“Elçin Əfəndiyev Rafiq Tağının yasına gəlmədi”-MÜSAHİBƏ

 “Elçin Əfəndiyev Rafiq Tağının yasına gəlmədi”-MÜSAHİBƏ
16 noyabr 2012
# 08:30

O BÖYÜK YAZIÇINI işdən gələndə vurdular. Vurub yenə işə yerinə göndərdilər Rafiq Tağını. Bıçaqlanan gün o, çalışdığı xəstəxanaya xəstə gətirmişdi. Amma bilmirdi ki, bura onun özünü gətirəcəklər. Xəstəxanada dörd gün qaldı. Getməliydi... Çünki onu aparmağa bir cüt göyərçin gəlmişdi. Getməsəydi, Rafiq Tağıdan inciyəcəkdilər. O incitmədi bir cüt göyərçini. Amma incitdilər gözəl insanı.

İlqar Tağı qardaşı Rafiq Tağı ilə bağlı xatirələrini Kulis.az-a danışır.


- Rafiq müəlim sizin böyük qardaşınız idi. Onu necə xatırlayırsız?

- Rafiq yaşca bizim hamımızdan böyük olub. Ailənin birinci uşağı olub. O, bizim mənəvi atamız idi. Rafiq mənim və o biri qardaşlarımın həyatını korrektə edən adam olub. Bizim hamımıza mənəvi dəstək olurdu. Bizim yetişməyimizdə Rafiqin böyük əməyi olub. Rafiq yaxşı mənada avtoritet idi.

Rafiqdən 16 yaş kiçiyəm. Yadıma gəlir ki, Rafiq məktəbi ”medalist” kimi bitirdi. Amma bəzi məsələlərə görə Rafiqə medal verilmədi. Sonra Rafiq Tibb Universitetinə daxil oldu. Bizim evimiz Masallı stansiyasına yaxın idi. Rafiqi həmişə sevinə - sevinə qarşılayırdıq.
Bütün həkimlərdə mərhəmət hissi var. Amma Rafiq “Hippokrat and”ına sözbəsöz əməl edirdi. Rafiq xəstədən təmənna ummurdu. Kəndimizdə indinin özündə neçə adam var ki, hələ də yaşamağına görə Rafiqə dua edir. İndi Rafiqin yoxluğuna görə çox üzülürlər.

- Rafiq müəllim ilk dəfə işə harda başlayıb?

- Rafiq ilk dəfə Sabirabad rayonunun Yolçubəyli kəndində işləyib. O kənddə böyük hörmət qazanmışdı. Sonra gəlib bizim kənddə, yəni Masallı rayonunun Həsənli kəndində işlədi. Burda işləyəndən sonra 1977-ci ildə Moskvaya getdi. Moskvaya getməyinin də səbəbi ədəbiyyat idi. Burda onu sıxma - boğmaya salırdılar. Ona görə ki, Rafiq traktordan, pambıqdan yazmırdı. Rafiq realist üslubda yazırdı. Bunlara da o sərf etmirdi.

- Rafiq müəllim ədəbiyyata necə gəldi? İlk dəfə harda dərc olundu?

- Rafiqin uşaq vaxtı rəssamlığa böyük həvəsi var idi. Yaxşı musiqi duyumu var idi. Amma ədəbiyyata böyük marağı var idi. Rafiq ilk dəfə yaradıcılığa şair kimi universitet qəzetində şeirləri çap olunmaqla başladı. Sonra oçerklər yazdı. Bir müddət rayonun “Çağırış” qəzeti ilə əməkdaşlıq etdi. İlk uğurlu hekayəsi ”Fərqanə” idi. Sonra isə respublika səviyyəli qəzet və jurnallarda çap olundu.

- Bildirdiniz ki, Rafiq Tağının burda yazmağına mane olurdular. Konkret kim mane olurdu? Nə səbəb göstərirdilər?

- O vaxt buda bürokratik rejim idi. Rafiq istəyirdi ki, ədəbiyyatın içində olsun. Amma bürokratik əngəllər, məsuliyyətsizlik, yazının gec çap olunması, ümumiyyətlə, çap olunmaması Rafiqi sıxırdı. Rafiqə bir dəfə demişdilər ki, hekayənin “diş”i yoxdur. Rafiq də cavab vermişdi ki, hekayədə nə “diş” olmalıdı ki? O, belə şeylərdən sıxılıb Moskvaya getdi. “Drujba Norodov” və başqa jurnallarda çap olunmağa başladı. Ondan sonra bildilər ki, Azərbaycanda belə bir adam var imiş. O, Rusiyada dərc olunandan sonra başa düşdülər ki, Rafiq böyük yazıçıdı. Sonra isə Rafiqi özü iştirak etmədən Azərbaycan Yazıçılar Birliyinə qəbul etdilər, sonralar yenə iştirakı olmadan Yazıçılar Birliyindən çıxartdılar. Sonra Rafiq Rusiyada Fəlsəfə İnstitutunu bitirdi.

- Rafiq müəlim Bakıya nə vaxt qayıtdı?

- 13 il Rusiyada yaşadı. 1990-cı ildə isə Bakıya qayıtdı.

- Qayıtmağına səbəb nə oldu?

- Biz təkid elədik ki, qayıtsın. O vaxt vəziyyət qarışmışdı. Qorxurduq ki, Moskvada nəsə edərlər. Özü də darıxırdı.

- Qayıdandan sonra nə işlə məşğul oldu?

- Gəlib Bakıda həm həkim kimi fəaliyyət göstərməyə başladı, həm də ədəbiyyatla məşğul oldu.

- Bildiyimiz qədəri ilə Rafiq müəllim Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işləməkdən narazı idi. Daha yaxşı yerdə işləmək istəyi vardımı?

- Maddi durumuna görə də başqa yerdə işləmək istəyirdi. Bir müddət Mərdəkanda özəl klinikada işlədi. Amma yazı yazmağa vaxtı çatmırdı. Bütün günü işləyirdi. Sonra biz dedik ki, sağlamlığın üçün bu iş yaramır. Sonra ordan ayrılıb “Təcili Yardım”da işə düzəldi. Rafiqin ümumiyyətlə, maddi vəziyyəti ürəkaçan deyildi. Biz həmişə ona maddi kömək göstərirdik. Rafiq heç vaxt yazılarından pul ummurdu. Rafiq ədəbiyyat fanatı idi.

- Rafiq müəllim xasiyyətcə çox mülayim insan idi. Amma yazılarında kifayət qədər aqressiv görsənirdi. Bunu nəylə əlaqələndirsiniz?

- Rafiq uşaqlıqdan çox həssas idi. Rafiq haqsızlıqla heç vaxt barışmırdı. O, alt şüurunda dolub qalan mənfiliklərlə mübarizə aparırdı. Buna görə yazılarında aqressiya var idi. Rafiqin aqressiyası haqsızlığa, yalançı dinə, sosial ədalətsizliyə qarşı idi.

Rafiq həkim kimi yüksək ixtisaslı həkim idi. Sırf həkim fəaliyyəti ilə məşğul olsaydı, ən azı tibb elmləri namizədi olardı. Rafiq Rusiyadan qayıdandan sonra dostu Elçin Əfəndiyev onu klinikaların birinə göndərmişdi ki, orda işləsin. Amma orda Rafiqdən rüşvət istəmişdilər. Rafiq cavab vermişdi ki, mən sənə rüşvət versəm, gərək özüm də rüşvət alım. Amma Rafiq heç bir xəstədən pul almırdı. Rafiqin aqressiyası belə haqsızlıqlardan doğurdu.

- Rafiq müəllimin ailə qurmağı necə oldu?

- Rafiq ilk dəfə Moskvada bir xanımla evləndi. Sonra müəyyən səbəblərdən ayrıldılar. Həmin evlilikdən Leyla adlı bir qızı oldu. Açığı anamız mentalitet məsələlərinə görə razı deyildi. Sonra anladım ki, Rafiq mentalitet uyğunsuzluqlarına görə ayrıldı. Sonra gəlib kəndimizdən olan bir qızla ailə qurdu. İkinci evlilikdən bir oğlu və bir qızı oldu. Oğlu Asiman indi hərbi xidmətdədir.

- Yəqin Xalq Yazıçısı Anarın Rafiq Tağı ilə bağlı açıqlaması ilə tanışsınız. Bu açıqlamanı necə qiymətləndirirsiniz?

- Mən onun danışığından belə başa düşdüm ki, Anar Rafiqin vəfatından təəssüflənib. Anar orda Rafiqin istedadlı olduğunu da bildirdi. Amma Anarın “filankəsə filan dedi” kimi sözləri ürəkaçan olmadı. Rafiqin hekayəsindən bir fikri götürüb manşet kimi təqdim etməsi düzgün deyil. Hekayəni oxumayan adam bunu heç vaxt aydın başa düşə bilməz.

Rafiq Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Məhəmməd Füzuli haqqında bəzi sözlər yazıb. Rafiq yazmışdı ki, güldən bülbüldən yazmaqdansa, xalqın sosial problemlərindən yazmaq lazımdır. Anar qeyd edib ki, Səməd Vurğun haqqında elə sözlər yazıb ki, onları ümumiyyətlə, qeyd etmək olmaz. Amma Rafiq konkret Səməd Vurğun haqqında bu sözləri deyib: “O ilham atını sovet höküməti yolunda səyirtdi”. Bu da frazeoloji olaraq dildən gələn şeydir. Yəni atı eşşəyin ayağına verdin. Yəni Səməd Vurğun ona verilən istedaddan layiqincə istifadə edə bilmədi.

Cəlil Məmmədquluzadə haqqında isə ədəbi kollaboranist deyib. Bu da o demək deyil ki, o, xalq düşmənidir. O, sadəcə, deyib ki, Mirzə Cəlil xalqın sözünü demir. Cəlil Məmmədquluzadəni yalnız xalqın müsbət tərəfini yazmamaqda ittiham edib.

- Rafiq Tağı Rəsul Rza haqqında çox sərt yazı yazmışdı. Amma nədənsə Anar o yazı haqqında heç nə demədi. Bunu necə qiymətləndirirsiz?

- Rafiq Rəsul Rza haqqında yazmışdı ki, Rəsul Rza Anarın “Axilles dabanı”dı. Yəni Rəsul Rza Anarın zəif yeridir. Bundan narazı idinsə, sağlığında Rafiqi çıxardardın debata ki, Rafiq, niyə belə demisən?

- Rafiq müəllim öldürülməmişdən qabaq da başına bir çox işlər gəlmişdi. Sizcə, niyə məhz Rafiqin başına belə işlər gəldi?

- Çünki Rafiq həmişə mahiyyətdən yazırdı. Rafiq heç vaxt səthi yazı yazmayıb. Rafiq islamın yalançı təzahürlərindən yazırdı. O da görünür ki, kimlər üçünsə xoş olmurdu. Rafiqin də yazıları onlarda qıcıq oyadırdı.

- Rafiq müəllimin həbsi necə keçdi? Ailəsi onun həbsini necə qarşıladı?

- Rafiq haqqında ölüm fətvası çıxanda konsertdə idim. Bacım mənə ağlaya-ağlaya zəng vurdu ki, Rafiq haqqında Nardaranda ölüm hökmü çıxardıblar. Təbii ki, Rafiq bunu çox sakit qarşıladı. Amma ailə təşviş içində idi. Sonra Rafiq həbs olundu. Məhkəmələrə muzdlu dindarlar gəlirdi. Çox iyrənc bir dövr idi.

- Rafiq müəllimlə Elçin Əfəndiyevin yaxşı münasibətləri olub. Hətta o, Rafiq müəllimin “Düşmənimin xatirinə” kitabına ön söz də yazıb. Elçin Əfəndiyev Rafiq müəllimin yasına gəldi?

- Xeyr. Elçin Əfəndiyev nə yasa gəldi, nə telefonla zəng edib başsağlığı verdi. O, heç Rafiq həbs olunanda da bir iş görmədi.

- Rafiq müəllimin çox dostları var idi. Dostları bu hadisələr vaxtı necə gördüz?

- Əjdər Ol, Baba Vəziroğlu, Qorxmaz, Rasim Qaraca və başqa dostlar sona kimi diqqət göstərdilər.

- Rafiq müəllimin ölümünü hələ də anasına deməmisiz?

- Xeyr. Hələ də anamız Rafiqin vəfat etdiyini bilmir. Anamıza demişik ki, Rafiq İngiltərəyə yazıları ilə bağlı ezamiyyətə gedib. Son vaxtlar əsəbləşir ki, Rafiq uşaqları atıb gedib, bir zəng də vurmur. Rafiqin ölümünü bilsə, o dəqiqə ölər.

Bir maraqlı hadisə danışım sizə. Rafiq Tağı öləndə onun pəncərəsinin qabağında bir cüt göyərçin dayanıbmış. Bir müddət sonra isə həmin göyərçinlər dəfələrlə özlərini Rafiq Tağının evinin pəncərəsinə çırpıblar. Yəqin ki Rafiq Tağının ölümünü o evə çatdırmaq üçün...

- Rafiq Tağının vəfatından sonra mətbuatda yazıldı ki, ailəsi mühacirətə getmək istəyir. Yenə bu fikirdəsiniz?

- Rafiq həbsdən çıxanda da ona təkliflər gəldi. Amma Rafiq getmədi. Deyirdi ki, darıxaram. Rafiq öləndən sonra belə bir fikir ağlımıza gəlmişdi. Amma hələ bir şey yoxdur.

- İstintaqın apardığı işi necə qiymətləndirirsiz?

- Cinayət işi gedir. Dəfələrlə müraciət etmişik. Mən özüm də Ağır Cinayətlərə dair İstintaq İdarəsində olmuşam. Cild-cild materiallar toplanıb. Amma nəticə yoxdusa görülən iş sıfıra bərabərdir. Nə şübhəli şəxs var, nə saxlanılan var. Bir sıra vəsatətlər var ki, onlara cavab ala bilmirik. Baş prokuror deyir ki, vəsatətləri təmin edin. Amma heç bir vəsatət təmin edilmir. Deyək ki, cinayətkar vurub qaçıb. Amma həkimlər ortadadı axı. Rafiq son anda deyirdi ki, nəfəs ala bilmirəm. Heç bir tədbir görmürdülər.

- Sizin həkimlərlə bağlı şübhələriniz var?

- Bu iş təşkilatlanmış şəkildə olub. Xəstəxanada təxribat olunmağından şübhələnirəm. Çünki ehtimallar özünü doğruldur. Həkimlər barədə heç bir vəsatət təmin edilmir. Heç bir nəzarət yox idi. Reanimasiyadan çox tez çıxarıldı. Müəmmalı iynələr vuruldu.

- Rafiq Tağı irsinin qorunması üçün nələr etməyi planlaşdırırsınız? Yaxud kimsə bir təşəbbüs göstəribmi?

- Birinci işimiz Rafiqin ad günü ərəfəsində rafiqtaqi.com saytının açılması oldu. Rafiqin “Kirildən latına” layihəsi var idi. O layihəni davam etdiririk və “Düşmənimin xatirinə” kitabını bu yaxınlarda latın qrafikasında çapdan çıxardacağıq. Rafiqin evdə çap olunmamış yazıları var, onların sistemli şəkildə çapını fikirləşirik. Mənə elə gəlir ki, Rafiqin irsini qorumaq lazımdır. Rafiq bir simvol idi.

# 1714 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #