Kulis.az “İnternat ədəbiyyatı” layihəsində 2 saylı internat məktəbinin VIII sinif şagirdi Aysel Məmmədəliyevanın yazdığı nağılı yayımlayır. Layihənin rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.
LAYİHƏ: “İnternat ədəbiyyatı”
Bir neçə aydır ki, yazar Sevinc Elsevərlə baş-başa verib, həftə sonumuzu fərqli keçirməyə qərar vermişdik. “Ədəbiyyat saatı” layihəsi çərçivəsində internat məktəblərində uşaqlarla birlikdə kitab oxuyur, müzakirə edir, bəzənsə, xəyallarımızı sözə çevirməyə, öz düşüncələrimizi yazmağa cəhd edirdik. Qısa müddətdə uşaqlar öz dünyalarının qapılarını bizə açdılar... Onların balaca və kimsəsiz ürəklərindəki bütün dünyanı sevəcək qədər sevgiyə, qollarındakı bəşəriyyəti qucaqlayacaq qədər gücə heyran olduq. Çiyinlərində yük kimi daşıdıqları talelərinə baş əyərək, keçmişlərinə mərhəmətlə boylanan bu balacalardan öyrənəcək o qədər şey var ki...
Elə buna görə də görüşlərimiz boyu uşaqların yazdığı nağıl və hekayələri “İnternat ədəbiyyatı” altında Sizə təqdim etmək qərarına gəldik. Sizi internat uşaqlarının dünyasına dəvət edirik...
Vüsalə Məmmədova
Mənim bir günümün xatirəsi
Bir səhər uşaqlarla birlikdə məktəbə gedirdik. Yolda dostlardan biri dedi: “Mən bu gün məktəbdən sonra atamla meşəyə gedəcəm”... Sonra başqa uşaq həmin uşağın sözü ağzından qurtarmamış dedi ki, o da atasıyla meşəyə gəzməyə gedəcək. Yerdə qalan uşaqlar da meşəyə getmək istədiklərini bildirdilər. Amma hamının atasının boş vaxtı yox idi. Baxmayaraq, kəndimiz az qala meşənin içində yerləşirdi, biz meşəyə az-az gedirdik. Uşaqların meşəyə tək-tək getməsi qorxulu idi. Məktəbdə bütün uşaqlar müəlliməmizdən xahiş etdi ki, bu gün hava xoşdu, müəllimə uşaqları meşəyə gəzməyə aparsın. Axır ki, müəllimə də razı oldu. Belə qərara gəldilər ki, hamı dərsdən çıxıb evə getsin, çörəyini yesin, sonra bir yerdə toplaşıb meşəyə getsin.
Mən isə kənarda durub onlara baxır, dillənmirdim. Onda Yasəmən üzünü mənə tutub dedi:
- Bəlkə sən də bizimlə birgə meşəyə gedəsən.
Məktəbdə dərslərimiz qurtarandan sonra evə gedərkən sinif yoldaşım Leyla ilə yolumuz bir düşdü. Leyla məndən əl çəkmirdi:
- Aysel, sən də bizimlə gəl.
Ona gələcəyimi deyib əvvəlcə evə getdim. Gördüm ki, nənəmlə babam bizə qonaq gəlib. Onları görəndə çox sevindim və hər şey yadımdan çıxdı. Nənəmlə babamla xeyli oynadıqdan sonra yadıma düşdü ki, uşaqlara onlarla gedəcəyimə söz vermişdim. Babamdan xahiş elədim ki, məni də meşəyə o, aparsın. Babam oynamaqdan yorulmuşdu, amma qəlbimi qırmadı, babam məni də meşəyə apardı. Yolboyu biz babamla meşə barədə söhbət etdik. Meşəyə çatanda rəfiqəm Leylanın qışqırıq səsini eşitdim. Sən demə o, kolların arasında nəsə görüb qorxubmuş. Biz onun yanına çatanda qız qorxudan tir-tir əsirdi. Babam çiynindəki tüfəngi götürüb kolluğa tərəf tuşladı və atəş açdı. Sonra da üzünü Leylaya tutub dedi:
- Qorxma, bala, tüfəngin səsindən indi orda heç nə qalmaz!
Elə bu vaxt kolluqdan çıxıb qaçan ayını gördük. O, qorxub qaçırdı.
Sən demə Leyla uşaqlardan ayrılıb azıbmış. Biz üçümüz meşədə xeyli gəzdik, çoxlu göbələk yığdıq. Sonra kəndə sarı qayıtdıq. Nənəm bizi gözləyirdi.
Ertəsi gün babamın Leylanı xilas eləməyi barədə əhvalatı bütün məktəbdə danışırdılar.
Layihənin əvvəlki yazıları:
Başını daşla yaran dostu bağışlamaq
Öz payın aparmağa uşaqlar düzülürlər
Yalanı ancaq nağıllarda danışmalı