Nəriman QASIMOĞLU
Əlbəttə, fərqindəyəm ki, bu yazımın başlığından adi oxucu da, ədəbiyyat adamı da təəccüblənə bilər. Qasım Qasımzadəni yaxından tanıyanlara da, yaradıcılığına az-çox bələd olanlara da gerçəkdən maraqlı gələr, Azərbaycan poeziyası bir yana, yəni doğrudanmı o, dünya poeziyasında da hansısa bir ilkə imza atıbmış...
Mətləbin ayrıntılarına varmazdan öncə qeyd edim ki, başlıqdakı elmi-bədiiyyat ifadəsi ədəbiyyatşünaslığımızda daha çox elmi-fantastika adı ilə tanıdılan janra aid keçir. Dünya ədəbiyyatşünaslığında isə bu sonuncu elmi dövriyyədən çıxmaqdadır. Vaxtilə sadəcə elmi-fantastikaya aid bilinən əsərlər indi artıq ya elmi bədiiyyat, ya da bədii fantastika kimi fərqli janrlar baxımından təhlil edilir. Bu barədə bir az sonra...
Q.Qasımzadə ilk gənclik dövründə yazdığı şeirlərini gözəl xəttilə şeir dəftərlərinə köçürərmiş. Bunlar arxivinin səliqə-sahmanında qalmaqdadır. Əlyazmaların tarixi ötən əsrin 40-cı illərinin əvvəllərinə gedib çıxır, 50-ci illərin ortalarında bitir. O zaman bitir ki, artıq onun şeir kitabları dərc olunur, gənc şair kimi imzası ölkədə yetərincə tanınmağa başlayır. Və 50-ci illərin sonlarından etibarən yazdıqlarını daha həmin o şeir dəftərlərinə köçürmür. Tamamilə təbiidir, çünki dəftərlər mətbəədə basılan kitablara çevrildikcə buna ehtiyac da qalmır.
Səliqə ilə tərtib etdiyi o şeir dəftərlərində yazılanların əksəriyyəti sevgi və təbiət şeirləridir. Dəfələrlə vərəqləmişəm. Qəribədir, dəfələrlə vərəqləsəm də bir tapıntı gözlərimdən həmişə yayınıbmış. Bu, ədəbiyyat tarixi üçün gerçəkdən bir tapıntıdır. Söhbət sovet dövründə ideoloji uyğunsuzluğa, sovetlərin “aşkarlıq, yenidənqurma” çağında və milli müstəqilliyimizin ilk illərində isə mənə məlum olmayan səbəblərə görə çap etdirmədiyi “İstiqbala səyahət” adlı bir poemadan gedir. Ona görə tapıntı deyirəm ki, təkcə Azərbaycan poeziyasında deyil, ümumən dünya poeziyasında elmi-bədiiyyat (!) janrında qələmə alınan ilk poema və poeziya nümunəsidir. Apardığım araşdırmalardan sonra gəldiyim qənaətdir.
Araşdırmalarımdan məqsəd təbii ki, Q.Qasımzadənin çap edilməmiş poemasının bu janrın tarixində yerini müəyyənləşdirməkdən ibarət idi. Azərbaycan ədəbiyyatında birinci və sonuncu nümunədir, bu lap aydın məsələ idi, “525-ci qəzet”də onun 90 illiyinə həsr etdiyim bir yazıda bunu bildirmişdim. Rus poeziyasında janrın tələblərinə cavab verən ilk nümunələr isə ötən əsrin 60-70-ci illərinə təsadüf edir. Məni dünya poeziyasında bu janrın gəlişmiş və mütəxəssislər tərəfindən qəbul edilmiş tarixi maraqlandırırdı.
Öncə İnternetlə müəyyən tədqiqat apardım. Sonra elə oldu ki, Harvard universitetində bir il çalışmaq üçün Amerikadan dəvət aldım və araşdırma imkanlarım artdı. ABŞ-da fəaliyyət göstərən Science Fiction Poetry Association (Elmi Bədiiyyat Poeziya Assosiasiyası) ilə əlaqə yaratdım. Assosiasiyanı idarə edən məsul şəxsə suallar ünvanladım. Məsləhət gördü ki, onların facebook qrupunun üzvü olum və dünyada “science fiction poetry” janrının tarixinə aid materialları haradan almaq olar, bu janrda ilk nümunə hansı müəllifə məxsusdur, nə zaman yazılıb, hansı əsərdir və s. və i. qəbilindən olan suallarımı əlaqədar sahə üzrə ixtisaslaşan qrup üzvləri şəxslərə ünvanlayım. Onlara qısa bir müraciət yazdım: “Hörmətli həmkarlar! Sizin hamınızdan xahişim var lütfkarlıq göstərib bir məsələyə aydınlıq gətirəsiniz. Mənə maraqlıdır və istərdim özüm üçün aşkarlayım ki, elmi bədiiyyat poeziyası tarixində nə zamansa qələmə alınmış ilk nümunələr (bu janrın tələblərinə cavab verən nümunələr) hansılardır. Bu istiqamətdə özəl araşdırmam vadar edir bildirim ki, Nobel mükafatı laureatçısı, İsveç şairi Harry Martinson-un 1956-cı ildə çap edilən məşhur “Aniara” poemasından öncə ortaya çıxmış bir nümunə yoxdur. Məqsədimi də yazım biləsiniz. İstərdim bu yaxınlarda aşkarladığım, tarixi 1946-cı ilə gedib çıxan və çap olunmamış bir əlyazmanın elmi bədiiyyat poeziyasında ilk nümunə olub-olmadığını özüm üçün təsdiq edim. Xoş arzularla, Nəriman”.
Bu müraciətimə biri cavab verdi ki, Lorraine Lilith adlı yazarın fəaliyyətini və əsərlərini araşdırım. Və Harvardın zəngin kitabxanalarında geniş imkanlarım oldu ki, uyğun araşdırmamı rahatlıqla aparım.
Qısaca olaraq yazım ki, Lorraine Lilith amerikalı şairə, redaktor, naşir olmuş Mary Maude Wright-ın (1894-1967) məşhur ləqəblərindən biridir. Ötən əsrin 30-40-cı illərində pulp (“pulp” – “kağız”, “kağız kütləsi” deməkdir və əsasən 25,4 sm x 17,8 sm ölçüdə tərtibatlanan jurnallara aid sözcük kimi işlənirmiş) jurnallar nəşr etməklə şöhrətlənmişdir. Həmin illərdə “Different”, “The Avalonian” və başqa jurnallları redaktə etmiş, “Heyrətdən kənar” (1942), “Onlar” (1943), – Mühakimədən öncəki gün” (1944), “Şöhrətin sürüşkən buludları” (1947) şeir kitablarını qələmə almışdır. 1952-ci ildə çapdan çıxan “Möcüzə şərabı” toplusu elmi bədiiyyat poeziyasına aid ilk kitab olaraq təbliğ olunsa da burada bəzi tənqidçilərin elmi bədiiyyat və fantastika janrına aid etdikləri nümunələr cəmi bir neçə şeirdən ibarətdir. Bu şeirlərdə də daha çox yer alan məqamlar şairənin xəyali kainat səyahətlərində oxucu təxəyyülünü kosmik aləmin qaranlıq və işığından keçirərək gələcəyin faciəli görüntülərinin dərkinə kökləyir. Həmin yazılarda elmi bədiiyyat janrına xas texnolojilərin olduqca ötəri təsviri fonunda şairənin kosmik uçuşları onu narahat edən problemləri poetik dillə ifadə üçün gərəkli görünür. Bu şeirləri onun vaxtilə elmi bədiiyyat nəsrini təbliğ edən jurnalları buraxdırması, özünün bu janrda qısa hekayələr və bir povest (“Planetin beyni”, 1929) yazmasının sadəcə poetik uzantısı kimi nəzərə çarpır. Siyasi baxışlarına görə Federal Təhqiqatlar Bürosunun nəzarəti altında olan bu xanımı məşhurlaşdıran o olmuşdur ki, Lorraine Lilith o zamankı Amerika cəmiyyətində ictimai bəlalara qarşı fəal ictimai mövqe sərgiləyir, qızğın ədəbi fəaliyyətdə bulunurmuş. Əlbəttə, tam təbiidir ki, Lorraine Lilith elmi fantastikaya (əslində daha çox bədii fantastikaya!) müəyyən qədər aludəçiliyini poeziyada əks etdirməyə iddialı da deyildi. Bu sahədə iddialarını əsasən müvafiq jurnalları buraxdırmaqla və nəsr yazıları ilə gerçəkləşdirmişdi. Poeziyada yenilikçiliyin əleyhdarı kimi də ad çıxarmışdı və onu bu mənada tərif edən amerikalı şair Stanton Coblentzə görə, Lorraine Lilith “ənənəvi poeziyanın ən etiqadlı müdafiəçilərindən biri, modern poeziyanın xaosuna qarşı kampaniyanın vicdanlı və zəhmətcil bir iştirakçısı idi”...
Lorraine Lilithdən öncə də bədii fantastikada yazmış xeyli sayda müəlliflər olmuşlar. Ümumiyyətlə, onların xeylisi bu janra aid qələmlərini nəsrdə də sınamışlar. Bunlardan biri məşhur Amerika yazarı H. P. Lovecraftdır. Elmi bədiiyyat poeziyasının tarixini yaxşı bilən, bu janrda şeirlər yazan Jonathan Vos Post da haqlı olaraq H. P. Lovecraft-ın nəsrini və şeirlərini səciyyə və məzmununa görə elmi bədiiyyata deyil bədii fantastikaya aid edir.
Dünya ədəbiyyatı tənqidçiləri elmi bədiiyyat janrının tələblərinə cavab verən ilk ciddi nümunə kimi İsveç şairi Harry Martinsonun “Aniara” poemasını qeyd edirlər. Poema 103 nəğmədən ibarətdir. Olduqca maraqlı və dramatik süjet xəttinə malikdir. Əhvalat fəlakətlər içində çabalayan Yer kürəsindən Marsa yönələn kosmik gəminin faciəsi üzərində qurulub. Yer üzündə baş vermiş nüvə savaşlarından sonra güc sahibləri qərara gəlirlər ki, Marsda və Venerada müstəmləkə yaratsınlar. Bu məqsədlə bir neçə iri kosmik gəmi inşa edirlər. Bunlardan biri, 8000 nəfər kişi və qadınla yüklü “Aniara” kosmik fəzaya çıxır və bu yolçuluqda Hondo adlı meteorla üzləşir. Meteor təhlükə yaratsa da gəmini idarə edənlər vaxtında tədbirli tərpənərək onu meteordan yan keçirə bilirlər. Ancaq meteorun arxasınca hərəkətdə olan xırda daşlar “Aniara”nı bir xeyli yerdən dəlik-deşik edir, manevr mexanizmlərini sıradan çıxarır. Beləliklə, “Aniara” sərnişinlərin tabutuna çevrilərək əbədi olaraq kosmik fəzada asılı qalır. Poemanı oxunaqlı edən dramaturji xətdə yer alan ayrıntılardır: sərnişinlərin qarşılıqlı münasibətləri, həyəcanları, ümidli-ümidsiz anları, yadplanetlilər tərəfindən özlərinin sınaq obyektləri olduqlarını zənn edəndən sonra onlara ilahlar kimi tapınmaqları və s. Harry Martinson məhz bu əsərə görə 1974-cü ildə Nobel mükafatını almışdır...
ABŞ-ın Elmi Bədiiyyat Poeziya Assosiasiyasında fəallıq göstərən və yuxarıda istinad etdiyim Jonathan Vos Post bu sahəyə marağımı nəzərə alıb İnternetdə yerləşdirdiyi “Science and Science Fiction Poetry Guide” (“Elmi və elmi bədiiyyat poeziya bələdçisi”) araşdırmasını göndərdi. Məsləhət gördü ki, axtarşlarımı yazısındakı siyahıya uyğun aparım.
Zəngin məlumat yığnaqlı bir tədqiqatdır. Burada elmlə poeziyanın ta qədimlərdən bəri qarşılıqlı əlaqəsinə və qədim yunan ədəbiyyatından başlayaraq 20-ci əsrə qədərki dünya poeziyasında elmi mövzulara toxunan nümunələrin böyük bir siyahısı verilir. Siyahıdan görmək olur ki, tarixdəki elmi kəşflər şairləri də ilhamlandırır, bu ixtiralara poetik münasibət bildirən əsərlər yazmağa sövq edirmiş. Məsələn, vaxtilə Nyutonun, ardıcıllarının, əsərlərinin poetik dəyərləndirilməsi səpkisində şeirlər yazılırmış: “İsaak Nyutonun xatirəsinə və mövsümlər” (James Thomson, 1700-1748), “Yaradılış” (Sir Richard Blackmore, 1650-1729), “Ucalarda göy qübbəsinə oda” (Joseph Addison 1672-1719), “Ayda həyat” (Thomas Gray, 1716-1771) və s. Siyahıdan o da görünür ki, elmlə poeziyanın qarşılıqlı əlaqəsi 19-20-ci əsrlərdə daha da dərinləşir və müəllifin yazdığına görə, poeziyada elmi bədiiyyat janrı üçün bir növ özül yaradır. Hərçənd bu sonuncu fikir mübahisəli də ola bilər. Çünki 20-ci əsrin ikinci yarısında bu janrda yaranmağa başlayan nümunələrin daha çox müvafiq nəsr nümunələrinin təsiri ilə ortaya çıxdığı da məlumdur.
Jonathana məktub yazdım: “Hörmətli Jonathan, bir daha təşəkkür edirəm. Araşdırmanız xeyli məlumatlandırıcıdır. Yazınızdakı demək olar bütün nümunələri gözdən keçirdim. Və aşkarlaya bildiyim bu oldu ki, “Aniara”ya qədər yazılanların heç biri elmi bədiyyat janrının tələblərini dəqiqliklə qarşılamır. Həmin nümunələr daha çox elmi poeziya adlanan nəsnəni xatırladır. Bunlarda elmi bədiiyyat nəsrində olduğu kimi baş verən əhvalatların təsvirinə aid xüsusi süjet xətti izlənilmir. Anlayıram ki, bu janra dair termin mübahisəli ola bilər. Sadəcə istəyirdim elmi bədiiyyat poeziyasında ilk poemaların köklərinə gedib çıxım. Və “Ariana”dan öncə bu mənada heç bir nümunəyə rast gəlmədim. Yanlışlığım varsa, lütfən düzəlişinizi əsirgəməyin. Hörmətlə, Nəriman”.
Jonathan cavabında təsdiqləyircəsinə yazdı ki, “fikirlərin kifayət qədər ağlabatandır”. Onu da məsləhət gördü ki, elmi bədiiyyat janrının tanınmış ədəbiyyatçılar tərəfindən verilən və onun araşdırmasında sitat kimi qeyd etdiyi təriflərini də nəzərdən keçirim və bu janrla fantastika janrını qarışdırmayıb diqqətli olum. Yeri gəlmişkən, onun bu məsləhəti də mənə maraqlı gəldi. Çünki ruslardan qalma bir termin olaraq biz elmi bədiiyyatla bədii fantastikanı fərqləndirmədən sadəcə elmi fantastika sözünü işlədirik. Bunun yanlışlığı da əslində üzdədir, yəni fantastika deyiləni elmlə əlaqələndirməyin gerçək mənası da yoxdur. Bu janr fərqləndirməsi qərb ədəbiyyatşünaslığında artıq təsdiqlənməkdədir. Belə izah edilir ki, “elmi bədiiyyat” elmin və texnoloji nailiyyətlərin perspektivini nəzərdə tutan təxminlərlə bağlı qəribəliklərin bədii ifadəsini ehtiva edirsə və bunlar təbiət qanunlarına tərs deyilsə, “fantastika” pozulmaz təbiət qanunlarının qeyri-təbii, yaxud fövqəltəbii şəkildə pozulması ilə müşayiət olunan qəribəliklərin bədii mətndə yer almasını nəzərdə tutur...
Deməli, aydınlaşdıra bildim ki, ötən əsrin 50-ci illərindən başlayaraq elmi bədiiyyat janrında ilk şeirlərini yazmağa başlayan Lorraine Lilith, daha sonra bu sahədə sanballı bir əsər ortaya qoyan Nobel mükafatçısı Harry Martinsondan əvvəl, 1946-cı ildə 23 yaşlı azərbaycanlı Qasım artıq bir poema yazıbmış.
Yaşına görə xeyli mütaliəli olan Q.Qasımzadənin o zaman təsirləndiyi, yaxud nümunə götürdüyü hansısa ədəbi qaynaq olmuşdumu?
Stalin ölkəsində dünyadan təcrid durumunda yaşayan yazıçılarımızın o zaman oxuya bildikləri rusca qaynaqlardan savayı nə ola bilərdi ki? Ədəbiyyatda “elmi-fantastika” janrının tədqiqatçısı rusiyalı alim A.Britikovun yazdığına görə, bu janr rus poeziyasında köklərini V.Biryusovun, V.Xlebnikovun, V.Mayakovskinin yaradıcılığındakı nümunələrdən götürür və əsasən də 1960-1970-ci illərin Peterpurq şairləri V.Şefner, O.Tarutin və başqalarının əsərlərində inkişaf edir. A.Britikov 1979-cu ildə O.Tarutinin müəllifliyi ilə çapdan çıxmış “Göz bəbəyi” kitabını rus fantastika ədəbiyyatında ilk poetik toplu adlandırır. Onun poeziyada bu janrda formalaşmış nümunələrin köklərini elə poeziyanın özündəcə sələflərin yazdıqlarında axtarmaqla verdiyi izahatlar da o qədər inandırıcı səslənmir. Çünki elmlə poeziya əlaqəsinin tarixi qədimlərə gedib çıxsa da müəyyən süjet xəttini gərəkdirən ilk əsərlər məhz nəsr nümunələridir. Bu mənada V.Biryusovun, eləcə də V.Xlebnikovun və V.Mayakovskinin şeirlərindəki simvolizm “elmi-fantastika” süjetlərindən xalidir. V.Biryusovun nəsr yaradıcılığını izləmiş olanlar üçün bu da faktdır ki, o özü məhz məşhur Amerika yazıçısı Edgar Poe-nun təsiri ilə “elmi-fantastika” janrında nəsr əsərlərini qələmə almışdır. Elə Edgar Poenun özü də, yeri gəlmişkən, şeirlər yazmışdır ki, bunların bir qismini bədii fantastikaya aid edirlər. Rusiyada 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində geniş yayılan və oxunan xeyli başqa nəsr nümunələri də (P.İnfantiyevin “Başqa planetdə”, A.Rodnıxın “Moskva ilə Peterburq arasında özüyürüyən yeraltı dəmir yolu qatarı”, B.Krasnoqorskinin “Efir dalğalarında”, “Efir okeanının adaları” və s., eləcə də S.Qrave, A.Paley, A.Belyayev və başqalarının roman, povest və hekayələri) olmuşdur ki, bu janrın rus poeziyasında köklərini nəsr nümunələrində izləmək daha məntiqli görünür.
Q.Qasımzadənin 1940-cı illərdə bu əsərlərlə tanış olub-olmadığını deyə bilmərəm. Ancaq bir nəsnəyə şübhəm yoxdur ki, o, Y.V.Çəmənzəminlinin “Gələcək şəhər” hekayəsini oxumamış olsun.
Yeri gəlmişkən, Yusif Vəzirin bu hekayəsi Azərbaycan nəsrində elmi bədiiyyat janrına aid ilk nümunədir. Əlbəttə, bu hekayənin bədii dəyərindən danışmaq mümkün deyil, nəsr mətninin süjeti dramatizmdən, əhvalat xəttindən xalidir. Müəllif gələcəkdə görmək istədiyi şəhəri təyyarə ilə yolunu azmış sovet səyyahlarının təsadüf nəticəsində başqa planetə enmələrindən sonra tanıtmağa başlayır və bu tanıtım da onların geri qayıtmaları ilə bitir. Səyyahların heyranlığı elm və texnikanın yüksək inkişafı sarıdandır. Bu yeni şəhər isə sovetlərdə hələ qurulmağa başlanan, başqa planetdə isə artıq qurulmuş olan “sosializm şəhəri”dir. Əlbəttə, gələcək şəhərin məhz sovetlərin ideolojisində təbliğ olunan ictimai quruluşda mümkün mövcudluğuna dair müəllif “qənaəti”ni o mənada anlamaq lazım gəlir ki, siyasi təqiblərə tuş gəlmiş görkəmli ədibimiz dövrün ideoloji konyukturasına uyğunlaşmaq, yaxud təqiblərdən yaxa qurtarmaq üçün belə bir cəhddə bulunubmuş. Mənə maraqlı gələn məqam isə müəllif təxəyyülündəki bəzi texnoloji arzuların indi artıq gerçəyə çevrilməsidir, özü də qərbdə, kapitalizm mühitində. Məsələn, həmin şəhərdə avtomobillər ona görə qəza törətmir ki, qarşıda maneə görünən kimi hərəkəti dayandırır. İndi kompyuterli sistemə qoşulmuş belə avtomobillərin istehsalına başlanması artıq təəccüb də doğurmur...
Bir daha qeyd edim, Q.Qasımzadə bu hekayəni ilk gəncliyində çox güman oxumamış deyildi. Ona görə yox ki, onun Yusif Vəziri sevdiyini söhbətlərindən duyurdum. Həm də ona görə yox ki, poeması ilə həmin hekayənin adlarında müəyyən oxşarlıq var. Hərçənd onu da deyim ki, əlyazmasında əsərin başlığının yanında Q.Qasımzadə ərəb əlifbası ilə ikinci bir başlıq yazıb: “Yerin övladı”. Yeri gəlmişkən, əslində bu ikinci başlıq poemada müəllif məqsədini daha ümumiləşdirilmiş olaraq ifadə edir və əsərin ilk nəşrində bu da yəqin nəzərə alınacaq. Yusif Vəzirin hekayəsində tibb elminin inkişafı nəticəsində insanların ən azı iki yüz ilə qədər ömür sürə bilməsi vurğulanır və bu, Q.Qasımzadənin poemasında da qəhrəmanlardan birinin ömür həddidir: “yüz yaşda ömrünü etməmiş yarı”. Bundan əlavə, yaxşı xatırlayıram, Mərdəkandakı bağımızın bir payız günündə “uçan boşqablardan”, uzaq-uzaq qalaktikalarda həyatın olub-olmaması barədə danışırdıq. Söhbəti özü başlamışdı, fikirlərimizi, xəyallarımızı bölüşürdük. Və birdən sözü öz planetimizə gətirib dedi “təsəvvür elə elm o səviyyədə inkişaf edər, elə səviyyəyə çatar ki, əsrlər öncə dünyasını dəyişmiş insanların səslərini, məsələn, Nizaminin 800 il əvvəl dedikləri, danışdıqlarını olduğu kimi səsləndirə bilər”. Buna gerçəkdən inanırmış kimi ifadə etdiyi qənaətin isə Y.Vəzirin bu yaxınlarda təkrar oxuduğum həmin o hekayəsindən gəldiyinə qətiyyən şübhə etmirəm. Hekayədə oxuyuram: “Bu günkü səslər havada dalğalanan kimi, ibtidai səslər də dalğalanmış. Yalnız fərq buradadır ki, qədim zamanlar vücuda gələn səslərin havadakı dalğa dairəsi əsrlərdən bəri genişlənərək bizdən uzaqlaşmışdır. İndiki makinalar ən uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir”.
İndi bunu da xatırlayıram ki, mərhum qardaşım Fəxrəddin məktəbdə oxuyarkən bir dəfə ədəbiyyat dərsi üçün “Həqiqət əfsanəyə qalib gəlir” mövzusunda inşa yazmalı idi. Ona nağıllarımızdakı “sehirli güzgü”nün televizorla, “uçan xalça”nın təyyarə ilə müqayisəsini, Jül Vernin “80 min km su altında” fantastika əsərində təsvir etdiyi və əsərin yazıldığı dövr üçün ağlagəlməz olan sualtı qayığın artıq gerçəkliyə çevrilməsini, eləcə də yadımda qalmayan başqa nəsnələri vurğulamağı tövsiyə edirdi...
Onun ədəbiyyat alimi kimi də tədqiq etdiyi, oxuduğu əsərlərdə ən kiçicik elmi bədiiyyat işartıları gözündən yayınmırdı. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində “Müşfiq irsi və müasirlik” başlıqlı bir məqaləsində yazırdı: “Şairin üzü həmişə gələcəyə olmuşdur. Hələ 1929-cu ildə yazdığı “Telefon söhbəti” şeirində sabahkı elmi problemlərdən söz açırdı:
Əvət, böylə qalmaz sabah bu ölkə
Telefonda fikrimi açarkən sənə
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan uzağa görünər mənə, –
deyə indi-indi tətbiq edilməyə başlayan, hələ Bakıya gəlib çıxmamış telefoto barədə o vaxtlar şair təxəyyülü ilə fikir söyləmişdir”. Yeri gəlmişkən, Qasımzadənin bu müşahidəsini sonralar, yəni “telefoto Bakıya gəlib” çıxandan sonra bir sıra müşfiqşünaslar ona istinad etmədən öz yazılarına aldılar... Və indi poeziyamıza aid İnternet forumlarına baxıb görürəm ki, iphone, smartphone telefon aparatlarını işlədən gənclərimizin həvəslə paylaşdığı şeirlərdən biri elə bu “Telefon söhbəti” şeiridir və paylaşımlardan da məqsəd şeirdəki həmin o məqama diqqət çəkməkdir...
“Elmi-fantastika” janrına aid edilən əsərlərdə süjet xətti bir qayda olaraq gələcəkdə baş verən əhvalatlar üzərində qurulur. Bəzən isə belə əsərlərin dramaturjisində yadplanetlilərlə Yer adamlarının əlaqələrinin doğurduğu konfliktli durumlarda cərəyan edən hadisələr, bəzən də vaxt maşını qəbilindən olan vasitələrlə, yaxud gözlənilməz və elmi izahı mümkünsüz yollarla gələcəyə səyahətlər yer alır. Bu sonunculara aid nümunələrin janrı indi artıq “elmi-fantastika” deyil, sadəcə fantastika olaraq müəyyənləşdirilir. Q.Qasımzadənin arxivindən tapılmış poemanın süjet xətti isə əsərin fantastika janrından kənar dəyərləndirilməsini şərtləndirir. Hərçənd gənc Qasım o uzaq dövrün tələblərinə görə yazdığını təbii olaraq “əfsanəvi poema” adlandırır. Bununla belə, müəllif öz çağdaşları üçün əfsanəvi görünə bilənlərin həqiqətə çevriləcəyinə dərindən inanır, təsvirlərində elmi həqiqətlərə yetərincə inamlıdır (əlyazmada bu barədə öz xəttilə yazdığı qeydlər də var) və bu təsvirlər poemanı elmi bədiiyyat janrında incələməyə əsas yaradır.
Heç şübhəsiz, Q.Qasımzadə qarşısına xüsusi bir məqsəd də qoymayıbmış ki, məhz bu janrda qələmini sınasın. Maraqlıdır ki, “İstiqbala səyahət, yaxud Yerin övladı” əsəri onun yazdığı ilk poemadır. Çox güman ilk poema təcrübəsini məhz bu janrda gerçəkləşdirmək cəhdi şairə ikinci dünya savaşı bitəndən dərhal sonra öz içindən keçirdiyi İnsanlığa aid arzularını epik planda ümumiləşdirilmiş planda və isti-isti ifadə etməklə bağlı olubmuş. Gələcəyə yönəlik arzularını poemanın proloqundaca bəyanlayır:
Düşündükcə istiqbalı aydınlaşır
xəyalatım,
Ötüb keçir əsrləri yel qanadlı
xəyal atım.
Uçurumlu aylar keçir,
eniş-yoxuş illər aşır,
Ruhu əməl saleh olan
bir zamanla qucaqlaşır.
Bir zaman ki, çəkilmişdir fəlakətin
nəsli dara,
Bəxş edilmiş əbədilik
bir səadət insanlara.
Bir zaman ki, qanununda
nə kin vardır, nə də qərəz,
Vətən olmuş insanlığa başdan
başa Kürreyi Ərz.
Millət, tayfa yoxdur orda,
abad olmuş könül varı,
Nə gözəldir seyr eləmək
həqqə dönən arzuları...
Əlbəttə, sonralar milli köklərə dərindən bağlı birisi kimi tanınmış Q.Qasımzadənin ilk gəncliyində gələcəyi “millətsiz” görmək istəyini ifadələyən bu bəyanı onu yaxından tanıyanlar üçün qəribə səslənsə də poemanın süjetinin elə başlanğıcından görürük ki, şairin “xəyal atının” çapıb yetişdiyi ünvanın baş sakinləri azərbaycanlılardır: Azər, İstiqbal. Şairin keçmişdən (yaşadığı zamandan yox!) gələcəyə göndərdiyi başqa bir qəhrəman da var – Adil xan.
Poemanın əvvəlində planetlərlə rabitə aerodromunun müşahidə otağında Azərlə İstiqbalın söhbəti gedir. Azər həmkarını növbədə əvəzləməyə gəlib. Hər ikisinin işi Zöhrədən (Veneradan) Yer kürəsinə filiz daşıyan kosmik yük gəmiləri üçün, indiki dillə desək, dispetçer xidmətini həyata keçirməkdir. Burası da maraqlıdır ki, İstiqbalın gözü ilə ekrana baxan müəllif poemada bu gəmiləri “fişəng təyyarələr” adlandırır.
Bu, onun öz terminidir. “Kosmik gəmi” sözünün Azərbaycanın dil dövriyyəsində olmadığı zaman şair təxəyyülündə planetlərarası uçuş aparatları dispetçer ekranında “axan ulduz kimi parlaq fişənglər”i xatırladır.
Azərlə İstiqbalın söhbətindən bəlli olur ki, həmin gecə günəşin tutulması olacaqmış. Hadisəni seyr etmək üçün hər ikisi otaqdakı pəncərəyə yaxınlaşır. Pəncərənin açılması ilə müəllif ətrafın təsvirini verir. Hər ikisinin gözü lap uzaqda “qayalı sırtları” olan bir dağa zillənir. Dağın zirvəsində şairin “nur lampası” adlandırdığı “Kürrə” var. Cənnət timsallı məkanın başqa təsvirləri öz yerində, ağaclar arasında yerləşən “mərmər evlər qutu-qutu görünür”. İstifadə olunan enerji qaynağı isə, bir daha indiki dillə desək, alternativ enerji qaynağıdır: “Kürrə” günəş enerjisini toplayıb ötürmək üçündür...
Haşiyə çıxaraq onu da bildirim ki, müəllifin əlyazmasında “İstiqbala səyahət əfsanəvi poeması üçün süjet...” adlandırdığı bir qaralama yazısı da var. Elə bilirəm mövzunun izlənilməsi üçün bir parçanı da eynən həmin yazıdan versək maraqlı olar:
– İstiqbal, gəl bu dağla əlaqədar əhvalatı indi danış.
– Yaxşı. Söylədiyim əhvalat, necə deyərlər, əfsanələrin vaqe olduğu dövrdə olmuşdur. Ulu babam xatirat kitabçasını əcdadı Qadir xanın əhvalatı ilə başlayıb yazır: “Xan öz azacıq dəstəsinin qalığı ilə davada məğlub olub (sınıq çıxıb) düşməndən qaçarkən qarşısına iki yol çıxır: biri düzənə, digəri bu görünən dağa. O, tələsik yoldaşlarına vətənə getməyi və oğlunun Xanlığını təşkil etməyi əmr edərək düzə çıxan yolu göstərir, özü geri dönür. Düşmənin ön dəstəsilə çarpışıb, yenidən yel qanadlı atının başını qaytarıb ikinci yolla – dağa tərəf olan yolla çapır. Düşmənlər isə təkcə onun sağ qaldığını güman edərək, yalnız onu təqib edir. Beləliklə, dəstənin azacıq qalığı xilas olur. Düşmənin dabanbasma təqibi onun ələ keçəcəyi ilə nəticələnəcəkmiş. Ancaq bu vaxt həmin gördüyün möhtəşəm dağın ətəyində bir yarıq mağara açılır. Xan atını nədənsə mağaraya sürür. Mağara qapanır, yarıq bitişir”.
İstiqbalın söhbətinin sonunda Nur lampasının işığı tədriclə azalır.
Azər:
– Qəribədir, görürsən, sənin nağılının ahənginə uyğun olaraq təbiət də dəyişməyə başladı. Günəş ləkələrinin təsiri başlayır.
Bu vaxt pəncərənin qarşısında səma fonunda təpədən dırnağa qədər zirehli süvari zahir olur:
– Bəli, – deyir. Mən mağaraya girərkən xoş və parlaq işıqdan gözlərim qamaşdı. Oradakı ətirli və sərin havanı ciyərlərim dolusu aldım, aldım... azacıq üşüdüm və sərməst olaraq donub qaldım. O vaxtdan əsrlər keçdiyinə baxmayaraq tarix varaqlanır, mən isə mənasını özüm də dərk etmədiyim intihasız sevinc və ləzzət hissinin ağırlığı altında hər şeyi, hətta özümüzü də unudaraq donmuş halda yatırdım. Ancaq az əvvəl düşüncə və hislərimə hakim olan qüvvə öz nurunu dimağımdan silmiş, donum açılmış və mən sənin dediklərini eşitmişəm. Mən ayıldım ki, kainata, bəşəriyyətin inkişafında şüurlu sədaqətin əsas amil olduğunu deyəm. Mən gəldim ki, vətən eşqinin daimi şöhrətə layiq olduğunu söyləyəm. Bəlkə də sizin üçün indi yer Kürəsi Vətən, Əhalisi isə Xalqınızdr. Bu, mürur-zamanla, tədriclə yaranmışdır. Əgər siz, insanla məskun Ulduz kəşf etsəniz, oranın, tutalım, iki əlli, dörd ayaqlı insanlarını öz xalqınız, cazibə qüvvəsi, iqlim şəraiti sizinkinə oxşamayan vətənlərini vətən adlandlrmazsınız... Əlvida, mən gedirəm. Çünki sizin əsr üçün çox köhnəyəm. Siz ətəyində qeyb olduğum dağın zirvəsi istiqamətindəki fəzanı, fəzanın cisimlərini belə fəth edirsiniz. Əlvida...”
Qaralamada verilən bu kiçicik parçada da müəllif qayəsi aydındır: əzəli və əbədi dəyər olan vətənsevərliyin kosmik bir məzmunda təlqini. Bu müəllif qayəsi, əlbəttə, o zamankı şeirimizə xas patetik ruhlu ifadələri də şərtləndirməli idi və qəhrəmanların dialoqlarında bu yetərincə qabarıqdır. Bunların üzərində xüsusi dayanmadan bir məqama da diqqəti çəkim ki, yuxarıda poemanın süjet qaralamasından gətirdiyim sitatda xanın mağarada üşüməsi, donmuş halda əsrlərcə yatmasına dair cümlələri ulduzla işarələyən müəllif həmin sətirlərə aid vərəqin sonunda öz xəttilə belə bir izahat verir: “Son vaxtlarda canlıların tədrici dondurma üsulu ilə uyğun müddət saxlanılması üzərində çalışırlar. Belə ki, don açılırkən həyat mühafizə olunmalıdır. Hələlik ilk təcrübələr qənaətbəxş nəticələr vermir – inanmırsan Qarayevdən soruş”. 23 yaşlı Qasımın bu sonuncu ifadəsini təbəssümsüz oxumaq olmur. Həmin o Qarayevin kimliyini bilməsək də gənc müəllifin istinad etmək istədiyi şəxsin alim olduğuna şübhə yox. Bizə maraqlı gələn nəsnə şairin çap deyil də sadəcə özü üçün (təkcə özü üçünmü, axı həmin ifadədə məhrəm bildiyi oxucusuna da ərkyana bir müraciət var?!) yazdığının elmi həqiqətə çevriləcəyinə inamıdır.
Poemanın qaralama süjetində mağarada əsrlərlə sığınacaq tapan Qadir xanı oxucuya ədalətli hökmdar obrazını təqdim etməkdən ötrü şair poemanın əslində “Adil xan”la əvəzləyir. Adil xanın soyuqdan donması ilə bədənindən ayrılan ruhu zamansızlıq mühitində sahibini “nəşə”li, “xumar”lı və “xoş xəyallar içində” uzun bir yuxuya qərq edir ki, bu da onun mağaraya qədərki həyatındakı yaxşı əməllərinə görə Tanrıdan qarşılığın ifadəsi kimi qəbul edilir. Bu qarşılığın uzantısı ona gətirib çıxarır ki, İstiqbalın Azərlə söhbətində ulu babası Adil xandan, onun həyatından məhrəmanə söz salması bu sonuncunun ruhu ilə özü arasında astral ünsiyyət yaradır. İlk qavrayışdan qəribə gələ bilər, amma artıq bu fikrin tərəfdarları bəzi elmi çevrələrdə də var ki, ruhən, yaxud qohumluq bağı ilə bir-birinə yaxın insanlar və belələri içində də xüsusən həssasiyyatları daha çox inkişaf etmiş biriləri arasında energetik köklənmə mövcud olur, həyəcanları, fikirləri rezonansda olduğundan öz aralarında belə bir astral əlaqənin uzaq məsafədən yaranması təbii şəkildə gerçəkləşə bilir. Poemada bu, əsrlərin yuxusuna qərq olmuşla onun əhvalatını həyəcanla dilə gətirən xələfi arasında baş verir. Müvəqqəti ölüm halını (yeri gəlmişkən, Quranda da yuxu belə izah olunur) yaşayan xanın şadlanan ruhu duyğulanaraq onun donmuş bədəninə qayıdıb istilik gətirir. Xələfinin söhbətini yuxusunda aydın eşidən xanın donu açılır, yuxudan qalxır. Poemanın özündə, eləcə də süjetin nəsrlə qaralamasında Adil xanın yuxudan ayılmasının ardınca baş verən bundan ibarət olur ki, Azərlə İstiqbalın nur lampasına baxa-baxa söhbət etdikləri pəncərə qarşısında xan peyda olur, onlara xitab edir, sonra vidalaşaraq yoxa çıxır. Diqqətli oxucu fərqindədir ki, Adil xanın pəncərə önündə göy səma fonundakı görüntüsü və xitabı da əslində Azər üçün deyil, İstiqbal üçün astral ünsiyyətlə gerçəkləşir. Və Adil xanın uzaq keçmişdən istiqbala-gələcəyə səyahəti xələfi İstiqballa söhbətləşib vəsiyyətini ona və onun timsalında gələcək nəsillərə çatdırınca bitir. Bundan sonra da bir zaman onu xilas edən mağaranın içindəcə dünyasını məhz təsvir olunan gələcəkdə dəyişir. Bu barədə süjet qaralamasında bir şey deyilməsə də xanın ruhunu tapşırması poemanın epiloqundan aydın olur:
Səma rəngli o atlı
Bir göyərçin qanadlı
Quşa dönüb ucaldı,
Göylərdə izi qaldı...
Bu məqam “Kürrənin” nurlanması ilə üst-üstə düşür və ruhu mağaranın yerləşdiyi dağ ucalığından göylərə ucalan qəhrəmanın cənnətlik (cənnətin qədim türkcəmizdə “uçmaq” olduğunu bu yerdə xatırlamaya bilmirəm!) olduğu assosiasiyası yaranır. Yer üzündə cənnət həyatını isə xəyalları göyləri gəzən Azərlə İstiqbal və onların çağdaşları yaşamaqdadırlar...
Poemada Adil xanın xilasını mağarada tapması, bədəni donmağa başlayan zaman klinik ölüm halında gözlərini qapayarkən “aləmin cənnətə dönməsi”, başı üstə “nur qanadlı mələklərin görünməsi”, onu xoş gələcəklə müjdələməsi əsərin mistik-ruhaniyyat qatının bəlirtiləri olaraq elmi bədiiyyat fonundakı süjet xəttinə öz bədii naxışını vurur. Bibliyada və Quranda mağara bir qayda olaraq haqq elçilərinin sığındığı məkandır. Quranda ayrıca bir surə də var: “Mağara”... Elmi-dini məqamların poema kontekstində vəhdətdə verilməsi məndən ötrü həm də o mənada maraqlıdır ki, uzun illər boyu elmi teoloji araşdırmalarım sonucunda vardığım qənaət hələ ötən əsrimizin birinci yarısında 23 yaşlı Qasımın poetik təxəyyülündə artıq gerçəklik kimi təqdim edilir.
Əlbəttə, ilk dəfə 1944-cü ildə “Kommunist” qəzetində dərc olunan Q.Qasımzadə bu ilk poemasını çapa verə bilməzdi. Özü də təkcə əsərindəki mistik-ruhaniyyət çalarlı on-on beş sətrə görə yox. Elə təkcə Adil xanla bağlı epizod bəs edərdi ki, gənc müəllifi o dövrün gedər-gəlməzinə göndərəydilər. Poemanın özündə Adil xanın taleyi belə verilir ki, onun məğlubiyyəti aldadılmış xalqının dəstəyinə güvənən ətrafı tərəfindən hərbi çevrilişlə gerçəkləşir. Onu təqib edənlərə səslənərək öz xidmətlərini sadalayanda deyirlər “inanmırıq şahlara, quzu hara, qurd hara?!”. Açıq ifadəyə qoyulmasa da ədalətli hökmdara nifrətini bildirənlər poemada təbii olaraq “zəhmətkeş xalq kütlələri” ilə assosiasiya olunur. Bu yerdə aşkar duyursan ki, müəllif qayəsində onun öz babalarının mənsub olduğu bəy nəslinin nəcabətini vurğulamaq istəyi də, xalqda sinfi düşmənçilik ruhunu təbliğ edən sovetlərin ideolojisinə örtülü bir etiraz da var. 1946-cı ildə yazılıb üzə çıxarılmayan poema elə bu məqama görə də son yüz ilimizin ədəbiyyatı tarixində unikaldır. Əlbəttə, bunu mühacirət ədəbiyyatımızdakı antisovet motivli nümunələri istisna etməklə yazıram.
Poemanın bəzi misralarında xırda xətalar da var. Dialoqlarda şüarçılığı isə o dövrün poeziyasına xas özəllik bilib qüsur saymamaq da olar. Digər yandan, onu da nəzərə almaq gərəkir ki, poemadan məqsəd ərsəyə şeiriyyətli bir nümunənin gətirilməsi deyil də elmi bədiiyyat müstəvisində adətən nəsrdə işlənən süjetin sadəcə nəzmə çəkilməsilə mənzum bir bədii nümunənin ortaya çıxarılması olmuşdur. Həm də nəzərə almaq olar ki, Q.Qasımzadə bu əsərini çap üçün hazırlamayıb, əks halda inanıram ki, öz yaradıcılığına yetərincə məsuliyyətli yanaşan müəllif kimi misralardakı o xırda xətaları da redaktə edərdi. Hər halda öz payıma vacib bildim ki, həmin o bir neçə kiçicik məqama redaktə təriqilə müəyyən düzəlişlər verim. Açığı, əlyazmasına abidə kimi yanaşdığımdan özümü haqlı da saymadım ki, bundan artığını edim. Əsər yaxın zamanda kitab şəklində çap olunacaq. Kitabda indiki latın hərflərilə dərc olunmalı poema ilə yanaşı əsərin kiril əlifbasındakı (g, y, ə, e hərflərinin dilimizin qaydalarına hələ uyğunlaşdırılmamış əlifbada) əlyazmasının surətləri də yerləşdirəcək və oxucunun imkanı olacaq ki, həmin o kiçicik redaktə müdaxilələrini fərqləndirə bilsin.
Əlbəttə, Qasım Qasımzadənin dünya elmi bədiiyyat poeziyasında ilk imzasının təsdiqlənməsi ədəbiyyat alimlərinin, Azərbaycan və ədəbiyyatsevərlərin öhdəsindədir. Özü isə Adil xan obrazının dili ilə gələcək nəsillərə səslənərək deyir:
Alqış göylər gözəli
Zöhrə fatehlərinə,
Yer övladı sahibdir demək
hüsn-ülkərinə.
Düyməli qurğularla yarırsınız
zülməti,
Açılır düymə-düymə kainatın hikməti.
Fəqət yurd deyil sizə kəşf edilən
hər Ulduz.
Heç zaman unutmayın
Yerdə doğulmuşsunuz.
Ulduzlarda cazibə qüvvəsi də
başqadır,
Hər nə varsa istəyi, həvəsi də
başqadır.
Yad həyat bu həyatla müqayisə
edilməz,
Onların məxluqları xalqınız ola bilməz.
Mən bitirdim sözümü,
məni əfv edin daha.
Açılsın gözləriniz daim nurlu sabaha,
Əqlinizin hökmünə müti olsun asiman,
Dünyalar fəth eyləyin
keçib getdikcə zaman.
Mən gedirəm, köhnəyəm
bu dövrana, əlvida!
Bar verəndə hər arzu salın
məni siz yada...”