Kulis.az gənc şair Tural Turanın yeni şerlərini təqdim edir.
Dəli evindən reportaj
N saylı dəlixana.
Sakit, burada o dünyadan gələnlərin sirləri yatır;
Bir də insanlığın.
İndi Mau Zedun iş saatı elan edib fəhlələrə
Günah lövhələrinə sürünən ölümlər çəkir,
Dul qalmış divarlarla evlənib
Qadın hasarları ocaq edən dəlilər.
Ən ağırçəkili şair olacaqlar bir azdan
Üç yarımçıq cümlə yazaraq,
Dördüncü sətiri ağ saxlayanlar.
Dəlilərin “tanrı kitabı”nda
Allah kirvə xonçasında qonaq gəlir talelərə...
Gecə məktəbində dəliliyin naxışlarını hörürlər bəzən –
Ağacların beş manata zorladığı,
Qamışlıqda basdırılan,
Doğulmamış uşaqları gilləşdirib
Tanrıya qaytarırlar.
Taxta üzərində muncuqdan
göz oyur, dəliliyin “beyin ölçüsünü” toxuyanlar.
Bəzən sözləri kilidləyirlər
ağac kötüklərinə
Tanrının hicablı şəkillərini çəkərək.
Bəzən də özlərinə dərs keçirlər
Yazı taxtalarına üzsüz adam şəkillərini köçürərək.
Yenə toplaşıblar sınıq televizorun başına,
Tanrının axşam xəbərlərini eşitmək üçün;
Allah xəbərlərə başlayır,
Televizor elektrikə qoşulmamış:
“Salam, bu dünyada öldürüb ağıl verdiyim adamlar!
Sabah tanrı seçkiləridir, mənə yox, Allaha səs verin.
Di gedin yatın!”
Bu zaman dəlilər başçısı axşam laylasını oxuyur:
Bizim hərəmiz bir Yupiterik,
Yığışmışıq dörd divarlı kraterə!
Az qalıb Mau Zedun,
Tezliklə düşəcəyik yerə.
Ona kimi bütün günahsızları,
Dil açmamışları öldür ki,
Başlarına düşməyək.
Biz günahsız ölmək üçün
Yaradana söz vermişik.
Yorğanı çəkək ki, başımıza,
Üşüməyək, üşüməyək, üşüməyək...
P.S: Nəqarət yoxdur,
laylanı təkrar oxuyurlar.
Əkim 2017
Çarpılmış adam
Sən hardan biləsən çarpılmaq nədi? –
Çatıla-çatıla çapılmaq nədi?!
Evdən çıxıb evrəndə tapılmaq nədi...
İzini yalayıb sevmişəm səni.
Kirli saqqalıma uşaqlar gülüb.
Göz yaşımı yalayıb it-pişik silib.
Gecələr səsimə qonşular gəlib,
Qurd kimi ulayıb sevmişəm səni.
Küçədə yatmışam, isidib odun.
Qəbir daşlarında buğlanıb dadın.
Ayrılıb ayrılığa qan verən qadın,
Qanına susayıb sevmişəm səni.
Əkim 2017
Avqustun son günü
Avqustda anladır ağaclar
Payızın gəlişini yarpaqlara:
- Bir ay ömrünüz qalıb xərçəng xəstələri –
Saralıb solacaqsınız.
Oxuduğu budaq-budaq kitablardan tanıyır ağaclar
Xəstəlikləri də, əli baltalı adamları da.
Biz yer üzünü işıqlandıra bilmərik,
Yer üzünə çadır çəkin, baltalı kişilər deyir – yazıqlar –
Yerdəki işıqlar bəsinizdir,
Kor edir sizi hayqırırlar başları öz kötükləri üstə...
31 qor ay 2017
Sənin təhlilin
Bəlkə də evlənməyəcəm,
Bəlkə də çıxıb gedəcəm bu xarabadan.
Bəlkə günün birində qarşılaşanda
Bacı bu corabı neçəyə satırsan - deyəcəyəm
Tanımadan, bilmədən...
Bəlkə də ilk övladımı sən dünyaya gətirəcəksən,
Doğum evində baş həkimin köməkçisi kimi...
Elə bilirsən alın yazılarına proqnoz vermək asandır?!.
Sinvolun "fil" və "eşşək" olsa belə təhlili çətindir gülüm,
dərimizin altındakı vərəqlərin.
8 Yığım 2017