Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı” – Müsahibə

Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı” – Müsahibə
18 noyabr 2019
# 11:04

Kulis.az bu il 65 yaşını qeyd edən Səfər Alışarlı ilə müsahibəni təqdim edir.

– Necəsiniz, Səfər müəllim?

– Sağ olun, çox yaxşıdır. Əsas odur ki, sağlamlıq yerindədir, şükür Allaha, hələ işləmək, yazmaq istəyi bizi tərk etməyib. Mən böyük məmnuniyyətlə hər gün öz kompüterimin arxasına keçib ürəyim istəyən bəzi şeyləri yazıram.

– Yazı mətbəxinizi, istəyərdim, bölüşəsiniz...

– Doğrusu, yazı mətbəxim o qədər də ürəyimcə deyil, çünki mənim tez-tez oxuduğum kitablar var, o kitablara hər zaman əlim çatmır, bir az dağınıqdır, yəni bəzisi evdədir, bəzisi işdədir, bəzisi sandıqdadır, çıxarıb qoymağa yer yoxdur. Yazı masamı əvəz edən araba var, o arabadan adətən ofisiantlar istifadə edir (gülür). Arabanın üstünə kompüterimi qoymuşam və elə olur ki, hərdən bu otaqdan o otağa hicrət etməli oluram ki, dayanmayım, işim davam etsin. Əsas odur ki, yazmağa istək olsun, həvəs olsun, mövzu olsun. Yəni nəyi, necə, harada yazmaq o qədər də mühüm deyil. Düzdür, yazıçı üçün oturduğun məkan o qədər rahat olmalıdır ki, düşüncəsinə xələl gətirməsin. Bu baxımdan normaldır vəziyyət, oturub yazmağa minimum da olsa, şərait var.

– Günün hansı saatlarında yazırsınız?

– Bizim həyatımız tanıdığımız yazıçıların həyatından bir qədər fərqli keçib. Elə indiki cavanların da həyatı bu cür keçməkdədir. Çünki bizim, xüsusilə, gənclik illərində tənhalaşmağa otağımız, yazmağa masamız, şəraitimiz, imkanımız olmayıb. Bu baxımdan, necə deyərlər, harada imkan olub, orda da oturub yazmağa çalışmışıq. İndi mənim üçün yazmaq zamanı, beynimin yorğun olmadığı zamandır. 8 saat işdə çalışıram və axşam evə qayıdanda, təbii ki, müəyyən yorğunluq hiss edirəm. Bu baxımdan mənim iş saatlarım, əsasən, axşama təsadüf edir. Düzdür, gecəyə qədər otura bilmirəm, saat on ikiyə qədər nadir hallarda qalaram, çünki beyin yorğun olanda yazmağın əhəmiyyəti də yoxdur. Bilirsən, bir var təzə yazı, bir də var yazı üzərində iş. Mətnin ilkin variantı elə ifadə olunmalıdır ki, onun üzərində sonradan işləmək mümkün olsun.

– Redaktə olsun.

– Bəli, bu baxımdan bizə, Ədəbiyyat İnstitutunda ustadlarımız deyirdilər ki, nəsrin birinci variantı ağlınıza gələni kağıza köçürməkdir. Ondan sonrakı artıq redaktə işidir. Məsələn, hərdən elə mətnlər olur ki, onları redaktə də xilas edə bilmir. Onda onu asanlıqla silirsən gedir. Bu cür havayı işləməmək üçün çalışıram ki, fikrimi toplayanda yazım.

– "Artkaspi”-də sizin bir müsahibəniz getmişdi. Orada demişdiniz ki, modern çağ mətnlərinə qarşıyam, o qədər də sevmirəm, amma...

– Yox, orada başlıq adamları çaşdırdı. Səhv etmirəmsə, Orxan Həsəni almışdı o müsahibəni.

– Bəli.

– Orada başlığa çıxmışdı ki, mən modern yazıçı olmaq istəmirəm. Hər kəs modern yazıçı olmaq istəyər və istəyir də. Hər kəs istəyir ki, bu gün onun yazdığı mətn oxucular tərəfindən oxunsun, sevilsin, populyarlaşsın və s. Amma modernlik anlayışının altında müasir dövrdə mənim, məsələn, 65 yaşımda qəbul etmədiyim bəzi dəyərlərin ifadə formaları var. Mən o ifadə formalarını rəva bilmirəm, tutaq ki, açıq-saçıq yataq səhnələri, yaxud cılız hisslərin kultivasiyası. Amma müasir həyatın gətirdiyi nə varsa, bunun, təbii ki, nəsrə keçmək hüququ var. Yazıçı bunu tanımalıdır. Yazıçı bunu tanımasa, əlbəttə, üstünü toz basmış bir şeyə çevrilər. Ona görə də, modernliyin əleyhinə deyiləm. Hesab edirəm ki, əksinə, yazıçı həmişə, hər bir əsərində novator olmalıdır. Əgər yazıçının yazdığı əsər bu günün çağırışları ilə səsləşmirsə, onun oxucusu az olacaq. Bütövlükdə ədəbiyyata münasibəti götürsək, kütlə tərəfindən münasibət o qədər də ürəkaçan deyil. Yəni oxucu qıtlığı yaşanır ədəbiyyatlarda. Tutaq ki, mən mütəmadi şəkildə "Novıy mir” jurnalını oxuyuram. Bu jurnalın sovet dövründə 1 milyondan çox tirajı var idi. Bu gün cəmi 2000 tirajı var. Təsəvvür et, Moskvada ədəbiyyat bu dərəcədə maraqsızlaşıbsa, bu dərəcədə ona diqqət azalıbsa, gör indi başqa şəhərlərdə, keçmiş sovet məkanında vəziyyət necədir. Amma bu tirajlanma və oxunma, eləcə də populyarlaşma yazıçı üçün başlıca amil deyil. Yazıçı üçün başlıca amil özünüifadədir. Əgər sən daxili narahatlığını ədəbi dillə, ədəbi təhkiyə formasında, müasir oxucunun düşüncəsinə uyğun ifadə edə bilirsənsə, o, artıq sənin yaratdığın bir dəyərdir. Hər bir yazıçı istəyər ki, onun yazısı sevilsin, oxunsun, amma hər yazıçı da buna qadir deyil. Çünki düşüncə fərqlidir, dəyərlərə baxış fərqlidir, üslub, ifadə forması, dünyaya və hadisələrə baxışı fərqlidir. Bu baxımdan yazıçını xilas edəcək, onu irəliyə aparacaq bir məsələ onun mütaliəsidir. Əgər yazıçının özündən əvvəl yaradılmış mənəvi dəyərlər xəzinəsinə bələdçiliyi güclüdürsə, onun düşüncəsində də bu, öz əksini tapır. Yox, əgər mütaliəsi dayazdırsa, yazısı o qədər də maraqlı olmur. Bu baxımdan mən tövsiyə edərdim ki, bizim gənc dostlarımızın bir əli qələmdə olanda, bir əli də mütaliənin üstündə olsun.

– Bu sual bizi bir mövzuya gətirdi. Mətnlərin kitabdan və həyatdan gəlmə olması. Elə insanlar var ki, onlar oxuyurlar və onun təsirində yazmağa başlayırlar. Onların yazılarında heç bir həyat müşahidəsi görünmür. Bu, nə ilə əlaqədardır, sizcə, sırf mütaliə hansı yeri tutur yaradıcılıqda?

– Maraqlı sualdır. Var elə yazıçılar. Əvvəllər Moskvaya gedənə qədər mən elə mətnlər görmürdüm. 80-ci ildə gedib orada Makanin, Anatoli Kim kimi yazıçıları özüm üçün kəşf etdim. Məsələn, təsvir edilənlərin hamısı adi məişətin içindən keçir. Amma bizim ədəbiyyat əsasən həyatdan gələn hadisələrlə dolu olub. Bizdə intellektual ədəbiyyat olmayıb. Tutaq ki, kolxoz quruluşuna aid, inqilabi dəyərlər mövzusu, sənayeləşmə, böyük vətən müharibəsinin əks-sədası, sonrakı quruculuq və abadlaşdırma ilə bağlı və s. Yəni sırf həyati mövzular idi. Bəzən bu bəsitlik adamı yorur. Yalnız rəhmətlik İsa Hüseynov ədəbiyyata gələndən sonra müəyyən intellektual dəyərləri tətbiq etməyə başladı. İsa Hüseynov da Moskvaya Ədəbiyyat İnstitutuna oxumağa getməsəydi, onu öyrənə bilməyəcəkdi. İsa Hüseynovdan sonra bizim nəsr artıq düşünməyə başladı.

– Son yazdığınız povestdə də modern detallar, hətta qarşı olduğunuz erotik səhnələr var idi. "Qız və maniken”də... Dövrümüzdə əsərlər əsasən o cür mövzularla populyarlıq qazanır...

– Bu, detaldır. Əgər o povestdə həmin detal artıq görünmürsə, deməli, həllini tapıb. Əsər başdan-ayağa o cür səhnələrdən ibarət deyil ki. Bilirsiniz, bu, sənətdir. Sənət bütün detalları estetik olan halda qəbul edir.

– "Maestro”dan sonra roman yazıbsınız?

– Bəli, mənim romanım var. Bir neçə il qabaq bitirdim. Təəssüf ki, üzərində işləmirəm. Düzü, işləmək həvəsim də yoxdur, çap etmək də istəmirəm. Düşünürəm ki, romanda qıcıq yarada biləcək məsələlər var. Və o məsələləri kəsib atmaq istəmirəm.

Mən sovet dövründən müstəqillik dövrünə keçidi canı-qanı ilə yaşamış biriyəm. O zamanları çox yaxşı xatırlayıram. Həmin dövrdə biz, əl-əl axtarırdıq çap olunmayan əsərləri. Tapa bilmirdik. Tapdıqlarımız da heç nəyə yaramırdı. Həmin boşluq mənim içimdə var və bu roman o boşluğu bir qədər doldurub elə bil. O, mənim yeni işlərimə mane olmur. Yaradıcılığım öz axarı ilə davam edir. Çapa hazır əsərlərim də var, hazır olmayanlar da. Hər gün yazıram.

– Sovet dövründə yazılan romanlar bugünkü roman standartlarına uyğundurmu? Elə sizin nəsil, 60-cılar, ondan əvvəl yazılanlar bu günün tələblərinə nə qədər cavab verə bilir?

– Bu, təkcə romanla bağlı deyil. Biz elə hekayələri misal çəkə bilərik ki, onların bədii qatı, daşıdığı məna yükü elə roman ağırlığındadır. Gəlin baxaq, bizim romanlarımızdan hansılarını misal çəkə bilərik?! Yusif Səmədoğlunun romanı, Maqsud İbrahimbəyovun romanları, Mövlud Süleymanlı, Əkrəm Əylisli...

– Elçin...

– Elçin, bəli. Yəni hamıya tanış imzalar var. O dövrdə də bu imzalar idi. Ədəbiyyata bu imzalardan dolayı qiymət verilirdi. Eyni aspektdən yanaşırlar hələ də. Məsələn, indi müasir Azərbaycan ədəbiyyatı haqqında qalın, akademik nəşr topluları çap olunur, orada mənim adımı elə bil qəsdən çəkmirlər. Mən təvazökar adamam. Belə şeylərin davasını heç vaxt eləməmişəm. Çünki bilirəm ki, yazıçı üçün əsas olan mətndir. Əsas yaxşı mətn yaratmaqdı. Yaxşı mətn yaratsan, zamanı gələndə oxucu da, naşir də tapılacaq. Bu mənada düşünürəm ki, ədəbi prosesə bütöv baxılmalıdır. Obyektivlik olmalıdır. Ədəbiyyat milli düşüncənin məhsuludur. Ona məhəlli, konyunktur prizmalardan baxmaq olmaz. Biz belə bilirik, yəqin dəyərlər dəyişir.

– İndi ən çox müzakirə olunan bir məsələ var, Səfər müəllim – milli ədəbiyyatların zamanla yoxa çıxması, vahid dünya ədəbiyyatının yaranması. Bu gediş dilə necə təsir edəcək, nə qədər aktual olacaq dil hadisələri?

– Ədəbiyyat dil faktorudur. Bəzi yazıçılar qısa fraza ilə yazırlar ki, tərcümə asan olunsun. Ancaq mətn düşüncənin məhsuludur. Sən nəyi necə ifadə edə bilirsənsə, o cür yazırsan. Hər şeydən əvvəl yazılan frazanın musiqisini eşitmək lazımdır, sonra digər məsələlər gəlir. Ən vacibi isə məna ağırlığıdır. Mən çalışıram ki, mətnimdə lazımsız, yüksüz, boş, avara cümlə olmasın.

– Dilin musiqisi dediniz, bu, həm də yazıçının intonasiyasını yaradır. Şairin intonasiyası olduğu kimi, yazıçının da özünə xas mətn müstəvisi olur...

– Əlbəttə!

– Bu baxımdan özünüzü hansı əsərlə təqdim edərdiniz?

– Çap olunan son iki kitabımda mənim düşüncəmdən, üslubumdan kənar heç nə yoxdur. Hamısı məni qane edir. Hərdən açıb oxuyuram. "Maestro"nun zəif yerləri azdı, məsələn.

– Yenidən nəşrini düşünürsünüz?

– (Gülür). Kimsə nəşr etdirmək istəsə, bəlkə də razı olaram. Özüm buna cəhd etmirəm.

– Oxucular arasında bir o qədər tanınmırsınız...

– Bizim nəslin müəllifləri bu aqibəti yaşadı, razıyam. Biz oxucumuzu, demək olar ki, itirdik. İndi oxucuların düşüncə orientasiyası dəyişib, görünür. Amma özümdən o qədər də bədgüman deyiləm.

– Səfər müəllim, yazıçı nə vaxt yaza bilmir?

– Bu da maraqlı sualdır. Bəzən yazıçının sözə inamı itir. Düşünür ki, söz heç nəyi həll etmir, söz ölüb və bu, heç kimin vecinə deyil. Bu, çox depressiv haldır, heç bir yazıçıya arzulamıram. Məndə bu əhval baş verəndə Quranı oxuyuram. Mətn olaraq, məna olaraq mənə yenidən inam hissi verir. Bəlkə sənin də yazdıqların o ayə qədər dəyərli olacaq?! Yazıçı tükənir hərdən. Cəmiyyət, baş verənlər onu tükəndirir.

– Çağdaş ədəbiyyatımızı necə qiymətləndirirsiniz?

– Yaxşı. Ədəbiyyatın dəbdə olmadığı dövrdə mətnlərə olan yazıçı diqqəti ürəkaçandır. Oxucu diqqəti yoxdur və mənə oxucu maraqlı da deyil. Yazmaq istəyirlər. Yazırlar. Ədəbiyyatla məşğul olmaq indi fədakarlıqdı. Buna hazır olan gənclər var. Ona görə, düşünürəm ki, yeni nəsil daha uca zirvələr fəth edə biləcək.

Söhbətləşdi: Rəvan Cavid

Artkaspi.az

# 4084 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #