Qaynanamın qaxıncı olmasaydı bir dəqiqə ləngiməzdimBİRCƏNİN ROMANI

<b>Qaynanamın qaxıncı olmasaydı bir dəqiqə ləngiməzdim</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
2 mart 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Bəhruz balaca qollarını belimə dolayıb başını qarnıma söykədi. Beləcə dayanıb anamgilin söhbətə ara verməsini gözlədik.

Nənəm həmişə deyərdi ki, ayaqyoluya, hamama, ya kiminsə evinə yaxınlaşanda yalandan öskürməmiş, səs eləməmiş qapıya əl uzatmayın. İndi qalmışdım doğmalarımın bir addımlığında, bilmirdim nə cür işarə verib irəli durum. Qaranlıqda uşaqlar da mənim tərəddüd içində qaldığımı görüb susurdular. Həm pərt idim, həm də yorğun. Baldırlarım sızıldayırdı. Gecəyə düşməsəydik, elə qapımızın ağzındanca geri qayıdardım.

Cavid bacım Laləni uzaqdan görcək “xala” deyin bir ağız qışqırdı. Həyətdəki masanın başında dövrələmə oturmuş doğmalarım səsə qayıdıb bizi görəndə mat qaldılar. Bir anlıq gərgin sükutdan sonra anam “vay” deyib yerə sərildi. Atam, bacılarım onu yelpikləyə-yelpikləyə, üzünə su çiləyə-çiləyə ayağa qaldıranda hamı artıq mənim evdən qaçdığımı anlamışdı.

Atam bacılarıma tapşırdı:

- Aparın uşaqları da, Bircəni də yuyundurun, əyinlərinə təmiz paltar geyindirin, görək bu nə məsələdi.

Bacılarım hərəsi bir uşağın qoluna əl atdı. Mən özümü işıq düşən yerə verib üst-başıma baxanda üşəndim: donumun balağı, corablarım teyxa pıtraq, pişpişəydi, yeridikcə lehməli ayaqlarım çustlarımın içində fırçıldayırdı. Elə bilirdim bir arxın suyu mənim kirimi-pasağımı yuyub təmizləməz.

Əynimdə nə vardısa sıyırıb yerə tökdüm. Sabunlu isti su canıma dəydikcə dizlərimin ağrısı, baldırlarımın göynərtisi dişlərimi zoqquldadırdı. Sarı-sarı tikanlar, pıtraq ayaqlarımı, qollarımı sıyrıq-sıyrıq, dalaq-dalaq, cırıq-cırıq eləmişdi.

Hamı masanın arxasında oturub məni gözləyirdi ki, bu qəfil gəlişimin səbəbini açıqlayım, ancaq mən başıbəlalı süfrəyə yaxın gedə bilmirdim, heç kim məndən heç nə soruşmasın deyə qaçıb bir küncdə başımı gizləmək istəyirdim. Əynimi dəyişəndə qaçmağımın səbəbini Laləyə əlüstü demişdim, amma içimdə qıvrılıb yatmış şübhəni dilə gətirməkdən çəkinmişdim. Məni dözülməz bir gərginlik altında saxlayan bu ilanın başını bir həmlədə əzməkdən ötrü ən birinci Sevilin çantasını gəzmək istəyirdim. Ancaq necə, hansı bəhanəylə? Hələ də qəlbimdə qaraltı vardı ki, Cavid üzüyü o çantaya atmış ola bilər; bundan başqa bir variant ağlıma gəlmirdi.

Anamın qəzəbli çağırışından sonra ayaqlarımı sürüyə-sürüyə masaya yaxınlaşdım. Atam mənim yesir görkəmində olduğumu görüb qızlara dedi:

- Əvvəlcə bunlara çay-çörək verin, sonra Bircə danışsın görək nə gəlib başına.

Bacılarım masanın üstündəki yemək-içməyi mənim əlçatarıma yığdılar. Nə illah elədimsə boğazımdan tikə keçmədi. İndi yalnız bircə istəyim vardı: hamı baş verənlərdən tez agah olsun, cəzam kəsilsin, canım bu yükdən qurtarsın.

Neçə cüt göz qarşımdakı boşqaba zillənmişdi. Vəziyyətimi yumşaltmaq üçün ağlamaq istəyirdim, ağlayammırdım. İstəyirdim bax elə bu dəqiqə burnumdan yenə qan şoralansın, di gəl, qanım da qurumuşdu. Gah yerə baxırdım, gah göyə, gah da doğmalarımın üzünə. Handan-hana anam məni tərs-tərs süzüb:

- Bəlkə qıfılını açasan, - dedi, - biz də süfrədən mürəxxəs olaq.

Anamın səsinin soyuqluğu məni ağlatdı. Onun qırımını görəndə Bəhruz da əlini yeməkdən çəkdi, stuldan yavaşca sürüşüb düşüb yanıma gəldi, oturduğum yerdəcə məni qucaqlayıb camaatı işdən halı elədi:

- Sevil xalagil bizdən gedən kimi əmimin üzüyü itdi, nənəm də dedi barmaqcılı sən oğurlayıb bacına vermisən. Bibimlə nənəm dalaşdı, biz də sizə gəldik.

Bəhruz pəltək diliylə olanları anladandan sonra bərkdən ağlamağa başladı. Onun göz yaşları aradakı gərginliyi bir az yumşaltdı, mənə zillənmiş qanlı baxışların hovunu aldı.

Atam qarşısındakı çay stəkanını hirslə geri itələdi:

- Uşağın dedikləri düzdü?

Mən qaynanama elədiyim hörmətsizlikdən belə nə baş vermişdisə hamısını yerli-yataqlı danışdım. Eşitdikcə eşidənlərin başına elə bil qaynar su tökülürdü, hamı gözünü döyə-döyə kirimişcə oturub bir-birinə baxırdı.

Musa əminin haylı-küylü gəlişi ortalığı çalxaladı, hamının qırışığı açıldı. Əmimin eviylə bizim evimizi bir yol ayırırdı. Musa əmi hər axşam olmasa da, günaşırı bizə dəyməmiş, atamı görməmiş evinə dönməzdi.

Atam mənim dediklərimi ona danışanda onsuz da söyüşcül olan əmim daha da coşdu, qaynanamgilləri yaxşıca söyüb yağlayandan sonra mənə sarı çevrilib dedi:

- Gözünün qorasını sıxma, lap yaxşı eləyib gəlmisən. Qoy o evdən sənin dalınca düşən olsun, mən bilərəm onlara neylərəm!

Sonra atama, qardaşlarıma üzünü tutub:

- Bircənin xətrinə kim dəysə, əlimdən qurtarmayacaq, - dedi. - Biz o qədər oğraş olduq ki, balamıza aldığımız hədiyyəni oğurlayıb yad oğluna verdik?...

Musa əminin ürəyi yenə soyumadı, ərimin, qaynanamın ünvanına dilindən-dişindən qopan nə vardısa hamısını göndərəndən, ayrıca anama məni bərk-bərk tapşırandan sonra bir az yüngülləşib evinə getdi.

Qaranlığın içinə uzanan qorxulu yolda Bəhruzun məni tək buraxmaması, bir kişi qeyrətiylə bizə yoldaşlıq eləməsi Kamilin ürəyini yerindən oynatmışdı, elə hey uşağın üzündən-gözündən öpür, onu qucağına alıb başını ata şəfqətiylə sığallayırdı. Tək indi yox, mənə göstərdikləri doğmalığa görə qardaşlarım qaynım balalarını həmişə əzizləyərdilər, onları Caviddən seçib ayırmaz, paylarını, hədiyyələrini əskik eləməzdilər.

Musa əmim gedəndən sonra qaynım Yunusun maşını qapıya dirəndi. Mən onun üzünə çıxmağa utanıb evin dərinliyinə çəkildim. Az keçmiş Lalə sevincək xəbər gətirdi ki, Maral barmaqcılı tapıb. Demə üzük bizim otağımızdakı kreslonun oturacağıyla söykənəcəyinin arasındakı boşluğa düşübmüş. Cavid üzüyü ora bilə-bilə salmışdısa da, bilmədən salmışdısa da, çanaq mənim başımda çatlamışdı.

Yunus nə illah elədisə atam bizi vermədi. Qaynım Bəhruzu da götürüb kor-peşman dönəndən sonra elə bil şillə vurub məni ayıltdılar. Bilirdim ki, Emin bu gəlişimə görə məndən öc almayınca dincəlməyəcək, özü də bu dönə qisas lap ağır olacaq. Ola bilsin, mənim acığıma evin tikintisini də dayandıracaq! Fikrim dolanıb-dolanıb bax bu yerə dirənəndə gözümün çırağı sönürdü, içimə çəkməyə bir udum hava tapmırdım. Caynağım heç yerə ilişmədiyindən, zəhərimi üstünə sıçratmağa bir kimsə tapmadığımdan için-için bacıma kin bəsləyirdim: kaş heç bizə gəlməyəydilər, gəlib məni bu bəlaya salmayaydılar...

***

Səhəri gün ertədən Sevilgil yaşadıqları uzaq rayona qayıtdılar. Qaldım anamla göz-gözə. Atamdan, əmimdən çəkindiyinə görə anam açıq-aşkar üstümə ayaq alammırdı, əvəzində bütün gün özünü nəyləsə məşğul olurmuş kimi göstərə-göstərə, üzümə baxmadan qaramca deyinirdi:

- Gəlin getdiyi evə daş quyuya düşən kimi düşməlidi, böyüyün üzünə ağ olmamalıdı, evin ağbirçəyiylə dimdik-dimdiyə durmamalıdı...

Baxan deyərdi arvad öz-özünə danışır, amma nə deyirdisə hamısını mənə toxuyurdu, qulağım eşidən hər yerdən danlaq, töhmət payımı göndərirdi. Bu yandan da Cavid evi-eşiyi adamsız-uşaqsız görüb gün uzunu bayquş kimi ulayırdı, evimizə qayıtmaq istəyirdi, əmisi uşaqlarının kürlüyünü eləyirdi. Onun ipə-sapa yatmamağı da anamı lap hövsələdən çıxarırdı:

- Həə, di saxla görüm bu uşağı necə saxlayacaqsan burda, - deyirdi. - Birdəfəlik anla ki, sənin ordan başqa gedəcək yerin yoxdu. Gəlinin küsüb getdiyi yer evinin küncü olar, daha gecənin bir yarısı yedəyində iki körpəylə ilan mələşən çöllərə düşməz.

Anam belə danışdıqca canım diri-diri cəhənnəmə sürülürdü. Eminin qorxusu, qaynanamın qaxıncı olmasaydı bu sürgündə bir dəqiqə ləngiməzdim, canımı da, canımın bir parçasını da götürüb elə gəldiyim yolla geri qayıdardım. Kamillə Musa əmimdən başqa bu evdə-ocaqda mənə bəraət qazandıran, toxtaqlıq verən, üstümdən gələn yoxuydu.

Evdən qaçdığımı qonum-qonşu bilməsin deyə anam məni darvazadan çölə çıxmağa da qoymurdu. Cavidi bağda-həyətdə birtəhər ovuda-ovuda axşamı salırdım, bir işin qulpundan yapışa da bilmirdim ki, barı günü rahat batıram.

Gecələrim bundan da betər keçirdi; səhəri hankı səmtdən gələcəyini bilmədiyim bir bəd xəbərin intizarıyla dirigözlü açırdım.

***

Gəldiyimin üçüncü günü səhər xəbər çıxdı ki, anamın qonşu kənddə yaşayan cavan əmisi qızı yatıb durmayıb. Atam, anam haya getdilər, onların ardınca rayon mərkəzində çalışan Lalə də işinə-gücünə getdi. Əmim Cahangirin yiyəsiz qalmış məhləsində gözəl evlər tikdirib ailəsiylə birgə içinə yığılmış Kamillə arvadı da az keçmiş bir cüt balaca uşaqlarını mənə tapşırıb, işlədikləri kənd məktəbinə dərs deməyə yollandılar. Kamilin arvadı da özü kimi adlı-sanlı riyaziyyat müəllimiydi.

Hamı evdən çəkiləndən sonra doğulub-böyüdüyüm doğmaca atam evinin divarları üstümə yeriməyə başladı. İçim səbəbsiz bir qorxuyla, şeytani vəsvəsəylə limhalim doldu, özümü öz ocağının başında mühasirəyə düşmüş əsir bildim, girov sandım. Bir səs qulağıma aramsız pıçıldayırdı ki, ağır bir xəbər ürəyimə doğru yol gəlir, özü də hardasa lap yaxınlıqdadı.

Cavid Kamilin balalarına qoşulub həyətdə oynayırdı. Mən dizlərim əsə-əsə anamın tapşırıqlarını yerinə yetirirdim: əvvəlcə atamın kəsib qoyduğu cücələri isti suda yolub bişirdim, sonra ev-eşiyi silib süpürüb təmizlədim, sonra da uşaqları yedizdirdim. Bu müddətdə Kamilin arvadı dərsini deyib məktəbdən qayıtdı, balalarını götürüb öz evinə sarı yönəldi. Onları darvazadan yola salıb geri dönəndə gəlinin kürəyimin arxasında alçaq, amma təşviş dolu səslə həyəcan zəngi çaldığını qulağım aldı:

- Bircə, ay Bircəəə, Emin gəlir!

Əlüzyuyanın suyuyla oynayan Cavidi bir göz qırpımında qapıb üst evin pilləkəninə doğru qaçmağa başladım. Arada gözümün ucuyla darvazaya tərəf baxdım ki, Emin təntik-təntik gəlməkdədi. Mən pilləkəni çıxan məqamda Cavid qucağımdan ona sarı dartınıb qışqırdı:

- Emiiişş! Ataaa!..

Arxa otağa girib qapını örtdüm; elə bilirdim o, ikinci mərtəbəyə çıxmaz. Ardımca şaqqıltıyla açılan qapıların səsindən anladım ki, Emin haqlayıb məni. Atasını görcək Cavid yenə qollarını açıb ona doğru dartındı. Mən uşağı özümə sipər olsun deyə qucağımda bərk-bərk sıxıb buraxmaq istəmirdim. Emin Cavidi dartıb qucağımdan alıb ehmalca yerə qoydu, əlindəki şirniyyat dolu balaca torbanı uşağa verib onu aşağı göndərdi. Cavid gözdən itən kimi Emin üstümə şığıdı:

- Gecənin o vaxtı uşaq yanında niyə o yolla gəlmisən?

- Gecə deyildi, günortaydı, - dedim, - Bəhruz da yanımdaydı.

O, bərəlmiş gözləriylə üstümə yeridikcə mən küncə çəkilə-çəkilə özümü hücumdan qorumağa hazırlaşırdım.

- Sən mənim papağımı yerə soxmusan! Üç para kənd səndən danışır, xəbərin var? Anamı söymüşdün-söymüşdün, ta niyə qaçırdın? Mən başımı qaldırıb tay-tuş üzünə baxammıram, nə düşmənliyin vardı mənlə?

Emin var səsiylə qışqırıb-bağırır, əsim-əsim əsir, məndən cavab istəyirdi. Ürkək səslə:

- Anan şər-böhtan danışdı, mən də dözə bilmədim, - dedim.

Söz ağzımdan çıxmamış Emin məni götürüb yaylı çarpayının üstünə vurdu, sonra da haramı gəldi yumruqlamağa, təpikləməyə başladı. Zərbələrin arasından səsimə yol eləyib bir ağız bərkdən qışqırdım, dedim bəlkə Cavid eşidib gələ, bu qansız məndən əl çəkə. Özü də hər zərbəni endirdikcə “anam lap əccəb eləyib, anam lap düz eləyib” deyirdi.

Birdən üst evlərin qapıları gurultuyla taybatay açıldı. Tələsik, qəzəbli ayaq tappıltıları, ardınca da Musa əminin səsini eşitdim:

- Ay sənin ananın ağzını s...m! Səni bələyə qoyanın əmcəyini s...m! Oğraş, nə istəyirsən uşaqdan, - deyib kişi Eminə cumdu.

Emin məni buraxıb həyəcanla əmimə baxdı:

- Ağsaqqal, ağzını təmiz saxla, ailə mənimdi, özüm bilərəm.

Ərimin az qala yarısı boyda olan gödək, dolu Musa əmi bir topa hikkəsiylə top mərmisi kimi Eminin başında partlayıb dörd yana qəlpələndi:

- S...dir burdan, ə, it südü əmmiş naxələf! Uşağa yaxın gəlsən, sənin nəslini kəsərəm!

Musa əminin qırımını görən Emin qapıdan güllə kimi çıxdı. Əmimlə Kamilin arvadı köməkləşib məni birtəhər aşağı düşürdülər. Yenə burnumun qanı şırhaşır ətəyimə axırdı. Nəfəs aldıqca sağ tərəfdən sinəmə nəsə batırdı.

Heç demə Musa əmini Eminin gəldiyini görən gəlinimiz qaçıb çağırıbmış - əmim o dəqiqələrdə yasa getməyə hazırlaşırmış. Yaxşı da ki çağırmışdı, yoxsa dərəni xəlvət görən Eminin əlində sınmamış sümüyüm qalmayacaqdı.

Axşama doğru üzüm-gözüm göy qurşağı kimi yeddi rəngə çalırdı, yerimdən qımzana bilmirdim. Emin məni çarpayının üstünə çaxanda sağ tərəfdən bir cüt qabırğam dəmiri tutub sınmışdı. Atamgil gələnəcən Musa əmi qonşu kənddəki sınıqçını evə gətirdi, el həkimi qabırğama yumurtadan-undan nəsə bir qarışıq yaxıb üstündən sarıq bağladı.

Yasdan qayıdıb məni əzik-üzük görən anam Musa əminin qarasınca deyinməyə başladı; arvad elə bilirdi əmim Eminin bizi evə qaytarmaq cəhdinə qarşı çıxdığına görə ərim məni şil-küt eləyib. Anamı inandıra bilmədik ki, Musa əmi olmasaydı, bəlkə indi bir yas mağarı da onun qapısında qurulmuşdu...

***

Sümüklərimin göynərtisi on gün məni qulun kimi kişnətdi. Bu yandan da od əyləndi, su əyləndi, Cavid əylənmədi, ayağını yerə döyüb dirəndi ki, evimizə gedirəm – atasını, nənəsini, əmisi uşaqlarını istəyirdi. Bilmədim ağrıyan canımı kiridim, yoxsa ağlayan uşağımı. Gözüm yolda qalmışdı ki, bir Allah bəndəsi gəlib məni geri qaytarsın, öz evim olmasa da, içində bir yuvam olan o evə dönüm. Burda mənim heç yuvam da yoxuydu.

Burda nəinki mənə, nəinki mənim balama, mənim corablarıma belə yer tapılmırdı – yatdığım çarpayının başından asırdım, anam tez dillənirdi:

- Kirli corabların mitilə dəyir, ora qoyma.

Döşəmənin üstünə atırdım, yenə danışırdı:

- Uşaqlar (Kamilin balalarını deyirdi) yerdə-yurdda otururlar, ora corab atma.

Qalırdım naçar: indi mən nə təhər eləyim? Hakim də belə fürsəti əldən verərdimi? Məni cırnatmaq üçün əlinə yağlı girəvə düşmüşdü:

- Ya bük qoltuğunun altına qoy, ya da şərf kimi dola boynuna, yat.

Onun tikanlarına bal yaxılmış atmacaları bir gözümü güldürür, bir gözümü ağladırdı. İçimdən şırhaşır axan qanlı sellərdən Hakimin nə xəbəri olasıydı?..

Beləcə, işlər düzəlmək yerinə daha da yoğunladı, kələf çözülməkdənsə bir az da qarışıb dolaşığa düşdü. İki cəhənnəmin arasında qaldım – nə ata ocağında yerim, nə ər evində günüm-dirriyim vardı; nə yalan dadıma çatırdı, nə doğru; nə yadlaşmış doğmaların siyahısında adım vardı, nə doğmalaşmış yadların dəftərində.

...Yiyəsiz küçə itinə dönmüşdüm, Dostum, hər yoldan ötən mənə bir tolamaz atırdı. Səhərlər üstümə yenə ah-ufla açılırdı, gün üzümə minnətlə çırtlayırdı. Səndən də nə əyyamdı bir işartı, bir ismarış yoxuydu. Məni sənsiz görüb aləm üstümə ayaq almışdı. Sən onda hardaydın bəs, ey yiyəsizlər Yiyəsi, əlacsızlar, çarəsizlər, kimsəsizlər Kimsəsi, hardaydın?..

ardı var

# 1419 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #