Müharibədən qayıdan əsgərin çantada gətirdikləri – Adil Mirseyidin hekayəsi

Müharibədən qayıdan əsgərin çantada gətirdikləri – <span style="color:red;">Adil Mirseyidin hekayəsi
28 yanvar 2017
# 11:00

Kulis.az Adil Mirseyidin “Trafey və ya Qəlyan əhvalatı” adlı hekayəsini təqdim edir.

Kiçik leytenant Qabil Mustafazadə qələbə gününü Krakovda qarşılaşdı. Bir vaxtlar Avropanın ən gözəl şəhərlərindən biri sayılan Krakov xarabalığı xatırladırdı. Elə bil şəhərdə doqquz bal gücündə zəlzələ baş vermişdi. Düzdü, Qabil Mustafazadə müharibədən əvvəlki Krakov şəhərini görməmişdi, ümumiyyətlə o, müharibədən əvvəl hardasa Krakov adlı bir şəhərin olduğunu bilmirdi. Taleyin işinə bax ki, adını belə eşitmədiyi bir şəhər uğurunda döyüşüb, yaralanıb...

Şəhər qələbəni bayram edirdi, məmə deyəndən, pəpə yeyənə qədər hamı şəhərin baş meydanına axışırdı, hamı bir-birini qucaqlayıb öpürdü. Uca boylu arıq bir qız leytenant Mustafazadənin boynuna sarıldı, qızın yanındakı göygöz, sarışın kişi Annanı öpəndə leytenantın qaş-qabağı tutuldu. Tərs-tərs kişiyə baxdı, sonra Annaya sarı çevrildi, cibindən bir papiros çıxarıb yandırdı. Papirosun tüstüsünü kişinin üzünə üfürdü. Deyəsən kişi sərxoş idi, leytenanta məhəl qoymadan bir də Annanı qucaqlayıb öpdü. Bu dəfə kiçik leytenantın kefi lap pozuldu. Rus dilində ona söyüş söydü...

***

Bakı – Tbilisi qatarı bir saat on beş dəqiqə gecikirdi. Stansiya növbətçisi bu xəbəri artıq iki dəfə təkrarlamışdı. Qatar balaca stansiyalarda cəmi bir dəqiqə dayanırdı. Qatara bilet almış beş-altı adam Əlinin çayxanasında oturub gözləyirdilər, vaxt keçmək bilmirdi. Kiçik stansiyaların öz zaman anlayışı olur – bu zaman anlayışı qatarların hərəkət cədvəlindən asılmışdır. Sərnişin qatarları gəlməmişdən bir saat əvvəl stansiyada adamların sayı birdən-birə artırdı, çayxanada müştərilər çoxalırdı, qatar stansiyadan ayrılıb gözdən itən kimi adamlarda harasa qeyb olardı, stansiya növbətçisi dəmiryolçuya, milisioner Mahmuda və çayçı Əliyə qalardı. Çayçı Əli qatarın gəlməsinə hələ çox var dedi, qoy sizə təzə çay dəmləyim. Qatar gözləyən beş-altı adam bir masa arxasında oturmuşdular, onların arasında hündür boylu eşmə bığlı pəncərədən bayıra baxırdı. İri əllərini dizlərinin üstünə qoymuşdu. Bayaqdan bəri dinib danışmırdı. Bu adamın arvadı xəstəydi, bu adam xəstə arvadını sevirdi, amma arvadı bir dəfə də olsun onun dilindən sevgiyə bənzər bir etiraf eşitməmişdi. Bir yandan da tərs kimi inəyi qısırdı. İnəksiz kəndlinin günü – güzəranı olmaz.

Ən yaşlı adamın heç altmış yaşı olmazdı – amma doxsan yaşlı qoca kimi beli bükülmüşdü, elə bil ömrü boyu çiynində duz yükü daşımışdı – üç oğlundan biri davada əsir düşmüşdü, indi Sibirdədi, biri bu müharibədən sonra tatar qızı ilə evlənib Kazanda qaldı, qoca ortancıl oğluyla sonuncu dəfə müharibədən əvvəl görüşmüşdü, indi qəfil bu çayxananın qapısını açıb içəri girsəydi kişi öz doğma oğlunu tanıya bilməyəcəkdi. Ziyalı görkəmli adam Nadir müəllim Gəncəyə gedirdi. Gözünün ağı-qarası yeganə oğlu cəbhədə kontuziya almışdı, iki il öncə ordudan tərxis olunmuşdu. Nadir müəllimin kontuziyalı oğlu Qadir Gəncə bazarında alver eləyirdi. Qadir bazarda bir adam bıçaqlamışdı. Nadir müəllim Gəncə türməsində yatan oğlunu görməyə gedirdi.

- Zəhmət çəkmə - Nadir müəllim dilləndi.

- Nə zəhməti var? – Dedi Əli və samovara kömür saldı.

Çayçı Əli cavan oğlan idi. Onu müharibəyə aparmamışdılar – devit beydi Əli.

- Ə, devit bey, cəld ol, çay gətir – Oruc Əlinin üstünə çəmkirdi. Nadir müəllim başını yellədi, amma bir söz demədi. İri, kobud əllərini dizlərinin üstünə qoymuş adam hələ də pəncərədən bayıra baxırdı. Oruc cibgir idi. Tiflisə çatana qədər qatarda beş-on adamın cibini kəsirdi, fürsət düşəndə çamadan oğurlayırdı, Əlinin üstünə belə amiranə tərzdə çəmkirməsinə baxmayın, tula kimi bir şeydi. Milisioner Mahmud Orucun qatarlarda nə fırıldaqlardan çıxdığından xəbərdardı. Oruc bu kənddə, bu stansiyalarda, bu çayxanada hörmətli çaylılardan biridi.

***

Axır ki, Bakı-Tbilisi qatarı uzun-uzadı fit verib stansiyaya girdi. Stansiya növbətçisi üç dəfə zəng çaldı. Milisioner Mahmud bayaqdan gözə dəymirdi, hardasa peyda oldu. Maşinistə çest verdi, maşinist də ona əl elədi. Bayaqdan bəri çayxanada oturub qatar gözləyən adamlar ümumi vaqona sarı getdilər. Oruc vaqon bələdçisiylə köhnə tanışlar kimi əl vurub görüşdü....

Stansiyada bir zabit doqquzuncu vaqonun pilləkənindən perona atlandı. Adamlar baxışlarıyla uca boylu enli kürəkli zabiti maraqla izləyirdilər.

- Ə, sən öl Qabildi, dəmirçi Habilin oğlu Qabil. Çayçı Əli qışqırdı. Zabit də Əlinin tanımışdı, gülümsəyirdi. Zabitlə çayçı qucaqlaşdılar. Komandir, gəl otur, bir stəkan çay iç – dedi Əli. Qara, qaç Nabat xalanı muştuluqla, Qabil davadan qayıdıb, - Qara ayamalın uşaq çayçı Əlinin şəyirdiydi.

***

- Nabat xala, ay Nabat xala! Nabat xala muştuluğumu ver. Muştuluğumu ver.

Nabat arvad tövlədə inək sağırdı. Sarı inək təzə doğmuşdu.

Nabat arvad handan-hana tövlədən çıxdı:

- Nə var a bala, nooolub nə boğazını cırırsan, - dedi.

Nabat xala, ay Nabat xala – Qara tənginəfəs olmuşdu.

- Hə nədi, a bala?

- Nabat xala, ay Nabat xala....

- Can Nabat xala...

- Nabat xala... Nabat xala....

- Bir toxta görüm, ay zalım balası.

- Muştuluğumu ver.

- Nə muştuluq?

- Muştuluğumu ver, sözümü deyim.

- Gir hinə qırmızı xoruzu tut, olsun sənin. Qaranın toyuq hininə girməsiylə çıxması bir oldu. Qırmızı xoruz Qaranın əlindəydi.

- Sən tülküdən betərsənmiş, qırışmal. De görüm nə deyirsən, işim-gücüm var.

- Qabil davadan qayıdıb, dədəmin goru haqqı. Tiflis reisindən düşdü. Öz gözlərimlə gördüm, dədəmin goru haqqı. Əli qağamla çay içirlər. Əli qağam dedi ki, yüyür Nabat xalanı muştuluqla – Qara üyüdüb tökürdü.

- Nətər gördün Qara, sağ-salamatdımı? – Nabat arvad soruşurdu.

- Nə bilim, mən qıraqda durmuşdum. Soldatdı da. Soldatlar hamısı biri-birinə oxşayır – Qara bic – bic gülümsədi.....

***

Molla Cəbrayıl qəbiristanlığın qapısında ağac kötüyünün üstündə oturub təsbeh çevirirdi. Fikri-xəyalı indi buralardan çox-çox uzaqlarda gəzib dolaşırdı.

Allahım, nə günahın sahibiydim mənə bir oğul bağışlamadın? Gecə-gündüz yalvarırdım, dua elədim, boğazımdan haram tikə keçmədi. Heç kimin toyuğuna kiş demədim, qonşunun bostanına daş atmadım. Düzdü, səndən gizli deyil cavanlıqda Bakıda neft mədənlərində işləyəndə bir-iki para xırda-mırda günahım olub, düzdü. Cavan olmuşam, cahil olmuşam, elə zamana da pis zamanaydı. Bəs bədbəxt Güləsərin nə suçu cardı? Yazıq dərddən – qəmdən şam kimi əridi, ömrünü mənə bağışlayıb dünyasını dəyişdi. Bir xoş gün görmədi... Şikayət zad eləmirəm ha... elə bilərsən səndən sənə şikayət eləyirəm, gileylənirəm... a toba... əstafürllah, əstəfürllah... Min şükür sənə yar rəbbim, min şükür... Min şükür kəramətinə, dava da qurtardı. Güləsərin müharibədən xəbəri olmadı... Deyirəm, görəsən bir oğlum olsaydı, ayaq açıb yerisəydi, məktəbə getsəydi, məktəbi qurtarandan sora dava başlasaydı, əyninə əsgər paltarı geyindirib, əlinə avtomat verib onu davaya aparsaydılar, davada nemes köpəyoğlu uşağı vurub öldürsəydi, poçtalyon Ələsgər mənə uşağın qara kağızını gətirsəydi onda mənim halım necə olardı...

Kənd yolunda əynində şinel, başında papaq, çiynində çanta bir əsgər göründü. Molla Cəbrayıl zəndlə yola baxdı, əsgər qəbiristanlığa sarı gəlirdi.

- Ə, a bala, kimsən, kimlərdənsən? – Molla Cəbrayıl əsgəri səslədi.

- Salaməleyküm.

- Ay əleykümsalam.

- Kimsən, a bala?

- Məni tanımadın?

- Anışdıra bilmədim, yaxşı görmürəm, soldat olmağına soldatsan, soldatlar hamısı bir-birinə oxşayırlar.

- Çox soldat görmüsən?

- Davadan sağ qayıdanları görmüşəm.

- Dəmirçi Habilin, “rəhmətlik” dəmirçi Habilin oğluyam.

- Xoş gəlmisən, a...

- Qabil.

- Hə xoş gəlmisən a Qabil, havax gəlmisən, sağ salamatsanmı?

- Rəhmətliyin oğlu sağ-salamatam ki, o cəhənnəmdən çıxıb gəlib qarşında durmuşam.

- Qınama məni- dedi molla Cəbrayıl, huşum başımda deyil.

- Gəl kişiyə bir yasin oxu.

- Gəlim da, a bala, a Qabil, deyirəm dava çoxdan qurtarıb, davada ölən olub, qalan da çoxdan qayıdıb gəlib bir işin qulpundan yapışıb.

- Krakovda idim.

- Krakov haradı, yadıma düşmür,

- Polşadadı.

- Bəs Berlinə girmədin? – Cəbrayıl kişi şübhə ilə Qabilin üst-başına, paqonundakı ulduza, döşündəki üç medala baxdı.

Kiçik leytenant molla Cəbrayılın baxışlarını havada tutdu – Mən Krakovda yaralandım, hospitalda yatanda bir polyak qızı gördüm. Nə başını ağrıdım qız doxtur idi, o sağaltdı məni, sonra... evləndik, bir oğlum oldu. Uşağa dədəmin adını qoymuşam.

- Bəs arvad-uşağını gətirmədinmi?

- Gətirə bilmədim.

- Nətər yəni gətirə bilmədin? O uşaq, o balaca Habil böyüyüb anasından atasının kim olduğunu soruşanda o yazıq gəlin nə deyəcək ə,?

-...

- Sən nətəhər adamsan ə ... bunun medalına zadına bax.

- Ə sən nətəhər adamsan, ə... Ə, indi uşaq atası ola-ola yetimmi olacaq, ə?...

-

- Ə, qonum –qonşu orda uşağa bij deyəndə sən burda necə rahat yatacaqsan?

-

- Ə... sən... nə oğraş adamsan ə...

Kiçik leytenant Qabil Mustafazadənin içindən gizli bir üşütmə keçdi. Bir papiros çıxardıb barmaqları arasında oynatdı.

O zəhirmarın birini də mənə ver- molla Cəbrayıl pıçıldadı.

Molla Cəbrayıl on il idi papiros çəkmirdi...

***

Qabili vağzalda görmüşdülər, vağzal ilə evin arası nə olan məsafədir ki, hələ də gəlib çıxmayıb, Nabat arvad əlləri qoynunda donub qalmışdı, bir sözə bənd idi, hönkürüb ağlayacaqdı. Qonşu arvadlar samovara od salmışdılar, əmioğlu Həbib xınalı bir qoç gətirib alça ağacına bağlamışdı. Alça ağacı təzəcə çiçəkləmişdi. Alça ağacı ağ libasa bürünmüşdü, ağac elə gözəl, elə gözəl görünürdü ki, bu gözəlliklə atlını atından salardı.

Elə bu zaman doğurdan da yolda bir atlı göründü. Artıq gün hasar boyu qalxmışdı. Gün işığında kəhər atın qaşqası parıldayırdı. Atlı çəpərdən boylandı, çiçəkləmiş ağacı, ağaca bağlanmış xınalı quzunu, tüstülənən samovarı və həyətə yığışmış adamları gördü və atlı yüyənini yüngülcə çəkdi...

***

- Qonşu, a qonşu – uçitel molla Cəbrayılı səsləyirdi. Molla Cəbrayıl uçitelin səsini eşidirdi, amma nədənsə eşiyə çıxmağa tələsmirdi. Uçitel də mollanın evdə olduğunu bilirdi.

Nəhayət molla Cəbrayıl eyvanda göründü.

- Yatmışdın? – uçitel salamsız – kəlamsız soruşdu.

- Yox... – bu vaxt adam yatar?

- Nabat arvadın oğlu Qabil davadan qayıdıb, gedək bir stəkan çaylarını içək gözaydınlığı verək.

- Eşitmişəm - dedi molla. Sonra əlavə elədi – deyirəm bəlkə mən getməyim.

- Ayıb olar, ağsaqqal – uçitel səsini qaldırdı.

- Düzdü, ayıb olar – molla razılaşdı bir dəqiqə – gözlə, indicə gəlirəm.

Molla içəri girib nimdaş pencəyini geydi, qarakül papağını başına qoydu, açarı cibindən çıxarıb qapını bağladı. Açarı üç dəfə fırlatdı...

- Urfan müəllim, sən alim adamsan bilməmiş olmazsan Qrakovdu nədi belə bir şəhər varmı? – gizli bir şey soruşurmuş kimi astadan pıçıldadı.

- Var, amma bizim şəhər deyil, Polşadadı. Varşava, Krakov, Qdansk böyük şəhərdi. Hitler köpəkoğlu oraları xarabaya çevirdi. Bu polyaklar yaxşı millətdi. Onların bir şairi var. Adam Mistkeviç. Çox böyük şairdi. İstanbulda ona heykəl qoyublar... Niyə soruşdun Krakovu? – müəllim ayaq saxladı.

- Heç, elə-belə... o gün radio danışırdı... yadımda qalıb ... bir şey də soruşacam səndən...

- Buyur, ağsaqqal.

- İmanımı yandıra bilmərəm, bəlkə bu Hitler ölməyib, kim bilir bəlkə hardasa gizlənib.

- Yox, əşşi.

- İmanımı yandıra bilmərəm, eşitmişəm ki, guya hərif müsəlman imiş.

- Yox, əşşi... ağ eləmə...

- Nə bilim vallah, imanımı yandıra bilmərəm. Məllim sən alim adamsan, imanımı yandıra bilmərəm... zəhirmarı içmə... incimə sən Allah... içmə o zəhirmarı.

***

Qabil həyətə girəndə Nabat arvad bayıldı...

Əmioğlu Qabilə sarı yürüdü. Arvadlar əl-ayağa düşdülər...

Xınalı qoçu Qabilin ayaqları altında kəsdilər. Əmioğlu barmağını qoçun qanına batırıb Qabilin alnına vurdu.

Nabat arvadın uçmağa qanadı yox idi.

Qaşqa atın sahibi Qabilin sol tərəfində şestlə oturmuşdu.

Hamıdan çox dörd il gizli-gizli Qabilin yolunu gözləyən Sitarə sevinirdi.

Qabilin ayağının böyründə əsgər çantası vardı. Qaranın qartal gözləri əsgər çantasını qaralamışdı. Bütün bu qələbəliyin içində leytenant yeniyetmənin ürəyindən keçənləri gözlərindən sezmişdi.

- Əmioğlu, götür bu çantanı bir yerə gizlə, müharibə də nə qazanmışamsa bu çantadadı. Olanım – qalanım bu çantadadı ha trofeydi... – daha nəsə deyəcəkdi, amma susdu, stəkanı götürüb bir qurtum çay içdi...

Arvadlar trofey sözünü anlamadılar, düşündülər ki, yəqin nədirsə çox qiymətli bir şeydi. Bəlkə elə qızıldan da qiymətlidi.

Urfan müəllim molla Cəbrayıla sarı əyilib pıçıldadı – nəsə qiymətli trofeydi. Vəzindən yüngül, qiymətdən baha bir şey gətirib...

Molla istədi ki, trofey nədi desin, amma özünü o yerə qoymadı, onsuz da axşam uçitellə çox gizli mətləblərdən söz açmışdı... indi peşman idi... əslində uçitelə də bel bağlamaq olmazdı .. nolsun alim kimi adamdı ... cibində Allahsız bileti gəzdirir sol cibində ürəyinin başında ... o zəhirmardan da içir ara-bir...

- Trofey – mrofey gətirincə dədəsini gətirəydi molla Cəbrayıl hirsini zorla boğdu.

Uçitel Urfan mollanın hətərən-pətərən sözlərindən bir şey anlamadı. Mat-mat qonşusunun üzünə baxdı...

***

- Nəyim varsa bu çantanın içindədi əmioğlu, - dedi leytenant Mustafazadə, sonra Qaraya göz vurdu – götür bu çantanı at dama, varım-yoxum bu çantadadı...

Qara nərdivanla dama dırmaşdı, əmioğlu baxışları ilə onu izləyirdi.

Molla Cəbrayılın çayı çoxdan soyumuşdu.

Uçitel Urfan kövrəlmişdi.

Çayçı Əlinin ayaqları sızlayırdı.

Nabat xala ömrünün ən xoşbəxt gününü yaşayırdı.

Gecənin qurd saatıydı. Bədirlənmiş Ay qovaq ağacının üstündə dayanmışdı. Əmioğlu pişik addımlarıyla evin damına keçdi. Bir hövr nəfəsini dərib gecənin sakitliyini dinlədi. Həyəcanlıydı, Bədirlənmiş Aya baxıb xoflandı. Nərdivanı qaldırıb divara dirədi. Həyəcandan boğula-boğula dama qalxdı. Əl havasına çantanı tapdı.

Və heyrətindən yerindəcə donub qaldı, ayaqları sustaldı, dizi üstə çökdü - əsgər çantasının içi qəlyanla dolu idi ...

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #