Anası qızı eybəcər kürəkənin yanına ötürdü – BİRCƏNİN ROMANI

<b>Anası qızı eybəcər kürəkənin yanına ötürdü – <span style="color:red;">BİRCƏNİN ROMANI </b>
6 iyul 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Sünnətdən bir az sonra Zöhrə xalanın kiçik bacısı bizi oğlunun toyuna çağırdı. Qaynanam məni yanlayıb dedi:

- Marala tutduğun xonçalardan birini düzəlt, gəlini də al yanına get o toya.

Nərgizin qısır inəyin yelininə oxşar üzünü görməyim deyə mən əlim boşalan kimi özümü verirdim Maralın yanına, indi bu mənə deyirdi ki, gəlinə qoşul get məclisə.

- Mən o xonçaları Marala yox, sənin nəvələrinə aparmışdım, - dedim.

- Qaldı toya, toy mənlik deyil, istədiyini düzəldərəm, gəlininlə özün gedərsən.

- Niyə, bala, bir gəlinim də sənsən, deyirəm get, getməlisən.

- Mən sizin evə gələndən bir dəfə toya getmişəm, onun da toyluğu yəqin yadında olar.

- Söz güləşdirmə, səni ərin qoymurdu, mənlik bir iş yoxuydu.

- Qızına de bilərziyimi qaytarsın, gedim. Hamı üstündən bir şələ qızıl asıb gələcək, mən də lüt cücə kimi qalacam ortalıqda.

Zöhrə xala xeyli təəccübləndi:

- Balam, ayrı vaxt sənin üstündən bir paxır pərək asa bilmirdik, indi qızıl davalayırsan.

Cavid doğulanda Mahmud əmi mənə iri yaqut qaşlı, kənarları zümrüd, firuzə daşlarla haşiyəli bir qədimi bilərzik bağışlamışdı. O bilərzikdə Maralın da gözü varmış, hərdən toya-nişana gedəndə Mahmud əmidən alıb qoluna taxarmış. Emindən sonra baldızım o bilərziyi məndən bir günlüyə alıb toya getmişdi, ondan bəri nə illah eləyirdimsə qaytarmırdı ki, qaytarmırdı.

- Bilərziyimi al ver özümə, o toya elə xonçalar tutum, elə urvatlı gedim ki, bacıların heyran qalsınlar.

- Dədənin bilərziyini aparmayıb ha, öz atasınınkıydı.

- Atası qızını da görürdü, məni də, məsləhət olsaydı ona verərdi. Ondan da keçəndə şəxsən mən məni dindirməyən atanın bir çöpünə də əl vurmazdım.

Sözüm arvada güllə kimi dəydi:

- Sənin anan necədisə onun atası da elə olub. Mənlə söz güləşdirmə, de görüm toya gedirsən, ya yox?

- Yox, getmirəm. Bir dəfə getdim, dadını-ləzzətini gördüm. O vaxtdan tövbəliyəm.

Mən o günləri xatırlatmayım deyə qaynanam sözü kəsdi:

- Cəhənnəmə get! Özününkü olsa qaça-qaça gedərdin...

Mahmud əmi bir dəfə məni Eminə qoşub toya göndərmişdi. Kişinin cavan ölmüş əmisi oğlunun aman-zaman bir oğlu vardı, toy da onun toyuydu. İki mağar qurulmuşdu – birində yeyib-içir, o birində çalıb-oynayırdılar.

Axşama doğru yeyən yeyib içən içmişdi, kişili-qadınlı, oğlanlı-qızlı hamı aşıq mağarına yığılmışdı, iynə atsan yerə düşməzdi.

Əl-qolum, boyun-boğazım qızıla tutulmuşdu. Emin Maralla məni toy mağarına ötürüb özü eşikdə qaldı. İçəridə o qədər qız-gəlin, uşaq-böyük vardı, bilmirdim hankı səmtə baxım. Maral arvadları əzib keçə-keçə mənə bir balaca yer düzəltdi. Üzümə zillənmiş maraq dolu baxışlardan bilmirdim harda gizlənim.

Yanımı yenicə yerə qoyub toxtamışdım, gördüm Maral əlinin işarəsiylə məni geri çağırır. Özümü vurdum qanmazlığa – yerimi isitməmiş bir mağar adamı yara-yara durub geri qayıtmaq ayıbıma gəlirdi. Utandığımdan yanaqlarım nar çiçəyi kimi çırtlamışdı, eltimə sarı baxmamağa çalışırdım.

Onda gördüm ətəyimə nəsə düşdü, əl atdım ki, Emin çəkdiyi siqaretin qutusunun qapağıdı. Qapağın içindəki ağ yerə yazılmışdı: “Çölə çıx”. Eminin əyri-üyrü xəttini bir baxışla tanıdım. Qapağı əzib ayağımın altına atdım, gözlərini üzümə zilləmiş toy əhlinə baxmadan qalxıb sıra boyunca arvadlara sürtünə-sürtünə geri qayıtdım.

Mağarın ağzında Emin qolumdan yapışıb məni eşiyə çəkdi. Onun halqasından çıxmaq istəyən gözlərinə baxanda qorxdum:

- Nolub, ölən var?

Emin barmaqlarını biləyimə məngənə kimi keçirib məni sürüyə-sürüyə adam qaynaşan toy evinin daldasına çəkdi:

- Tanıyırdın oxuyanı?

- Hansı oxuyanı?

- Özünü tülkülüyə qoyma, elə bilirsən görmədim?! Sən mağara girən kimi üzünə baxa-baxa “Səni mənə versələr...” oxumağa başladı.

Mən ərimlə heç işıqlı yerdə dil tapammırdım, indi bu qaranlıqda onu necə başa salaydım?

- Sən imkan verdin mən onun üzünü görəm, ya oxuduğunu eşidəm?

Emin məni nehrə kimi çalxaladıqca dünya başıma dolanırdı, elə bilirdim göy üstümə uçacaq. Elə bu dəm Maral özünü qaranəfəs yetirib məni onun əlindən aldı:

- Kül sənin başına, arvad alıb kişi olandan bu qızı bir dəfə adam içinə çıxarmısan, o da belə? Bütün kənd sizə baxır, burax xalxın uşağını!

Toy evi evimizdən elə də aralı deyildi, yolu tanısaydım Emin məni tuta bilməzdi, tüpürüb dabanıma evə kimi qaçardım. Dilim ağzımda şişmişdi, bircə bunu deyə bildim:

- Maral, qadan alım, məni apar.

Maral məni arxasında gizləyib Eminlə döş-döşə dayandı:

- İçən də deyilsən ki, deyəm keflisən. Ay bala, ağlını başına yığ, toyda mahnı oxunar da, bu nə hoqqadı çıxarırsan?

Emin Maralı geri itələyib barmaqlarını yenə biləyimə doladı:

- Düş qabağıma, evə gedirik!

Ağaca-şaxa dolaşa-dolaşa Emin məni ara yolla evə apardı. Biz içəri girəndə qaynanam dik atıldı:

- Noldu, ay balam, indicə getməmişdiniz?

Dillənmədən otağıma keçdim, əynimdəkiləri sıyırıb divanın üstünə tökdüm, xalatımı geyməyə macal tapmamış Zöhrə xala üstümü kəsdirdi:

- Ay bala, axı nəyiniz əskik düşüb, niyə dolanmırsız axı?

Xalatımın yaxalığını sinəmə sıxıb:

- Get onu oğlundan soruş, - dedim, - mən heç zad bilmirəm.

O gecə Emin məni bütün müqəddəslərə, tanıdığı kitablara and içdirdi – ki, mən o toyda oxuyanı tanımıram. Bəlkə də o xanəndəni hardasa görmüşdüm, bəlkə də o, qardaşlarımdan, əmim oğlanlarından hansınınsa toyunu aparmışdı – bilmədim, çünki o gecə o mağarda oxuyanın nə üzünü, nə də toyxananın hansı tərəfində dayandığını görə bildim.

Eminlə mənim birinci-sonuncu dönə toya getməyimiz bax belə olmuşdu.

Təzə evləndiyimiz vaxtlarda da Emin məni tez-tez anda toxuyardı. Bir də görürdün gecənin bir aləmi yerindən qalxıb işığı yandırdı, Quranı qarşıma qoyub diqqətlə gözümün içinə baxmağa başladı:

- And iç ki, keçmiş nişanlın səni öpməyib, sənin bədənini görməyib.

Bəzən and içirdim, bəzən də ona acıq getsin deyə susub otururdum...

***

Axtarış məsələsindən, Əlinin gözümün içinə baxa-baxa qıypınmadan elədiklərindən sonra canıma bir yüngüllük, rahatlıq gəlmişdi. O gecə içimə bir əl girib ürəyimi saplağından üzmüşdü, həyətimizdən axan arxın gecələr durulan suyunda carlayıb, kirini-pasını yuyub yenidən gilas bandağı kimi sinəmdən asmışdı. Bütün işlərimi fit çala-çala, oxuya-oxuya görürdüm, çölümdə baş verənlər eynimə deyildi. Top-tüfəng qabağında qalmış evimiz, dinc uzaqlara çəkilmiş atam-anam yadıma da düşmürdü. Düşünürdüm hamı sağdı, uşağımın əli əlimdədi, yeməyə bir parça çörəyim var – bəsimdi.

Mənim oxumağımı, fit çalmağımı qaynanama, baldızıma bəzəyib danışan eltimi də gözüm görmürdü. Qaynanam da gündə neçə yol təbdən-təbə düşürdü, gah məni qoruyub qollayırdı, gah da yırtıcıya dönürdü. Bunlara da öyrəşib sırtılmışdım. Ara-sıra burnumun qanamasını saymasam elə bir xəstəliyim, mərəzim də yoxuydu...

Zöhrə xalanın kiçik qardaşının bir qızı yaman şişdən dünyasını çox erkən dəyişmişdi. Mən görməmişdim, dediklərinə görə gözəl, oxumuş, tərbiyəli bir gəlinmiş. Özündən sonra iki körpə oğlu qalmışdı. Qaynanamın qardaşı arvadı evdəki subay qızını ölmüş qızının yerinə vermək istəyirdi.

Həmin qız arada-sırada bizə gəlirdi, əlində bir ətək, ya da bir qofta gətirib mənə düzəltdirirdi. Qız hər gələndə ta gedənəcən Zöhrə xala yanımızdan aralanmazdı. Qardaşı qızının mənə mehir saldığını gördükcə qaynanam bərk-bərk tapşırırdı:

- Bax ondan aralı dolan haa, anası onu bacısının yerinə verəcək ki, o iki uşaq analıq əlinə düşməsin.

Qıza yazığım gəlirdi, çox da gözəl qızıydı. Mən də Zöhrə xalanı arxayın salmaq üçün:

- Kişi-zad deyiləm ki, məni amanatlayırsan, qızla nə işim olasıdı, - deyirdim. - Hayıfınız gəlmirmi belə qızı bədbəxt eləyirsiz? Elədisə uşaqları götürüb saxlasınlar.

Belə deyəndə Zöhrə xalanın yarası göynəyirdi:

- Onun anasının üzünə daş yamansın! Elə bilirsən yetimlərin ucbatından yazıq eləyir balasını? Bir quru divara dəyişir gilas kimi qızı.

Maraldan eşitmişdim ki, ölən qızın yaxşı evi-eşiyi varmış, anası da tamahını kiridəmmirmiş...

Baldızım qaynanamı bir həftəliyə öz yanına aparmışdı. Qovağın dibində qurutduğum tutları şüşə balona yığırdım, əlində bir kəsik parça arxa qapıdan qız özünü bizə yetirdi. Məni tək görüb ürəkləndi, pörtmüş yanaqlarını uzun saçlarının tağıyla silə-silə soruşdu:

- Zöhrə mama hanı?

Kətili ona uzada-uzada:

- Evdə yoxdu, - dedim, - Bəstigilə gedib.

Qızın çiçəyi çırtladı. Udquna-udquna bir xeyli üzümə baxdı. Sakitcə durub onun nəyə gəldiyini, niyə həyəcanlı olduğunu öz dilindən eşitmək istəyirdim. Qız qapı-bacanı ürkək-ürkək süzüb handan-hana dilə gəldi:

- Bircə, iynə-saplıq işim yoxdu, bu parçanı da yalandan götürmüşəm. Nolar mənə kömək dur, bir-iki günə anam məni bədbəxt eləyəcək.

Qız gah ağlayır, gah titrəyir, gah da mənə sarılıb susurdu. Onu özümdən aralayıb təəccüblə gözümü gözünə dikdim:

- Axı mən sənə nə kömək eləyə bilərəm?

- Neçə ki sakitlikdi, Seymuru çağır, ona sözüm var.

Seymur Mahmud əminin bacısı nəvəsiydi. Bizim qapıdan baxanda onların evinin içi görünürdü. Oğlanı yaxşı tanıyırdım, hərdən Cavidi özüylə kəndin ortalığındakı çayxanaya aparırdı. İndi bu qız onun adını tutanda mən heyrətləndim, ancaq o, soruşmağa aman vermədi:

- Biz dörd ildi bir-birimizi istəyirik, indi anam ayağını dirəyib. Bu günlərdə məni verəcək bacımın ərinə.

Qızı həyətdə qoyub qaçaraq çəpəri aşdım. Seymur qapılarında iri tutdan asdıqları yaylı dəmir çarpayıya uzanıb yellənirdi, anası da bir az aralıda sac üstünə yuxa salırdı. Ana-bala məni görəndə birtəhər oldular – bu kəndə köçəndən bəri bir dəfə də onlara adlamamışdım. Arvad tez sacın qırağından qalxdı:

- Boooy, ay Bircə, sən bizə xoş gəlmisən! Xeyirdimi sən Allah?

Arvad hüdüləyib tökənəcən mən beynimdə plan cızdım:

- Arımız beçə verib, yığılıb armudun başına. Seymur gəlsin mənə kömək eləsin.

Oğlan anasına baxıb udqundu, onun yerinə anası dilləndi:

- Ay Bircə, qadan alım, Seymur arıdan qorxur axı.

Mən oğlanın üzünə baxdıqca o, başını bir az da aşağı əyirdi. Araya pərt sükut çökdü, Seymur yerindən dəbərmədi. Əlim-ayağım boş geri dönəndə arvad məni geridən səslədi:

- Odey, sizin adlamacda kimsə var, bəlkə o sənə kömək eləyər?

Dönüb bizə sarı boylanan qıza baxdım:

- Hə, Könül gəlib, köməkləşib birtəhər eləyərik.

Gəldiyim cığırla qayıdanda bir yol çevrikib Seymura baxdım, əlimin işarəsiylə onu çağırıb çəpərdən həyətimizə keçdim.

Handan-hana oğlan gəlib çıxdı. Onları seyvanda qoyub bağa çəkildim ki, ürəklərini rahatca boşaltsınlar. Düz bir həftə belə oldu, hər gün Könül günün şaxıyan çağında qaranəfəs bizə gəldi, ağlayıb-sıtqayıb Seymura dil tökdü ki, onu qaçırsın. Qız nə illah elədisə tənbəl oğlanın qırışığı açılmadı, quluncu qırılmadı, eləcə gözünü zilləyib mal kimi baxdı.

Zöhrə xala Bəstigildən qayıdanda gəlin hər şeyi bitdə-bitdə onun ovcuna qoydu. Qaynana qızdı, nə qızdı:

- Sənin nə borcuna qalıb camaatın işinə qarışırsan?! Onun anası belə istəyir, özü də hər hazırlığını görüb.

Arvad ağlına-ağzına gələn hər latayırı döşədi qabırğama. Maral ortaya çıxanda Zöhrə xalanın hovu bir az alındı:

- Siz öyrəşmisiz baş vurub bayraq qapmağa, adam da o gözəllikdə balasını bürüşüyün birinə verərmi? Ayrı vaxt ağbirçəklik eləyirsən, indi yenə irəli dur, qoyma gül kimi qızı quyuya itələsinlər.

Zöhrə xala yanıb-yaxıldı, tüstüsü ərşə dirəndi:

- Ay bacı, qardaşım öləndən mənim sözüm keçmir. Anası özü bilər, siz qarışmayın.

Könülün son kərə gəlib o bivec oğlana yalvarmağı ölüncə yadımdan çıxmaz. Qızının dalına düşüb anası da bizə gəlmişdi, pərdə arxasında gizlənib oğlanın son sözlərini aydınca eşitmışdı. Seymur Könülə:

- Bir işim-gücüm yoxdu, hələ evlənmək istəmirəm, anam da səni almağıma razı deyil, - deyəndə arvad özünü saxlayammayıb üzə çıxmışdı, qızının üstünə yeriyib ona saz bir şillə çəkmişdi:

- Aldınmı cavabını, bunumu istəyirdin? Di düş qabağıma, qancıq!

Üstündən iki gün keçməmiş anası o gözəllikdə qızı yaşlı, eybəcər kürəkənin yanına ötürüb ölmüş qızının yerini doldurmağa göndərdi. Ancaq o evdə Könül də yarımadı. Oğlanlar azca böyüyəndən sonra xalalarını döyməyə başladılar, analarının yerinə gəldiyinə görə tez-tez onu daşa basdılar.

Sonralar Maral bir əcaib söz də dedi: guya Seymura qızın anası yalvarıbmış ki, kobud danışıb Könülün qəlbini qırsın, qızı özündən qoparsın...

ardı var

# 2191 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #