Mənə elə gəlir, ərim məndən ağıllıdır – Narıngüldən HEKAYƏ

Mənə elə gəlir, ərim məndən ağıllıdır – <span style="color:red;">Narıngüldən HEKAYƏ
21 dekabr 2016
# 17:20

Kulis.az Narıngülün “Gecikmiş” hekayəsini təqdim edir.

- Gecikmisən... Gərək vaxtında gələydin!

Həkim xanım bu sözləri əlindəki əlcəkləri soyuna-soyuna deyir. Vecinə almır heç nəyi, elə bil hava durumunu anladır, gümrah səslə hündürdən səslənir.

Ərimlə ikimiz də qeyri-ixtiyari bir-birimizə baxırıq və nəzərlərimizi həkimin üzünə yönəldirik.

Həkim yumru əndamını yırğalaya-yırğalaya divara söykənmiş su kranında əllərini yuyur, qarşıdakı şkafın qarşısında qurdalanıb yuxarıdakı siyirmədən kağız çıxardır. Belinə bağladığı toqqa bədənini iki yerə bölüb, kənardan baxanda həkimin bədəni səkkiz rəqəminə bənzəyir.

- Çoxdan üstünə düşməliydiniz, - deyir - tez olsaydı müalicəsi asan olardı. Elə bir ciddi xəstəlik deyil. Amma indi çoxlu dava-dərman gərəkdir, müalicə xeyli uzanacaq.

“Gecikmisən”... Həkimin sözlərini beynimdə çözələyirəm. Yenə də gecikmək... Əməlli-başlı dilxor oluram. Adını çəkərkən ürəyimdə hələ də nisgil oyadan sevimli universitetdəki müəllimim gəlib dayanır gözlərimin qarşısında.

Universitet müəllimim özü də bilmədən ən ağrılı yerimə toxunur:

“Gecikmisən, onsuz da. İstəsən dərsə hərdən-bir gələrsən, əlbəttə, əgər özündən kiçik uşaqlarla əyləşmək istəmirsənsə... Hər halda, bu uşaqlardan xeyli böyüksən, sənə hörmət edərik...”

Onsuz da gec qəbul olunduğuma görə ürəyimdə xəcalət çəkirəm, bir tərəfdən də bu!

Ürəyimdən qanlar axır, gözlərim dolur: “Yox! Yox! Necə olsa, bir neçə gün sinifdə əyləşim, neçə illərdir arzulamışam tələbə olmağı. Qatarın dalınca qaçan sərnişin kimiyəm, hey qaçıram, çata bilmirəm, gecikirəm”.

“Sonda çatırsan, - universitet müəllimim ağıllı və mənalı gözlərini geniş açaraq, gözlərimin içinə baxır - dərd etməyə dəyməz, hər halda, sonda yetişirsən. Yetər ki, ümidini xərcləmə” .

Auditoriyaya nəzər salıram, uşaqlar bapbalaca görünürlər. Əslində, xoşa gələn vəziyyət deyil, amma özümü o yerə qoymuram. Uşaqların arasından keçib arxadakı masaya yaxınlaşıram. Tələbələrin bəziləri məni müəllim hesab edib ayağa qalxırlar.

- Görəsən, bir insan durmadan, sürətlə çalışdığı halda niyə gecikir? Məsələn biri mən! Arzulamağı hamıdan yaxşı bacarıram. Di gəl ki, gecikirəm. Fəlsəfə müəllimimə ərkyana sual edirəm.

- Fikrini bir nöqtədə cəm edə bilməyənlər və ağlı iti olmayanlar adətən gecikirlər, çünki onlar düşüncədə gecikirlər.

Belə... Bu da mənim ağıllımın - fəlsəfə müəllimimin cavabı! Uşaqlar pıqqıldaşıb gülüşürlər. Vecimə almıram uşaqları. Onsuz da bu uşaqlarla mənimki heç zaman tutan deyil.

Həkim dayanmadan yazır.

Ürəyimdən keçir ki, həkimə deyim firma dərmanı, filan yazmasın, bahadır, həm də, dərmanlar qədərindən çox olmasın. Amma demirəm. Dünyasında deyə bilmərəm, elə -belə özümçün ürəyimdən keçirirəm.

İmkan tapıb divardan asılmış güzgüdə özümə də tamaşa edirəm. Rəngim bir qədər solğun olsa da, pis görünmürəm.

Ərim göz-qaş edir ki, güzgüdən çəkil!

Hərdən mənə elə gəlir ki, o, məndən ağıllıdır. Əslində, bura da ərimin təkidiylə gəlmişəm. Onsuz da məndə həkimlərə inam yoxdu.

Həkim resepti təkrar-təkrar o tərəf-bu tərəfə çevirir, nəhayət ki, son nöqtəni qoyur və eynəyini çıxarıb üzümə baxır. Kim nə deyir-desin, bu an həkimin sifətindən məmurluq yağır.

Təbəssümünə şəfqət qatmağa çalışsa da, üzündəki ifadəni dəyişə bilmir. Eynən, işədüzəltmə bürosundakı məmur qadının üzündəki ifadədir.

İşə düzəltmə bürosundakı, saçları qısa kəsilmiş məmur qadın əlində tutduğu şəxsiyyət vəsiqəmin o tərəf-bu tərəfinə baxıb soruşur:

- Ərdəsənmi?

- Xeyir.

- Gecikirsən... - mənalı-mənalı üzümə baxır - xəbərin varmı gecikirsən? Şöbədəki qızlar gizli-gizli qımışırlar. Məmur qadın vəsiqəmi təhvil verərkən məhrəmcəsinə əlavə edir - Çox seçim etmə, evdə qalarsan.

Üzümə qonmuş pərtlik və içimdəki əsəb küçədə əsən sərt küləyə qarışır.

Ərim həkimin əyri-üyrü xətlə yazdığı dərmanların adını hecalaya-hecalaya, çətinliklə oxuyur, bir-iki sual da verir həkimə, sonra borcluymuş kimi utancaqlıqla gülümsünür, minnətdarlıq edir. Ərim həmişə adamlarla minnətdarlıq borcu varmış kimi davranır. Bacım da elədir. Bəlkə də, səbirlidirlər, ondan irəli gəlir. Bilmirəm kimin sözləridir: “Səbir özü də bir fəlsəfədir”.

“Heç nəyə heyfsilənmə, gecikirsənsə, demək, yaxşılığa doğrudur. Hər şərdə bir xeyir var”. Bu isə bacımın “fəlsəfəsidir”. Zalım balası hər şeyə şükür edir.

Həkimin qapısının qarşısında növbəyə dayanmış adamlar içəridən tıqqıltı səsi eşidib canlanırlar. Birinci dayanmış kişi az qala bizi çiyinləyərək özünü içəri atır. Arıxıncı qadın əli ilə qapını çəkir: “Növbənizi gözləyin!” Kişi büdrəyərək divara çırpılır. Bir anda hay-küy qopur. Səs-küyü eşidən həkim içəridən çıxır. Əlində ucu iti bıçaq və dibi ərp bağlamış kolba var. Sürücünü vurmaq istəyən oğlanın da əlində ucu iti bıçaq vardı.

Əyləşdiyim köhnə avtobusun sürücüsü cavan oğlandır. Heç cavan da demək olmaz, amma uşağa bənzəyir. Arıqdır deyə, belə görünür. İri gözləri var, gözlərinin içi şeytancasına gülür. Sükandan yapışmış biləkləri çox nazikdir. Yerdə dayanıb durmadan müştəri haraylayan, günün altında dayanmaqdan qapqara qaralmış balacaboy konduktorla göz-qaşla danışırlar, sonra birlikdə qımışırlar.

- Ə, malış, avtobusu çək kənara!

Yanaşı dayanmış avtobusun yekəpər sürücüsünün gur səsi marşrutun içərisinə yayılır.

Sürücü oğlan ildırım sürətiylə, lap kaskadyorlar kimi maşını səkiyə dırmaşdırır.

Arxadan aramsız maşın siqnalı eşidilir. Kimsə hündürdən deyinir. Deyəsən, avtobus hansısa maşının yolunu kəsib.

Başımı avtobusun aynasına söykəyib mürgüləyirəm. Beynimdə irəlidəki həyatımın cizgilərini cızmağa çalışıram. Uğura gedən kəsə yolu tapmağı, düzgün olanı seçib üzə çıxartmağı düşünürəm.

- Gəl, düş aşağı. Düş, yerdə danışaq!

Səs-küyə gözlərimi açıram.

Yarıaçılmış pəncərədən iki əl içəri uzanıb, sürücünün yaxasından yapışıb. İri biləkli əllərdir, sürücünün köynəyi ilə bərabər o tərəf-bu tərəfə yellənir. Yerdən daha başqa birisinin səsi gəlir:

- Bizim qabağımızda kişilik edən olmusan? Düş aşağı, görək nə deyirsən?!

Sürücü özünü sındırmasa da, hiss olunur ki, düşmək istəmir. Amma dilini də saxlamır:

- Siz kimsiniz axı, əcəb edirəm. Yol mənimdir, ixtiyarım var burda saxlamağa.

- Düşür yerə küçüyü!!!

Yerdəki oğlanlardan biri dillənir.

Sürücü hirslə yanındakı balaca pəncərəli qapını açır, az qala pəncərə qarışıq sürüşüb yerə düşür. Adamlar söylənə-söylənə avtobusdan aşağı enirlər. Kənarda dayanıb tamaşa edən adamlara qoşuluram. Yolun ortasında əməlli-başlı dava gedir. Sürücü oğlan üç nəfərə qarşı döyüşür. Bir vaxtlar döyüş filmləri dəbdəydi, döyüşlərin çoxu küçədə baş verirdi. Konduktor oğlan da sürücünün köməyinə gəlib. Kənarda dayananlar “Aralanın!” - deyə yüngülcə cəhd edirlər, amma heç kim özünü irəli vermir.

Həyəcandan bədənim əsir.

Sürücüyə dava edən oğlanlardan biri yaxınlıqda dayanmış bahalı avtomobilə yanaşır, maşının qapısını açır, əyilib nə isə götürür. Fikir verirəm. Bıçaqdır, par-par parıldayır. İndicə yaxınlaşıb sürücünün kürəyinə sancacaq bıçağı. Sürücü başını onun sinəsinə dirəyib. Oğlan qımıldanır, bıçağı yuxarı qaldırır, vuracaq indi. Kürəyindən vuracaq. Günəş yuxarıdadır, düz göyün ortasında, şüaları bıçağın üzərində oynayır. O qədər yaxındayam ki, bıçağın işığı gözlərimə düşür.

Vurur. Hər tərəf qandır. Sürücünü yerə uzadıblar. Üzünü solğun parçayla örtüblər. Deyəsən, avtobusun köhnə pərdəsidir. Nimdaş ayaqqabısının bir tayı küçənin o başına düşüb. Anasına xəbər vermək istəyirlər. Telefonunu tapmırlar. Telefonu qırıq-qırıq olub asfalta səpələnib. Anası yuxu görür. Qəfildən yuxudan ayılır. “Bu nə yuxudur” - deyərək hövlənək özünü küçəyə atır. “Hanı mənim balam?” - deyə qışqırır...

Qeyri-ixtiyari özümü irəli atıram.

İrəli uzanmış bıçaq zərblə qoluma sancılır. Heç nə hiss etmirəm, əlimlə oğlanın bıçaq tutan əlindən bərk-bərk yapışaraq buraxmıram.

Bir qədər sonra qolumdan axan qan asfalta deyil, aramsız damlalarla ovcuma tökülür.

Sürücünün sifəti ağappaqdır. Avtobusa söykənib, heyrətlə mənə baxır, gözləri böyüyüb. O biri oğlan da qanı görüb sakitləşib. Hamı gözünü qolumdan axan damlalara zilləyib.

Polis işçisi uzun-uzadı, heç kimə fikir vermədən, eynən resept yazan həkim kimi elə hey yazır.

Polis yazılı kağızları qarşıma qoyur:

- Burdan da qol çək. Burdan da...

- Yaxşı ki, kecikmədin – hündürboylu polis işçisi pəncərənin qarşısında gəzişərək dillənir – geciksəydin sürücünü o dünyalıq edəcəkdilər. Vaxtında xilas etmisən, son anda yetişə bilmisən...

Universitet müəllimim deyirdi ki, narahat olmağa dəyməz, sonda yetişirsən, ümidini itirmə.

Küçəyə çıxaraq yamyaşıl bağın kənarıyla addımlayıram. Ətrafdan təzə biçilmiş otun ətri gəlir. Yamyaşıl ot ətri. Yaşıl otun ətri insanın ruhunu cavanlaşdırır. Dərindən nəfəs alıram. Ciyərlərim ot ətriylə dolur.

# 1622 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #