Şərif Ağayar: “Raquf Orucovdan yalan yaza bilməzdim” – Müsahibə

<span style="color:red;">Şərif Ağayar:  “Raquf Orucovdan yalan yaza bilməzdim” – <span style="color:red;">Müsahibə
3 aprel 2019
# 09:00

Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucov haqqında yazılmış “Komandir” romanının müəllifi Şərif Ağayar “Kulis”çilərin kitabla bağlı suallarını cavablandırır.

- Şərif, yeni romanın gəldi: “Komandir”. Əfsanəvi kəşfiyyatçı Raquf Orucov haqqında... Romanın ideyası hardan yarandı? Necə oldu ki, bu romanı yazmağa qərar verdin?

- Aprel hadisələrindən bir az sonra mərhum Raquf Orucovun evindən reportaj etməyə getmişdim. İlk dəfə idi bu mövzuda nəsə yazacaqdım. Həmişə qaçırdım bu mövzulardan. Bu dəfə getdim. Açığı, Raquf Orucovu dərindən tanımırdım. Amma yazmaq çətin olmadı. Qohumlarını danışdırdım; həyat yoldaşı, oğlu, atası, qardaşları və s. O vaxt şəhidlərdən, xüsusən Raquf Orucovdan çoxlu yazılar yazılırdı. Oxuyurdum və bəyənmirdim. Ağır mövzudur. Çətindir. Şəxsiyyət güclü olanda qələm adamı əzir, mövzunun altından çıxa bilmirsən. Elə qaçmağıma səbəb də bu olub həmişə.

Həmin gün işə gəlmədim. Lent.azın baş redaktoru Qabil Abbasoğluna yazdım ki, madam məni işə salmısınız, bir günlük icazə verin. Mövzu ağırdır. Üstəlik müəyyən kontrollar etməliyəm. Çünki mənə çox şey danışmışdılar. Xeyli təsirlənmişdim. Ən çətini isə yazının formasını tapmaq idi. Çoxluqdan seçilən bir yazı yazmalıydım. Götürüb Folknerin məşhur “Hay küy və hiddət” romanındakı formanı bir az sadələşdirərək yazıya tətbiq etdim. Poetik bir giriş və sonluq, ortada qohumlar danışır. Həm də bir-biri izləyərək, bir-birinin fikrini davam etdirərək danışırlar. Nəğmə kimi bir yazı alınmışdı. İndinin özündə də o yazı rastıma çıxanda şeir kimi oxuyuram.

Sonralar Raquf Orucov haqda roman yazmaq təklifi gəldi. Ailə məhz o yazıya görə məni seçmişdi. Bir neçə namizəd varmış. Başı çıxan adamlardan soruşublar, hamı məni nişan verib. Beləliklə, təklif gəldi, lakin mən razılaşmağa ürək eləmədim. Roman məqalə deyildi. Bir ay vaxt istədim. Həmin bir ayda Raquf Orucovla əməlli-başlı mənəvi qovğaya başladım. Hətta ona öz ürəyimdə çox eqoist bir sual da ünvanladım: Axı mən səndən niyə yazmalıyam? Və araşdırdım. İlahi bir ədalət hissi ilə. Nəticə: heyran qaldım! Səmimi etiraf edirəm, mən Azərbaycan ordusunda belə bir zabitin olduğunu heç vaxt xəyalıma gətirməzdim. Raquf bütün suallarımı və Azərbaycan ordusu haqqında pessimist qənaətlərimi alt-üstü etdi. Mən ona çox zaman Raquf deyirəm. Çünki o şəhid olanda mənim indiki yaşımdaydı. Tay-tuşuq hardasa. Statusumuz da uyğundur. Mən də özümü nəsrin polkovniki saya bilərəm. Düzdü o, general olmağa layiq idi, ona mane oldular, layiq olduqlarını vaxtında vermədilər. Amma elə mənə də mane olublar. Taleyimizdə oxşarlıq çoxdur.

- Bax elə burda soruşmaq yerinə düşər: kontrol kitabda da davam etdimi?

- Kitabı yaza-yaza elə olub, Raquf Orucovun özü ilə, elə də olub sifariş verənlərlə cəngi-cidaya çıxmışam. Gah Raqufun qarşısında əzilməmək üçün özümü, gah da kitabın kontrollu yazılmasını istəyən sifarişçilərin qarşısında hər ikimizi müdafiə etmək üçün mübarizə aparmalı olurdum. Adamları qınamıram. Biz müharibə şəraitində yaşayırıq, Raqufsa ordumuzun yüksək çinli zabitidir. Onun 25 ili Azərbaycan ordusu ilə bağlıdır. Elə şeylər var ki, yazıçılıqdan, bəlkə ədəbiyyatdan vacibdir. Ancaq mən yazıçı obyektivliyini müdafiə etməli idim. Ona görə, hərbçi Raquf Orucov məni nə qədər əzirdisə, insan Raquf Orucov o qədər yanımda idi. Bir də ailəsi. Həyat yoldaşı Sevinc xanım və qardaşı Zabil. Məndən heç nə gizlətmədilər. Soruşduğum bütün sualların dəqiq cavabını aldım. Yadımdadır, Sevincə dedim ki, bizim bəzi dostlar yazıya müdaxilə etmək, kitabı konyukturaya uyğunlaşdırmaq istəyirlər. Mən onları başa düşürəm. Lakin Raquf Orucov haqqında yalan yaza bilmərəm. Susa bilərəm, amma yalan yaza bilmərəm. Bədii əsər təxəyyüllə yazılır, düzdür, amma bu yalan demək deyil. Kəşfiyyatçı adamdır, gecə yuxuma girər, məni birtəhər eləyər. Doğrudan yuxuma girib mənə nəsə deyəcəyindən həmişə qorxurdum. Onun ləyaqəti qarşısında hamının əlləri yuxarı idi. Hətta onu sevməyən yüksək çinli məmurların da. Eləcə də mənim. Beləliklə, bir neçə yerdə usta işarələr vurmaq şərti ilə Raquf Orucova qarşı haqsız yerə aparılan və onun ucalığına yaraşmayan intriqalardan bəhs etmədim. Ancaq yaza bildiklərimin sayəsində bu nüanslar çox azdır. Buna görə, Sevinc xanıma xüsusi təşəkkür edirəm. O, məni axıracan dəstəklədi, mənə inandı. Əgər bu inam və dəstək olmasa, bəlkə də kitabı yaza bilməyəcəkdim. Eyni zamanda, romanın araya-ərsəyə gəlməsində mənə yaxından kömək edən qardaşı Zabilə, Murovda kəşfiyyat xidmətinin rəisi olmuş Rasim Fərşidova və ehtiyatda olan zabit, qələm dostumuz, kitabın redaktoru İlham Tumasa dərin təşəükkürlərimi bildirirəm.

- Roman üçün başqa kimlərlə görüşdün?

- Əsgərləri, komandirləri, kəşfiyyat yoldaşları, dostları, tanışları da daxil 50-yə yaxın adamla görüşüb söhbət etdim. Bütün danışıqları yazdım və stenoqramını çıxardım. Uyğun gəlməyən nüanslar üçün dəqiqləşdirmələr apardım. Qərara gəldim ki, roman üçün ən maraqlı, dramaturgiya ilə dolu məqamlar 90-cı illərdəki kəşfiyyat əməliyyatlarıdır. Kitabın əsas hissəsini də bu əməliyyatlar təşkil edir. Belə deyək, 4 hissəli kitabın birinci hissəsi uşaqlığı, Ağdamın işğalına qədər olan dövrü əhatə edir. İkinci, üçüncü hissəsi Murov əməliyyatlarıdır. Dördüncü hissə sonrakı dövrlər və şəhidlik məqamıdır.

- Bəlli səbəblərdən şəhadətə qovuşması ilə bağlı detallı bilgilər yoxdur. Buranı necə işlədin?

- Onun necə şəhid olması ilə bağlı üç versiya var. Bu versiyalardan biri əsərin ümumi ideya və məzmununa uyğun gəlirdi. Onu saxladım. Və bu hissəni daha çox magik-realist üslubda işlədim.

- Realist məqamlar da var...

- Əsər real manerada yazılsa da realist əsər deyil. Əhvalatın əsas hissəsini Raquf Orucov özü danışır, qalanları ikinci dərəcəli obraz kimi nəqletməyə qoşulurlar.

- Müəllif kimi sənin sözün yoxdur...

- Romanda mənim bir cümləm də yoxdur.

Image result for raquf orucov

- Belə anlaşılır ki, Raquf Orucovun evindən etdiyin reportajın formasını romana köçürmüsən...

- Bircə fərq var: Burda komandir özü də danışır və kitaba giriş və sonluq yazılmayıb. Hər şey o danışıqların içindədir.

- Niyə məhz “Komandir”?

- Ən çox sevdiyi söz olub. Və doğurdan gerçək komandirdir. Mən Raqufun şəxsində komandir sözündə yeni çalarlar görməyə başladım və bu çalarları oxucuya göstərməyə çalışdım. Bizdə, xüsusən aşağı təbəqəli insanlar arasında komandir sözü həmişə müsbət xüsusiyyətlərlə assosiasiya olunmur. Bu dəfə fərqli komandirdən söhbət gedir.

- Deyirlər, əsgərlərini övladlarından çox istəyirmiş. Belədir?

- Onun bu cəhətlərindən danışsam, inanmayacaqsınız. Çünki, doğrudan da inanılası deyil. Bir komandir axı niyə belə olsun ki?

- Səncə, niyə?

- Onun anasını ermənilər öldürmüşdü. Ancaq o, müharibəyə, erməni qadını öldürüb, anasının qisasını almaq vasitəsi kimi baxmırdı. Onun üçün anasının qisası Qarabağın, ən azı Ağdamın, anasının qəbri qalan Kolanı dərəsinin azad edilməsi idi. Raquf Orucov bütün əsgər və zabitlərə, xüsusən səngərdə olan sıravi əsgərlərə bu mübarək yolun fədailəri kimi baxırdı. Ona görə xəstələnəndə ayaqlarını da yuyurdu, ciblərinə pul da qoyurdu, bankdan öz hesabına kredit götürüb kazarma da tikdirirdi, əsgərlərə dərman da alırdı və s.

- Şərif, belə bir söhbət həmişə müzakirə olunur ki, Qarabağ mövzusunda yazılan bədii əsərlər həddindən artıq azdır. Necə düşünürsən, “Komandir” bu boşluğu doldurmaq istiqamətində atılan ciddi addımlardan biri sayıla bilərmi?

- “Komandir” bənzərsiz əsərdir. Yazılanların heç birinə oxşamır.

- Səncə, Raqufun hekayəsini danışan adamların hisslərini, həyəcanını, gözləntilərini bir əsərə sığışdırmaq mümkün olarmı və yaxud bunu edə bildinmi?

- Heç vaxt mümkün olmaz. Dünyada belə bir əsər yoxdur. Nəinki 25 ilini Vətən üçün fəda edən bir qəhrəmanın, hətta sadə bir insanın həyatının bütün vacib nüanslarını bir əsərə sığdırmaq imkansızdır.

- Ana itkisi ilə torpaq itkisinin paralelini vermək və bu əzabı yaşayan Raquf Orucovun portretini çəkmək xeyli çətin olardı...

- Çətin olmadı. Əksinə, ana ilə vətən arasındakı əzəli-əbədi paralel bir də qarşıma çıxdı. Anasının üçünü dəfn olunduğu Çullu kəndində, yeddisini Ağdamda, qırxını Hindarxda, ilini Sumqayıtda veriblər. Ana ilə birlikdə Qarabağ da həm zaman, həm məkan baxımından uzaqlaşırdı. Əsərdə üçüncü paralel Tanrı ilə aparılıb. Qəhrəman anasının meyitini atəş altından çıxaranda onun üzündə ağ işıq görür və ömrünün sonunacan bu işığı axtarır.

- Ağ işıq romanda aparıcı xətlərdən biridir. Bu işığın sirrini oxucularınla bölüşmək istərdinmi?

- Onun sirrini bilsəydim, əbədi xoşbəxtliyə qovuşardım. Can atdığımız hər şeyin ümumiləşmiş obrazıdır. Vətən, ana, haqq-ədalət, azadlıq, sevgi və s.

- Əsərin bəzi hissələrində təsvirlər bol, hadisələrin nəqli uzundur, bəzi hissələrin üstündən sanki çox sürətlə keçilib. Bu, nəylə bağlıdır?

- 25 ili əhatə eləmək üçün epopeya lazım idi. Mən, dediyim kimi, hansı dramatik hadisələrin bədii həllini daha rahat verə bilmişəmsə, o dövrü, hətta o dövrdə bəlli olan müvafiq əməliyyatları götürmüşəm.

- Sən həmişə müasir nəsrin texnologiyalarından istifadə etməyə çalışmısan. Bəzən buna görə iradlarla da rastlaşmısan. Bu mənada “Komandir” romanı çağdaş romançılıq qavramında harda dayanır?

- Mənə görə, müasir texnika çox vacibdir. “Komandir”də də yeni formadan istifadə olunub. Əslində, burda hər obraz öz əhvalatını danışmır, komandir özü də daxil olmaqla hamı komandirdən danışır. Bir növ dediklərini şahidlər təsdiq edir.

- Kitab hələ satışda yoxdu, amma xeyli maraq yaradıb. Roman əsasında bir film çəkilməsi necə olardı?

- Film sifarişləri indidən gəlir. Dediyim kimi, Raqufun şəxsiyyəti çox parlaqdır. İnsanlar onu həddən artıq çox sevirlər. Buna görə, filmin də çəkiləcəyinə inanıram. Kitabda bir neçə süjet var ki, hər birini ayrılıqda film kimi işləmək olar.

- Əsərdə Qırğı, Kapitan Rəşidov, Xanı, Karta Sabir kimi maraqlı obrazlar var. Onların prototipləri sağdırlarmı? Onlarla görüşmək imkanın oldumu?

- Sağ olan da var, şəhid olan da. Demək olar, aşağı-yuxarı hamısının prototipi və prototipləri var. Ən vacib əməliyyat yoldaşları və əsgərləri ilə görüşmüşəm.

- Romanı yazmazdan əvvəl məlumatlar toplayarkən yadınızda qalan maraqlı hadisə, əhvalat baş verdimi?

- Bərdədə Məzahir adlı kəşfiyyatçı dostu ilə görüşdüm. Kəlbəcərlidir. Bir çox əməliyyatlara bələdçilik edib. Kəşfiyyatdan suallar verəndə yanındakı adamlar dəhşətə gəldilər. İnanmadılar ki, cavan yaşında qocalan, dişləri tökülən bu kasıb kişi 90-cı illərdə 30-40 km düşmənin içərilərinə gedib əməliyyatlar keçirib. Dedim, niyə danışmamısan? Dedi, danışsam da heç kim inanmazdı. Ona Raquf Orucova həsr olunmuş “Murov qartalı” adlı sənədli kitabı göndərdim. Adı getmişdi o kitabda. Yeri gəlmişkən, bu kitab bəzi məqamlarda mənə çox kömək elədi. Bilirsiniz, müharibə elə şeydir ki, onun haqqında gop da danışırlar. Hərə özünü qabağa vermək istəyir. Bu kitab ipin ucunu itirməməkdə mənə yaxından yardımçı oldu.

- Raquf Orucovu komandir kimi təqdim etməklə yanaşı həm də insani tərəflərini, xasiyyətini, yumor hissini təsvir edə bilmisən. Səncə, real insanla qəhrəman arasında nə qədər oxşarlıq var?

- O, doğrudan da yeri gələndə çox zabitəli, yeri gələndə çox zarafatcıl adam olub. Xasiyyətcə fərqliyik. Mən qaynar təbiətli adamam. Amma Raquf Orucovun doğulub yaşadığı mühit, atası və yaxın qohumları Ağdamdan çox bizim Laçın mühitinə uyğun gəldiyi üçün onu xeyli hiss edə bildim. Hətta ləhcələri də bizim ləhcəyə bənzəyir. Kolanılar tərəkəmə olub və bizim camaatla yaxın dostluqları olub. Məişət və adət-ənənə oxşarlığımız çoxdur.

- Əsərdə təsirli məqamlar, Raquf Orucovun özünün birbaşa iştirakçısı olduğu insani nüanslar, həssas yerlər var. Həmin yerləri qələmə alan zaman bir müəllif kimi təsirlənirdinmi?

- Yazanda yox, redaktə edəndə göz yaşımı saxlaya bilmədiyim və şaqqanaq çəkib güldüyüm məqamlar olub. Bir neçə dəfə. Əsər çox canlı və həyati alınıb. Məncə, bu çox vacibdir. Romanın ilk oxucularından biri Rasim Fərşidov oldu. Murovda heç vaxt olmadığıma inanmadı. Dedi, məni təkrar oralarda qarış-qarış gəzdirdin. Roman ona çox təsir eləmişdi. Mən hərbi baxımdan səhv buraxmamaq üçün romanı Rasim müəllimə göndərdim. O, Murovda Raquf Orucovun komandiri olub. Çox yaxın münasibətləri varmış. Özü də romanda prototip kimi iştirak edir. Yazı prosesində mənə çox kömək etdi. Bir yazıçıya nələr lazımdırsa, hamısını soruşdum və öyrəndim. Romanı elektron variantda bir gecədə oxudu. Dedi, oxuyub yatdım və Raqufu yuxuda gördüm. Dedim, səndən roman yazıblar, güldü, ancaq heç nə demədi, kiminləsə görüşə tələsirdi. Rasim müəllimin bu sözlərindən sonra hiss etdim ki, onun haqqında yazdığım Raqufa agah olub. Ancaq mənim yuxuma heç vaxt gəlmədi. Halbuki gözləyirdim. Sonralar düşündüm ki, adam həyatda görmədiyi adamı yuxuda da görmür. Mənim Raquf Orucov yuxum elə bu romandır. Mən ona layiq bir kitab yazmağa çalışdım, inanıram ki, bir gün ona layiq bir məmləkət də quracağıq.

# 6108 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #