Bəs anan nə vaxt harayına çatacaq? – BİRCƏNİN ROMANI

<b>Bəs anan nə vaxt harayına çatacaq? – <span style="color:red;">BİRCƏNİN ROMANI </b>
18 avqust 2017
# 11:05

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İki günə bütün paltarları yudum, qaynatdım, nişastaladım, ağları lillədim, limonxanaya sərib qurutdum. Amma yuduqlarımı suya çəkmək çox əziyyət verdi mənə. Özümlə bir vedrə qaynar su da aparıb qoyurdum arxın qırağına, əlim üşüdükcə salırdım isti suya. Çillənin sazağı iliklərimə işləyirdi.

Bütün bunlara baxmayaraq kefim saz idi: oğluma istədiyim adı qoymuşdum, üstəlik süni yeməyə mədəsi öyrəşdikcə uşağımın səhhəti də düzəlirdi. Daha nə dərdim olacaqdı? Qolum-qanadım açılmışdı, özümü hamıdan bəxtəvər sanırdım. Zibili dizə çıxmış ev-eşiyi üçcə günə çiçək kimi təmizlədim, neçə cür yemək, şirniyyat bişirib mətbəxə yığdım. Emin daha məni xəstəxanaya aparası olmadı, özü gedib qaynanamı uşaqla birgə evə gətirdi.

Qırxımızın çıxmağına iki gün qalmışdı. Qaynanam neçə gündü deyinirdi:

- Sənin qırxını kim tökəcək? Xəbər elə anan gəlsin, kömək eləsin.

Nə qədər ki, vaxta çox qalmışdı, elə də narahat olmurdum, ancaq iki gün qalmış özüm də əl-ayağa düşdüm. Neyləyəcəyimi, bu mərasimi necə keçirib necə başa vuracağımı bilmirdim. Bütün günü fikirləşirdim görəsən kimin üstünə gedim, kimdən soruşum, kimə genəşim? Ki, uşağın qırxını tökmək üçün neyləmək lazımdı? Atam evindən gələn yox, burda da ərk eləyəsi, üz tutası adamım yox... O ki qaldı Eminə, onunla sözümüz-söhbətimiz yenə tutmurdu – indi də məni oğluma qısqanırdı.

Çox götür-qoydan sonra eltim Maralı yanladım:

- Bacı, bəlkə sən deyəsən, bu qırx tökmək nə olan şeydi? Görən bunu tökməsəm olarmı?

- Nə danışırsan, ay qız, elə də şeymi olar? Uşağın da, sənin də qırxınız tökülməlidi, yoxsa ikiniz də ömrünüz boyu murdar qalarsız. Həm də qırx töküləndən sonra uşağa təzə nəfəs gəlir...

İşin bu tərəfi məni əməlli-başlı təlaşa saldı. Qaldım çırpına-çırpına, vurnuxa-vurnuxa; qorxurdum bu mərasimi yerinə yetirməsəm uşağımda nəsə bir çatışmazlıq, şikəstlik, şilkətlik əmələ gələr. Üzümə üz bağlayıb Marala ağız açmalı oldum:

- Sən mənə kömək eləyərsən?

- Vallah mənimkiləri həmişə anam, bacılarım töküblər. Onun sözləri var, gərək o sözləri düzgün deyəsən...

Bundan da əlim belə üzüldü. Ümid qaldı Sitarə xalaya – Eminin qayınanamla arası olmayan əmisi arvadına, uşağa qaldığımı hamıdan əvvəl mənə bildirən həmin o kənd müəlliminə. Qaynanam işə gedən kimi üz tutdum onların qonşuluqdakı evinə:

- Sitarə xala, nolar, mənə kömək eləyin sabah uşağın qırxını töküm.

- Ay qızım, vallah gəlib özüm tökərəm ey onu, amma üzü kəsilmiş qaynanan xəbər tutsa, sənin aldığın nəfəsi də zəhərə döndərəcək.

- Yaxşı, onda siz sözlərini yazın mənə verin, qalanını özüm eləyərəm.

- Hə, bu, başqa məsələ. Sən get işində ol, mən bir hovurdan nə lazımsa yazıb sənə göndərərəm.

Axşama yaxın Sitarə xala nəvəsiylə mənə bir kağız çatdırdı. Mən yazılanları diqqətlə oxuyub əzbərləsəm də, kağızı əlimdən yerə qoyan kimi hamısı yadımdan çıxırdı. Qadın dönə-dönə tapşırmışdı ki, mərasim zamanı yanında özündən başqa da kimsə olsun, çünki əvvəlcə uşağın qırxı tökülür, sonra ananın. Əgər ana öz qırxını da tökməmiş çağaya toxunarsa, çağa yenidən qırxlı olar. Bax, işin bu yerində qaldım gözümü döyə-döyə...

***

Boz üzünü yenicə göstərməyə başlamış boz ayın sazaqlı bir günündə hamı evdən çəkilən kimi mən 40 buğda, 40 da arpa dəni sayıb iri bir qazana tökdüm. Uşağı bələmək üçün lazım olan nə varsa hazırlayıb yanıma yığdım. Hər əlimə bir sellofan torba keçirib qatmayla biləklərimə bağladım. Uşağı soyundurub, kağıza yazılmış sözləri bərkdən əzbər deyə-deyə çimizdirdim. Ən sonda arpa-buğda qatdığım suyu körpənin başından əndərib oğlumu qüsulladım. Mərasim boyu çalışırdım ki, bədənimin heç bir yeri uşağa dəyməsin. Olduqca gərgin idim, qorxurdum birdən nəyisə düz eləmərəm, uşağım ölər.

Sonra körpəni bələyib yerinə uzatdım. Ardınca qaranəfəs özümü hamama saldım, bir əl sabunlanıb eyni mətni bu səfər özüm üçün oxudum, 40 buğda, 40 arpa dəni tökdüyüm suyu təpəmdən axıdıb evə qaçdım. Mən özümü yetirəndə çağa kimsəsiz evdə ağlamaqdan çatlayırdı. Beləcə, özümün də, uşağımın da qırxını töküb rahatlığa çıxdım.

Dostum, kaş görəydin o buğdanı, arpanı mən neçə dəfə saydım. Sayıb bitirirdim, mənə elə gəlirdi yox, deyəsən 40 olmadı. Çox qorxurdum ki, birdən 41, ya da 39 olar. Guya biri artıq, ya əskik olsaydı, başımıza fəlakət gələcəkdi.

Qaynanam axşam qapıdan içəri girər-girməz soruşdu:

- Həə, nooldu, yenə anan gəlmədi? Kimlə tökdün uşağın qırxını?

- Anama xəbər yollamamışdım, özüm tökdüm.

- Hihh, heç o cür də qırx tökülər? Sənin yanında adam olmalıydı, kimsə sənə şahidlik eləməliydi. Sənin əlin su tökülən dolçaya da dəyməməliydi.

- Mənim şahidim Allah oldu, əlim də dolçaya dəymədi... Üçüncü adamı hardan tapaydım?

- Bəs anan nə vaxt sənin bir hovuna-harayına çatacaq?

Susdum. Haqlı sözə nə deyəydim...

Amma ürəyimdə yenə bir qorxu dəni cücərdi: hər şeyə düzgün əməl eləmişdimsə də, yanımda şahidim olmamışdı. İndi də bu fikir başladı beynimi gəmirməyə, nə iş görürdümsə başımı qata bilmirdim. Bu qorxunun əlində əsir-yesir qaldığım vaxt yenə harayıma Səməndər çatdı. Mən hər şeyi ona yerli-yataqlı danışdım. Səməndər əllərimə sellofan keçirməyimə həm güldü, həm təəccübləndi:

- Hardan ağlına gəldi bu biclik? Ay bacı, o deyilənlər hamısı cəfəngiyyatdı, xürafatdı. Qəti özünü üzmə, sən hər şeyi qaydasında eləmisən, düz eləmisən. Qəlbini bulandırma, uşağına köklən, onun qayğısına qal, yeməyinə, təmizliyinə fikir ver. Vəssalam.

Səməndərlə danışandan sonra dinclik tapdım, boz ayın boz sifətinə gün doğdu. O gün-bu gün, mənim övladıma sədaqətimin şahidi Allah oldu, ana-bala ikimizə aid söhbətlərin çoxundan heç bir əzizimiz heç vaxt xəbər tutmadı...

***

Evdə hər şey yavaş-yavaş axarına düşürdü. Mən işlərimi bitirən kimi Cavidin bələyini açıb qoyurdum qabağıma – qulaqlarının arxasını təmizləyirdim, dırnaqlarını tuturdum, büküşlərini yağlayırdım... Günlər keçdikcə körpənin dərisi gözəlləşirdi, saçları qaralırdı. Mən Cavidi ilk dəfə Novruz bayramı günü öpmüşəm; bilmirəm nədənsə o zamana qədər uşağımı öpməyə ürək eləməmişdim.

Cavidə çox vaxt ayırdığımı görən Emin əməlli-başlı cırnayırdı:

- Hə də, bu evdə bu soxulcandan başqa heç kim yoxdu. Nə var bütün gün onu qurdalayırsan? Bir mənim dırnaqlarıma bax, ayaqqabılarıma bax...

O bağırdıqca mən elə bilirdim qucağımdakı özgədən tutulma uşaqdı, bic qundağımdı.

- Baxarsan, bir gün çırpacam yerə o bələyi!..

Tez uşağı beşiyinə atıb qaçırdım bayıra, onun palçıqlı ayaqqabılarını yuyurdum, əl-ayaq dırnaqlarını tuturdum. Emin uzun saç saxlamağı xoşlayırdı, mən də buna görə həmişə deyinirdim, istəyirdim saçlarını gödək kəsdirsin. O isə mənim acığıma saçını çiyninə düşənə qədər uzadırdı. Onun saçlarının uclarını da həmişə mən kəsib qaydaya salırdım. Vay o gündən ki, bir balaca aşağı-yuxarı olaydı, udduğum havanı da zəhərə döndərəcəkdi:

- Qəsdən belə kəsdin, bilə-bilə burasını gödək vurdun ki, gedim saçımı qırxdırım, eləmi?

Mən də hər dəfəsində and-aman eləyirdim ki, bacardığım budu...

Novruzu könül rahatlığıyla qarşıladım. Dünyanın dərdi-səri, çəkdiyim bəlalar gözümdə bir qara quruşa dəyməzdi – qucağımda gül parçası kimi göyçək, sağlam oğlum vardı. Üzüm-gözüm çiçək açmışdı, damarımda dolanan elə bil qan deyildi, dirilik suyuydu.

Bayramda bütün ailəmiz, əmilərim arvadlarıyla, hətta əmim oğlanları da öz külfətləriylə mənə dəyməyə gəldilər. Hamısının da əlində şirniyyat dolu zənbillər, Cavid üçün uşaq paltarları, oyuncaqlar...

Qardaşlarım Cavidi tutiya kimi əzizləyirdilər. Kamil “Oğul dəvə karvanıdı, qırx ildə bir görünər”, ya da “Oğul qızıl bilərzikdi, hər qola keçməz” dedikcə fikir verirdim ki, Eminin də uşağa marağı artır. Qardaşlarımın bu bir əlcə çağanı necə öpüb əzizlədiyini görəndən sonra o da uşağa mehir salmağa başlamışdı; arada baxıb görürdüm ki, Cavid ağlayanda onun beşiyini yırğalayır, mən uşaqla çox məşğul olanda daha əvvəlki kimi əsəbiləşmir. Mən özüm də artıq Eminin xasiyyətini götürmüşdüm, daha onun qabalığını çox ürəyimə salmırdım. Səhəri dirigözlü açdığım vaxtlarda hərdən mənə canıyananlıq da eləyirdi:

- Mən beşiyi yırğalayaram, - deyirdi, - sən get bir hovur yat.

Onun bu qayğıkeşliyi məni oğlumun atasını sevməyə səsləyirdi – qəlbim şəfqətlə, gözlərim yaşla dolurdu. İstəyirdim onu bərk-bərk qucaqlayıb bağrıma basım, üzümü sinəsinə söykəyim, əllərindən öpüm. Axı biz artıq balaca bir ailəydik! İndi o mənim doğmam idi – Cavidin sayəsində biz Eminlə ən yaxın qohum olmuşduq! O bizim kiçicik ailəmizin qoruyucusu, çörəkgətirəniydi; o bütün ömrü boyu mənim balamın arxası-dayağı olacaqdı. Təkcə elə buna görə mən ölənəcən onun qulluğunda durmağa, onun zəhmətini çəkməyə, hörmətini saxlamağa hazırıydım. Adam olan kəs bu qədər yaxın, bu qədər doğma adamdan özünü niyə gizlətsin axı!..

Hə, içimdən bax belə duyğu selləri axırdı, di gəl, duyduğumu dilə gətirməyə yenə də çəkinirdim, ona toxunmağa, xoş sözlər deməyə ürək eləmirdim, qorxurdum yenə hisslərimi gözdən sala, məni alçalda. Uşağa qulluq vaxtımı çox aldığından hərdən hansısa buyruğa bir az gec əməl eləyirdim; “çatdıra bilmirəm” deyən kimi Emin ağzımdan vururdu:

- Nədi, bir oğlan doğmusan deyə minəcəksən evdəkiləri?

Belə-belə sözlərdən sonra içimin ilıq havasında donu açılmış duyğular yenidən qartıyıb buz bağlayırdı...

***

Aprelin axırlarına doğru yenə məişət qəzasına düşdüm: Cavidə verdiyimiz uşaq yeməyi qıtalmışdı, daha hər yerdə, hər mağazada tapılmırdı. İmperiyanın yavaş-yavaş çökməyə, dükanların boşalmağa başladığı əyyam idi. Rayonda hər yanı ələk-vələk elədik, “Malış” tapa bilmədik. Qaynanam yenə qırmızı geyinib taxta çıxdı:

- Bəsdi ora-bura ayaq döydünüz, tapılmır tapılmasın, onsuz tapılan da od qiymətinə olur. Heç nə olmaz, uşağa inək südü verin.

Yox, qara inəyin südündən mənim gözüm qırılmışdı. Yenə yuxum ərşə çəkildi, bu vəziyyətdən bir çıxış yolu axtardım, çarə gəzdim. Hər dəfə qaşığı “Malış” qutusuna salıb uşağa yemək hazırlamaq üçün quru süddən götürdükcə qutunun bir az da boşaldığını görüb həyəcanlanırdım, qalan südün daha neçə günə çatacağını təxmini hesablayıb, o günün qara-qorxusunu bəri başdan yaşayırdım, dizlərim qatlanırdı.

Fələyin zülmü çoxsa, ədaləti də varmış – mənə yanımcıl ana verməmişdisə də, mehriban, qayğıkeş, üstümdə əsim-əsim əsən (hətta bəzən lazım olduğundan çox – məni bədbəxt eləmək dərəcəsində çox əsən) qardaşlar vermişdi. Mənim çək-çevirim “Malış” qutusu boşalana çəkmədi – qardaşım Aqil Bakıdan Cavidin üç ayına yetik “Malış” alıb göndərdi.

Döşümə süd gəlsəydi, bəlkə bu qədər sevinməzdim. Evdə aşağı-yuxarı quş kimi səkirdim; uşağa da baxırdım, evin adamına da qulluq eləyirdim, hələ üstəlik qaynımın uşaqlarıyla evcik-evcik də oynayırdım. İndi yoldaşımızın biri də artmışdı – Cavidi də evciyə aparırdıq. Onun bələyi evciyimizin ən qiymətli oyuncağı idi.

Qayınanamın mənə əsla rəhmi gəlmirdi, bacardığı qədər istismar eləyirdi məni. Evin təmizliyi, külfətin yemək-içməyi əvvəlki qaydasında olmalıydı. Bəzən uşaq qucağımda ağlaya-ağlaya yarpaq dolması bükürdüm – həmişəkindən bir az böyük çıxırdı. Qazan süfrəyə gələn kimi qaynanam dillənirdi:

- Yemək deyil ha, alabaşına-külbaşına büküb atmısan. Bu nədi, bu boyda yarpaq dolması olar?

- Vallah uşaq ağlayırdı, ona görə bəzisi iri çıxıb.

- Uşaq ağlayırdı yox ey, denən evcik qaçırdı.

Əslində mən çox vaxt qaynım uşaqlarının xətrinə dəyməmək üçün evcik-evcik oynayırdım. Bu uşaqlar mən iş görəndə həmişə əlimdən tuturdular – biri Cavidin beşiyini yırğalayırdı, biri həyətdən göy-göyərti dərib verirdi mənə, biri bulaqdan içməli su gətirirdi... İşlər bitən kimi yalvarırdılar:

- Bibi, noolar, gəl evcik-evcik oynayaq.

Oynayanda da adıma yüz töhmət yaxılırdı. Daha bu cür qınaqlara alışmışdım, qabaqkı kimi ürəyimə yaxın qoymurdum, çünki qayınanamın yorulmaz axtarışları mütləq bir nəticə verirdi, bunların hamısını ürək çəkə bilməzdi.

Bir dəfə də ağları yuyub qaynadıb durulayıb sərmişdim. Nişasta vurmağı çatdırmamışdım. Qaynanam sərgidəki ağların nişastalanmadığını görəndə bir göz qırpımında ip qarışıq dartıb hamısını yerə tökdü. Ağappaq mələfələr toz-torpağa bələndi:

- Həə, yavaş-yavaş bizi buna da alışdırırsan? Sən bir oğlan doğmusan deyə mənim pərgarım pozulacaq?! Mənə maraqlı deyil sənin əlində körpə var, ya nə var – mənim yemək-içməyim, evimin səliqəsi yerində olmalıdı!..

ardı var

# 1272 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #