Kulis.Az şair Yaralı Bəxtiyarın “Axarıncı şeirlər” adlı yeni şeirlərini təqdim edir.
1
Tanıdınmı gözüm nuru
Mənəm, yazıq gəlinəsi
Ağlar qalsın gülməyimi
Oldum gülünc, gülünəsi.
Gözün eli talayası
Canım oda qalayası
Dilim meydan sulayası
Sinən meydan bilinəsi.
Ömür necə qorunası
Qara gəldi qərinəsi
Odu, kəndin görünəsi
De kimlərə ləlinəsi?
Kim sözünü çeynəyəsi
Deyim fələk neynəyəsi
Sümükləri qaynayası
İlikləri ilinəsi.
Ta Bəxtiyar söz bəyidi
Yalan ömrün düz bəyidi
Qara gözlər özbəyidi
Durub səcdə qılınası.
2
Razı-razı güzgülənən ay gözəl
Gör nə var gözəllik dünyasında, bax
Dünyanı gözəllik xilas edən döy
Min cür qan-qada var xilasında, bax.
Hərə bu dünyada bir cür yol tutar
Yaman ayaq tutar, yaxşı əl tutar
Sağı sağ göstərər, solu sol tutar
Sən sənə qəlbimin aynasında bax.
Şairin düz sözü suçu deməkdi
Çox şirin nağıllar acı deməkdi
Həyat nə deməkdi, nəçi deməkdi
Mənim gözlərimin damlasında bax.
Yaralı Bəxtiyar deyər sinədən
Görüm qana düşsün könül qanadan
Bu dünya belədi başdan-binadan
Sən bu gözəlliyə sonrasında bax.
3
Yenilərsən vaxt-vədəyə
Höcətkarı yendirincə
Ağır sözlər yüngülləşər
Süysününə mindirincə.
Olmayası nədən olur?
Dolu döysə nə dən olur?
Adam özü nadan olur
Bir nadanı qandırınca.
Söz qiymətdə baha yaxşı
Ucuz sözlər şaha yaxşı
Dindirməsən daha yaxşı
Abırsızı dindirincə.
Der Bəxtiyar, sinəm təndir
Çıxmaz candan azar andır
Çayqarada zibil yandır
Axmağa can yandırınca.
4
TƏCNİS
Lənət xeyrinə xeyir güdənin
Baxmaram o pula, ya da vara mən.
Əlinə baxınca gədə-güdənin
Ya mala baxaram, ya davara mən.
Mərd vaxtsız gedərsə qəm dər yasında
Biçildi ömrümüz qəm dəryazında
Batsam kömək etməz qəm dəryasında
Bilsə ki, möhtacam yad, avara mən.
Bəxtiyar düz yolda varınca vara
İncəlik mal-mülkdü, var incə vara
Beş-on qanan adam var incəvara
Ollam nadan üçün yad, avara mən.
5
TƏCNİS
Kimin ürəyində təpər var bir az
Qalxan o yamacı, o diki odu.
Sevgilər də oddu, qəzəblər də od
Söndürür gör neçə od iki odu.
Gərək getməyəsən dada nadana
Ondansa bağına dadana dana
Hər kim versə bir az dada nadana
Deyər yaxşı adam odu ki, odu.
Gərək baxasan ki, dona, don ola
Səryidə quruya, dona, don ola
Bəxtiyar, hər tərəf dona, don ola
Sönməz ürəyimin odu ki, odu.
6
Kimdi düz adamı vecinə alan
Sarsağın, yanqırın zəmanəsidi
Gülməli görünür ipək adamlar
Cırığın, cındırın zəmanəsidi.
Yüz haqqı yeyənlər siftə edirlər
Kim nə edəsidi, lap da edirlər
Pulu olanlara qibtə edirlər
Haman o andırın zəmanəsidi.
Nadanlar söhbəti sözdən salırlar
Əyrilər yolunu düzdən salırlar
Ağır havaları gözdən salırlar
İndi də dınqırın zəmanəsidi.
Qaçır bu yerlərdən hərə bir yolla
Ölü yerlərini çatdırmır molla
Həmzə Çənlibeldə yapdırıb villa
Keçəlin, şıldırın zəmanəsidi.
Kar etmir heç kimə öyüt, Bəxtiyar
Dərdi öz içində üyüt, Bəxtiyar
Birtəhər uşağı böyüt, Bəxtiyar
Gədənin, dılğırın zəmanəsidi.
7
Əzəldən binanın himi himdisə
Yüz qat möhkəm olar dayaqlısından
Daha qorxuludu məkrli alim
On-on beş nadanın çomaqlısından.
Qədəm bas, a bala, düz yol yaxşıdı
Olsun çal-keçir yol, toz yol, yaxşıdı
Dördayaqlı çaqqal yüz yol yaxşıdı
Çaqqalların iki ayaqlısından.
Beş mərtəbə söz götürüb yüksəldi,
Gədə bir mərtəbə irəli gəldi
Bar ağacı yarpaqsız da gözəldi
Köhnə fızıllığın yarpaqlısından.
Bu dünyada bir gör-götür yaxşıdı,
Bir də hörmət, izzət, xətir yaxşıdı
Hər yükə tab edən qatır yaxşıdı
Alaşa madyanın daylaqlısından.
Yaralı Bəxtiyar özünə bəydi
Heçə dəyməyənlər xətrinə dəydi
Caynaqlı yırtıcı nəmənə şeydi
Qorxginan insanın caynaqlısından.
8
Eybəcər dünyadı eybəcər həyat
Döndərər atlası cındıra, bilməz
Neçə ucaları alçaq eyləyər
Alçağı çıxardar hündürə, bilməz.
Boşboğaz bir gapı yüz təkrar edər
Yaxşı iş xəbisin yerin dar edər
Nadan dediyində çox israr edər
Yüz alim yığıla, qandıra bilməz.
Ya nökər olasan, fərqi yox, ya xan
Fələyin əlindən qurtarmaz yaxan
Çox vaxt bir mahalı yandırıb-yaxan
Çöllükdə bir ocaq yandıra bilməz.
Yaralı Bəxtiyar, azdı düz adam
İnanma hamıya, düzdü az adam
Qəlbimi sındırar gündə yüz adam
Kimsə mənliyimi sındıra bilməz.
9
Əppəyin verirəm, suyun verirəm
Bilmədim canımın azarını mən
Paltarda, palazda aldana billəm,
Tanıram insanın astarını mən.
Yüz haldan keçmişəm halıma baxın
Yolumun tərsinə selləndi axın
Şahdan doğma bildim, vəzirdən yaxın
Çölün gürzəsini, şahmarını mən.
Ehtiyac qapını əcəltək döyür
Kasıba gün-saat yoxdu bir hoyur
Bu dünya gözəldi deyən düz deyir
Görmədim qəhbənin yassarını mən.
Bilinmir dünyanın düzü, oğrusu
Doğrum yalan oldu sözün doğrusu
Üzdü ürəyimi damar ağrısı
Tutunca həyatın damarını mən.
Yaralı Bəxtiyar deməz boşuna
Söz var heçə dəyər, söz var qoşuna
Hər kim mənəm deyib döydü döşünə
Görmədim düz əhdin, ilqarının mən.
10
TƏCNİS
Dünya bir sual ki, cavabı var, yox
Nə bir testə düşüb, nə bəndə, bəndə
Nə bir üslubu var, nə qafiyəsi
Nə vəznə uyğundu, nə bəndə, bəndə.
Pisliyi dünyadan at anrı, Tanrı
Atlı belə gedir, at anrı, Tanrı
Dəyməsin xətrinə a Tanrı, Tanrı
Nə Tanrı Tanrıdı, nə bəndə, bəndə.
Bəxtiyar, əl işə vardı, qabardı
Halalca dövlətdi, vardı, qabardı
Könlümün dalğası vardı, qabardı
Nə bir yerə sığar, nə bəndə, bəndə.