Kulis.az ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlinin "Seyid Əzimlə “dünya turu”nda, yaxud rübailərlə "dövri-aləm səyahəti" yazısını təqdim edir
Ustadım Bəxtiyar Məmmədzadənin nurlu, əziz xatirəsinə
Dünyanın kiçilib-kiçilib ovuca sığışdığı, cibə yerləşdiyi zamandır, sərhədlərin şəffaflaşdığı, səyahətlər, səfərlər üçün imkan qapılarının taybatay açıldığı bir dövrdür indi.
Yol qeydlərinin, səfər təəssüratlarının - qəzetdə, saytda, kitabda - həm ümumi yeri, sahəsi, həm də xüsusi çəkisi artdıqca artır.
Təzad, qəribəlik boydandır: dünya daraldıqca onunla bağlı təəssüratlar genişlənir, yollar qısaldıqca onlardan götürülən qeydlər uzanır! Yazmamaq – eləcə dinməz-söyləməz gəzib-dolaşmaq, qayıdıb fas-farağat oturmaq kov deyil: “Getmişdinsə, niyə yazmadın?!”; “Yazmayacaqdınsa, niyə getmişdin?!” Belə olanda, bir növ, maya batmış, ləzzət qaçmış sayılır, yəni.
Əl içi boyda yerlərdən qucaq-qucaq, uçaq-uçaq təəssüratlar, göz yumub-açınca sonuna varılan yollardan maşın-maşın, qatar-qatar qeydlər yazılıb yayılır! Baxırsan ki: “Bir gecəlik mətləbin bir sənə mabədi var...” Yarısı “heyrət”, yarısı “hüzn”! Gəzib-yazanın özü də “hər kəsdən vacib, hər mətləbdən qabaqda”! Selfi-şəkillərdə bolluca boy göstərəndən sonra keçir Selfi-yazılara! Odur ki, getdiyi, gördüyü yerlərin nə hal-qəziyyəsini verir, nə əhvali-ruhiyyəsini, nə də doğru-dürüst səciyyəsini! “İç dünyası”ndan başqa dünya tanımır, özünün “keşməkeşli ömür yolu”ndan savayı yol bilmir! Beləcə, dünyanı büküb-bürüşdürüb dürtür qoz qabığına...
...Halbuki dünyanın öz qabığında – layiqincə böyük, geniş göründüyü vaxtlar da olub. Say-hesab da tam tərsinə: yüzminlərdən, milyonlardan cəmi beş-altısı dövri-aləm səyahətinə çıxa bilib. Gedilən yolların, gəzilən yerlərin mənzərələri, adamları, hadisələri sonradan ya bir səfərnamə olub, ya bir səyahətnamə. Şərqinki öz niyyəti, öz biçimincə, Qərbinki də öz məramı, öz şəklincə. Amma necə də maraqlı, amma nə qədər də gərəkli!..
***
Ustadım Bəxtiyar Məmmədzadə, ayaqüstü söhbətlərimizin birində, adəti üzrə vurduğu dərin qullabın ardınca, ciyərlərindəki tüstünü dodaqlarının arasından xəfifcə piləyib bığlarına, eynəyinə, qalın qaşlarına, nəhayət, sarımtıl-bəyaz saçlarına ötürəndən sonra, təxminən, belə demişdi: “Seyyyid (elə bu cür də tələffüz edərdi: ən azı 3 “y” ilə. – S.H.) üzdə göründüyü qədər deyil. Biz gördüyümüz, bildiyimiz nədi ki (tərzi beləydi: “mən bilirəm” deməz, özünü ümumdan ayrı tutmazdı. – S.H.)?! Xeyli dərin söhbətlər var Seyyyiddə, ciddi məsələlər, böyük mətləblər var! Əvvəla, çoox, lap çox oxumuşdu. İkincisi də dünyanı ayaqlamışdı: yerin üstünə də bələdiydi, altına da!..”
Bu dediklərinin bir tələbə üçün bəlkə ürküdücü səslənə biləcəyini düşünüb, sözünün ardını, o təsvirəgəlməz, unudulmaz təbəssümünün müşayiətilə, zarafata calamışdı: “Day deyə bilmərəm, hansı üzünə daha yaxşı bələdiydi: üstünə, yoxsa altına... Bəlkə indi alt tərəfə daha yaxşı bələd olmuş olar, nöşün ki, gör nə vaxtdan ordadı...”
***
Hər kəs birtəhər öz tifillərinin hayına qalanda xalqın balaları üçün “Rəbiül-ətfal” adlı dərslik hazırlayan, ancaq indi öz irsinin dərsliklərə salınması bəzən sual altına düşən Seyid Əzim Şirvani 53 illik ömrünə “səfərnamə” də sığışdırıb. Daha dəqiqi, «səfərnamələr»!
Özü də, həcmcə yığcamdan yığcam bir janr olan rübainin verdiyi məhdud imkanlar hesabına görüb bu müşkül işi. İnsan, məkan, hadisə təsvirinə rahatlıqla yarayan bütün sənət janrları, şeir formaları kənarda qalıb, Seyid Əzim rübaini özünə yoldaş seçib.
Fədakar ədəbiyyatşünas Süleyman Rüstəmov Seyid Əzimin Azərbaycan türkcəsindəki “Divan”ının 1967-ci il nəşrinə yazdığı müqəddimədə bu mətləbə çox sərrast toxunub: “...Əsərlərindən məlumdur ki, o, bir sıra ölkələrə səfər edib, Qafqaz, Rusiya və Yaxın Şərqin müxtəlif şəhərlərində dostları olub. Həmin ölkələrdə olarkən o yerlərin ab-havası, adamları, adət-ənənələri haqqında rübailərində bir sıra konkret, həm də dəyərli fikirlər söyləyib. Bu rübailər vasitəsilə şairin səyahət xəritəsini tərtib etmək olar”.
İşin, söhbətin məğzi də elə bu “səyahət xəritəsi”nə bağlıdır. Həmin “xəritə”nin konturlarını təşkil edən rübailərində Seyid Əzim gəzib-gördüyü yerlərin fiziki-coğrafi xüsusiyyətlərindən əlavə, ölkələrin, şəhərlərin mənəvi iqlimini, ruh halını, əhalinin adət-xasiyyətini, məişətini də məharətlə təsvirə çəkib. Öz sözüdür, deyir: “Şəhri görənə bələd nə lazım?!” Amma uzaq məmləkətləri, yad şəhərləri görə bilməyənlər o vaxtlar lap çoxmuş deyə, kiçik “səfərnamələr” olan rübailərində Seyid Əzim az qala bələdçi, gid, ya da bir turizm agenti kimi çıxış edir. Təqdimatları, dəyərləndirmələri qəribə görünə, ziddiyyətli təəssürat yarada, bir qədər namünasib səslənə bilər. Bu rübailərdən bəzilərinin ötəri müşahidədən qaynaqlanan yanlış rəyi əks etdirməsi də mümkündür. Ancaq istənilən halda, onları maraqsız, gərəksiz adlandırmaq insafla bir araya sığan münasibət deyil. Nədən ki, bu rübailərə onların yazıldığı zamana nisbətdə, həmin dövrün reallıqlarına nəzərən qiymət vermək önəmli şərtdir. Üstəlik, indilərdə gedib o yerləri görüb gələnlərin danışdıqları, yazdıqları ilə yan-yana qoyanda, Seyid Əzimin rübailərinin öz gerçəklik yükünü bugün də əzmlə daşıdığı məlum olur. Deməli, Seyid Əzimlə “dünya turu”na, şairin “geopolitika dərsi”nə, şirvanlı müəllimin “etnocoğrafi tezislər”inə hələ də ehtiyac var.
***
Seyid Əzim “səyahətnamə”-rübailərinin birində Bakını belə tanıdır:
Nefti-siyəhə mədənü kandır Bakı,
Bəhri-Xəzər ətrafına yandır Bakı.
Əhli qocalar, həddi-buluğ görməzlər,
Təkmilə yetişməyən cavandır Bakı.
İlk iki misrada Bakının iqtisadi-fiziki coğrafiyası, sonrakı misralarda isə şəhərin sosial-mənəvi həyatı təsvir olunur. Qeyri-dəqiq, qüvvədən düşüb aktuallığını itirmiş hər hansı mətləb gözə dəymir bu rübaidə: Bakı elə Seyid deyən Bakıdır - neftiylə, Xəzəriylə, insanı erkən, qəfil qocaldan problemləri, heç cür qaydaya düşməyən həyat şəraitiylə!
***
Bu rübai şairin ata-baba yurduna – Şirvana aid «birinci təqdimat»ıdır:
Şirvanda əgər bir gözələ yar olasan,
Labüddü ki, yüz dərdə giriftar olasan.
Əldən gedəcək malü mənalın axır,
Vacibdi ki, biqeyrətü biar olasan.
Növbəti “tanıtma”da müşahidə olunan yumşalmanın səbəbini çox yerə yozmaq olar, ancaq hər halda, Şirvana aid bu rübaisində Seyidin tövrü xeyli mülayimdir:
Şirvan ki, səfadə min Sifahanə dəyər,
Hər bir daşı yüz ləli-Bədəxşanə dəyər.
Şirvanda olan handa bir əskik gözəlin
Bir qəmzəsi yüz huriyü qılmana dəyər.
Neyləməli ki, bu rəyində sabitqədəmlik göstərmir şirvanlı şair, hərlənib-fırlanıb, əvvəlki mövqeyinə yaxınlaşır:
Şirvan gözəli bir xoş əda bilməz imiş,
Peyvəstə cəfa qılır, vəfa bilməz imiş.
Kəbə kimi xoşcəmal zibaləri var,
Amma ki bu var: zövqü səfa bilməz imiş!
***
Bəzən şairin tərifi ilə tənqidinin sərhədləri elə şəffaflaşır ki, məramını anlamaq çox çətin olur:
Söz yox ki, Gülüstani-İrəmdir Qudyal,
Ahuləri ram olan hərəmdir Qudyal.
Kimin göti var bunlara manənd olsun,
Başdan-ayağa əhli-kərəmdir Qudyal.
Dəmirqapı Dərbəndin görkəmindən, ruhani mühitindən razılıq etsə də, Seyid bu şəhərdəki müsəlmanların dini ayinlərə laqeydliyindən gileylidir:
Dərbənd həsarı Səddi-İskəndərdir,
Hər bir daşı mərmərdən onun behtərdir.
Məscidləri xoşnüma, imamı fazil,
Əmma ki, gələn nəmazə çox kəmtərdir.
***
Arazın o tayından da “xəbər verən” şair üçün Ərdəbil əməlli-başlı nostalji ünvanıdır:
Var Ərdəbilin xeyli gözəl torpağı,
Tər yoncası, göy səbzəsi, xürrəm bağı.
Hər dəm ki, düşər yadıma, həsrət çəkərəm –
Bali-Səbalan ilə gomuş qaymağı.
Adında şəfa anlayışı (“Təb riz” – qızdırmanı kəsən, hərarəti salan) daşıdığı deyilsə də, Təbriz haqqında Seyidin qənaəti fərqlidir:
Təbrizdə təbdən cigərim qan oldu,
Yandı bədənim, atəşi-suzan oldu.
Təblərzəyə düşdüm, nə təbib etdi əlac,
Nə kimsənədən dərdimə dərman oldu.
***
Seyid Əzimin Qarabağa – Şuşaya münasibətində ümumən sərt çalarlar yoxdursa da, oranın pəriçöhrələrinin əlindən yanıqlı olduğu aşkardır:
Şəhri-Qarabağə Şişə qoymuşlar ad,
Bu şəhr pərilərdən olubdur abad.
Təsxiri-pəri şişədə qılmaq xoşdur,
Əmma bu pərirulər əlindən fəryad!
***
Şirvanlı ədib Gəncəni həsrətinin, nisgilinin məkanı kimi xatırlayır, oranı yada salanda elə bil yarasının qaysağı qopur:
Bu Gəncədə bir gənci-nihanım qaldı,
Bir simbədən, qönçədəhanım qaldı.
Tanrı bili kim, tari-səri zülfündə
Guya üzülüb rişteyi-canım qaldı.
***
Məmləkətin sərhədlərini şimal-qərb istiqamətində aşan şair, təbii ki, gürcü torpağına ayaq basır. Onun Gürcüstan barədə yazdıqlarını aktuallıq baxımından son dərəcə uğurlu saymaq olar. Günümüzdə bu fikirləri, fərqli ifadə şəkillərilə, tez-tez eşidirik:
Cənnət kimidir havası Gürcüstanın,
Var Kəbə kimi səfası Gürcüstanın.
Göyçəkləri xoşkəlamü aşiqlərə ram,
Vacibdi bizə duası Gürcüstanın.
Seyid Əzim Tiflisi “xoş bir xatirə” ilə anır:
Tiflisdə bir sərvqədü siməndam
Mehmanım olub bir gecə içdi neçə cam.
Sordum ləbini, güldü, dedi: “Ey Seyyid,
Şərən məgər deyil sizə badə həram?”
Kutaisiyə çatanda boyalar tündləşir:
Şəhri-Qutais mədəni-hurü pəridir,
Hər bir gözəli yer üzünün zivəridir.
Tək cibdə pulun, mənzilin olsun xali,
Üşşaqə olar (onlar – S.H.) özləri çox müştəridir.
***
İki böyük imperiyanın – Osmanlı ilə Rusiyanın paytaxtları arasında müqayisə aparan şairin bu mövzudakı fikri hökm gücündə, tam kişiyana (!) səslənir:
Var aləm ara şöhrəti İslambulun,
Həddəndi füzun dövləti İslambulun.
Başdan-ayağa gözəllərin yığnağı,
Maskov ola bilməz göti İslambulun!
***
Yaxın Şərqə üz tutan Seyid Əzimin Bağdad haqqında iki “təqdimat”ı var. İkisində də dini-ruhani motivlər öndədir. Amma birinə fərəhdən doğan tərif, o birinə məyusluq duyğusu hakimdir (eynən bir vaxt Füzulinin Bağdadla bağlı qələmə aldığı duyğular kimi):
Biri budur:
Ey xali-rüxi-cəmii-kişvər Bağdad,
Ey torpağı müşkü suyu Kövsər Bağdad.
Xakində olan dəfni-İmami-Əzəm,
Ey rövzeyi-rizvanə bərabər Bağdad.
O biri də bu:
Hər kimsə ki, seyri-xaki-Bağdad eylər,
Sanmın ki, o qəmgin ürəyin şad eylər.
Qəbrini görən nəvadə məzlumlərin
Ta var nəfəsi, ney kimi fəryad eylər.
İraqın Nəcəf şəhərində təhsil almış Seyid Əzim oranı minnətdarlıqla yad edir:
Xaki-Nəcəfi-əşrəfə oldum vasil,
Səd şükr Xudayə, feyz aldım kamil.
Sərsəbz olub məzrəeyi-amalım,
Xirmən-xirmən səadət etdim hasil.
***
İndi çox yeri od tutub yanan Dəməşq o zamanlar nədənsə (!) öz hamamlarıyla düşüb Seyidin dilinə. Bəşər Əsədin gözündən iraq, yaman ikibaşlı ifadələr var Suriya paytaxtıyla bağlı “təqdimat”da:
Xeyli uludur Dəməşq həmmamləri,
Şirin suludur Dəməşq həmmamləri.
Külxənlərə daldan atılır gündə kötük,
Daldan doludur Dəməşq həmmamləri.
***
Misirin başqa şəhərləri bir yana, oralara yolu düşən müasirlərimiz xüsusən Şarm-əş-Şeyxi çox tərifləyirlər. Seyid Əzim ümumən Misir adıyla o yerlərə elə tərif vurur ki, fikirləşirsən, bəlkə elə bu rübaidə məhz Şarm-əş-Şeyxi nəzərdə tutub:
Hər şəhrdən əfzundu səfası Misrin,
Təxmir olub işrətlə binası Misrin.
Firon təki iddiayə düşsəm yox əcəb,
Çox zövqlidir abü havası Misrin.
***
Əruzla bağlı məşğələlərimizdə ustad Bəxtiyar Məmmədzadə bir mühüm cəhəti, təxminən, bu şəkildə qeyd eləmişdi: “Düzgün oxunuş hər şeir üçün vacibdi. Ancaq rübai üçün lap əsasdı. Bəhrini – “rübai həzəci”ni səlis tutmalısan ki, mənasını da dürüst anlayasan, səslənməsi də yerində alınsın! Diqqət eləginən, mən bir balaca oxşada bildim bəlkə:
Getdim, a - radım Kəbe - yi-ülyadə - səni,
Za-hid de - di, görmək o - lur üqbadə - səni.
A-çıldı - gözüm, hər ye - rə baxdım: sə - nsən,
Görmək o - lumuş elə - bu dünyadə - səni”.
Adamın indiki ağlı olaydı, elə ordaca anlayaydı ki, müəllim bu rübaini heç təsadüfən seçməyib, təkcə bəhri çatdırmaq üçün misal çəkməyib (nə çoxdu rahat səslənişli rübailər!)... Nümunənin ustadyana ötürülən məğz-məzmununda Seyyidin yığcam bir ömürdə o qədər səfər-səyahətə çıxmaqla əslində nə arayıb-axtardığı da varmış, yekunda nə qənaətə gəldiyi də.