Kulis.az oğul yazıçı Alpay Azərlə ata yazıçı Azər Abdullanın söhbətini təqdim edir.
- Ata, Kulis.az saytından deyiblər səndən müsahibə alım, yəni ata-oğul söhbəti...
- Maraqlıdır... Onda sən çəkinmədən, istədiyin sualları ver, mən də görək, sonacan səmimiyyəti saxlaya biləcəyəmmi. Söhbətimizi kimsə bəyənib-bəyənməyəcəyini də, bu mətnin çap olunacağını da gəl unudaq.
- Biz demək olar, hər gün ədəbiyyat barədə bəzən ötəri, bəzən uzun-uzadı söhbət edirik. Bilmək istərdim, ilk çap olunan hekayən barədə yazıçı dostların nə deyiblər?
- Sualınla bağlı “Solfecio dərsi” hekayəm yadıma düşdü. Ondan qabaq çap olunub-olunmadığım bu dəqiqə ağlıma gəlmir. Bu hekayəylə bağlı məni çox adam təbrik elədi. Ancaq hekayəmin yazıçı Anar bəyin ürəyincə olmadığını duydum.
- Maraqlıdır, səbəbini açıqlaya bilərsənmi?
- Bilirsən də, “Qobustan” incəsənət dərgisində işlədiyim vaxtın hekayəsidi, bir sayaq avtobioqrafikdi. Mətndə texnik redaktor - mən və ötəri - epizodik də olsa, baş redaktor - Anar münasibətləri var.
- Anardan söz düşmüşkən, onsuz da onunla bağlı sual verəcəkdim. Məktəbli qız Elinanın intiharıyla bağlı bir müddət öncə sosial şəbəkədə Anar müəllimə hücuma başlamışdılar...
- Xəbərim var, Anar bəy “araşdırmanın-istintaqın nəticəsindən sonra məsələyə münasibət bildirmək daha ədalətli olardı” söyləyərkən yumşaq desək, onu qınayanlar nə dərəcədə haqlıdırlar? Belə deməklə bəyəm Anar qızcığazın özünə qəsdinə sevinirmi, yoxsa məsələnin ört-basır olmasını istəyir? Bilmirəm, tərbiyəsizlər, əxlaqsızlar, dünən yumurtadan çıxıb cip-cip edənlər Anardan nə istəyirlər. Onlar Anarın kimliyindən, xalqımız üçün nə boyda işlər gördüyündən xəbərləri varmı? Şüurlarda inqilab etmiş iyirmi illik “Qobustan” dərgisindəki fəaliyyətindən xəbərləri varmı?.. Bu günlərdə Elman Cıvıroğlu söhbətarası bilirsən nə dedi, dedi ki, yetmişinci illərdə “Qobustan”ı əldən iyirmi beş rubla alan görmüşəm. Anlayan, bunun nə demək olduğunu bilər. Anarın əldən-ələ gəzən gözəl bədii əsərləri bir yana, senzor Demokl qılıncıtək başlar üstündə dayanan çağlarda onun yazıb çap elətdirdiyi “Yaxşı padşahın nağılı”, “Molla Nəsrəddin-66” satirik əsərlərindən, rəssamlıq, memarlıq, musiqi və ədəbiyyatla bağlı dərin məzmunlu yazılarından, kino xidmətindən... Dədə Qorqudumuzu dirildib bütün türk dünyasına tanıtdığından xəbərləri varmı bu miskin, ailə tərbiyəsi görməmiş zavallıların. O bədbəxtlər Anardan öncə öz doğma dədələrini aşağıladığından, söydüyündən xəbərləri də yoxdu. Alpay, inanırsanmı, Anarın ünvanına deyilən haqsız söyüşlərin bir ucu da gəlib mənim ürəyimə toxunur... Bu yazı çap olunsa, Anara yarındığımı deyənlər tapılacaq...
- Ata, Şərif Ağayar bilirsənmi nə deyirdi, deyirdi, Anarı tərifləyib müdafiə edənlərin arasında təkcə Azər Abdullanın səmimiyyətinə inanıram...
- Barəmdə belə düşündüyünə görə alqışlayıram onu. Şərif hissiyyatlı, istedadlı yazıçıdı. Yeri gəlmişkən, onun maraqlı hekayələrini, “Haramı”, “Arzularımdan sonrakı şəhər” romanlarını, kulisdə gedən publisist yazılarını oxumuşam. Diqqətimdə olan bəyəndiyim yazıçılardandı. Heç yerdə demədiyim sirri indi sənə deyəcəm. Anara olan sayqım, istəyim olmasaydı, Şəriflə yaxınlıq edərdim. Yazılarını bəyənsəm də, bircə dəfə də zəng edib onu təbrik etməmişəm. Onun istedadını, insanlara, ədəbiyyata olan seçilən baxışını danmaq olmaz. Nə gizlədim, Şəriflə mənim aramda bir Anar səddi-hasarı var. Ancaq Şərifin Anara olan xoşagəlməz münasibətini, bu münasibətin hardan qaynaqlandığını bilmirəm, onların soyuq, bəlkə də düşmən münasibətləri mənim ürəyimcə deyil. Sənə bir şey deyim də, Alpay. Romanının ilk dəfə Fransada çap olunacağı xəbərini Şərif sosial şəbəkədə bildirəndə, onun sevinci, qürur duyğusu, azacıq da olsa lovğalığı uzaqdan “Qız Qalası” kimi ap-aydın hiss olunurdu. Bax, mənim də gizlicə hörmət bəslədiyim Şərif Ağayar, qocaman Anarın əsərlərinin əllimi-altmışmı dilə çevrildiyini, geniş tutumlu qabiliyyətini niyə görmək istəmir, nə üçün ona sayqıyla yanaşmır?
- Bu məsələdə səninlə razı deyiləm. Yəni, Şərif ədəbiyyat söhbətlərimizdə Anarı yazıçı kimi qəbul edib, onun belə deyim, filoloji dəyərini heç vaxt inkar etməyib. Anar müəllimi həmişə müdafiə eləməyin şəxsi münasibətinizlə... bizə yaxşılıq etməsiylə bağlı deyil ki?
- Gizlətmirəm, bəlkə bu faktor da var. Ancaq sənə bir söz deyim, Alpay, dəfələrlə yaxşılıq etdiyi adamlardan Anarın ünvanına xoşagəlməz sözlər deyildiyinin şahidi olmuşam. Bir qisim adamlar elə bilir, Anar ömrü boyu ona ancaq yaxşılıq etməlidir. Hansı məqamdasa o adamların umduğunu Anar ya unutduğundan, yaxud rəva bilmədiyi üçün etmədiyindən pis adama - düşmənə çevrilir. Ona qalsa, bəzi məqamlarda Anarla mənim mübahisələrimiz, fikir ayrılığımız, soyuq münasibətlərimiz olub. Ancaq mən bu fikirdəyəm, bunu dəfələrlə mətbuatda da demişəm, adamı şəxsi münasibətə görə deyil, gördüyü işə, əmələ görə dəyərləndirmək daha ədalətli mövqedir. Birdən ağlına gələr, elə bilərsən, Anar bəy Yazıçılar Birliyinin sədri olduğundan ondan nəsə umacağım, yaxud çəkinməyim var... Bir yol Anardan “Rəsul Rza adına Beynəlxalq ədəbi mükafatı hansı prinsipə görə adamlara verirsiniz?” soruşanda , o dərhal: - İstəyirsən sənə də verək,- söylədi. Mən də dərhal “Yox, yox, mən o mənada demirəm...” desəm də, “Layiqəmsə, bu vaxtacan verəydin də. Gərək xahiş edəm, əzilib-büzüləm, sonra verəsən?..” bunlar ağlımdan keçdi. Mən heç kimi bütləşdirmək istəmirəm. Anarın da yanlış addımı ola bilər.
- Çəkinmirsənsə, iyirmi, daha dəqiq iyirmi dörd il bundan qabaq yazdığın “Məzələnmə” əsərini niyə çap elətdirmirsən?
- Məncə, bu barədə sənə danışmışam. Bir var xətrini çox istədiyin adamın ardıyca qeybət eləmək, yeri gəldi-gəlmədi dönükcəsinə onu aşağılamaq, bir də var həmin adamdan umu-küsü eləmək, gileylənmək. “Məzələnmə”də mənimçün doğma olan Anar bəylə bağlı umu-küsü məqamlar var. Anar bəyə ellikcə hücum ediləndə, bu hücumlar dəfələrlə olub, yazıqlar olsun, qaragüruhun içində tanınmış qələm həmkarları da olub. Bu ərəfələrdə “Məzələnmə” çap olunsaydı, mən də o qaraguruhun birisi kimi görünərdim. Ancaq əsər vaxtında-məqamında işıq üzü görməyəndə çox şey itirir...
Məsələnin ikinci yanı da var. Hücumların səngidiyi vaxtlar da Yazıçılar Birliyinin mətbu orqanlarından hansınınsa o mətni çap edəcəyinə inanmamışam...
- Şahmat taxtasında Anar bəyi hansı fiqur kimi görürsən?
- ... Şah deməzdim, çünki şah tənbəl və acizdi. Hər yana gedə bilsə də, bir addım-bir xanadan artıq irəliləyə bilmir. Anarı ancaq hər tərəfə, şahmat lövhəsi boyunca sağa-sola, irəli-geri, düzünə-çəpinə şığıyan vəzir kimi görürəm.
- Bəs Şərif Ağayarı?..
- Hələlik ata bənzədərdim. Bütün fiqurların qarşısı kəsiləndə yerində donub qalır, ancaq bilirsən də, at qarşısındakı maneəni sıçrayıb keçir.
- Bəs məni?..
- Sən... Bir addım, bir xana irəliləyib (o qədər də asan gediş deyil) sonuncu xanada zabitə, ata, topa, vəzirə çevrilə bilən piyada kimi...
- Yuxarıda ədəbi mükafat söhbəti oldu. Sözünü kəsmək istəmədim. Ürəyimdən keçəni indi soruşmaq istəyirəm. Maşallah, xeyli yaşamısan, ancaq bir dənə də olsun ədəbi mükafat almamısan, buna görə özünü narahat hiss eləmirsən?
- Qətiyyən narahat deyiləm. Yaxşı yazmaqdan başqa ad, yaxud ədəbi mükafat almağın xüsusi fəndi, ayrıca yolları da var. O fəndi nə bacarmışam nə də öyrənməyə cəhd etmişəm.
- Ata, niyə elə deyirsən, eyhamının bir ucu gəlib mənə toxunur. Təvazödən uzaq olsa da, deməliyəm, iki ədəbi mükafat almışam, onları alanda mən hansı fəndi işlətmişəm, yoxsa məndən yana kiminsə bığının altından keçmisən, yaxud saqqal tərpətmisən?
- Bəlkə mən dəqiq demədim, bəzən istisnalar da olur... Ancaq qısa müddətdə sənin iki ədəbi mükafat almağına sevinsəm də, bir yandan da məni rahatsız edib. O mükafatlar səni özündən müştəbeh, arxayın sala bilər.
- Anardan sonra AYB-nin sədri kimi görmək istərdin?
- Sosial şəbəkədə bu sualı kimsə vermişdi. Mən qısa bir cümlə yazdım: – Anar bəy bu gün də gənclik gücü, enerjisi, həvəsiylə yazıb-yaratmaqda. Bir halda ki deyirsən Anar bəydən sonra, onda deyim, beş il İstanbulda ilahiyyət təhsili almış, Doğu və Batı, eləcə də dünya ədəbiyyatından xəbərdar, təşkilatçılıq və idarəçilik qabiliyyəti olan enerjili Xanəmir Telmanoğlunu layiq bilirəm. Bir də geniş erudisiyalı İlqar Fəhmini...
- Özünü məcbur edib yazdığın mətn olubmu?
- “Söz havası” hekayəmi dediyin kimi özümü məcbur edib yazmışam. Bir neçə cümlədən sonra başımın dumanı çəkilib. Sanki balığı quru yerdən suya salıblar. Su demişkən, uşaqlar üçün yazılmış “Suya doğru” və “Bir bölük at”, “Xoflu gecə” hekayələr çətin yazılıb. Ancaq “Söz havası” çətin də yazılsa, onu ən yaxşı yazılarımdan hesab edirəm.
- Bir roman yazdın, nədənsə onu çap etdirmədin. O roman səni qane etdimi? Bir çox yazıçılarda bunu müşahidə etmişəm. Mövzu enerjisi müəllifdən əl çəkmir, yazıçı əsəri yazır, dəfələrlə redaktə edir və nəhayət çap edir. Amma bir müddət sonra əlini masaya çırpıb deyir ki, axx, gərək mətnin bu yerini daha da güclü işləyəydim. Belə hallar olubmu səndə? Olubsa, hansı hekayələrində olub?
- Alpay, inan, mətbuatda çoxların bəyənib haqqında müsbət fikir söylədikləri “Qəmərlidən keçən qatar”, “Gül yağışı”, “At” hekayələrimdən tutmuş povest, romanlarımacan, heç birindən tam razı deyiləm. Mənə elə gəlir, onların hər birini daha yaxşı yazmaq olardı.
- Fikir vermisənsə, son yazdığın hekayələri daha çox tənqid edirəm. Bu, səni əsəbiləşdirirmi və üzümə də deməsən, ürəyində fikirləşirsənmi, dünənki uşaq məni tənqid edir?
- Azca da olsa əsəbiləşdirir. Təkcə sənin bəyənmədiyinə görə yox, daha çox özümdəki gücün tükəndiyinə görə. Rəhmətlik Sabir Əhmədovun, İsa Muğannanın, lap elə Qabriel Markesin yaradıcılığının qürub çağında yazdıqları mətndəki boşluqlar da adama təsəlli vermir. Birdən sənin özünə, yaxud oxucuya elə gələr özümü böyük sənətçilərlə bir qatda hesab edirəm, əstağfurulla, gücün, enerjinin zəifləməsi, gücün tükənməsinin yaşla, qocalıqla bağlı qanunauyğunluğu yada salmaq üçün o nəhənglərin adını çəkməli oldum...
- Və bundan doğan növbəti sual. Mətn nə zaman səninçün uğurlu sayılır? Özünü tam qane edəndə, yoxsa inanıb güvəndiyin dostlardan müsbət rəy, təriflər eşidəndə?
- Sözsüz, ilk sırada mətnin gözəlliyini yazarın özü duyur, yazı prosesində müəllifin sanki ayaqları yerdən üzülür, göylərdə uçur, dünyanın ən gözəl sevgi hissinə bənzər duyğusunu, ləzzətini yaşayır. Qıraqdan deyilən (dost, ədəbiyyatşünas, tənqidçi, yaxud sıradan bir oxucu olsun) xoş sözlərsə səndə, sadəcə əminlik, inam hissi yaradır.
- Bilirsən ki, cavan yazıçılar, elə yaşıdların da sənin “Qəmərlidən keçən qatar” və “Gül yağışı” hekayələrini xüsusi bəyənirlər. Məşhur Sovet-rus aktyoru Andrey Mironovun həyatı haqda oxuduğum kitabda, yazılır ki, bu aktyor “Brilliant əl” filmində oynadığı rola görə hədsiz tərifləndiyindən qıcıqlanırmış. Elə bilirmiş, başqa oynadığı rollar hardasa diqqətdən kənarda qalır. Sən də eynilə həmin hekayələrini tərifləyəndə, qıcıqlanmırsan ki?
- Dediyin hisslər, yaşantılar mənə çox tanışdır. Belə çıxır, adlarını çəkdiyin hekayələrdən başqa Azərin heç bir tutarlı, sanballı yazısı yoxdur. Ancaq mənim yuxarıda adını çəkdiyim “Söz havası”, yaxud “Mismar” hekayələrinin quruluşundan tutmuş dərin psixologiyasına, iç poetikasına, hisslərin dərinliyinə görə heç də dediyin hekayələrdən geri qalmır. Ya da “Havalı sular, sevdalı sular”, “Tək batan ulduz” mini poemalarımda (bunların hər ikisi radio-kompozisi şəklində radionun qızıl fondunda) olan, bəlkə də böyük səslənəcək, fəlsəfi tutum, zərif lirizm, sevincə qarışmış ağrının, kədərin vəhdəti... “Tək batan ulduz” barəsində gözəl şair, yüksək zövqlü rəhmətlik Rəhman Babaxanlı “Bu poemanı rus şairlərindən biri yazmış olsaydı, ona dövlət mükafatı verərdilər”, - demişdi. Poeziyadan söz düşmüşkən... bayaq mükafat barədə soruşanda, bir mükafata layiq görüldüyümü deməyi unutdum. Sağ olsun şair, professor Elçin İsgəndərzadəni. Günlərin bir günü mənə zəng edib görüşəndə Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görüldüyümü deyərək mükafatın diplomunu mənə verdi.
- Azərbaycan ədəbiyyatında kimlər sənə görə, Nobel mükafatına layiqdir?
- Bir neçə adamın adını deyə bilərəm, ancaq bu sualın qoy cavabsız qalsın.
- Mənim hekayələrimdə bəyəndiyin və bəyənmədiyin cəhətlər.
- Hekayəni yazıb bitirəndən sonra, mənim təcrübəmə görə, bir-iki, bəzənsə üç -dörd ay “dincə buraxandan” sonra qayıdıb yeni gözlə mətnin üzərində işləmək məsləhətdir. Sənsə səbrsiz olduğundan ara vermədən, nəfəs dərmədən yenicə bitirdiyin hekayənin üstündə aylarla əlləşirsən. Bu durumda mətndəki nəyin artıq, nəyin çatışmadığını çox vaxt görmək olmur. İncə yumorun, obrazda zərif hissləri tuta bilməyin, tutarlı dialoq qurmağın bəyəndiyim, cümlələrinin çox vaxt quru, şirəsiz, informatik şəkildə olması bəyənmədiyim cəhətlərdi. Azərbaycan və dünya ədəbiyyatında öyrənməli gözəl əsərlər çoxdu. Yaxşı yazmağın bir şərti də çox oxuyub, çox yazmaqdı.