Taladakı balaca oğlanla meşədə azmış qızcığazın nağılı – Səhərin hekayəsi

Taladakı balaca oğlanla meşədə azmış qızcığazın nağılı – <span style="color:red;">Səhərin hekayəsi
18 may 2018
# 10:19

...Uşaq vaxtı atam məni rayonun, ya şəhərin tanımadığım yerlərində beş-altı dəqiqəlik tək qoyub gedər və bərk-bərk tapşırardı: “Heç yerə getmə, indi qayıdıram”.

Mən onda qorxardım, bilirsənmi, qorxardım ki, birdən yerimdən tərpənərəm, azaram, atam məni qoyduğu yerdə tapmaz. Böyük, yad bir izdiham təsəvvür elə... Səni udmağa hazır...

İndi hər dəfə səndən ayrılanda həmin qorxu məni bürüyür (bu yerdə gülümsədiyini təsəvvür edə bilirəm və özüm də sənə qoşulub gülümsəyirəm).

Demək, qoy lap aydın ifadə edim, biz sanki hər dəfə ayrılanda sən məni ayrılığın kandarına qədər ötürməli olursan və mən hər dəfə sənin yanında son ana qədər ata-anasının yanında olan balaca uşaq kimi güvəndə hiss edirəm özümü. Səndən qorxmasam, daha kobud ifadə edərdim: sahibinin yanındakı it kimi arxayın. Hətta sahibi onu azdırmağa aparsa belə...

Və hər dəfə biz ayrılan kimi suallar başıma dolu kimi yağmağa başlayır, özümü, həqiqətən, qalın meşədə azan qızcığaz kimi təsəvvür eləyirəm. Ətraf “vəhşi heyvanlar”la doludur. Birlikdə güldüyümüz ayrılıq qəhqəhə çəkib mənə gülməyə başlayır. Beynimdə cürbəcür qorxulu səslər; qürur, məntiq, cəmiyyət, ədəbiyyat, həyat, bütün şablon həqiqətlər, hətta Freyd, (bizim Freyd, ilk görüşümüzdə sevgini inkar edən fikirlərini təsdiqlədiyimiz Freyd) səni (dolayısıyla bizi) haqsız çıxarmağımı tələb edir.

Və yenə də hər dəfə (təkrirləri sevirəm) başa düşürəm ki, ayrılığa heç ötəri də, heç zarafatla da imkan vermək olmaz.

Bəlkə elə bütün ciddi ayrılıqlar çox qeyri-ciddi səbəbdən baş verir.

O məşhur misaldakı kimi, “uşaqlar qurbağalara oynamaq üçün daş atarlar, amma qurbağalar gerçəkdən ölər”.

***

Hə, meşədə azmış qızcığaz, deyəsən sənə bir dəfə demişəm, insanı uşaqlıq travmaları idarə edir, ömür boyu...

Altı yaşımda kənddə bir dəfə nənəliyim məni hansısa bəhanəylə evdən uzaqlaşdırıb, lazımsız bir iş dalınca göndərmişdi. Bəlkə, başqa uşaq bunu anlamaz, amma mən anlamışdım, anlamışdım ki, nənəm öz qızıyla, mənimlə yaşıd olan bibiliyimlə tək qalmaq, ona nə isə vermək istəyir.

Göndərilən yerə getməmişdim, evdən bir az uzaqdakı, həmişə küsəndə getdiyim o talaya qaçmışdım. Gözləmişdim ki, evdəkilər məndən gizlin olan işlərini qurtarsınlar, sonra evə qayıdım. Amma həm də o evə qayıtmaq gəlmirdi içimdən. Sanki gizlənqaç oyununda gizlənmişdim, istəyirdim, yerimi heç kim bilməsin, amma orda unudulub qalmaq qorxusu da vardı ürəyimdə.

Mən onda evdəkilərə qəzəbliydim, babama da, nənəliyimə də, babadan doğma, nənədən ögey olan bibimə də... Amma qəribədir ki, həm də onları sevirdim, (bunu sən yəqin ki, anlayırsan) sanki ürəyimin dərinliyində acıyırdım onlara. Çox kövrək vəziyyət idi və mən hönkürməmək üçün dişlərimi bir-birinə sıxmışdım.

Sonra ətrafdakı balaca daşları götürüb, qarşıdakı gölə atmağa başlamışdım. Ürəyimdə tutmuşdum ki, daşlar uzağa düşsə, bu həftə anam gəlib məni Bakıya, qardaşlarımın yanına aparacaq. Amma daşlar hamısı yaxına düşürdü...

Bax o vaxt, səni tanıdığım bu günlərdən çox-çox əvvəl, bu şəhərdən çox-çox uzaq o ucqar, bapbalaca dağ kəndində mənə elə gəlirdi ki, adamlar hamısı doğma olduqları qədər həm də ögeydirlər. Bir tətəfdən doğma, bir tərəfdən ögey...

Dediyim o ki, tənhalıq hər yerdə qorxuncdu, istər şəhərin izdihamında, istər gözdən uzaq bir talada. Odur ki, hekayəmizin adını belə qoyuram; taladakı balaca oğlanla meşədə azmış qızcığazın nağılı...

Məncə, artıq anladın, bu hekayənin heç bir səhifəsinə ayrılıq sözünü yazmaq olmaz.

# 1528 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #