Döşlərim o qədər ağırlaşmışdı ki... – BİRCƏNİN ROMANI

Döşlərim o qədər ağırlaşmışdı ki... – BİRCƏNİN ROMANI
14 iyul 2017
# 11:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Yenə məni birtəhər sürüyüb çarpayıya uzatdılar. Yenə burnumun qanı şora verdi. Elə bil bütün bədənim başdan-başa qandan ibarət idi, nə qədər qan itirsəm də, yenə qanım azalmırdı, qurtarmırdı. Yenə ayaqlarımı başımdan yuxarı qaldırıb məni çarmıxa çəkdilər.

Gecə palatadakı anaların körpələrini bir-bir gətirib özlərinə verdilər. Mənimkini gətirmədilər. Ağlayıb özümü həlak elədim, həkimə yalvardım:

- Nolar, mənim də balamı özümə verin.

Həkim qəti boyun qaçırdı:

- Sənin vəziyyətin hələ yaxşı deyil, sənə uşaq vermək olmaz.

- Nolub ki mənə?

- Bilmirsən nolub? Təzyiqin yüksəkdi. Uşağın iriydi deyə için cırıq-cırıq olub. O qədər torpaq, duz yemisən, böyrəklərin pis gündədi. Bəsdi, yoxsa yenə sayım?..

Xəcalətimdən az qaldım başımı yaralı paçamın arasında gizlədəm. Yaxşı ki, siqaret kötüyü yediyimi demədi, yoxsa lap biabır olardım...

O gecə canım analıq duyğusuyla limhalim doldu, dolub-dolub döşlərimdən axmağa başladı. Döşlərim necə eydirirdisə ağrısından kürəklərim yarılırdı. Elə bilirdim məmələrim indicə partlayacaq, südüm axıb döşəmədə göllənəcək. Fikrim-zikrim qalmışdı o köməksiz, yiyəsiz körpəmin yanında, onu tək qoyduğumu düşündükcə canım cəhənnəmə dönürdü. Yanımdakı qadınlar dopdolu döşlərini iri köynəklərinin yaxasından çıxarıb uşaqlarının ağzına basdıqca mənim bütün hüceyrələrim gizildəyirdi, qarnımda yumrulanmış, hələ öz yatağına yayılmamış uşaqlığım az qalırdı parçalanıb içimə dağılsın.

Sübhəcən gözlərim tavana zilləndi. İçimdə dadını-tamını bilmədiyim qarmaqarışıq duyğular qaynaşdı. Bayırda at oynadan sazağın ulartısı qulaqlarımda uğuldadıqca elə bildim gecənin gözü açılmamış qiyamət qopacaq, bir də mənim üzümə dan yeri işarmayacaq. Elə bildim kosmosdan gəlmiş o möcüzə varlığı bir daha görmək mənə qismət olmayacaq.

Doğduğu döşünün arasında səhərəcən yeyib-içən, deyib-gülən, deyinib-gileylənən kefi-kök gəlinlərin, ömründə əlinə bir kitab almamış bu bəxtəvər əyalət qızlarının səsi-küyü daha məni narahat eləmirdi. Hətta dikdabanlı gəlinin taqqıltıları da mənim həyat ritmlərimin partiturasında özünə yer tapmışdı. Bura o qadınlardan ötrü bir kurort, sanatoriya idi, qaynanaların, baldızların əlindən qaçıb dincəlməyə gəlmişdilər. Xəstəxana həyatı gəlinlərdən birinin ürəyinə necə yatmışdısa oturub-durub:

- Evə gedən kimi ikincinin bünövrəsini qoyacam, - deyirdi, deyib qəşş eləyənəcən gülürdü.

Yeyib-içib doyandan sonra analar başlayırdılar bir-birilərinin saçını kəsməyə, qaşını almağa. Palataları gəzib dırnaq boyası axtarırdılar, tapan kimi əyri-üyrü dırnaqlarını həvəslə boyayırdılar. Mən də çəkildiyim çarmıxdan məzlum-məzlum bunlara tamaşa eləyirdim. O an bircə arzum vardı: körpəmi tezliklə mənə versinlər, südlə dolub daşan döşlərimdən onu əmizdirim.

***

Səhər çox çətinliklə ayağa qalxdım. Sinəmdən bir cüt iri daş asılmışdı. Döşlərim o qədər ağırlaşmışdı ki, elə bilirdim əllərimi altına dayaq verməsəm, sinəmdən qopub yerə düşəcək. Günortadan sonra qızdırmam 41 dərəcəyə qalxdı. Yanımdakı gəlinlər dedilər:

- Hamısı süddəndi. Uşaq əmsə, döşün boşalacaq, qızdırman da düşəcək.

Uzun danışıqdan sonra uşağımı mənə gətirdilər. Tibb bacısı onu qucağıma qoyanda həyəcandan titrəyirdim, uçunurdum. Uşaq da elə ağlayırdı, elə ağlayırdı, elə biləsən ətindən ət kəsirdilər. Bilmirdim körpəni necə tutum, şişib daşa dönmüş döşümün giləsini onun balaca ağzına necə yerləşdirim. Uşaq durmadan çığırdıqca həyəcanım artırdı, elə bilirdim ağlamaqdan bağrı yarılacaq. Bir neçə uğursuz cəhddən sonra tibb bacısının yardımıyla körpəmi əmizdirməyə başladım.

Acından aləmə səs salmış zavallı döşümün giləsini ağzına təpib necə sordusa elə bildim ürəyimin qanı, beynimin qatığı axıb gəlib süd qarışıq körpənin ağzına doldu. O, hər həmlədə döşümü sortuqlayıb südümü sümürdükcə tüklərim tikan-tikan dururdu, ağrıdan az qalırdı ciyərlərim cırılsın. Təşnə körpənin aqressiv həmlələrinə güclə duruş gətirirdim, az qalırdım dartıb döşümü bu acgözün dodağından qoparam.

Çox keçməmiş körpə sorub döşümün birini boşaltdı. Doyan kimi ağzını döşümdən aralayıb yumulu gözlərini bir az da möhkəm yumdu. Daşa dönmüş o biri döşüm yenə qaldı əlimdə. Bu vaxt uşaq həkimi həyəcanla özünü palataya yetirib körpəni əlimdən qapdı:

- Sən qızdırmalı südü uşağa niyə verirsən?! Kim icazə verib sənə?!

Qorxa-qorxa gözlərimi döydüm:

- Həkim, axı körpə acdı, həm də döşlərim o qədər dolub ki, ağrıdan ölürəm.

Qadın havalandı:

- Qızdırmalı olmağın bir yana, üstəlik də köhnə yığıntını əmizdirirsən uşağa? Hansı ağılla eləyirsən bunu sən?! Ac niyə olur körpə, bir xəstəxana əmcəkli arvad var burda!

Mən suçlu-suçlu susduqca həkim daha da qeyzlənirdi:

- İndi yadına düşdü uşaq? Bəs fikirləşmədin ki, altı gündü uşağım nəylə qidalanır?

Sonra körpəni hikkəylə dartıb əlimdən aldı, götürüb getdi.

Palatadakı gəlinlər məsələyə şərh verməkdə yubanmadılar:

- Yəqin uşaq həkiminə hörmət eləməmisiz, ona görə sənlə belə acıqlı danışır.

Mən çiyinlərimi çəkdim: hardan biləydim buna nəsə veriblər, ya yox? Amma qızlar düz deyirdilər, xəstəxanada kimin kimə görüm-baxım eləyib-eləmədiyi dərhal hiss olunurdu. Eləməyənlə acıqlı, köntöy davranırdılar, eləyənin üzünə gülürdülər. Çoxu da diliylə istəyirdi. Məsələn, huşumu itirəndə özünü yetirib məni yıxılmağa qoymayan tibb işçisi sonra məni yanlayıb dedi:

- Mən tutmasaydım yıxılıb beynini dağıdacaqdın. Hörmətimi elə dəəə.

Mən utandığımdan pörtüb:

- İndi pulum yoxdu, - dedim, - yanıma gələn olanda alıb verərəm.

Qadın əl çəkmədi:

- Mənim növbəm bir azdan qurtarır, çıxıb gedəcəm evimə-eşiyimə. Yanındakı gəlinlərin birindən beş manat al, adamın gələndə qaytararsan.

Dostum, inan, o vaxtlar mən nəinki kimdənsə pul istəməyə, kiməsə pul verməyə də dünyanın ən ağır, əzablı, xəcalətli işi kimi baxırdım. Qorxurdum birinə pul, ya bəxşiş vermək istəsəm, məni söyər, alçaldar, camaat içində rüsvay eləyər. Amma o qanunlar mənim xəyallarımın planetində işləyirdi, burda belə deyildi. Üstəlik də, mənim yanıma gələn-gedən çox olurdu deyə elə bilirdilər milyonçu qızıyam, növbəyə düzülüb bir ucdan istəyirdilər. İndi bu qadın da gördü məndən borc istəyən olmaz, baxdı əli hər yerdən üzülür, Eminin mənə xarıcdən alıb gətirdiyi saç sancağımı dartıb başımdan qopardı, doqquz aydan bəri uzanmış saçlarımı əlimdə qoydu.

***

Dolu döşüm ovcumda qalmışdı, qızdırmam da gah qalxır, gah düşürdü. Vəziyyəti belə görəndə həkimim işçilərinə tapşırdı:

- Bunun döşünü sağın boşaldın ki, həm qızdırması düşsün, həm də döşünə təzə süd gəlsin.

Bütün xəstəxananı ayağa qaldırdılar, süd sağan banka tapılmadı ki tapılmadı. Dedilər eybi yox, əllə sağarıq. Məni oturtdular, iki tibb bacısı gəldi. Biri əlində ləyənçə tutdu, o biri şişib bərkimiş döşümü əllərinin arasına alıb inək əmcəyi kimi necə sıxdısa bağırtım xəstəxanaya yaxın evlərə də gedib çıxdı. Gözlərimin qabağında kül rəngli halqalar oynaşdı, ağrıdan yer-göy başıma fırlandı. Tibb bacısını necə itələdimsə az qalmışdı qapı başını dağıtsın:

- Vəhşisən, görmürsən onsuz da yarımcanam?! Heç olmasa xəbərdarlıq elə, bir az yavaş sıx!

- Yox bir, üzündən öpəcəm ey sənin! Bir qəpiksiz zir-zibilini boşaldıram, hələ bir nazına bax bunun, - deyib yanındakını da qabağına qatıb qapını zərblə üzümə çırpdı.

Doğuş ağrısı bunun yanında yalanmış. Döşüm yenə oldu irinli çiban, ağrıdan uşaq kimi ağlayırdım. Zalım qızı dolu döşümü necə əzmişdisə ağrısından dinclik tapa bilmirdim. Qanan-qanmayan hamı dedi ki, döşün boşalmayınca sənə rahatlıq olmayacaq. Qaraçıya oxşayan bir sanitar əlləri ağ xalatının cibində yaxınıma gəlib qulağıma pıçıldadı:

- Məndə süd sağan maşın var, qəttəzədi. Üç manat ver, gətirim sağ döşünü boşaldım.

Ayrı əlac yoxuydu, yanımdakı qadınların birindən üç manat alıb verdim o qaraçıya. Qaça-qaça gedib xırda bel badkeşinə bənzər bir əyriburun şüşə gətirdi mənə. Yanımda Tovuz adlı çox mehriban, gözlərindən bic-bic gülən bir gəlin vardı. Bəzi işlərdə hərdən köməyimə çatırdı, əvəzində yanıma gətirilən şirin şeylərin hamısını basıb yeyirdi. Tovuz döşümü yağladı, giləsini ustufca o bankaya oxşar alətin içinə saldı. Banka döşümü sorduqca kürəklərimin arasından qaynayıb gəlib sinəmə yığılan süd yavaş-yavaş axıb şüşəyə dolurdu. Uzun əziyyətdən sonra Tovuz döşümü bir az boşalda bildi. Ondan sonra qızdırmam da azaldı. Arvadların səs-küyü içində, çovğunun vıyıltısı altında məni şirin yuxu apardı...

***

Zahı qadınlar uşaqlarının göbəyi düşdükcə bir-bir çıxıb evlərinə gedirdilər, mənisə həkimlər hələ buraxmağa tələsmirdilər. Bacılarım, qardaşlarım hər gün yanıma gəlirdilər. Qaynanam palataya girən kimi “Səni nə vaxt evə buraxacaqlar?” deyib dad döyürdü. Əlbəttə, bilirdim o məni niyə belə əzizləyir, təsəvvür eləyirdim mən burda yatandan bəri evin nizamı, rahatlığı necə pozulub.

Artıq uşağa da alışmışdım, əmizdirə bilirdim. İlk günlər döşümü elə hikkəylə sormuşdu ki, gilələrinin ikisi də çatlayıb yara bağlamışdı, əmdikcə körpənin ağzının qıraqları süd qarışıq qan olurdu. Mənim də ki ağrıdan nəfəsim kəsilirdi, uşağı hər əmizdirəndə yaram bir az da dərinləşirdi, döşümün gilələri az qalırdı üzülüb yerə düşsün. Yanıma gətirilən qazan-qazan yeməkdən ağzıma bir loxma aparammırdım. Palatalardan, döşəklərdən qalxan qan iyi beynimə işləyirdi. Yeməkləri xəstəxana işçilərinə payladığımı biləndə qaynanamın mənə bərk acığı tutdu:

- Niyə yeməyini bunlara paylayırsan, evdə yemək bişirən var?

O gündən yanıma gətirilən qazanların hamısını qaynanam evə daşıdı. Bir səhər eynimə soyutma kartofla soyutma yumurta düşdü, elə bildim bu ikisini əzib qarışdırıb verən olsa qarın dolusu yeyərəm. Üzümə üz bağlayıb ürəyimdən keçəni qaynanamın qulağına pıçıldadım.

- Ondan asan yemək var, - dedi, - gözüm üstə, sabah gətirrəm.

Suda bişmiş kartofla yumurta gecə uzunu gözümün qabağından getmədi, səhərin açılmağını səbirsizliklə gözlədim. Səhər qaynanamın mənə gətirdiyi balaca torbanı əllərim əsə-əsə tələsik yırtdım: torbadan üç dənə palçıqlı çiy kartof, beş dənə də çiy yumurta çıxdı. Elə bildim başıma daş düşdü:

- Mən bunları neyləyim burda? Heç olmasa qaynadıb gətirəydiz...

- Yanında elektrik sobası var, su var, qazan var. At içinə, qaynasın, ye.

Üstümə soyuq su ələndi. Palata yoldaşlarım mənə baxıb gülürdülər. Pərtliyimdən bilmirdim nə cür davranım. Ora-bura baxıb bir qəzet parçası tapdım, kartofları da, yumurtaları da büküb zibil yeşiyinə atdım. Dikdabanları mənə qənim kəsilmiş gəlin dilini saxlamadı:

- Sən nə hörmətli gəlinsən! Qaynanan yanına gətirilənləri daşıyıb evində yeyir, sənə də çiy kartof, çiy yumurta qonaqlığı verir.

Suyum süzülə-süzülə qayıdıb çarpayıma uzandım. Yanımdakıların anaları hər gün zahı qızlarına dəyməyə gəlirdilər, övladlarının ürəyi nə istəyirdisə tapıb gətirirdilər. Düzü, heç qaynanamı qınamırdım, onda günah görmürdüm. Belə gündə qızın keşiyini ana çəkər. Mənim də candan yanan anam olsaydı, dərdimi-sirrimi ona deyərdim, daha qaynanamın palçıqlı kartofunun umuduna qalmazdım. Nənəmin bir sözü o gün qulaqlarımdan getmədi: “Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər”.

Qardaşlarım mənə dünyanın ən ləziz naz-nemətini gətirirdilər. İndi durub onlara necə deyəydim ki, mən gətirdiklərinizi yeyə bilmirəm, ürəyim soyutma kartof istəyir. Yox, deyə bilməzdim, desəm gərək xəcalətimdən yerə girəydim. İriliyindən-xırdalığından asılı olmayaraq elə söz var onu – nə ataya, nə qardaşa, nə bacıya – anaya, yalnız anaya deyə bilirsən. Təbiət özü qoyub bu qanunu. Di gəl, mənim həyatımda təbiətin bir çox başqa hökmləri kimi bu hökmü də işləmədi. Bu üzdən gün oldu ki, iki varlı evin arasında Allahın soyutma kartofuna, soyutma yumurtasına da tamarzı qaldım. Az əvvəl dediyim kimi...

ardı var

# 4337 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #