Kişi məni aşağı dartdıqca mən də yuxarı dartınırdım – BİRCƏNİN ROMANI

<b>Kişi məni aşağı dartdıqca mən də yuxarı dartınırdım – <span style="color:red;">BİRCƏNİN ROMANI </b>
20 aprel 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Xoruzun ilk banı səhərin yaxınlaşdığından xəbər verirdi. Zöhrə xalanın səsi o gecə Allahı da yatmağa qoymamışdı:

Dolayda bulaq ollam,

Bulağa yolaq ollam.

Bilsəm hardan gəlirsən,

Ora göz-qulaq ollam...

Səhərə qədər Eminin meyidinə keşik çəkdilər. Gecəni meyidin başına buz torbaları düzdülər, neylədilərsə yaralı cəsədin qanı dayanmadı.

Ac-susuz qadınlar arada gözdən oğurlanıb nişan xonçalarının yan-yörəsini yırtır, gizli-gizli ağızlarına şirin şey atırdılar.

Telli mama məni gözündən qoymurdu, əlində çay, meyvə Cavidlə mənim dalımca sürünürdü.

Yenə ağzıma qan dadı, burnuma qan qoxusu dolmuşdu.

Baldızım arada-bərədə mənə atmaca atmağından qalmırdı. Özünü elə aparırdı, elə hoqqa çıxarırdı, eşidən-görən deyərdi Emini mən öldürmüşəm. Bibim də hər dəfəsində məni anda toxuyurdu:

- Bircə, qadan alım, səni and verirəm tək balanın canına, səbirli ol. Aman günüdü, birdən ona cavab qaytararsan! Yarası təzədi, başını itirib.

Onsuz da cavab qaytarası halım, deyiləsi sözüm qalmamışdı...

Dan üzü həyət-baca yenə adamla doldu. Qardaşlarımı gözləyirdim, elə bilirdim onlar gəlsələr bu dərdə bir əncam çəkərlər. Tikdiyim donu geyinmişdim, kürəkləri bir az dar kimi gəlirdi. Başa düşə bilmirdim: o boyda adam yıxılıb ölmüşdü, meyit ortalıqdaydı, bunlarsa mənim nə geyindiyimin hayındaydılar. Başımı da qara dəsmalla bağladılar, ancaq üz-gözümün göyünü-sıyrığını ört-basdır eləyə bilmədilər. Bu da qaynanamla baldızımın gözünə batdı:

- Camaat elə biləcək səni Emin döyüb, ta deməyəcəklər xəstələnib yıxılıb.

Saat doqquza qalmış Telli mama qaranəfəs özünü içəri atdı:

- Bircə, qardaşların gəlir, özünü təmkinli apar. Yazıqdılar, yol gəliblər...

Tez əyin-başıma göz gəzdirdim: qolları, ətəyi uzun qara paltarda, başıma çalınmış qara dəsmalda yüz ilin qarısına bənzəyirdim. Cavid boynumdan asılı pilləkənin başına çıxdım. Qardaşlarımı bu halda, bu görkəmdə, belə dərdli, belə boynuburuq görməmişdim heç. Hamısının üzündən günah pərdəsi asılmışdı.

Cavid Səməndəri görcək boynuma doladığı balaca qolunu açıb qovağın altına sarı uzatdı:

- Dayı, bax, Emiş öldü, mənim atam öldü!

Hakim cəld tərpənib tutmasaydı, Səməndərin başı Allah bilir hansı daşa dəyəcəkdi. Dördü də məni Cavid qarışıq qucaqlayıb hönkürüşdü. Kamil də atam kimi üzünü Eminin meyiti uzadılmış yerə tutub:

- Kaş Bircə öləydi, ay Emin, hayıf səndən, - deyib zar-zar ağladı.

İki daşın arasında Səməndər məni qucaqlayıb qulağıma pıçıldadı:

- İraq canından, bacı, sən Allah incimə Kamilin sözündən, elə-belə dedi.

Bərk-bərk Səməndərə sarılıb başımı onun sinəsinə qoydum, eynimin yaşıyla bu dünyada hamıdan əziz bildiyim, ayağının tozunu gözümə sürmə elədiyim qardaşımın köynəyini islatdım. O dar macalda, o vay-nöysənin içində Səməndər məni Kamilin “qarğışından” sığortalayıb qapımıza dadanmış əcəli azdırmaq istəyirdi, guya Kamil mənə ölüm arzulayan kimi mən yıxılıb öləcəkdim.

Səhəri dirigözlü açmışdım, qara geyib qara bağlamışdım, qırmızıya tutulmuş cənazə ortalıqdaydı, ancaq yenə gördüyümə inanmırdım. Qardaşlarım qovaqla pilləkənin arasında – ərimin meyidiylə mənim aramda qalmışdılar. Yuxulu-yuxulu mənə elə gəlirdi onlar bu gediş-gəlişlə Eminlə aramızda nəsə bir bağlantı yaratmaq istəyirlər, aralığa körpü salmaq, bizi barışdırıb qovuşdurmaq istəyirlər...

***

Eminin əmiləri dəfnə ertədən başlamağa can atırdılar. Yayın qızmar çağıydı, gün günorta olmamış günəş elə şaxıyırdı, adam başını soxmağa yer gəzirdi.

Onu Mahmud əminin meyidi yuyulduğu yerdə – fındıq ağacının dibində yudular. Səhərə qədər daşınan buzun faydası olmamışdı, alnından dəyib ənsəsindən çıxmış qəlpənin yerindən qanı elə hey axmışdı, başının altına qoyulan yastıqlar, xalçanın üstünə sərilən mələfələr hamısı qan içindəydi.

Saat on ikidə kişilər başıbəlalı qovağın altında cənazə namazına düzüldülər. Cavid yenə qollarını boynuma sarıyıb, gözlərini bərk-bərk yumub məni tərpənməyə qoymurdu. Hayana getsələr, hara baxsalar qardaşlarımın, bibimin bir gözü məndəydi, yaxından-uzaqdan başıma dolanırdılar.

Molla duanı bitirəndən sonra üzünü camaata tutdu:

- Doğmaları bir-bir yaxınlaşıb halallıq versin.

Uğultudan, səsdən, ağlaşmadan dəmir də olsa yumşalardı. Mən bir qıraqda qardaşlarıma söykənib vida mərasimini dinməzcə izləyirdim. Birdən Eminin Sahib əmisi adamları aralayıb mənə səsləndi:

- Bircə, yaxın gəl, sən də halallıq ver.

Qulaqlarım güyüldədi. Bu boyda izdihamın içində, qardaşlarımın gözü qabağında ərimin cənazəsinə necə yaxınlaşaydım? Yaxınlaşıb nə deyəydim? Mənə elə gəlirdi indi elin gözü baxa-baxa o qırmızıya tutulmuş cənazəyə yaxınlaşmağın elin gözü qarşısında qırmızı gərdək dalına girməkdən bir fərqi olmayacaq.

Maraq dolu baxışlar üstümə tuşlanmışdı, özümü güllə qabağına qoyulmuş kimi hiss eləyirdim. Üzümü Cavidin sinəsində gizlətmişdim. Bir anlıq sakitliyin içindən baldızımın batıq səsi ucaldı:

- Lazım deyil, o gəlməsin! Onun halallığı qardaşıma lazım deyil!

Bəstinin səsi qardaşlarımın başından basıb onları yerlə bir elədi. Sahib əmi qəzəbli baxışlarını baldızımın gözü qarşısında polad qılınc kimi oynadıb mənə sarı yeridi, əl atıb biləyimdən tutdu:

- Utanma, yaxın gəl. Səndən ötrü atanın qapısına süründürdü bizi, mal töküb, pul töküb səni bu xarabaya gətirdik. İndi səni bir uşaqla yeddi yol ayrıcında qoyub getdiyinə görə, səni yurdsuz-yuvasız qoyduğuna görə, sənin arzularını, bəxtini-taleyini, sabahını, doğulası uşaqlarını bu tabutda özüylə apardığına görə halallıq ver!

Cavidi Kamilin qucağına ötürüb Sahib əminin yanına düşdüm. Yaşıl, qırmızı xaralara bürünmüş meyit taxta beşikdə rahatlanmışdı. Yasa batmış böyük bir el səf düzülüb, səsini içinə çəkib gözünü mənə zilləmişdi. Şaxıyan gün qara donumun üstündən kürəklərimi ilan kimi çalırdı.

Meyidin yanına çatanda Sahib əmi dizlərini yerə qoyub tabuta sarıldı, məni də aşağı dartıb dizi üstə çökdürməyə çalışdı. Cavidin bağırtısı Zöhrə xalanın naləsinə qarışdı. İsti də bir yandan məni təntitmişdi, hərəkətlərimdə bir tələskənlik vardı. Düşünürdüm indi hamı məni gözləyir, tabutdan nə qədər tez aralansam bu işgəncə də bir o qədər tez bitər.

Kişi məni var gücüylə aşağı dartdıqca mən də yuxarı dartınırdım. Fikirləşirdim dizlərimi yerə qoysam təzə donumun ətəyi toz-torpağa bulaşacaq, ayrı qara donum da yoxuydu. İndi Sənə qəribə gələr, Dostum, o müsibətin içində donumu qorğanırdım.

Ustufca meyidin üstünə əyilib alçaqdan dedim:

- Hər şeyi sənə halal eləyirəm! Neyləmişəmsə halal xoşun olsun!

Söz ağzımdan çıxar-çıxmaz cənazəni yerdən götürdülər. Hakim irəli şığıyıb məni izdihamdan araladı, bir az da ləng tərpənsəydi kişilərin ayağı altında qalacaqdım.

Qəddimi dikəldib irəli baxanda izdiham darvazadan çölə daşlanırdı, Emin bu darvazadan həmişəlik çıxırdı, çiyinlərdə çıxırdı.

Qadınlara qoşulub mən də tabutun arxasınca getmək istəyəndə Səməndər bircə dəfə geri qanrılıb əlini boğazına atdı, yəni bu mən ölüm gəlmə. Qayıdıb yenə balamı bağrıma basdım, səs-küydən, vay-nöysədən başımı götürüb bağın dərinliyinə, ağacların sərinliyinə çəkildim.

***

Emin ölməmişdən bir gün irəli qardaşlarımdan ikisi – Kamillə Aqil məni yuxuda görmüşdülər, ara sakitləşəndə danışdılar mənə. Aqilin yuxusu indiyəcən yadımdadı: görüb mən bir yaşıl yamacda qan rəngli lalələr yığıram; birdən göyün üzünü qara buludlar tutur, qəfil leysan başlayır, bulanıq sel məni alıb aparır; Aqil dalımca nə qədər qaçırsa əli əlimə çatmır, məni selin pəncəsindən qurtara bilmir; lehməli-palçıqlı sel məni udub dərələrdə yox olur. Qan-tər içində oyananda gördüyünün yuxu olduğuna çox sevinir, ancaq vur-tut bir neçə saat sonra Eminin ölüm xəbərini alır.

Kamil də məni seldə-suda boğulan görmüşdü, amma o, yuxusunu danışmadı.

***

Emin dəfn olunduğu günün axşamı Zöhrə xala əlində kibrit qutusu mənə yaxınlaşdı:

- Cavidi də götür get, cehiz lampanı yuyat yerində yandır.

Ayrı vaxt uşaq kibritlə oynamaqdan usanmazdı, indi iki fındıq ağacının arasında qazılmış lehməli suyla dolu çalanın qırağındakı çırağa onu yaxın gətirə bilmədim. Nə qədər dilə tutdumsa balaca əllərini uzadıb hələ də ortasından qırmızı lent sallanan o lampanı yandırmadı.

Şər qarışanda naçar qalıb lampanı özüm yandırdım, Cavidi sinəmə sıxıb yuyat yerinin ayaq tərəfində oturdum. Bizi əbədi tərk eləmiş bir insanın xatirəsinə yandırılan bu çırağın onun qırılmış ömrünə bir iynə ucu işıq salmayacağı bəlliydi, amma biz ana-balaya o işıqdan bir dilim pay düşüb-düşməyəcəyini hələ bilmirdim.

Mahmud əmi öləndə bu yuyat yerində yandırdığımız çırağın işığına xəyalımı çox uçurtmuşdum, sübhə qədər çimir çalmayıb yerə-göyə, yelə-küləyə, şaxtaya-sazağa yalvarmışdım ki, o çıraq səhərəcən sönməsin. İndisə bu qırmızı kəmərli lampanın nə müddət yanacağı məndən ötrü heç maraqlı deyildi. İraq oğlumun canından, bizim çırağımız onsuz da sönmüşdü...

***

Eminin üçü çıxan kimi məni qızdırmalı-titrətməli bir azar tutdu. Yasdan, gələndən-gedəndən xəbərim olmadı. Mahmud əminin xaraba qalmış otağında bürmələnib yatdım. Adam dolu evin-eşiyin səs-küyü, çölün-bayırın isti-soyuğu mənə çatmadı.

Titrətməm keçən kimi başqa aləmə düşürdüm. Eybəcər, qorxulu məxluqların əlində girinc qalırdım. Yenə atlı qarışqalar məni sürüyüb yuvalarına aparırdılar. Yekəbaş, həvədiş, uzunsaqqal kişilər iri-iri ocaqlarda qaynayan qazanlardan düyünü kəfkirləyib üzümə atırdılar.

Bibimlə qardaşlarım yenə başımın üstünü, yastığımın yanını kəsdirmişdilər. Qızdırmam bir balaca səngiyən kimi üzümə yazıq-yazıq baxıb soruşurdular:

- İndi Cavidlə sənin axırınız necə olacaq?..

Mən ayağa duranda Eminin ölümündən 13 gün ötürdü. Evdə adam seyrəlmişdi, qonum-qonşu, qohum-əqrəba çəkilib getmişdi. Yığılanlar dağılmışdı, qurulanlar sökülmüşdü. Qalmışdı bir Zöhrə xala, bir də mən, hərəmiz bu ağır dərdin bir qulpundan tutub durmuşduq.

Heç kimin üzünə baxa bilmirdim, elə bilirdim ərimi mən öldürmüşəm. Belə düşünməyim də səbəbsiz deyildi.

Eminin ölümündən yeddi-səkkiz gün qabaq qaynanam xəngəl kəsirdi, mən də ayaqüstü işləri görürdüm. İstədim əvvəlcə Cavidi yedirdib yatırdıb sonra günorta süfrəsini hazırlayam. Uşaq heç cür yola gəlmədi, onu qucağıma alıb otağa aparmaq istəyəndə əlimdən çıxıb özünü yalandan yerə çırpdı ki, Bircə məni çimdiklədi. Elə yana-yana ağladı, Emin anasının əlindən oxlovu qapıb sol buduma çəkdi. Oxlov məni nə təhər göynətdisə, ilk dəfə Emini qarğıdım:

- Bax o anan sənin qanını yalasın, - deyib qaçdım Maralgilə.

Eminin müsibətindən sonra ilk dəfəydi evdə Zöhrə xalayla ikimiz üz-üzə qalmışdıq. Böyük zalın bir başında o oturmuşdu, bir başında mən. Baxışlarımız toqquşan kimi üzümə qınaqla baxıb sakitcə dedi:

- Gördün, sən deyən oldu, anası yaladı qanını.

Elə bildim başıma fələk yumruğu dəydi. Nənəm deyirdi fələyin qapazını yeyən kəsin gözləri ovcuna düşər. İndi mənə də elə gəldi gözlərim pırtlayıb ovcuma düşüb, kor gözümlə ovuclarımdakı bəbəklərimi fəhmlə axtarıram. İstəyirdim duram Zöhrə xalanın ayaqlarına yıxılam, saçlarımı yola-yola, üzümü cıra-cıra bu ciyəri dağlanmış anaya yalvaram, ağlaya-ağlaya ondan üzr istəyəm. Di gəl, nə ayaqlarımı tapırdım, nə də gözlərimi.

Aralığa ağır bir sükut çökmüşdü. Çox istəyirdim qaynanam mənim indiki halımdan xəbər tutsun, mənə rəhm eləsin. Olmadı.

Bu dəm Maral ləngərli yerişiylə içəri girib sükutu yara-yara başa keçdi:

- Həəə, oturmuş qarısı, yanında təknə...

Düz deyirdi, mən bu evdə gəlin, qadın, ana olmamışdım, elə təknə olmuşdum.

- Bu evin yaxşıları uçub getdi, qaldıq biz əcvəllər, biz xoryatlar, - deyib Maral özünü divana yıxdı.

Onun gəlişi gözlərimi yerinə qaytardı. Fələyin qəfil zərbəsi, sonra da azar, qızdırma məni tamam heydən salmışdı. Ayaqlarım üzülmüş canımı saxlamırdı, bir-iki addım atan kimi oturmağa yer gəzirdim. Hətta Maralın danışıqları da məni yorurdu. Oturan kimi başlamışdı Zöhrə xalanın qohumlarını asıb-kəsməyə: kim halvanı çox yemişdi, kim nişan xonçalarını cırıb cibinə konfet yığmışdı, kim altında ehsan süfrəsi açılmış ağacın dibindən fındıq dənləyib qırıb yemişdi – hamısını bir-bir dərdli ananın üzünə oxuyurdu.

Zöhrə xala Maralı səbirlə dinlədi, sonda elə bir söz dedi ki, matım-qutum qurudu:

- Elə yaxşı oldu Emin öldü, yoxsa bu yayın istisinə nə təhər dözəcəkdi?..

Bilmədim bu sözü niyə işlətdi – ciyərinin yanğısındanmı, Maralın səsini kəsməkdən ötrümü? Bilmədim, bilə bilmədim...

ardı var

# 1521 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #