görənlərin dediyinə görə, sonradan gələn gəlinlər də böyük eltilərinin əlindən az çəkməmişdilər. Bununla bağlı kişi yolda mənə bir əhvalat danışdı:

Demək, Misir əminin kənd məktəbində müəllim işləyən gənc arvadı yay tətilinin bitməyinə az qalmış özünə bahalı parçalardan üç don tikdirib asar dolabdan. Sentyabrın biri günü donlardan birini asılqandan almaq istəyər ki, geyinib məktəbə getsin. Baxar ki, üç donun üçünün də arxası nəlbəki boyda kəsilib. Evdə də iki qardaşla arvadlarından savayı kimsə olmazmış, ağlıkəsməz uşaq da yoxmuş ki, yapışasan yaxasından (qaynanam dəvə kimi yeddi ildən bir doğurmuş). Dalıkəsik paltarları böyük qardaşının qabağına qoyan Misir əmi elə həmin gün özünün ala-yarımçıq tikilmiş evinə köçər...

Böyüklərdən eşitdiyi bu əhvalatı Maral Zöhrə xalaya tez-tez xatırladırdı. Onu qaynanamızı ifşa eləməkdən də çox bu işin ayrı yönü maraqlandırırdı:

- Arvad, sən ki bicin kəlləsiydin, belə səhvə yol verməzdin. Bilmirdin hamı səndən görəcək, niyə doğrayırdın qadının paltarlarını?

Zöhrə xala da həmişəki soyuqqanlılıqla:

- P... yeyir onu sənə danışan, belə şey olmayıb, - deyirdi...

Misir əmi bizi evə gətirəndən sonra da öz evinə getmədi, oturub Eminin gəlməyini gözlədi. Emin işdən qayıdanda ona bərk-bərk tapşırdı:

- Bax, budu deyirəm, Bircənin xətrinə dəysən, yaxanı əlimdən qurtara bilməyəcəksən. Bəsdi heç nəyin üstündə özünüzü el içində başıqaxınclı elədiniz!

Qaynanam tez dilləndi:

- Gəlinin arxüstü yolla qaçmağı bizi biyabır elədi.

Misir əmi arvadı qanlı-qanlı süzdü:

- Bəs sənin camaata durduğu yerdə şər atmağın biyabırçılıq deyil? Heç ölüb yerə girmədin? Camaat sizdən qorxub üzük almışdı ki, sonra da oğurladıb geri qaytara? Bəsdi, özünü yığışdır, rüsvay olan sənsən!

Bunları deyib kişi hirsli-hirsli pilləkəni düşüb getdi...

Eminin də, anasının da bir qəribə xasiyyəti vardı: mən küsüb evdən gedəndə mənə aid olan nəyisə sel aparsaydı belə əllərini qabağa verməzdilər. İndi də eləydi: dibçəkdəki güllərim susuzluqdan yanmışdı, yuyub sərdiyim paltarlar günün altında, küləyin qabağında qalmışdı, səpdiyim göy-göyərtiyə belə su verməmişdilər. Mahmud əmidən payızlıq göy səpməyin qaydasını öyrənmişdim, eynən onun kimi ləkləri hər gün suvarmışdım. Mən gedəndə keşniş, acıtərə qarışqa ayağı boyda cücərmişdi, ancaq su verən olmamışdı deyə hamısı quruyub qovrulmuşdu. Həyətdə əkməsəydim, gərək bir dəstə göy üçün də kimsə bazara gedəydi.

Misir əmi çıxan kimi Emin məni muştuluqladı, şikəst qolunun fırlı dirsəyini gözümə soxub:

- Ala, - dedi, - ev əvəzinə bunu görərsən.

Hə, mən elə belə də bilirdim. Ağlıma gələn başıma gəldi.

***

Düşünürdüm Mahmud əminin ili çıxandan sonra Emin evi tikdirməyə başlayacaq. Tikinti üçün hər material yığılıb hazırlanmışdı, bünövrə də tökülmüşdü; təkcə sement alınmamışdı. Ondan sonra qalırdı ustaların gəlməyi.

Qaynanamla bacıları “məcunlu” çaydan Elgizə nə qədər içirdilərsə bir faydası olmadı. Subay qaynım elə öz kəndindən olan arıq uzun bir qıza vurulmuşdu. Zöhrə xala axırda məcbur olub qız tərəfin ağzını aramaq üçün baldızımı onlara göndərmişdi. Onlar da sevincək razılıq vermişdilər.

O ilin payızı yadımdan çıxmaz. Noyabr girəndən başlayan yağış ta dekabrın əvvəllərinə qədər göz açmağa qoymadı. Yağınlıq kənd əhlinə çox ziyan vurdu, nə qədər qoyun-quzu tələf oldu. Yağış kəsən kimi də qış qapını aldı.

Elə yağışsız-qarsız da bizim evin bərəkəti Mahmud əmidən sonra göyə çəkilmişdi. Mən evdarlıqda Maral qədər səriştəli deyildim, ancaq yenə olandan-olmazdan xeyli tədarük görmüşdüm: bankalara yığıb bağladığım lobya-badımcan qış uzunu yeyildi, süfrəmizdən mürəbbə əskik olmadı. Üçlitrlik balonla bir mürəbbəni iki günə yeyib qurtarırdılar, di gəl, mer-meyvənin üzə gülən vaxtında əlim çatmayan budaqdan biri bir göy alça dərib mənə verməzdi.

Zöhrə xala dədə-babadan gəlmə adətinə sadiq qalıb hər səhər xaşıl çalırdı, ortasına bəhməzdən, irçaldan töküb Elgizlə qabaq-qabağa şirin-şirin yeyirdilər (Emin belə yeməkləri dilinə vurmazdı). Onlara baxdıqca mən də iştahlanırdım; artıq xaşıl, xəngəl yeməyə öyrəşmişdim.

Mahmud əminin bərəkətli əlləriylə qurub bəslədiyi (öz aramızda limonxana dediyimiz) cənnət kimi istixana o qış baxımsızlıqdan xaraba qaldı, neçə-neçə ağacı şaxta vurdu. Eminə də, Elgizə də çox yalvarıb-yaxardım, ağacların örtüyünü təzələmədilər. Mənim limonxananı qorumaqdan ötrü canfəşanlıq eləməyim nədənsə qaynanamı qıcıqlandırırdı. Bu evdə hamının çölə atdığı bir əşyanı mən götürüb yuyub silib evin yuxarı başına qoyanda Zöhrə xala da, baldızım da çox əsəbiləşirdilər; o əşyanı kiməsə verməyə, lap küllüyə tullamağa hazırıydılar, təki mənə qismət olmasın. Mahmud əmidən (ona da kimlərdənsə) qalma dörd nüsxə qədimi Quranı kişinin meyidi soyumamış Zöhrə xala aparıb rayondakı məscidin əxlaqsızlıqda ad çıxarmış axunduna bağışladı. Ağlaya-ağlaya ona nə qədər yalvardım:

- Heç olmasa o məxmər üzlü kitabı aparma. Neynək, mənə də vermə, qoy eləcə evdə qalsın.

Arvad üzümə qəddarcasına gülə-gülə:

- Çəkil yolumdan, - dedi, - verməyəcəm. Bu kitab nəyinə lazımdı, get evinin kirini yu. Sənlə toyu olan gəlinlərin indi üç uşağı var.

Əl çəkmədim:

- Sən o kitabın birini ver mənə, söz verirəm, bir qız doğub ona sənin adını qoyacam.

Zöhrə xala məni özündən aralayıb arxayın-arxayın dedi:

- Sən o qızı onsuz da doğacaqsan, adını da mən qoyacam.

Onun ardınca baxa-baxa umudsuz-umudsuz pilləkənə çökdüm, ancaq yenə dil altında qalmadım:

- O qız lap doğulsa da, bu söhbətdən sonra ona sənin adını vermərəm...

***

Üzü Novruza ev suyu soğulmuş dəyirmana dönmüşdü. Otuza yaxın pətəyimiz vardı, çoxunun arısı yaza çıxmadı, baxımsızlıqdan qırıldı. Limon ağaclarını don apardı, meyvəsinin ağırlığından budaqları yerə dəyən ağacların çoxu qısır qaldı, çiçək açmadı. Qapıdakı qoca it öldü, cavanı da başını götürüb harasa azdı.

Mahmud əmi limonların arasında yarpaqları yemlik yarpağı kimi uzunsov bir bitki də əkmişdi, adına küsdüm deyirdi. Dümdüz uzanırdı, toxunanda budaqları, sivri yarpaqları ürəkgetməli adamlar kimi yerə sərilirdi, bir müddət sonra dikəlib yenə əvvəlki halına qayıdırdı. Kiməsə acığım tutanda gedib onu küsdürürdüm.

Qaynatamın ölümündən az əvvəl o bitki qurudu, kişi nə qədər əzizlədisə küsdüm ayılmadı. Onda Mahmud əmi dedi:

- Dovşan, küsdüm bizdən küsdü, mən bu qış öləcəm.

O vaxt mən bu sözləri zarafata yozdum, inanmadım. Ancaq qaynatamın dediyi kimi oldu, kişi həmin qışa qalmadı. İndi abad həyət-bacanı sığalı pozulmuş, hər budağından bərəkət yağan bağ-bağatı barsız, sonsuz gördükcə qanım soyuyurdu, üşürgələnirdim.

O yaz kasıblıq artıq evimizin kandarına ayaq basmışdı, qalırdı yuxarı başa keçib bardaş qurmağı. Həyət-bacanın zir-zibili də dizə çıxmışdı, təmizləyib qurtara bilmirdim. Bu qışın buzu əriməmiş sonrakı qışın soyuğu canıma üşütmə salmışdı, Marala qoşulub mən də həyətin bir küncündə dirrik salmışdım – göy-göyərti, xiyar, pomidor, bibər, badımcan əkmişdim. Evdəki iki bığıburma kişinin biri o balaca dirriyə su vermirdi, suyu arxdan döndərə bilməyəndə ləkləri vedrəylə suvarırdım.

Bu kəndin camaatı hamılıqca tənbəl idi, qonşu kəndlərin adamları bunların kişilərinə “daramşalvar”, qadınlarına “teliyağlı” deyirdilər. Cavanları qumara, içkiyə həris idi, özlərini çətinə verməklə araları yoxudu. Bizim evdəkilər də, içkiyə meyilli olmasalar belə, tənbəllikdə öz kəndlilərindən geri qalmazdılar.

Atamgil qurulu evlərindən bəzi qiymətli şeyləri daşıyıb aparıb bir azını qonşu rayona, bir azını da Bakıya yığmışdılar. Rayon hər gün şəhid verirdi. Mən yaşadığım kənd atamgilə baxanda cəbhə xəttindən bir az aralıydı. Onsuz da işdən qaçaq, müstər olan kənd camaatı ermənini bəhanə eləyib əkin-biçindən əlini çəkmişdi. Doğulduğum kəndin adamları gecələr az qala şam işığında yer əkir, mal-qara otarırdılar. Bunlarsa bizim kəndi lağa qoyur, əlini torpaqdan üzməyən camaatımızı bəzəyirdilər. Di gəl, toyuq-cücəni, yumurtanı, süd-qatığı düşməndən bir güllə mənzili aralı yerləşən bizim kənddən alırdılar...

Evlə bağlı umudumu Emin gömmüşdü artıq. Gecə vaxtı çöl-biyabanla atam evinə qaçdığımı hər saat başıma vururdu, gündə azından üç yol evi tikdirib Elgizə verəcəyini, bizimsə bu evdə qalacağımızı deyirdi. Artıq ərimlə mübarizə aparmaqdan, ona yalvarmaqdan yorulmuşdum. Ermənilərlə ölüm-dirim savaşının günü-gündən şiddətlənməsi, min bir zəhmətlə qurulan evlərin, xanimanların xaraba qalması, cavan arzuların düşmən caynağında puça çıxması da bir yandan onun əl-qolunu soyutmuşdu.

Təzə evlə bağlı xəyallarımı Emin qatlayıb bir qırağa qoyandan sonra bu evdə vərdişə bağlı yaşayırdım. Səsimi çıxarmırdım, sevincə də, kədərə də üz vermirdim. Səməndərin bir sözü də təmkinimə su çiləmişdi:

- Xəstə tələsər, armud vaxtında yetişər. Özünü üzmə, bacı, qədər-qismətin nəsə onu da görəcəksən. Cəhd çarıq yırtar, səbirli ol. Emin ağıllı oğlandı, əlbət bir düşündüyü var.

***

Uşaqlıqdan bir mərəzim də vardı, bəzən hamamda başıma isti su dəyəndə köklü ağac kimi yerə çırpılardım, məni bayıra kimin çıxardığından belə xəbərim olmazdı. Cavid doğulandan sonra bu mərəz daha da şiddətləndi. Daşa-divara dəyib şişən, göyərən canımın-başımın ağrısından günlərlə, həftələrlə göynəyib zarıyırdım.

Qaynanamla axırıncı davamızdan sonra belə hallara düşəndə Emin göyərmiş yerlərimə baxıb deyirdi:

- Bax, anamın üzünə ağ oldun, Allah da başına vurdu.

Bu fikri ağlıma necə yeritmişdisə Zöhrə xalayla sözümüz çəpləşəndə hamama girmirdim. Sonra yolunu tapmışdım: suyun altında ayaq üstə dayanmırdım, otururdum, ona görə yıxılanda da ağır zədə almırdım. Maral bu dərdimi bildiyindən mən çimib qurtarana qədər məni tək qoymurdu, əlində yağı daşsa da, mən hamamdan salamat çıxıb evə girməyincə qapıdan çəkilmirdi. Eminsə çox vaxt o halımda da məni ələ salırdı:

- Hə, koramal, Xəstə Qasım, daha nəyini gizləmisən? Nə qədər gec deyil, aç tök ortalığa.

Mən də pərtliyimi ört-basdır eləmək üçün dilimə güc verirdim:

- Sən get qolunun dərdini çək...

May girəndə hiss elədim ki, yenə boyluyam. Artıq təcrübəm vardı, halımı gizləməyi bacarırdım. Ancaq lap hamının başına corab hördüm, özümü ki aldada bilməzdim, qazancımı tərəzinin bir gözünə, itkilərimi o biri gözünə götürüb qoyub bir qərara gəlməliydim. Qovaq oldu tərəzinin bir gözü, tut da o biri gözü – gecələr canımın yükünü qovaqdan tuta, tutdan qovağa daşıya-daşıya gələcək körpənin taleyinə fərman aradım.

Əslində, bu uşağın doğulmasını istəyirdim. Maralın dörd balasını baş-başa verib oynaşan gördükcə mənim də içimdə şirin bir yanğı baş qaldırırdı, qollarım, döşlərim daha bir körpəyə yerikləyirdi. Axı demişdim, lap erkən yaşlarımdan çoxlu uşaq anası olmağı arzulayırdım. Ev tikdirib içinə yığılsaydıq, heç götür-qoy eləmədən yenə də doğacaqdım – birinimi, ikisinimi, bəlkə də lap üçünü...

Amma bu halda, bu gündə uşaq mənim harama yaraşırdı? Kim qoluma əl atacaqdı, kim baxacaqdı ona? Hələ heç Cavidin də ayağı düz-əməlli yer tutmurdu. Əlim çatan, ünüm yetən ana yox, bacı yox, arxamda duran qaynana yox, baldız yox. Yıxılanda qaldıranım yox, yananda bir içim su verənim yox. Hamısı yox, yox, yox!

Evdəkilər duyuq düşsəydilər, başqa yolum qalmayacaqdı, doğmalıydım. Ancaq mənim qara torpağa əkdiyim bir toxumun qədrini bilməyənləri onların toxumunu bəsləyib böyütməklə sevindirmək istəmirdim. Ha düşünüb-daşınıb özümü yola gətirməyə çalışsam da, məni incidənlərdən intiqam almaq istəyim bətnimdəki dölcüyə mərhəmət hissimi üstələyirdi. Daha anlamırdım ki, Emindən, qaynanamdan yox, özümdən qisas alıram.

...O qovaqla o tutun arasındakı yolun tən ortasında, o tərəzinin düz pərgarında bir dəfə, tək bircə dəfə ayaq saxlayıb göyə baxdım, Dostum. Tək bircə işarə versəydin, inan, o körpəni Sənin övladın, amanatın kimi doğub böyüdüb bəsləyəcəkdim. Vermədin. Dinmədin...

ardı var

# 1877 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #