Mən indi heç kiminəm, de görüm, sən kiminsən?... - Elnaz Eyvazdan Şeirlər

Mən indi heç kiminəm, de görüm, sən kiminsən?... - Elnaz Eyvazdan Şeirlər
13 noyabr 2019
# 12:05

Kulis.az şairə Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.

Tanrım,
sən xoşbəxtlik ver,
gizlətmək
mənim boynuma...

***

Taledir də...nə çox bundan betəri,
kim dəyişər Tanrı yazan qədəri?!
Gözlərimdə it gözünün kədəri
bir ömürdür sevə-sevə çəkirəm...

***

anasız uşaq kimi,
uşaqsız qadın kimi,
quruca adın kimi
varam -
Sən yoxsan deyə...

***

Bu gördüyün ağac deyil,
adamdı, darılan adam.
Hərədən bir cür qırılıb,
hər şeydən yorulan adam...

***

İlahi,
bir kəlmə söz
ya ölümdən döndərər,
ya da ki, yıxar məni.
Mən pis adam olmadım,
özün yaxşı bilirsən.
Bildiklərin xətrinə
bu kimsəsiz gecədən
sabaha çıxar məni...

***

Yaza bilmədiyim
şeir kimisən:
mən indi heç kiminəm,
de görüm, sən kiminsən?

***

"Yaşa" dedin, yaşadım,
ölərəm "Öl" də desən.
Canımdan keçəm,
təki
gəlib görüm evdəsən...

***

Gündüzlər darıxırsan,
kükrəyirsən axşama.
Mən də eləyəm, payız,
sən də mənə oxşama...

***

Əllərim həyatdan elə soyuyub,
ocağa tuturam,
yanır,
isinmir...

***

Həyat davam eləmir,
inanmaram kim desə.
Kimsə kimdəsə yaşayır,
kimsə ölür kimdəsə...

***

Əllərim qana batmayıb,
göz yaşında islanıb,
ətəyindən üzmə, Tanrım...

***

Sənə qar yağmaz,
bilirəm.
Sən etibarlı dağsan.
Quruca nəfəsin gəlsin,
bəsimdi,
bilim ki, sağsan...

***

Susma...bağrım çatladı,
İstəyirsən, "gəlmə" yaz,
ancaq bircə kəlmə yaz,
Tanrının xatirinə...

***

Yenə Gün batdı aramla,
yenə Ay gəldi birnəfəsə.
Mən həsrəti qarşılayıram,
səni də...kimsə...

***

Vurğun Əyyuba

Səni kimsəyə verməzdik,

Tanrıdan keçə bilmədik…

***

Yollar dumandı, ay gedən,
Halım yamandı, ay gedən.
Gəlib torpağından öpüm,
Səndən qalandı, ay gedən...

Dostlarının, sevənlərinin dilindən Vurğun Əyyub üçün

Kimə danışım indi,
Sənə susduqlarımı?!
Kim anlayar, bilmirəm,
gözümün divarından
yazıb asdıqlarımı.

Getdin, əlim uzalı
qalıb dalınca hələ.
Nə desən, kəsməz ağlım:
"Dözümlü ol, möhkəm ol,
sən güclüsən, səbr elə!"

Uzağı yaxın etdin,
kəsə getdin yolunu.
Necə görə bilmədin
dalınca gildir-gildir
yağan yaşı, dolunu?!

Sən ki zalım deyildin,
sevdiyinə, sevənə.
Necə gülüb-danışım
bundan sonra,
de mənə?!

Özünçün yaşamadın,
vurdun başa ömrünü.
Yalvar-yaxar eləyək,
Tanrı eşqi xətrinə
bir də yaşa ömrünü...

# 5623 dəfə oxunub

Oxşar xəbərlər

Ata qətlinin sirri - Fəxri Uğurlu

Ata qətlinin sirri - Fəxri Uğurlu

12:00 18 yanvar 2025
"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

14:40 17 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

17:00 16 yanvar 2025
Elnarə Akimova:  "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

12:00 15 yanvar 2025
Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

13:56 14 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

11:12 13 yanvar 2025
#
#
# # #